Şrift:
Ərəb liqası irana qarşı bəyanat verib
28.04.2012 [18:33] - Güney Azərbaycan xəbərləri
Ərəb Liqasına daxil olan ölkələrin xarici işlər nazirləri aprelin 26-da Qahirədə bir araya gələrək 3 ada ilə bağlı İrana qarşı bəyanat qəbul ediblər.

Bəyanatda deyilir ki, Ərəb Liqası mübahisəli adalarla bağlı Birləşmiş Ərəb Əmirliklərinin mövqeyini dəstəkləyəcək: “Biz İran prezidenti Mahmud Əhmədinejadın Əbu Musa adasına səfərini pisləyir, bu addımın Birləşmiş Ərəb Əmirliklərinin üç adaya olan hökmranlığını pozduğunu bildiririk. Biz həmçinin Birləşmiş Ərəb Əmirliklərinin bu adaları dinc yolla geri qaytarmaq istiqamətindəki bütün cəhdlərinə dəstək verəcəyimizi bəyan edirik”.

Aprelin 11-də İranın Hormozqan əyalətinə səfər edən Əhmədinejad həmin gün Əbu Musa adasına da gedərək yerli əhali ilə görüşüb.

Aprelin 17-də Qətərin paytaxtı Dohada bir araya gələn Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin (Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt və Oman) xarici işlər nazirləri birgə bəyanat yayaraq Əhmədinejadın Əbu Musa adasına səfərini pisləyib.

İran körfəzindəki Əbu Musa, Kiçik Tonb və Böyük Tonb adaları Birləşmiş Ərəb Əmirlikləri Böyük Britaniya əsarətindən ayrılıb müstəqillik qazananda, 1971-ci ildə Londonda imzalanan bir müqaviləyə görə İran hökumətinin nəzarətinə verilib.

Son illər Birləşmiş Ərəb Əmirlikləri bu üç adanın qaytarılmasını tələb edir və məsələni Beynəlxalq Haaqa Məhkəməsində qaldıracağını bildirir.
Bu xəbər oxucular tərəfindən 1337 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed