Şrift:
Türkdilli dövlətlərin mədəni irsini təbliğ edən yeni turizm layihəsinə start verilib
26.04.2017 [10:36] - Xəbərlər, Türk dünyası-Turan, Mədəniyyət
İstanbulda türkdilli dövlətlərin mədəni irsini təbliğ edən yeni turizm layihəsinə start verilib.

Türkdilli ölkələrin dövlət başçılarının 2015-ci ilin sentyabrında Astanada keçirilən zirvə görüşündə qəbul etdikləri qərara uyğun olaraq, dörd ölkənin – Azərbaycanın, Türkiyənin, Qazaxıstanın və Qırğızıstanın birlikdə ilk dəfə həyata keçirdiyi “Türk Şurası İpək Yolu - ortaq turizm paketi” layihəsinin icrasına başlanılıb.

Üç ildən artıq müddətdə hazırlıq işləri aparılan layihə miqyasına görə seçilir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin turizm məsələləri üzrə nazirliklərinin dəstəyi və turizm şirkətlərinin birgə iştirakı ilə Türk Şurasının həyata keçirdiyi layihənin ilkin versiyası 14 günlük nəzərdə tutulub.

Bununla əlaqədar təşkil olunan mətbuat konfransında Türk Şurasının baş katibi Ramil Həsənov layihənin əhəmiyyətindən danışaraq deyib ki, bu paket dünya turizm bazarında yeni məhsuldur. Baş katib Uzaq Şərqdən Avropaya qədər geniş ərazini əhatə edən turizm layihəsinin mədəniyyət turizmi olaraq, türk dünyasını tanımaq istəyən insanları bir araya gətirən alternativ istiqamət olduğunu vurğulayıb.

Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın media nümayəndələri və turizm şirkətlərinin təmsilçilərinin qatıldıqları layihənin ilk mərhələsinə “Azərbaycan Hava Yolları”, “Air Astana” və “Türk Hava Yolları” şirkətləri dəstək verirlər.

Türkiyədən rəsmi startı verilən layihə çərçivəsində iştirakçılar Azərbaycan, Qazaxıstan və Qırğızıstana da səfər edəcəklər.

Vüqar Əliyev
Bu xəbər oxucular tərəfindən 654 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed