Şrift:
Daşyonan, bənna, palçıqçı və milyonçu - Hacı Zeynalabdin Tağıyev - FİLM KİMİ HƏYAT HEKAYƏSİ
27.04.2017 [11:33] - Xəbərlər, DAVAMın yazıları
Bütün müsəlman aləmində tanınmış milyonçu neftxuda Hacı Zeynalabdin Tağıyevi Bakıdakı müsəlman, rus, erməni və yəhudi cəmiyyəti xeyriyyələrinin hamısı özlərinə fəxri sədr seçmişdilər.

Atası içərişəhərli başmaqçı Tağı, anası Bilgəhli Anaxanım olub. Zeynalabdin uşaq ikən anası vəfat edib. Atası ikinci dəfə evlənir, təzə arvaddan beş qızı olur. Tağı çox kasıb imiş, Zeynalabdin hələ kiçik ikən atası deyir ki, bala, görürsən də, güzəranımız necə ağır keçir, gəl əlimin altında işlə, mənə həyan ol, birtəhər gündəlik çörək pulu qazanaq. Zeynalabdin cavab verir ki, mən başmaqçı yox, bənna olacağam. Kişi arvadına tapşırır ki, apar bunu qoy bənnanın əli altında işləsin. O vaxtdan başında çanaxda palçıq daşıyır, 6 qəpik günəmuzd alır.

Yaşı az olduğundan palçıq çanağını çətinliklə daşıyırmış; yoldaşları ona kömək edirdilər, tez-tez ağır çanağı qaldırıb başına qoyurdular. O da canla-başla çalışırmış; bütün günü bir an belə bekar qalmaz, hamıdan tez gələr, gec gedərmiş, 15 yaşında daşyonan, 18 yaşında bənna, sonra da memarpodratçı olur.

Mahaf Süleymanov yazır ki, 1873-cü ildə iki nəfərlə şərik olub Bibiheybətdə icarəyə yer götürür. Avadanlıq alır, usta və əmələlər tutur, buruq qurdurub başlayır quyu qazdırmağa. Günbəgün xərc artır, neft isə görünmür. Qışda soyuq, yayda cəhənnəm istisi, xəzri-gilavarın qaldırdığı toz göz çıxardır. İlantək qabıq qoyurlar, neft isə çıxmır. Düşmənlər Hacıya gah tamahkar, gah kələfin ucunu itirən adam kimi baxırlar. Şəriklər ümidlərini itirir - öz paylarını satmağa müştəri axtarırlar, axırda Hacı özü onların pulunu verib buruğa və yerə yiyələnir. İş daha da ağır gedir. Hacı darıxmır, tək-tənha məşəqqətə dözür. Fəhlələrin muzdunu vaxtında verir.

Nəhayət, quyu gözlənilmədən fontan vurur. Başmaqçı Tağının oğlu palçıqçı Zeynalabdin dönür olur milyonçu Tağıyev.

Üç ilə şəhərin mərkəzində (1895-1897-ci illər) böyük bir saray tikdirir. Bu kaşanənin hər dörd fasadı və damdakı nəhəng qübbələr diqqəti uzaqdan cəlb edir. Bir üzü Bariyatinski, digəri Starıy politseyski (Məmmədəliyev), üçüncüsü Merkuri, dördüncüsü isə Qarçakov küçələrinə baxır; hər cəhətdən, həm xarici arxitekturasına, həm də daxili bər-bəzəyinə görə şəhərin ən yaraşıqlı binalarından biridir. Layihənin müəllifi Qoslavski əsasən Avropa order memarlıq üslubundan istifadə edib, fərdi kompozisiya yaradıb (Azərbaycan tarixi muzeyi).
Binanın hər dörd tinində və baş girəcəyinin qabağında nəhəng qaz fanarı yanardı, gecələr bu aralar işığa qərq olar, yerə iynə düşsəydi tapılardı.

Tağıyev həm neftxuda, həm dəyirman sahibi, həm fabrikant, həm böyük balıq sənayeçisi (bütün Kür ətrafı və Xəzər qırağı vətəgələr onun ixtiyarında idi), həm də ticarət və yük gəmilərinin sahibi idi. Quba tərəfdə Atlıxanda, Yevlax ətrafında böyük meşələri vardı. Ənzəli və Rəşt ərazisində də Hacının meşələri, böyük malikanəsi, binaları və nümayəndəliyi, başqa şəhərlərdə, o cümlədən Moskvada 4 mərtəbəli iri sarayı, İranda karvansaraları vardı.

İmperator II Nikolayın qardaşı böyük knyaz Mixail Aleksandroviç polyak qızına evlənib, taxt-tacından əl götürəndən sonra Tağıyevdən xahiş edir ki, Yevlax ətrafı meşələrdə ov edib dincəlməyə ona icazə versin. O, Hacıya cəvahiratla bəzədilmiş bir qızıl çarke (peymanə) bəxşiş göndərmişdi.

Xəzərin Azərbaycan sahillərindən tutmuş Dağıstanın sahillərinə, Dərbənd, Port-Petrovsk (indiki Mahaçqala) daxil olmaqla uzunluğu 300 kilometr olan torpaq sahəsi alıb vətəgə salmışdı. Kür qırağındakı vətəgələri dövlətdən icarəyə götürmüşdü.

O zamanlar dustaqları Nargin adasında saxlayırdılar. Camaat ora gedib-gələndə yaman əziyyət çəkirdi. Axırda Hacı Zeynalabdinə müraciət edirlər ki, bu işdə bizə kömək elə, dərdimizə çarə qıl. O da, o zaman şəhərin ucqar yeri hesab edilən Quba (Füzuli) meydanı ilə Kömürçü meydanı arasında tikdirdiyi beşmərtəbəli dəyirmanı (şirniyyat fabriki) dustaqxana üçün verir. Bu barədə digər bir rəvayət də var. Bakıya yüksək rütbəli təzə məmur təyin edilir. Hacı onun görüşünə gedir və deyir ki, sizə nə kömək lazımsa, utanmayın, söyləyin, mən padşahlıqdan heç nə müzayiqə edən deyiləm. Yüksək rütbəli şəxs izah edir ki, “dustaqları Nargin adasında saxlayırıq, işçilər gedib-qayıtmağa çox vaxt sərf edirlər, həm də əziyyət çəkirlər; mümkünsə bu işdə bizə kömək edin”. Hacı Zeynalabdin tikilib qurtarmış dəyirman binasını dustaqxana üçün hökumətə verir. Xaricdən gətirdiyi dəyirman avadanlığını toxuculuq fabriki yerləşən əraziyə daşıtdırıb, orda dəyirman tikdirir. Özü və ailəsi yaşamaq üçün fabrikin yaxınlığında xüsusi mülk tikdirmişdi və vaxtaşırı orda qalırdılar.

“Mazut” şirkətinin yaranması ilə əlaqədar, yerli varlılardan Çolaq Ağabala Quliyevin başçılığı ilə “Bakı - Batum” neft kəməri aksioner şirkətini yaradırlar. Bu neft kəmərinin əleyhinə həm açıq, həm də gizlin çıxış edənlər az deyildi, əlaltından iş görənlər vardı, çünki bəziləri çox qazancın əllərindən çıxmasından qorxurdular, paxıllar da az deyildi. O zaman üçün nəhəng inşaat hesab edilən bu neft kəməri Bakıdan başlayaraq Kür düzənliyindən keçib, Qafqaz dağlarının ətəyini və Suram qalasının yamacını aşıb, Reon düzənliyindən ötərək 800 kilometr məsafədə uzanıb Xəzər sahilini Qara dəniz sahiliylə birləşdirəcəkdi. Bakı nefti okeanlara, uzaq-uzaq ölkələrə, beynəlxalq bazarlara yol açacaqdı.

Kəməri uzatmağa 1897-ci ildə başlayıb, 1907-ci ildə (10 ilə) tamamlamışdılar.
Professor Hadi Əliyev deyirdi ki, mühəndis dayım İbad Əliyev Tağıyevin Bibiheybətdəki mədənində müdir olmuşdu, onunla yaxın idi. Şollar su kəmərini çəkəndə avadanlığı gətirmək üçün İbadı yolladı Rusiyaya. 120 vaqon maşın, nasos və digər avadanlıq gətirərək işi tamamlayıb başa çatdırdılar. Hadinin dediyinə görə, dayısı İbad nəql edirmiş ki, imperator III Aleksandr sağ olanda Tağıyev ona ərz-hal yazıb, müsəlman qızlarının öz ana dillərində oxumaları üçün Bakıda məktəb açmağa icazə istəyir. III Aleksandr bu xahişi rədd edir. O, öləndən sonra II Nikolay taxta çıxır. Tacgüzarlıq mərasimi münasibətilə Hacı bir senatorun vasitəçiliyi ilə Nikolayın arvadı Aleksandra Fyodorovnaya çox bahalı hədiyyə çatdırır və eyni zamanda Bakıda qız məktəbi açmaq barədə təkrar xahişnamə göndərir və rica edir ki, rus-müsəlman qız məktəbinə Tsaritsa Aleksandra Fyodorovnanın adı verilsin. Eyni zamanda qız məktəbinin xərcini ödəmək üçün banka 150.000 manat qoyur, bu da beş faizdən ildə 7.500 manat gəlir gətirəcəkdi və bununla da məktəbin xərc-xərasatı artıqlamasilə ödəniləcəkdi. İki ildən sonra 1896-cı ildə qız məktəbi açmağa icazə verilir. Tağıyev məktəb binasının layihəsini mahir memar Qoslavskiyə tapşırır. Binanı 1898-ci ildə tikməyə başlayırlar. 1900-cu ildə hazır olur, 184.000 manata başa gəlir. Bu məktəb Nikolayevski (İstiqlaliyyət) küçəsində yerləşirdi. Tağıyev, müsəlman qaragüruhçuları işə mane olmasın deyə, onların bəhanələrini kəsmək, ağızlarını yummaq üçün iki nəfərə məktub, pul və qiymətli hədiyyələr verib, müqəddəs hesab edilən yerlərə - Məkkəyə, Mədinəyə, Kərbəlaya, Xorasana, Qahirəyə, İstanbula, Tehrana və sair yerlərə göndərir və tapşırır ki, oradakı mötəbər, rəsmi din xadimlərindən, müctəhidlərdən imza və möhürlə təsdiq edilmiş rəsmi sənədlər alsınlar ki, müsəlman qızları da oğlanlar kimi şəriət məktəblərindən başqa müasir məktəblərdə təhsil ala bilərlər, burada heç bir xilaf şey yoxdur.

Lakin müsəlman qızları üçün müasir məktəbin açılacağı xəbəri şəhərə vəlvələ salır, məclislərdə, bazarlarda, dükanlarda, toyda, yasda bu barədə söhbət gedir. Məhəllələrin başçıları, şəhərin ağsaqqalları iki dəfə Təzəpir məscidində toplaşıb qız məktəbi haqqında danışmaq istəmişdilərsə, nəticəsiz qalmışdı, dava-mərəkə düşür, məclis baş tutmur. Qaragüruhçu iri əmmaməli, qara əbalı ruhanilər, yekəqarın, enliqurşaq, saqqalı hənalı hacılar, tapançalı-xəncərli qoçular ortaya çıxıb isməti-nisvandan danışa-danışa, Qurandan ayələr, peyğəmbər, xəlifə və imamlardan hədislər və sübutlar gətirərək bu işi küfr adlandırıb, Hacı Zeynalabdin Tağıyevi dindən kənar əməllərdə günahlandırırlar.
Hacı Zeynalabdin Tağıyev müsəlmanların müqəddəs ziyarətgahlarındakı müstəhid və din xadimlərinin imzaladıqları, möhürlə təsdiq etdikləri sənəd və şəhadətnamələri oxutdurub camaatı başa salmağa cəhd edirdi ki, qızların elm oxumalarında heç bir xilaf iş yoxdur, əksinə bu, çox vacib və lazımdır, bundan sonra qaragüruhçular təzədən soşurlar.

Tağıyev məclisdə iştirak edən ən mötəbər iki din xadiminə: Bakı quberniya qazisi Mir Məhəmməd Kərimə və Mirzə Abutürab Axunda Quran ayələri oxutdurub tərcümə etdirir ki, müslüm (müsəlman kişiləri) kimi müslümələr də bütün biliklərə yiyələnməyə borcludur.

Yenə etiraz səsləri ucalır.

Bu dəfə Hacı Zeynalabdin özü danışmağa başlayır: “Camaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir; gözləri açılar, külfətdə rəftarları xoş olar... İngilistana, Germaniyaya, Firəngistana gedib oxuyan cavanlarımızın, hərəsi oralardan qollarına bir arvad keçirib gətirir, çünki qızlarımıznan məcazları tutmur, dolana bilmirlər; əcnəbi arvadlardan doğulan uşaqlar öz-özünə olurlar mürtəd və bütün varidatımıza vərəsə çıxırlar. İşlər belə getsə atababa ocaqları qalacaq Quransız, namazsız, şəriətsiz. Təzə məktəbdə qızlara ehkami-şəriyyə, paltar tikmək, toxuculuq, mətbəx işləri, müsəlman və rus dilində oxuyub-yazmaq, elmi-hesab, tifillərə tərbiyə vermək öyrədiləcək. Burda pis şey var?! Molla Əli Hacı Xəlil oğlu! Qulaq as! Mən, qızları ismətsiz etmək istəmirəm, naməhrəmlə üzü açıq olmağa çağırmıram. Srağa gecə, iyirmi yaşlı ortancıl qızın sancılanmışdı, az qalmışdı ölsün. Lopabığ Ambarsum həkimi gətizdirdin qızı yoxladı, dava-dərman elədi, qızı ölümdən qurtardı. İndi de görüm, lopabığ Ambarsumun əvəzinə müsəlman arvad həkimi olsaydı, şəriətə hansı daha düzgün gələrdi? Arvad həkimlərinə, müəllimlərinə ehtiyacımız çoxdur.”

Sabahı gün şəhərdə abır-həya pərdəsi altında qeylü-qal qopur, qoçular küçələrə tökülüşüb dikdaban ayaqqabı geymiş müsəlman qadın və qızlarının tufli və çəkmələrini çıxardıb, zorla nəleyin geyindirirdilər; azca üzü açıq olanların başlarına iri, qara çadra örtürdülər; mane olmaq istəyənləri, danışanları döyür, ölümlə hədələyirdilər. Qızlarını təzə məktəbə göndərənlərin evlərinə soxulub öldürürdülər; o cümlədən, içərişəhərli Axund molla Ruhullanın evinə zorla girib namaz üstündə kişini qətl etmişdilər ki, birdən-birə iki qızını “şkola” yollayıb.

Hökumət məmurları belə biabırçılığa kənardan tamaşa edirdilər və deyirdilər ki, biz din-məzhəb məsələlərinə qarışmırıq.
Qızlara belə məsləhət görürlər ki, çarın arvadı Aleksandra Fyodorovnaya bir teleqram göndərin, minnətdarlığınızı bildirin ki, sizə məktəb açmağa icazə verib və razı olub ki, məktəbinizə onun adı verilsin.

İki gündən sonra Aleksandra Fyodorovna qızlara teleqramla cavab yollayır, yeni açılmış məktəbdə əla oxuyub Vətənə və cəmiyyətə faydalı olmalarını, həyatda xoşbəxt yaşamalarını arzu edir.

Bu teleqramla bütün mübahisələr və müsəlman qız məktəbinin taleyi bir dəfəlik həll edilir.

...Məktəbə 58 qız qəbul edilmişdi; onlardan 35 nəfəri kasıb ailələrdən idi, təhsil haqqından azad edilmişdilər, geyim və yemək-içməklərinin xərcini Tağıyev ödəyəcəkdi (əvvəldən 20 nəfər kasıb qızın pulsuz götürülməsi nəzərdə tutulmuşdu, sonra Hacı bu siyahıya 15 nəfər də əlavə edir). Bu məktəb pansion və qapalı idi; qızlara həftədə bir dəfə, cümə günləri səhər saat 10-dan 17-yə qədər evlərinə getməyə icazə verilirdi.

Məktəbdə dərslər 1901-ci il sentyabrın 7-də başlanmışdı. Sentyabrın 9-da dərsin açılışını bayram edirlər. Krımdan, Özbəkistandan, Peterburq və başqa yerlərdən çoxlu təbrik teleqramı gəlir.

Bu şənlik münasibətilə öz sevincini bildirənlərdən biri Həsənbəy Zərdabi idi.

Bakı müsəlman qız məktəbinin şagirdləri üçün Dağıstan qızlarının geyimi rəsmi libas kimi qəbul edilmişdi. Həmin geyim 1909-cu ildən rus qız məktəblərinin rəsmi paltarı ilə əvəz edildi - abı rəngli parçadan don, ağ önlük, bir də pelerina; gündəlik geyimdən başqa bayram və mərasim libası da vardı; imtahan vaxtı, bayram günləri, teatr və gəzməyə gedəndə mərasim libasını geyirdilər. 4 illik məktəb iki ildən sonra oldu 5 illik, sonra 6 illik, axırda da seminariya. Hacı banka 100.000 manat 5 faizli qızıl pul verib məktəbi seminariyaya çevirtdirmişdi. Onu da qeyd etmək vacibdir ki, təkcə məktəb binası tarixi sənədlərə görə 183.533 manat qızıl pula tamam olmuşdu, tədris avadanlığına əlavə qızıl pulla 29.000 manat xərclənmişdi. Bankda da 125.000 manat toxunulmaz kapital 5 faiz gəlirlə saxlanılırdı ki, məktəbin xərclərini təmin etsin. Məktəb seminariyaya çevriləndən sonra vəsait 225.000 manat olmuşdu.
Binanın zirzəmisi Orucov qardaşlarına mətbəə üçün kirayəyə verilmişdi ki, buradan da əldə edilən neçə min manat pul yenə qız məktəbinin ehtiyacına sərf edilirdi. Həmin məktəbin nəzdində qadın müəllimlər üçün ikiillik hazırlıq kursu açılmışdı.

Qız məktəbinin binası memarlıq baxımından Azərbaycan memarlığının milli-romantik üslubundadır. Əsas fasaddakı divar bir cərgə ağ, digər cərgə isə qızılı daşdan hörülüb.

Məktəbi ilk dəfə qurtaran qızlara Azərbaycan dilinə tərcümə edilmiş Quran, Lev Tolstoyun, Puşkinin, Qoqolun, Lermontovun əsərlərindən nüsxələr, təzə libas və başqa hədiyyələr verilir və bundan sonra hədiyyə vermək ənənəyə, adətə dönür.

Qız məktəbinin birinci müdirəsi Hənifə xanım Məlikova (Həsənbəy Zərdabinin arvadı) idi.

İran şahı yolüstü Bakıda olanda, arvadı qız məktəbinə gəlir və hər şagirdə qızıl zəncirdən asılmış bir onluq qızıl bağışlayır; qızlar da bu bəxşişi həmayil kimi boyunlarından asırlar.

Hacı Zeynalabdin öz qızları - Sara və Leylanı Peterburqa, Smolnı qız institutuna oxumağa göndərmək qərarına gəlir və sənədləri ora yollayır. Çox keçmir Smolkıdan rədd cavabı gəlir ki, nə bəy, nə xan və nə də zadəgan olmadığınız üçün qızlarınızı qəbul edə bilmərik; bu instituta yalnız qraf, knyaz, xan, bəy, əmir qızları qəbul edilir. Hacının arvadı Sona xanım rəsmi sənəd təqdim edir ki, atası general Ərəblinski müharibədə rəşadət göstərib və Rusiyaya sədaqətinə görə çar tərəfindən qızıl silahla təltif olunmuşdur; bu qızlar da onun nəvələridir, bütün imtiyazlardan istifadə etməyə hüquqları var.

Tağıyevin qızları ana babalarına - general Ərəblinskiyə gərə Smolnı institutuna qəbul edilirlər. Tağıyev Moskvanın mərkəzində Lenin kitabxanasının yaxınlığında dəbdəbəli, dörd mərtəbəli bir imarət tikdirib, yolu düşəndə həmin mülkündə qalırdı...
Bu xəbər oxucular tərəfindən 1055 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed