Şrift:
Nəriman Nərimanov Leninə yazır ki: Azərbaycanı əlimizdə tutmaq istəyiriksə, türklərlə güclü ittifaq yaratmaq məcburiyyətindəyik
29.04.2017 [10:53] - Xəbərlər, DAVAMın yazıları
Məktubun yazıldığı tarix dünyanın ən qarışıq dövrü idi... Dünyanın yeraltı və yerüstü sərvətlərinə sahib olan və eyni zamanda birlik nümayiş etdirə bilməyən bir sıra ölkələr güclü dövlətlərin əsarətinə düşdülər. Qismətinə əsarət yazılan ölkələrdən biri də Şərqdə ilk demokratik Cümhuriyyət olan Azərbaycan oldu. Buna baxmayaraq bolşevik Rusiyasının işğalına məruz qalan Azərbaycan bölgədə öz əhəmiyyətini saxlamaqda idi. Belə ki, o dövrdə müttəfiq dövlətlərə qarşı Qurtuluş savaşı başladan Türkiyə Cümhuriyyəti dəstək almaq üçün bolşevik Rusiyasına nümayəndə heyəti göndərir. Həmin heyət öncə Bakıya gəlir və Nəriman Nərimanov da Leninə məktub yazaraq öz nümayəndəsini Türkiyə heyəti ilə birlikdə Moskvaya göndərir. Nəticədə Leninlə danışıqlar baş tutur və Moskva Türkiyəyə yardım edir. Bunda başqa, N.Nərimanov məktubunda Leninə Şərq siyasətləri ilə bağlı fikirlərini də yazır...

Beləliklə, Enter.News türkiyəli araşdırmaçı-yazar Hüseyn Adıgüzelin araşdırmalarından əldə etdiyi Nəriman Nərimanovun 1921-ci ilin fevralında Leninə yazdığı həmin məktubu təqdim edir:

"Əziz Vladimir İliç:

Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti bizim nümayəndəmiz Behbud Şahtaxtinski ilə birlikdə Moskvaya gəlirlər. Mən burada Türkiyə nümayəndələri ilə geniş və ətraflı söhbət etdim. Mən türklərin İngiltərəyə qarşı çıxaraq öz qədərlərini tərtəmiz bir könüllə bizə bağlamaq istədiklərindən əsla şübhə etmirəm. Onlar üçün ən əhəmiyyətli məsələ erməni məsələsidir. Bu məsələni öz lehlərinə həll edə bilmək üçün maksimum səy göstərirlər. Mən Batum və Arxangelsk haqqında danışdım. Lakin onlar “Erməni məsələsi bizim ölüm qalam məsələmizdir. Əgər biz bu məsələdə lehimizə bir qərar ala bilməzsək xalq bizim arxamızca gəlməz. Buna görə bu məsələnin bizim lehimizə həll edilməsi bizim xalq arasındakı gücümüzü artırar” deyirlər.

Şübhəsiz ki, onlar mütəfiq dövlətlərinin əleyhinədirlər. Onlar bizimlə birlikdə İngiltərəyə qarşı qanlarının son damlasına qədər vuruşmağa hazırdırlar. Lakin Moskva erməni məsələsinə görə türkləri özündən uzaqlaşdırsa, onlar incik düşər və İngiltərə ilə razılaşma yolları araya bilərlər. O zaman nələrin ola biləcəyini düşünmək lazımdır.

Müsəlman Şərq dünyasında Avropa imperializminin əsarətindən xilas olmaq üçün ayağa qalxan türklərin azadlıqları uğrundakı döyüşləri kimi şöhrətləri də getdikcə artmaqdadır. Müqəddəs döyüş - cihad - elan etməklə biz, özümüz də buna dəstək vermişdik. Əgər indi türklərdən üz çevirsək, biz müsəlman Şərq millətləri arasında bütün nüfuzumuzu itirərik, həm də bizim üçün fəlakətli nəticələr verə biləcək Şərq cəbhəsini açmış olarıq. Əgər İngiltərə bu vəziyyətdən istifadə edərək yenə də Polşa və Rumıniyanın dəstəyi ilə Qərb cəbhəsini açsa, çox çətin bir vəziyyətdə olduğumuz bu zamanda bizim vəziyyətimizin nə olacağını düşünmək mümkün olmaz.

Əziz Vladimir İliç, fəlakəti əvvəldən görüb və sizdən heç bir şeyi saxlamamaq düşüncəsindəyəm. Onlar, mənə inanırlar və heç bir şeylərini saxlamırlar. Vəziyyət haqqında və bütün uzaq muxtar respublikaların bizə münasibəti haqqında məndə şifahi və yazılı məlumatlar var. Bütün məlumatlarda Sovet Rusiyanın müstəmləkəçi bir siyasət həyata keçirdiyindən danışılır.

Fövqəladə komissiyanın və Xüsusi Şöbənin agentləri həmin respublikaların hamısında yerli məsul işçiləri qorxuya salırlar. Bu orqanlar hər yerdə milliyyətçi axtarırlar və görmürlər ki, ilk sırada bu orqanların agentləri və mərkəzdən göndərilmiş başqa işçilər ən kobud milliyyətçilərdir. Bu işçilər mərkəzin diqqətini çəkmək üçün yalan xəbərlər yayır və beləcə gərgin bir vəziyyət yaradırlar.

Bütün bunlar yerli işçilər üçün dözülməz bir vəziyyət yaradır və Şərqin qurtarıcısı olmaq istədiyimiz halda Sovet Rusiyasına qarşı inamsızlıq yaradır.

Keçən il mən Əfqanıstanı öz tərəfimizə çəkməyi təklif etmişdim. - Mərkəzi Komitəyə mənim verdiyim məlumatlar... İmkan vermədilər. Hətta Əfqanıstanı bizim əleyhimizə çevirdilər və müəyyən yollarla Hindistana təsir edə bilmə imkanından bizi məhrum etdilər. Beləcə, Türküstanda da vəziyyəti pisləşdirdilər.

Bəzən düşünürəm ki, hər işi Sovet Rusiyanın lehinə edənlər kimi göstərmək istəyən yoldaşlar bəlkə də İngiltərənin agentləridir.

İş o nöqtəyə çatmışdır ki, sizdən başqa heç kimə inanmırlar və indiyə qədər buna görə dözüblər, bu döyüş də bitmək bilmir.

Açıq desək, Buxarada, Hivyedə və İranda inqilabdan sonra çox şeylər itirdik. Lakin bütün bunlara baxmayaraq, Şərq xalqları sizə hələ inanır və öz qədərini təyin etmə məsələsində sizin əvvəlki fikirinizin nə vaxt həyata keçəcəyini öyrənmək istəyir. İndi Şərqdə son dərəcə gərgin olan bu vəziyyətdə biz Türklərlə döyüşə başlasaq, bu, bizim Şərq siyasətimizin iflası olacaq. Əgər qərbdə vəziyyətimiz güclü olsaydı, biz ortaya çıxacaq bu vəziyyətdən qorxub çəkinməzdik.

Mən sizi başqa bir məsələdən də xəbərdar etməyi borc bilirəm. Yoldaş Çiçerin Şərq məsələsini qarışdırır. O, erməni məsələsində ermənilərin fikirlərinə həddindən çox dəyər verir və tək erməni məsələsindən ötəri türklərlə aramızın pozulmasından nələrin ortaya çıxacağını diqqətə almır. Mən qəti olaraq söyləyirəm; Qafqazda, Gürcüstanda və Dağıstanda meydana gəlmiş indiki vəziyyətdə Azərbaycanı qəti olaraq əlimizdə tutmaq istəyiriksə, biz nəyin bahasına olursa olsun türklərlə güclü bir ittifaq yaratmaq məcburiyyətindəyik. Mən təkrar söyləyirəm, yalnız bu ittifaq bütün müsəlman Şərqini bizə verər və bunun sayəsində işıqsız Şərq siyasətimiz nəticəsində meydana gəlmiş ümumi problemlər ortadan qalxar və bu yolla biz, fitnə silahını İngiltərənin əlindən almış olarıq.”

Nəriman Nərimanov

Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 792 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed