Şrift:
Xocalıda məhv edilən tariximiz, mədəniyyətimiz...
24.04.2017 [10:28] - Xəbərlər, Mədəniyyət
Bu ulu yurdda minilliklərin şahidləri, əsrlərin yadigarları da vandalizmin qurbanlarına çevrildi
25 ildir ki, Xocalı sözü nəinki bu ulu yurdun həsrətini çəkənlərin, hətta "dünyanın o başına kimi səpələnən" soydaşlarımızın dilinin əzbərinə, ağı-bayatısına çevrilib. Xocalı şəhəri Yuxarı Qarabağın dağlıq hissəsində, Kiçik Qafqazın Kirs və Qırxqız dağlarının qoynunda yerləşir. Qədim türk sözü olan "xoca"dan yaranıb və türkdilli xalqların dilində hörmətli, möhtəşəm, müqəddəs sayılan şəxslərə deyilib. Ona görə orta əsr mənbələrində Xocalı "müqəddəs yurd" da adlandırılıb.
Bu kimi tarixi faktları özündə qoruyub saxlayan Xocalıya məxsus maddi-mədəniyyət nümunələri isə sovetlər dövründən, təəssüf ki, Azərbaycandan çox-çox uzaqlarda - Moskva, Sankt-Peterburq, London, Paris, Drezden kimi dünyanın məşhur muzeylərinin eksponatlarına çevrilib.
Azərbaycanın mədəni irsini hədəf seçən ermənilər işğal etdiyi torpaqlardakı maddi-mədəniyyət abidələrimizi saxtalaşdıraraq erməniləşdirməyə çalışmışlar. Belə ki, işğal altında qalan maddi-mədəniyyət abidələrimiz tamamilə və qəddarlıqla məhv edilmişlər. Dağlıq Qarabağ ərazisində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarları tərəfindən vurulan ziyanı dəqiq hesablamaq mümkün deyil, çünki zaman dəyişib (keçmiş sovetlər dövründəki dəyərlər artıq öz əhəmiyyətini itirdiyi üçün), qiymətlər yenidən formalaşıb. Eyni zamanda talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələri hesab olunub. Əhaliyə vurulmuş mənəvi-psixoloji zərbə ilə bərabər, ilkin və sonadək müəyyənləşdirilməmiş məlumatlara əsasən, Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dollarından çox ziyan dəyib.
Xocalı tarixinin ululuğu, mədəniyyətinin zənginliyi ilə də seçilirdi. Orada qədim tarixə malik abidələr də işğal zamanı darmadağın edildi. Bu isə o deməkdir ki, vandalizm siyasəti yürüdən ermənilər tariximizi və mədəniyyətimizi yer üzündən silməyi qarşılarına əsas məqsəd qoyublar. Yandırılıb külü göylərə sovrulan şəhərin yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyəti abidələri var idi.
Məhvə məhkum edilən sərvət təkcə bu sadaladığımız maddi-mədəniyyət nümunələri deyildi. Əhalisi əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olan bu şəhərdə toxuculuq fabriki, 2 orta və 2 səkkizillik məktəb fəaliyyət göstərib.
Xocalı ərazisində vaxtilə mövcud olmuş, lakin iyirmi beş il ərzində talan edilərək yer üzündən silinmiş maddi-mədəniyyət, tarixi, dini abidələrimizə bir daha nəzər salmaq istərdik: Xocalı şəhəri və Əsgəran dağındakı Tunc dövrü daş qutu nekropolu, Xankəndidən cənubdakı İlk Tunc və Orta Tunc dövrü nekropolu, elə həmin dövrlərin Xocalı kurqanları, ilk orta əsrlərə aid küp qəbirləri nekropolu, Dəmir dövrünün yadigarlarından olan abidələr, həmçinin Xaçınçay nekropolu - İlk Tunc və Orta Tunc dövrün yadigarı (Seyidşən kəndindən şimal-şərqdə), Armudlu kəndindən 2 km. İlis kəndinə tərəfdəki küp qəbirlər, Armudlu kəndindən 15 km aralı, İlis çayının sahilindəki nekropol, Şuşa kəndi, eləcə də Çanaqçı, Saruşen, Xansıx, Xaçmaz, Badara, Daşbaşı, Xanabad, Əsgəran, Anabert yaşayış məntəqələri ərazisindəki qədim qəbiristanlıqlar, 905-1202-ci illəri əhatə edən alban məbədləri, orta əsrlərə məxsus Qırxlar qalası, məbəd kompleksi, Əsgəran və Aslan qalası kimi tarixin yaşıdları tamamilə yer üzündən silinərək saxtalaşdırılıb, dünyaya erməni abidələri kimi təqdim olunub.
Xocalı ərazilərindəki maddi-mədəniyyət abidələrinin yerlə-yeksan edilməsini təsdiqləyən faktlar bir daha göstərir ki, düşmən çox məkrli, qorxunc və iyrənc siyasətlə tariximizi saxtalaşdırmaq yolu seçmişdir. İşğal altında qalan rayonların ərazilərindəki maddi-mədəniyyət abidələrinə göstərdikləri qeyri-insani münasibət bir daha bunu təsdiqləyir.
Bu xəbər oxucular tərəfindən 660 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed