Şrift:
Çingiz Xan süvarilərinin Azərbaycandakı obaları
18.04.2017 [10:50] - Xəbərlər, Türkün şanlı tarixi
Azərbaycanda Şirvan bölgəsinin iri obalarından biri olmasına rəğmən, Axtaçı haqqında az yazılmış, tarixçi, etnoqraf və folklorşünasların tədqiqatlarından kənarda qalmışdır. Xanlıq ləğv olunanda bütün Şirvanda iki Axtaçı obası və bir kəndi vardı. Obalar Xançoban mahalında, kənd isə Rudbar mahalında idi. Əvvəlcə bu oba və kəndlərin əlimizdəki əsas istinad sənədi olan 1821 və 1831-ci il kameral təsvirlərindəki vəziyyətinə baxaq.

Axtaçı obası 1821-ci ildə 129 ailədən (95 ailə vergi verən, 34 ailə vergidən azad), 1831-ci ildə 331 ailədən (1068 nəfər kişi əhalisi ilə) ibarət olmaqla xanlığın ikinci çoxsaylı obası idi. Oba toplam 84 çervon vergi verirdi. Axtaçı obasının əhalisi əsasən heyvandarlıqla məşğul olurdu. Sənədlər həmin dövrdə Axtaçı obasının beş hissədən ibarət olduğunu yazır. Əslində oba parçalananda, yəni oturaqlaşanda Axtaçı-Gəgəli, Axtaçı-Yekəqurşaqlı, Padar-Gülmalı, Axtaçı Soltan bəy və bəy rəncbərləri ayrılmışlar.

8 Axtaçı ailəsi Ağa bəy Hüseyn bəy oğlunun kəndliləri idi. 1826-cı ildə Ağa bəy İrana gedəndən sonra həmin kəndlilər dövlət xəzinəsinə keçmişdilər. 1831-ci ildə Ağa bəy ailəsi və Lütfəli (1822-ci ildə doğulub) və Süleyman (1829-cu ildə doğulub) adlı oğlanları ilə Axtaçı obasında yaşayırdı. Ağa bəyin qardaşları Həsən bəy və Mirzəli bəy idi. Həsən bəy 1835-ci ildə Axtaçı bəylərindən Yolçu bəyin qızı Güllü xanımla evlənmişdi. Sənəddən anlaşılır ki, artıq Axtaçı bəyləri əsasən Ağsu kəndində yaşayırdılar. 1863-cü ildə Həsən bəy və Güllü xanımın qızları olan Ümmüsələmə xanım Ağa bəyin oğlu Lütfəli bəylə evlənmişdi və Nəmirli obasında yaşayırdılar. Axtaçı bəylərinin şəcərəsi ilə tanış olanda Şirvan düzündəki əksər obalarla qohumluq əlaqələri ortaya çıxır. Axtaçı bəylərinin Şirvan xan ailəsinə bağlılığı Allahverdi bəyin qızları Səkinə və Qızana xanımlar vasitəsilə olmuşdur. Bəylərin Ağsu və Şamaxı şəhərləri ilə yanaşı, Şirvan oba və kəndlərinə dağılması da bugünkü kəndlərin etnik kimliyinə aydınlıq gətirir. Bəy ailələri və rəncbərləri üç istiqamətdə dağılmışlar. Ağsudan şərqdə Gəgəli-Yekəqurşaqlı obaları, Ağsudan qərbdə Nəmirli-Növcü oba və kəndləri, Ağsudan cənubda Kür çayının sağ-sol sahillərində Kürdəmir və Sabirabad rayonlarının Axtaçı kəndlərinə yayılmışlar.

1818-ci ildə Mustafa xan axtaçılardan Yusif Hacı Ağa oğlu, Abdulla Hacı Ağa oğlu və Mütəllib Nağı oğluna maaf talağı vermişdi. 1815-ci ildə isə Mustafa xan xüsusi talaqla axtaçılardan Hüseyn İsmayıl oğlu və Novruzəli Bünyədəli oğlunu (yüzbaşı) vergidən azad etmişdi. Yüzbaşılardan biri Dəmirqaya Hacı Əbdülkərim oğlu idi. Əslində 5 hissəyə parçalanmanı 1831-ci ilin siyahıya alınmasında aydın görmək mümkündür. Çünki bir obanın beş yüzbaşısı vardı. Axtaçı obasının digər hissəsində Qəhrəman Ağa oğlu, Qasım Gülmalı oğlu, Hacıbaba Gülmalı oğlu, Baxış Xəlil oğlu, Dəmirqaya Xəlil oğlu maaf, Mehdi Məmmədəli oğlu yüzbaşı idi.

Axtaçı obasından çıxan ikinci bəy ailəsi Şirvan xan ailəsindən Allahverdi bəyin qızı Səkinə xanımın (1740-1796) Sadıq bəydən olan oğlu Qanı bəy vasitəsilə olmuşdur. Qanı bəyin (1760-1798) oğlanlarından Hüseynəli bəy, Mikayıl ağa, Musa bəy, Cəbrayıl bəy, Nurməmməd bəyin adları şəcərədə çəkilir. Cəbrayıl bəy (1790-1853) və Nurməmməd bəyin (1793-1846) nəsli Axtaçı obası ilə əlaqələrini xüsusilə davam etdirmişdir. Ailə fərdləri əsasən Ağsuda Narlı pirdə, Şamaxıda Günbəzlər qəbiristanlığında dəfn edilmişlər. 1918-ci ildə ermənilərin Şamaxıda törətdiyi qırğınlar zamanı Şamaxı şəhərinin pristavı bu nəsildən Cəbrayıl bəy Qanı bəy oğlu Cəbrayılbəyov olmuşdur. Nəsildən tanınmış şəxsiyyətlərdən biri Cəbrayıl bəyin oğlu Adil bəyin oğlu Camo bəy Cəbrayılbəylidir.

Şirvan xanlığındakı ikinci Axtaçı Salyan obası 1821-ci ildə 24 ailədən (20 ailə vergi verən, 4 ailə vergidən azad), 1831-ci ildə 47 ailədən (133 nəfər kişi əhalisi ilə) ibarət idi. Oba toplam 11 çervon vergi verirdi. Obanın adındakı “Salyan” sözü, mənim fikrimcə, ərəb dilində “illik vergi verənlər” mənasındadır. Belə ki, Axtaçı Salyan illik vergi verən Axtaçı obaları deməkdir (“Salyan” sözü haqda əsas versiya “Sal yan” – salın yan aldığı yerdir – red.)

Axtaçı kəndi isə Rudbar mahalında yerləşirdi. Həmin kəndin əhalisi Axtaçı bəylərinin tut bağlarını becərən rəncbərlər idi. 1821-ci ildə 5 ailədən (hamısı vergi verirdi), 1831-ci ildə 6 ailədən (14 nəfər kişi əhalisi ilə) ibarət idi. Kənd əhalisinə məxsus 1 tut bağı var idi. Kənd toplam 3 çervon vergi verirdi.

Axtaçı Soltan bəy obasının isə 1821-ci ilin sənədlərində adı çəkilmir. Onun Axtaçı obasından XIX əsrin 30-cu illərində ayrıldığı anlaşılır. 1831-ci ildə 44 ailədən (131 nəfər kişi əhalisi ilə) ibarət idi. Bəy rəncbərləri olduğu üçün vergi vermirdilər.

Axtaçı obalarından Ağsunun Gəgəli, Padar Gülmalı, Yekəqurşaqlı kəndlərinin, Kürdəmirin Axtaçı, Axtaçı-Qarabucaq, Mehdili, Öyləqulu, Qoçulu, Dayıkazımlı, Sabirabadın Yolçubəyli, Yuxarı Axtaçı, Axtaçı Muğan, Hacıqabulun Axtaçı-Şirvan kəndləri oturaqlaşaraq günümüzə gəlib çatmışdır. Şamaxı və Ağsu şəhərələrinin əhalisinin böyük bir hissəsi məhz xan ailəsi ilə qohumluq edən Axtaçı ailələrinin hesabına formalaşmışdır.

Kimdir Axtaçılar?

Türklərin və monqolların ortaq adlarından biri axtaçı adıdır. Sözün kökü axta – axtalamaqla əlaqədar olub, monqol dilindədir. Ona əlavə edilən şəkilçi isə türk dilindəki – çı şəkilçisidir. Zəki Vəlidi Toğan bu adı oğuzlarla əlaqələndirir. Amma mənbələrdə “axtaçı” adına ilk dəfə Çingiz xanla əlaqədar hadisələrdə rast gəlinir. Sonralar monqol-türk dövlətlərinin və hakim tayfaların başında məhz axtaçıların durduğu və onun ilkin mənasından ayrılaraq sərkərdə, tayfa başçısı kimi işlədildiyi görünür.

Maraqlıdır ki, Sultan Əlaəddin Keyqubad Axtaçı ünvanı almış, Ərtoğrul Qazi axtaçı akıncılarına başçılıq etmişdir. Lakin axtaçılar tədricən obalar şəklində fəaliyyət göstərmiş, indiyə qədər monqol qarışığı müsəlman türk obaları kimi gəlmişlər. Yarımköçəri, tərəkəmə həyat tərzi keçirən axtaçılar Azərbaycan, Türkiyə, İran, Özbəkistan, Qırğızıstan, Əfqanıstan, Ukrayna kimi dövlətlərin ərazisinə yayılmışlar. Həmin dövlətlərin türk toplumunun inkişafı və millətlərin formalaşmasında iştirak etmişlər.

Tarixdə elə adlar var ki, açar kimidir. Onları tarixçilər tapmasa, çox bağlı sandıqları aça bilməzlər. “Axtaçı” belə adlardan biridir. Türklər və monqolları birləşdirən əsas məqam dilləri ilə yanaşı, həyat tərzləri olub. Tarixin müxtəlif çağlarında fərqli dinlərdə inanclarını yaşasalar da, yarımköçəri həyat tərzləri dəyişməmiş, qanun və idarəçilik bu həyat tərzinə və törələrə əsaslanmışdır. Çingiz xanla Nadir şahın keçirdiyi qurultaylar arasında necə bağlılıq vardısa, bütün sonrakı orta əsr hökmdarlarının Çingiz xana qohumluq çıxmaq kimi ənənəsi də vardı. Yasaya, yarlıq və talaqlara uymayan heç bir hakimiyyət nişanı qəbul edilmirdi. Şəriət və törə zaman-zaman ziddiyyət təşkil edir, zaman-zaman eyniləşirdi, uyğunlaşırdı. Belə tarixi kəsişmə nöqtəsində ordunun və dövlətin heyvanlarına, xüsusilə atlarına baxan məsul şəxslər – axtaçılar meydana çıxmışdır. Onu bəzən atçəkən, bəzən də miraxurla eyniləşdirirlər.

Françesko Meninski “axtaçı” sözü haqqında

Françesko Meninskinin XVII əsrdə hazırladığı “Thesaurus Linguarum Orientalium. Turcicae. Arabicae. Persicae. Lexicon Turcico. Arabico. Persicum” əsərinin 341-ci sütununda monqolca “akta” sözü maddəbaşı olaraq verilmiş, əsl formanın “achte” olduğu bildirilmişdir. Sözün fars dilində qarşılığı isə "yedək atlar" formasındadır. Cağatay dilində sözlüklərin hamısında “axta” yazılışı ilə yer alan söz xüsusilə at olmaqla bütün heyvanlar üçün “iğdiş edilmiş” anlamındadır. Bu sözdən türk dilində -çı şəkilçisi ilə törəmiş “axtaçı” sözünün anlamı “seyis”dir. Cağatay dilindəki sözlüklərdə də “axtaçı” sözü “seyis, baytar, imraxor” anlamları ilə yer alır.

Zəki Vəlidi Toğan axtaçılar haqqında

Axtaçı adının elmi izahına ilk dəfə başqırd əsilli türk tarixçisi Əhməd Zəki Vəlidi Toğanın “Ümumi türk tarixinə giriş” əsərində rast gəlinir. Müəllif yazır ki, kiçik bir topluma başçı təyin olunan xan və naib dörd qəbilə başçısına əsaslanırdı: tuvaçı və ya ona bənzər ünvan daşıyan bəyə tabe olan bir neçə nəfər nökər və bir neçə nəfərdən ibarət gecə növbətçisi (tunqatar, monqolca kəbtəvül) və gündüz növbətçisi (bəkçi, monqolca turqavul) olan keşikçilər, xanın “bükəvül” deyilən oduncu aşçısı və atlarına baxan axtaçısı. Beləcə hər biri ayrı ünvan daşıyan və sayları bir neçə on nəfərə çatan bəylər və sair mənsəbdarlar olurdu. Lakin dövlət böyüdükcə, o bir neçə nökər sayı yüzminlərə çatan ordu şəklini alır, tuvaçı da bu dünya dövlətinin hərbi naziri olur, keşikçilər sayı on minlərə çatan mühafiz alaylarına çevrilir, bavurcı dövlətin iqtisadiyyatını idarə edən və əlindən milyonlar, milyardlar keçən bir iqtisad naziri, axtaçı da yüzminlərə çatan ordunun süvari təşkilatını idarə edir. Fəth edilən məmləkətlərdə yerli mədəni ünsürün təsiri ilə dəyişmələrə məruz qalan, yaxud ortadan qalxan bu təşkilat sistemi böyük Bozqır dövlətinin əsas bölgələrində - Ulu Yurdda öz xüsusiyyətlərini olduğu kimi qoruyub saxlayır. Böyük Bozqır dövləti dağılarsa, törə yenə yerində qalır, bu tuvaçı, bükəvül və axtaçı təşkilatı yenə xırda toplumlara bölünür. Lakin bir az sonra yenidən daha böyük bir toplumun başına keçir. Bütün bu təşkilat üsulu türk və monqol toplumlarında idarəedici qəbilələrin təməlinə aşılanmış bir adət və ənənə şəklində yaşayırdı.

Göründüyü kimi, Əhməd Zəki Vəlidi Toğan “axtaçı” adını bir vəzifə kimi qəbul edir və türk obalarının ata baxan vəzifəliləri adlandırır. Dövlət yaradan və ya hakimiyyət başına keçən həmin obanın axtaçısı sonradan dövlətin süvari təşkilatını idarə edir.

Axtaçı adı Anadolu oğuz-səlcuq toplumunda həm vəzifə kimi, həm də süvari təşkilat kimi ortaya çıxmışdır. Maraqlıdır ki, Anadoluya monqol basqınlarının qarşısını almaq üçün Konya Səlçuq sultanı Böyük Əlaəddin Keyqubad Monqol Ali xaqanı Ögedey xana barışıq üçün müraciət etmiş, xan ona “Axtaçı” unvanı vermişdir. Beləliklə, Konya Səlcuq dövlətinin sərhədləri monqol basqınlarından xilas olmuşdur.

Çingiz xanın dövlət təşkilatından görəcəyimiz kimi, axtaçı ünvanı xandan sonra üçüncü ali vəzifə sayılırdı. Ögedey xan Sultan Böyük Əlaəddin Keyqubada məhz xaqandan sonra üçüncü vəzifə olan “axtaçı” ünvanını vermişdir. Tahir Harimi Balcıoğlu yazır ki, Konya Səlcuq sultanı Əlaəddin Keyqubad monqol xaqanından Axtaçı ünvanını almasından sonra tabe hökumət mahiyyəti ilə monqol istilalarından ölkəni qurtardı.

İznik imperatorluğu Konya Səlcuq dövlətinin sərhədlərinə tez-tez basqınlar təşkil edirdi. Odur ki, 1231-ci ildə Sultan Böyük Əlaəddin Keyqubad ordusu ilə Sultanönü tərəflərə gəlir. Ərtoğrul bəy bütün ailəsi və oğulları ilə Sultan Əlaəddinin yanında yer alır. Sultan Əlaəddin Ərtoğrul bəyi axtaçı adlanan axıncı (öncül) dəstələrə başçı təyin edir. Ərtoğrul Qazi yunan ordusu üzərinə hərəkət edir. O, İznik imperatoru Laskarisin Rumelindən köməyə çağırdığı Aktav tatarları ilə döyüşür, qələbə çalır, yunan ordusu döyüş meydanından qaçır və İnəgölə qədər təqib olunur. Əskişəhər tərəflərdə Sultan Əlaəddinlə görüşən Ərtoğrul Qazi Soğut və Saraycık bölgəsini qışlaq, Domaniç dağını da yaylaq olaraq əldə edir.

Göründüyü kimi, Osmanlı dövlətinin yaranmasındakı əsas hadisələrdən birində axtaçı akınçıları (axınçı) mühüm rol oynamışlar. Anadoluda qayıların “atçəkən” qolunun olması və qaynaqlarda Ərtoğrul bəyin “axtaçı” axınçılarına başçı təyin edilməsi çox maraqlıdır. Bu onu göstərir ki, Anadoluda axtaçı yerinə atçəkən adı daha çox işlədilmişdir. Sonralar axtaçılar digər bölgələrdə obalar yaratdığı kimi, atçəkən adı ilə qayılar içərisində də yerləşmişlər.

1203-cü ildə Çingiz xan törəyə əsasən öz idarəçilik sistemində on müxtəlif vəzifə müəyyənləşdirmişdi:

1. Qorçular – yay və oxlara nəzarət edən dörd nəfər;

2. Axtaçılar – otlaq nəzarətçiləri;

3. Baurçılar – yeməklərin bişirilməsinə nəzarət edənlər;

4. Teriginlər – araba nəzarətçiləri;

5. Çərbilər – evə nəzarət edənlər;

6. 4 nəfər qılınc daşıyan;

7. 3 nəfər atlara baxan;

8. Gizli xəbərləri çatdıranlar;

9. At məşqçiləri;

10. Hökmdarın müşavirləri.

Əbülqasım Abdullah Kaşanlının əsərində Olcaytu xanın dövründəki idarəçilik sistemindən bəhs edən bilgilər vardır. Burada “Sutay Axtacı Əmiri-Biladi-Diyarbəkir ki, bi muhafazatı-kənarı-Fərat və sərhaddı-Şam” ifadəsi ilə Diyarbəkir əyalətinin Sutay Axtaçı idarəsində olduğu bildirilir. Müasir Cənub-Şərqi Anadolu bölgəsini əhatə edən Diyarbəkir əyalətinin və Fərat çayı vadisindən Şam sərhəddinə qədər uzanan qərbdəki torpaqları göstərir.

1307-ci ilin iyununda Ölcaytu xan tərəfindən həyata keçirilən Gilan yürüşü zamanı Mantu Axtaçı və Şeyx Bəhlulun əmrindəki qüvvələr lur, gürcü və xorasanlılardan təşkil edilmişdir.

Fəzlullah Rəşidəddin “Cəmi ət-Təvarix” əsərində monqollar və hülakülərdən bəhs edərkən xeyli sayda “axtaçı” hərbi ünvanı daşıyan əmirlərdən yazır. Onlardan bəzilərinin adları belədir: Sutay Axtaçı, Nard Axtaçı, Bukday Axtaçı, Şaday Axtaçı, Qacar Axtaçı, Tamuday Axtaçı, Qaban Axtaçı, Qoniçi Axtaçı, Cəbə Axtaçı. Fəzlullah Rəşidəddin axtaçıların xüsusi bəratlarla torpaqlar və imtiyazlar əldə etdikərini yazır. Onların az vaxtda varlandıqları mənbədən anlaşılır.

Əmir Teymurun ordu təşkilatında da at və atlılardan məsul olan vəzifə sahiblərinə “axtaçı” deyirdilər. Sarayda mətbəxə və yeməklərə nəzarət edən, yeməklərdə zərərli maddələri təftiş edənlərə bukavul, aşpaz kimi çalışan bavurçu, hökmdar əlini yuyarkən aftafa tutana aftafaçı, hökmdar paytaxtdan ayrılanda çadırını quranlara fərraşlar, təşrifat işini görənlərə şiqavul, xacib, eşikağası və hökmdarın çətirini daşıyan şökürcü, atlar və axırlardan məsul olan axtaçı, yəhərlər, gəm və yem torbaları, eləcə də heyvanlara dair ləvazimata nəzarət edən riqabdar, hakimiyyət əlamətlərindən olan növbətin ifa olunması və onun üçün istifadə olunan alətlərin olduğu təbilxana və nağaraxanaya baxan nağaraçı, ov heyvanlarının yetişdirildiyi quşxanaya baxan quşxana əmiri və quş bəyinin olduğu bilinməkdədir.

İranın Qərbi Azərbaycan ostanının kəndistanları içərisində aşağıda adları çəkilən axtaçı kəndistanlıqları fərqlənir. Qərbi Azərbaycan ostanı Bukan şəhristanı Mərkəz bəxşi Axtaçı kəndistanına 27 kənd daxildir (Qərbi Azərbaycan ostanı Bukan şəhristanı Simminə bəxşi Axtaçı mahalı kəndistanının əhalisi 10 min nəfər, 2000 ailədən ibarətdir. 30 kənd daxildir).

Qərbi Azərbaycan ostanı Mahabad şəhristanı Mərkəz bəxşi Qərbi Axtaçı kəndistanının isə əhalisi 8 min nəfər, 1450 ailədən ibarətdir. 38 kənd daxildir. Həmədan ostanı Bahar şəhristanı Mərkəz bəxşi Abrumand kəndistanına Axtaçı kəndi də daxildir. Əvvəllər çox sayda axtaçı obasının yaşadığı həmin kəndlərdə indi kürd əhalinin üstünlüyü vardır. Hal-hazırda türk obaları həmin bölgələrdə azalıblar.

Özbəkistanın Buxara şəhərinin məhəllələrindən biri də tarixən Axtaçı məhəlləsi kimi tanınıb. 1926-cı ildə tədqiqatçılar həmin məhəllənin sakinlərinin 90 faizinin tacik əsilli olduğunu qeyd ediblər. Maraqlıdır ki, Axtaçı nəsillərinin adını daşıyan məhəllədə XX əsrin əvvəllərində tədricən tacik sakinlər üstünlük təşkil edib.

Axtaçı obasının əsasını təşkil etdiyi kəndlərimizdən biri Ağsu rayonunun Gəgəli kəndidir. Əhalisi tarixən qışlaq, yaylaq və yazlaq torpaqlarında maldarlıqla məşğul olmuş bu türk obasının bəzi folklor nümunələri özünəməxsusluq təşkil edir. Axtaçı adının etimologiyası, yerləşdiyi coğrafi məkanın tarixi, axır çərşənbədə gecənin qaranlığından səhərin alatoranına qədər oturmaq, insanların və ev heyvanlarının iki odun arasından keçməsi, atın gövşəməsinə inam kimi folklor hadisələri haqqında maraqlı etnoqrafik müşahidələr tədqiqata cəlb edilərək öyrənilmişdir.

Azərbaycanda axtaçı obasının tarixi ilə məşğul olmağa başlayanda qarşıya çıxan sənədlərdə çox az sayda məlumat vardı. 1850-ci illərə aid sənədlərdə Gəgəli obasının adı Axtaçı-Gəgəli kimi yazılırdı. 1821 və 1831-ci ilin kameral təsvirlərində isə Şirvan xanlığı dövründən miras qalmış, 5 hissəyə parçalanmış və 5 yüzbaşılığı olan Axtaçı obası vardı. Şirvan xanlığının əhalisinin sayına görə ən böyük obası olan və Xançoban mahalına daxil olan Axtaçı obasından yuxarıda qeyd etdiyimiz kimi, Axtaçı, Axtaçı-Gəgəli, Axtaçı-Yekəqurşaqlı, Padar Gülmalı kəndləri ayrılmışdır.

Şirvan xan ailəsinə bağlı olan Yolçu bəyin övladlarına məxsus rəncbər obaları isə indiki Kürdəmir və Sabirabad kəndlərində məskunlaşan axtaçı kəndləridir. Yolçu bəy Şirvan xanı Ağası xanın bacısı Qızana xanımın rudbarlı Şərif bəyin oğlu Cəfər ağadan olan qızı Xasə xanımın həyat yoldaşıdır. Yolçu bəyin atası Axtaçı obasından Hacı Əbdülkərimdir. Yolçu bəyin iki oğlu olub: Soltan bəy və Cavad bəy. Soltan bəy 1834-cü ildə Ağakişi bəyin qızı Hürü xanımla evlənib, Şəkər bəy və Töhfə xanım onların övladlarıdır. Töhfə xanım 1855-ci ildə Əbdülkərim ağanın oğlu Cavad ağa ilə evlənib. Cavad ağa nəqşibəndiyyə şeyxlərindən olub, Növcü kəndində yaşayırdı, türbəsi indi də ziyarət olunur. Onların dörd övladı olub: Mehdi bəy, Bəkir bəy, Əminə xanım və Xanım xanım. 1831-ci ildə arxiv sənədində rast gəlinən Axtaçı Soltan bəy obasının adı Yolçu bəyin oğlu Soltan bəylə əlaqədardır. Müasir Yolçubəyli kəndi həmin obanın oturaqlaşdıqdan sonra daşıdığı addır. Yolçu bəyin üç qızı olub: Camal xanım, Durrətnisə xanım və Güllü xanım. Hər üçü Axtaçı bəyləri ilə (Camal xanım Hacı Cəbrayıl bəyin oğlu Rüstəm bəylə, Durrətnisə xanım Fəzləli bəyin oğlu Abdulla bəylə, Güllü xanım isə Hüseyn bəyin oğlu Həsən bəylə) evlənib.

Göründüyü kimi, axtaçılarla bağlı tarixi mənbələrdə kifayət qədər məlumat vardır. Lakin indiyə kimi sistemləşdirilib, tədqiqata cəlb edilmədiyi üçün tarixçilər belə axtaçı obalarının Türk dünyası tarixindəki önəmindən xəbərsiz qalmışlar. Gələcəkdə bu sahədə tədqiqatın genişləndirilməsi və yeni axtarışların aparılması planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 1587 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed