Şrift:
Parisdə Polad Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyinin təqdimatı keçirilib
22.04.2017 [10:48] - Mədəniyyət
Parisdə görkəmli Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyinin təqdimat mərasimi keçirilib.
Mərasimdə bir sıra dövlətlərin Fransadakı fövqəladə və səlahiyyətli səfirləri, YUNESKO yanında nümayəndələri, habelə Rusiyanın YUNESKO yanında nümayəndəsi, səfir Eleonora Mitrofanova, YUNESKO-nun İcraiyyə Şurasının Prezidenti Mixael Zorbs, İcraiyyə Şurasının keçmiş prezidenti, Hondurasın YUNESKO yanında nümayəndəsi, Azərbaycanın dostu Sonya Badaru, YUNESKO-nun xoşməramlı səfiri və mədəni diplomatiya məsələləri üzrə xüsusi nümayəndəsi Hedva Ser və digər şəxslər iştirak ediblər.
Tədbirdə Azərbaycanın görkəmli mədəniyyət xadimi, diplomat Polad Bülbüloğlunun zəngin fəaliyyət və yaradıcılığından danışılıb. Onun mədəniyyət naziri olduğu illərdə Azərbaycanın milli mədəni siyasətini yüksək səviyyədə həyata keçirməsi, Avropa Şurasının Mədəni Siyasət, Müqayisəli Mədəni Tədqiqat üzrə Avropa İnstitutu, YUNESKO və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərməsi qeyd olunub.
Polad Bülbüloğlu həmçinin 1994-2006-cı illərdə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədr müavini səlahiyyətlərini icra edib, qurumun 2001-ci ildə keçirilmiş 31-ci, 2003-cü ildə 32-ci və 2005-ci ildə keçirilmiş 33-cü baş konfranslarına qatılmış Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib.
Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov Polad Bülbüloğlunun Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən, onun idarəçilik bacarıqlarından və o cümlədən respublikamızın xarıcı diplomatiyasında oynadığı əvəzsiz rolundan danışıb. A. Kərimov dövlətimizin zəngin tolerantlıq və mədəniyyətlərarası dialoq ənənələri ilə YUNESKO-nun dəyərlərinə və ideallarına sadiq qaldığını qonaqların nəzərinə çatdırib.
P. Bülbüloğlu mərasimdə çıxış edərək, baş direktor vəzifəsinə seçiləcəyi təqdirdə bu günədək topladığı təcrübə və biliklərini səfərbər edərək xalqların təhsil, elm və mədəniyyət sahələri üzrə əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcəyini bildirib.
Azərbaycanın Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov və çıxış edən qonaqlar namizədə seçki kampaniyasında uğurlar diləyiblər.
Tədbirin sonunda Polad Bülbüloğlunun yaradıcılığına həsr edilmiş qisametrajlı sənədli film nümayiş etdirilib. Qonaqlar bəstəkar musiqiçinin ifasında şən nəğmələri böyük maraqla dinləyiblər.
Bu xəbər oxucular tərəfindən 602 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed