Şrift:
Fond konsolidasiya olunan bankların əmanətçilərinə müraciət edib
24.04.2017 [10:25] - İqtisadiyyat
Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki, "Əmanətlərin sığortalanması haqqında" qanunun 27.9-cu maddəsinə əsasən iştirakçı banklar birləşmə və ya qoşulma şəklində yenidən təşkil olunduqda əmanətçinin varis banka keçmiş hər bir əmanətinə müqavilə müddəti qurtaranadək ayrıca əmanət kimi baxılır və ayrı-ayrılıqda kompensasiya ödənilir. Bu barədə Əmanətlərin Sığortalanması Fondunun yaydığı məlumatda deyilir.

Fond yuxarıda qeyd ediləni misalda izah edib. Məsələn, , əmanətçinin Fonda üzv olan "AAA" və "XXX" bankının hər birində 20 min manat məbləğində qorunan əmanəti var və əmanət müqavilələrinin müddəti iki ildən sonra başa çatır. Əmanət müqavilələrinin qüvvədə olduğu vaxtda "AAA" bankı "XXX" bankına qoşulmaqla ləğv edilir. Qoşulmadan 6 ay sonra isə "XXX" bankında sığorta hadisəsi baş verir. Bu halda Fond tərəfindən əmanətçiyə 40 min manat məbləğində kompensasiya ödəniləcək.

Qeyd edilən misal, əmanətlərin tam sığortalanmaması halı üçün əhəmiyyətlidir. Belə ki, əmanət qorunan əmanət kateqoriyasına aid edildiyi halda hazırda qüvvədə olan "Əmanətlərin tam sığortalanması" haqqında qanunun 5.1-ci maddəsinin tələblərinə uyğun olaraq tam məbləğdə kompensasiya olunduğu üçün "Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında" qanunun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir.

Misal olaraq, əmanətçinin Fonda üzv olan "AAA" və "XXX" bankının hər birində 100 min manat məbləğində qorunan əmanəti var. "AAA" bankı "XXX" bankına qoşulmaqla ləğv edilir. "Əmanətlərin tam sığortalanması" haqqında qanunun qüvvədə olma müddəti ərzində "XXX" bankında sığorta hadisəsi baş verir. Bu halda Fond tərəfindən əmanətçiyə hər bir əmanət müqaviləsi üzrə 100 min manat olmaqla ümumilikdə 200 min manat məbləğində kompensasiya ödəniləcək.

Xatırladaq ki, aprelin 18-də "AtaBank" və "CDB Bank" səhmdarlarının ümumi yığıncaqlarının qərarlarına əsasən "CDB Bank" ASC-nin yenidən təşkil şəklində ləğv edilərək "AtaBank" ASC-yə qoşulması ilə əlaqədar Müşahidə Şurasının sədri vəzifəsinin müvəqqəti icrası Fərəh Məmmədovaya, İdarə heyətinin sədri vəzifəsi isə Dəyanət Quliyevə həvalə edilib.

Həmin bankların yenidən təşkili ilə əlaqədar aktivlərin qiymətləndirilməsinin aparılmasına dair "PwC" beynəlxalq konsaltinq şirkəti ilə ilkin razılaşma əldə edilib.

Həmçinin, "AtaBank" və "CDB Bank" tərəfindən yenidən təşkil faktı dövlət qeydiyyatına alınana qədər, bütün kontragentlərlə bağlanılmış mülki-hüquqi müqavilələr üzrə öhdəliklərin icrası hər bir bank tərəfindən ayrı-ayrılıqda davam etdiriləcək.
Bu xəbər oxucular tərəfindən 487 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed