Şrift:
İsmayil Safi: “Bu gün Ermənistan bütün sahələrdə sönən ölkəyə çevrilib”
29.04.2012 [18:24] - Siyasət
Türkiyə Böyük Millət Məclisinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri İsmayil Safi ilə müsahibə:

- İsmayil bəy, Azərbaycan-Türkiyə münasibətlərini necə dəyərləndirirsiniz?

- Azərbaycan və Türkiyə münasibətləri elə bir səviyyədədir ki, bu münasibətləri təkcə dövlətlərarası səviyyə ilə ölçmək olmaz. Artıq, münasibətlər iki qardaş xalq arasında möhkəmlənməkdədir.

Qırılmaz bir zəncir səviyyəsindədir. Mən bunu hətta əzəli və əbədi münasibətlər adlandırardım. Biz bir-birimizi öz dilimizdə gözəl başa düşürük və bu məni çox sevindirir. İnanıram ki, əlaqələrimiz bundan sonra daha yüksələn xətlə davam edəcək və hər iki dövlət bölgənin parlayan ulduzlarıdır.

- Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında rolunu necə görürsünüz?

- Təbii ki, bu gün Azərbaycan bütün beynəlxalq təşkilatlarda yürütdüyü diplomatiyanı uğurlu davam etdirməkdədir. Bildiyiniz kimi, Azərbaycan Qara dəniz sahilində yerləşməsə də, amma rəhmətlik Turqut Özalın təşəbbüsü ilə müstəqilliyini yenicə qazanan Azərbaycan bu quruma üzv qəbul edildi.

Çünki, o zaman Azərbaycana siyasi və diplomatik dəstəyə ehtiyacı var idi. Eyni zamanda, Azərbaycanın bu qurumda təmsil olunması onun üçün siyasi tribuna oldu. Həm də gələcək təşkilatlara üzv olması üçün bir təcrübə rolunu oynayırdı.

Azərbaycan bundan gözəl yararlana bildi və indi bütün beynəlxalq təşkilatlarda öz funksiyasını gözəl davam etdirir.

- Fikirlərinizdən aydın olur ki, bu gün Azərbaycan beynəlxalq təşkilatla uğurlu siyasət aparmaqdadır...

- Bəli, son illər biz bunu müşahidə edirik və görürük ki, Azərbaycanın siyasəti, diplomatiyası güclənməkdədir. Beynəlxalq təşkilatlarla uğurlu siyasət aparmaqdadır. Azərbaycan belə davam edərsə, ən qısa zamanda dünyanın ən inkişaf etmiş dövləti olacaq. Bu isə çox şeylərdən xəbər verir.

- Sizcə, Ermənistan bir dövlət olaraq hara gedir?

- Məsələyə, Azərbaycan və Türkiyə prizmasından yanaşsaq, Ermənistanın hansı vəziyyətə düşdüyünü görməmək mümkün deyil. Bu gün Ermənistan siyasi, iqtisadi və psixoloji cəhətdən geri qalmaqdadır və bir növ depressiya vəziyyətindədir.

Çünki, Ermənistan özü bu yolu seçib. Qısa olaraq desək bu gün Ermənistan bütün sahələrdə sönən dövlətə çevrilib. Ən iri regional layihələrdən kənarda qalıb və bu isə ölkənin sosial-iqtisadi həyatına böyük zərbə vurur.

Zaman Azərbaycanın və türk dünyasının xeyrinə işləməkdədir. Bunu Ermənistanda da bilməli və görməlidirlər Amma, biz Ermənistanın sıradan çıxmasını istəmirik. Yetər ki, Azərbaycanın işğal etdiyi torpaqlardan geri çəkilsinlər və Türkiyəyə qarşı normal siyasət yürütsünlər.

Ermənistanın başqa yolu yoxdur. Bizim Ermənistandan istəyimiz və tələbimiz budur. Onu da bilməlidir ki, onlar nə zamana kimi başqa dövlətlərin və diasporun hesabına yaşayacaqlar. Bu sual onları çox düşündürməlidir.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1512 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed