Şrift:
"Azərbaycan-Türkiyə təlimləri digər türk dövlətlərinin birləşməsinə səbəb olacaq" AÇIQLAMA
01.05.2017 [13:52] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Strateji müttəfiqlikdən başqa Azərbaycanla Türkiyəni birləşdirən digər amil onların düşmənləridir. Ermənilər öz gerblərinə Ağrı dağını salıblarsa, bizim də ərazilərimizi işğal ediblər. Bu, Azərbaycan və Türkiyəyə qarşı bir düşmənin ortaq davranışıdır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev deyib.

Deputatın sözlərinə görə, təkcə bu örnəklərdən görünür ki, Azərbaycan və Türkiyə bir çox məsələlərdə ortaq davranmalı, münasibətlər mədəni, iqtisadi müstəvidən siyasi və hərbi müstəviyə qədər keçməlidir.

F. Quliyevin fikrincə, Azərbaycan və Türkiyənin təhlükəsizliyi də birgə qorunmalıdır: “Bu baxımdan hesab edirəm ki, Azərbaycanla Türkiyə arasında təkcə birgə döyüş atışlı taktiki təlimləri deyil, PKK-ya, Ermənistana qarşı mübarizə də birgə olsun. Bu gün artıq Azərbaycanın qardaş ölkə ilə birlikdə ciddi şəkildə yeni mərhələyə qədəm qoyması onu göstərir ki, bu iradə ortadadır. Avropa təsisatlarının, böyük xristian dövlətlərinin Azərbaycana, Türkiyəyə yad münasibəti, inteqrasiyadan, əməkdaşlıqdan imtina etməsi, hər iki ölkəyə qarşı qərəzli olması bizi fərqli formatlar axtarmağa məcbur edir. Biz təhlükəsizliyimizi təmin etmək üçün ortaq bir ordunun formalaşdırılması, düşmənə qarşı ortaq zərbələr endirilməsi haqqında düşünməliyik. Bunun üçün imkan və potensialımız var. Bununla Azərbaycan və Türkiyəyə qarşı qərəzli davrananlar görəcəklər ki, bizi küncə sıxmaqla biz daha da böyüyür, formalaşırıq. Təbii ki, bu da onlar üçün sərfəli olmadığı üçün geri çəkiləcəklər. Bununla da bizim öz platformamız olar və biz Avropa ilə bu cür əməkdaşlıq edərik”.

Deputat bildirib ki, Avropa evi xristian ənənələri və yunan fəlsəfəsinə söykənən bir evdir: “Belə olan halda, biz niyə islam ənənələri və türk fəlsəfəsinə söykənən ev qurmayaq? Bu baxımdan düşünürəm ki, Azərbaycanla Türkiyə arasında birgə döyüş atışlı taktiki təlimlər gələcəkdə digər türk dövlətlərini də bloklaşmış müstəviyə gətirib çıxaracaq. Bu təlimlər çox əhəmiyyətlidir. Hesab edirəm ki, Hər iki dövlətin ortaya qoyduğu iradə xalq tərəfindən də dəstəklənir”.

Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimlərinə start verilib. Mayın 5-dək davam edəcək təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.

Birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədi ilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcək.

Təlimlərə hazırlıq dövründə türkiyəli hərbçilər üçün bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılıb.

Təlimlər Azərbaycanda keçirilir.


Nailə Məhərrəmova
Bu xəbər oxucular tərəfindən 697 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed