Şrift:
Türkiyə və Azərbaycana qarşı hücumun hədəfi – Avropanı qorxuya salan GƏLƏCƏK
26.04.2017 [10:47] - Xəbərlər, Türk dünyası-Turan, DAVAMın yazıları
Türkiyədə keçirilən referendumdan “bəli” çıxmasından sonra kampaniya boyunca “xeyir” cəbhəsini dəstəkləyən Avropanın hərəkətə keçəcəyi gözlənilən idi. Çünki referendumun nəticələri Osmanlının süqutundan sonra Qərb istiqamətini seçən, daha doğrusu Avropanın öz “əlaltısı” görmək istədiyi Türkiyənin güclü və müstəqil siyasət xəttini formalaşdırdı.

Bundan sonra: prezident üsul-idarəsi ilə güclənən Türkiyə daxili sabitliyini daha asan təmin edəcək; daxili sabitliyin təmin edilməsi xarici siyasətdə daha aktiv addımlar atmağa şərait yaradacaq; maraqlar toqquşanda Qərbin Türkiyəni daxildən “vurmaq” imkanları azalacaq; FETÖ kimi “səssiz terror” qruplaşmaları dövlətin içinə sıza bilməyəcək; Avropa İttifaqının 50 ildir qapı ağzında gözlətdiyi Türkiyə öz maraqlarına uyğun ittifaqlarla əməkdaşlıq edəcək; güclü Türkiyə həm də türk dünyası və İslam aləminin birləşməsi, güclənməsi deməkdir.

Bu baxımdan, Avropanın kabus olaraq gördüyü güclü Türkiyəyə qarşı hücuma keçməsi heç də təsadüfi deyil. Və Avropa klassik üsulları ilə öz ədalətsiz mahiyyətini bir daha ortaya qoydu.

Demokratiya: Avropanın dəyənəyi

AŞPA-nın yaz sessiyasında müzakirəyə çıxarılan “Türkiyədə demokratik təsisatların fəaliyyəti” adlı hesabat layihəsində Türkiyənin monitorinq mərhələsinə qaytarılması təklif olundu. Hesabat Türkiyədəki son Konstitusiya referendumundan sonra ölkə üzrə məruzəçilər tərəfindən hazırlanıb. Müzakirələr zamanı bəzi assambleya üzvləri sənədə əlavə və dəyişikliklər təklif etsələr də, bu təkliflərin heç biri qəbul edilməyib və Türkiyənin postmonitorinq prosesindən monitorinq mərhələsinə salınmasına dair müddəa olduğu kimi saxlanılıb. Sonda qətnamə layihəsi tam şəkildə səsə qoyularaq qəbul edilib. Qərarın lehinə 113, əleyhinə 45 parlamentar səs verib. Türkiyə 13 il əvvəl monitorinq prosesindən çıxarılmışdı və post-monitorinq mərhələsində idi. Bununla, Türkiyə monitorinqdən çıxarıldıqdan sonra yenidən monitorinq altına alınan ilk ölkə olub.

Bu addım Avropanın demokratik prinsipləri siyasi alətə çevirdiyini sübut edir. Məqsəd hansısa türk vətəndaşın “tapdanan hüququ” yox, referendumda seçki qutusundan Avropanın istəmədiyi, onun “əlaltısı” olmayacaq Türkiyənin çıxmasıdır. Qərbin klassik yanaşması ilk dəfə deyil, güman ki, sonuncu dəfə də olmayacaq.

Azərbaycan öz təcrübəsində dəfələrlə belə ədalətsiz, qərəzli yanaşmalara məruz qalıb:

- Rəsmi Bakının müstəqil siyasətini qəbul etməyən dairələr Azərbaycanda “siyasi məhbus”ların olduğunu iddia edərək, təzyiqlər etməyə cəhdlər ediblər. Ümumiyyətlə qondarma “siyasi məhbus” məsələsi Azərbaycana qarşı dəfələrlə istifadə olunub.


- AŞPA-nın məruzəçisi Kristofer Ştrasserin apardığı monitorinqlər təzyiqin əsas vasitəsi idi. Hansı ki, Azərbaycan tərəfi alman deputatın erməni lobbisinə bağlı olduğunu dəfələrlə bəyan etmişdi. Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (European Strategic İntelligence and Security Center - ESİSC) Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan kampaniyası aparan erməni şəbəkəsi haqda dərc etdiyi hesabat isə hər şeyi gün üzünə çıxarır.

“Ermənistanı müdafiə edən bir neçə QHT illər boyunca AŞPA-dakı əlaqələrinin köməyilə Azərbaycana qarşı amansız kampaniya aparır. Heç kim iddia etmir ki, Azərbaycan mükəmməl dövlətdir, lakin Ermənistanın Dağlıq Qarabağı qanunsuz işğalını müdafiə etmək məqsədilə yaratdığı gizli siyasi şəbəkə AŞPA-nı alət edib. “Avropa sabitlik təşəbbüsü” (YEİS) təşkilatının rəhbəri olan Cerald Knaus Soros Fondunun idarə heyətinin üzvüdür. O, Azərbaycanı heç bir sübutu olmadan tez-tez korrupsiyada ittiham edir. 2012-ci ildə “mister X” AŞPA daxilində anti-Azərbaycan şəbəkəsini inkişaf etdirməyə başladı. Knaus YEİS vasitəsilə “kürü diplomatiyası” adlı hesabat dərc edərək, ona maksimum dəstək verdi. Bu məruzənin nəşrində bir hədəf var idi: böhtana əsaslanan şübhəli mühit yaratmaq və Bakıya qarşı siyasi müharibədə iştirak edəcək deputatların şəbəkəsini formalaşdırmaq. Soros Fondunun üzvünə AŞPA daxilində effektiv iş üçün Parlament məclisinin dəstəyini təmin etmək lazım idi. Çünki təkcə erməni deputatların dəstəyi bəs etmirdi və daha çox deputat prosesə qoşulmalı idi. Xüsusilə Avropa İttifaqı ölkələrinin nümayəndələri olarsa, lap əla olardı. Kristofer Ştrasser və digər deputatların dəstəyini alan Knaus buna nail oldu. Knausun yaxın dostu Ştrasser Ermənistana sevgisi ilə məşhurdur. O, 2015-ci ilin 24 aprelində İrəvanda “soyqırımı qurbanlarını” yad edən alman hökumətinin yeganə nümayəndəsi idi. Bu faktın özü də göstərirdi ki, Ştrasser Dağlıq Qarabağın qanunsuz işğalı da daxil olmaqla, Ermənistan maraqlarının müdafiəsində mükəmməl namizəddir. Knaus və Ştrasser “siyasi məhbus” məsələsini qaldıraraq Azərbaycana qarşı hücumda birləşdi. Knaus Corc Sorosun xeyrinə işləyirdi, Ştrasser isə Ermənistanın” – deyə hesabatda bildirilir.

Bu faktlar Azərbaycan və Türkiyəyə qarşı qərəzli hücumları prioritet elan edən AŞPA-nın nəyə xidmət etdiyini, hansı dairələrin sifarişlərini yerinə yetirdiyini sübut edir. Azərbaycan AŞPA-ya üzv olduğu 16 il ərzində yalnız ədalətsizlik və qərəzli təzyiqlərlə üzləşib. Azərbaycana saxta ittihamlarla hücum edən AŞPA Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində isə heç bir təsirli addım atmır. Bu baxımdan, Avropa Şurasından nəsə gözləməyə dəyərmi?!

- Azərbaycana qarşı hücumların əsas hədəfinin Bakını məhz Dağlıq Qarabağ münaqişəsində təslimçi sülhə məcbur etmək olduğu da aydındır. 2015-ci ilin dekabrında amerikalı konqresmen Kristofer Smitin ABŞ Helsinki Komissiyasına təqdim etdiyi Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması üçün “Azərbaycanda Demokratiya Aktı” adlı layihənin əsas məqsədi də bu idi.


Bu planlar baş tutmadı və Azərbaycan “aprel müharibəsi” ilə oyunları pozdu. Lakin bütün bunlar, həmçinin, qardaş Türkiyəyə qarşı atılan ədalətsiz addım Azərbaycanın AŞPA-dakı fəaliyyəti haqda yenidən düşünməyinə zərurət yaradır.

Ümumiyyətlə, İslam dünyasına qarşı aqressiv mövqe nümayiş etdirən, islamofobiya meyllərinin gücləndiyi Avropa Azərbaycana, Türkiyəyə və digər müsəlman ölkələrinə yaxşı nə vəd edə bilər?!

Baş verənlər təsdiq edir ki: Azərbaycan inteqrasiya meyllərini yenidən nəzərdən keçirməli, öz milli maraqlarına uyğun strateji hədəflərinə doğru irəliləməlidir; Region ölkələri, İslam dünyası, Şərqlə əlaqələrini daha da genişləndirməli, onların böyük potensialından yararlanmalı, öz milli dövlətçiliyini daha da gücləndirməlidirlər. Eyni siyasətin Türkiyə tərəfindən izlənilməsi də vacibdir.

Azərbaycan Türkiyənin daim yanındadır və Avropanın qərəzli siyasətinə qarşı qardaş ölkə ilə eyni səfdə yer alır.

Avropanın yuxususuna haram qatan nədir?

Burada Avropanın eyni saxta arqumentlərlə Azərbaycan və Türkiyəyə hücum etməsi də diqqət çəkir.

Türkiyə və Azərbaycan Şərq-Qərb arasında körpü rolunu oynayır, regionda hər iki ölkənin birliyi böyük siyasi gücün yaranmasına səbəb olub və bu güc strateji məsələlərin istiqamətinə təsir edir. Türkiyə-Azərbaycan birliyi həm türk dünyasının, həm də İslam aləminin gələcəyi hesab olunur. Bu baxımdan, Avropanın qorxuları təəccüblü deyil.

ABŞ-ın nüfuzlu “Stratfor” analitik mərkəzinin rəhbəri Corc Fridmanın bir müddət öncə verdiyi “Bakı və Ankara yaxın gələcəkdə güc sahibi olacaq” pronozları da Qərbin qorxularını aydın şəkildə göstərir.

“Türkiyə Orta Şərqi, Orta Asiyanı və Balkanları ələ alaraq böyük bir gücə çevriləcək. Paytaxt Ankaradan İstanbula köçürüləcək. Aralıq və Qara dəniz türk gölünə çevriləcək. Neo Osmanlı nəzəriyyəsi gerçəkləşəcək və Türkiyə Osmanlı imperiyasına yenidən hökm edə biləcək. Artıq bu prosesin izlərini görə bilirik. Türkiyə İslam coğrafiyasında getdikcə digər ölkələr üzərində təsir imkanlarını genişləndirir. Balkanlarla da öz təsirlərini artırır. Qafqazda Azərbaycan və Gürcüstanla güclü bir ittifaq qurdu”, - deyən Fridmanın sözləri Avropanın yuxusuna haram qatıb.

Bütün bunlar iki qardaş ölkəyə hücumların əsil mahiyyətini də ortaya çıxarır.

Asif Nərimanlı
Bu xəbər oxucular tərəfindən 947 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed