Şrift:
Vəfa Quluzadə: “Həm İran, həm də Rusiya imperiyası çox tezliklə çökəcək”
30.04.2012 [12:13] - Gündəm
“YENİ SAZİŞ ƏN ÇOX ERMƏNİSTANIN XEYRİNƏ İŞLƏYƏCƏK”

İran ona qarşı beynəlxalq sanksiyaların artdığı, ətrafında çevrə daraldığı bir vaxtda Ermənistanla yeni əməkdaşlıq sazişi imzalayıb. Müqavilə Ermənistana iki ölkə arasındakı iki ortaq sərhəd qapısından da istifadə etməyə icazə verəcək. Artıq saziş İranın Nazirlər Kabinetində də təsdiqlənib. Müqaviləyə görə, hər iki tərəf qarşılıqlı olaraq ortaq sərhəd qapılarından beynəlxalq qanunlar və hüquqa uyğun şəkildə istifadə edə biləcək.
Ümumiyyətlə, İran son vaxtlar Ermənistanla “qardaşlıq siyasəti”ni gücləndirib. Ekspertlər bunu onunla izah edirlər ki, İran onu gözləyən hərbi müdaxilə zamanı Ermənistan ərazisindən istifadə etmək, onun vasitəsi ilə silah daşımaq məqsədi güdür. Bunun qarşılığında isə Ermənistanı razı salan addımlar atılır.
Politoloq Vəfa Quluzadəyə görə, bu kimi müqavilələr imzalamaqla Tehran bir daha öz mürtəceliyini ortaya qoyub: “Birincisi, Ermənistanla İranın münasibətlərinin sıx olması təzə məsələ deyil. İkincisi, regionda İran-Rusiya-Ermənistan üçbucağı var. Bu, bir anti-Qərb ittifaqıdır, eyni zamanda da anti-türk, anti-Azərbaycan birliyidir. Özünü dünyada müsəlmanların dayağı elan edən İran Ermənistan Azərbaycana hücum edib qanlı hadisələr törədəndə ona neft verirdi, iqtisadi çətin durumunda hər cür yardımlar göstərirdi. İranın ucuz malları hər zaman Ermənistanı çətin vəziyyətdən qurtarıb. Azərbaycan torpaqlarının işğalı zamanı İran aşkarcasına Ermənistanı möhkəm dəstəkləyib. Tehran faktiki olaraq işğal zamanı Rusiya ilə bərabər Ermənistana dəstək verib. İranın burada maraqları var. Yeni imzalanan sazişlərin isə nə verəcəyini, nəyə hesablandığını biz qarşıda görəcəyik, indidən bir proqnoz vermək çətindir”.
Bununla belə politoloq hesab edir ki, həm İran, həm də Rusiya imperiyası çox tezliklə çökəcək: “Tarix onların xeyrinə işləmir. Eyni zamanda hər iki imperiyanın çökməsi Qərbin marağındadır və bu istiqamətdə iş gedir. Qərbin arzusudur ki, bu iki imperiyanı çökdürsün, Ermənistanı da Rusiyadan ayırsın. Ona görə də İran bu plana qarşı öz mürtəceliyini göstərir. Burada maraqlı bir məqam var; İran bizə mesaj verir ki, İsraillə əməkdaşlıq etməyin. İsrail nə Azərbaycanın torpaqlarını işğal edib, nə də İranın. Amma İran özü Azərbaycanın torpaqlarını işğal edən Ermənistanla çox sıx münasibətlər qurur”.
Vəfa Quluzadəyə görə, yeni sazişlər daha çox Ermənistanı dirçəltməyə hesablanıb: “İranın hər hansı hərbi müdaxilə zamanı Ermənistan ərazilərindən istifadə edəcəyi inandırıcı deyil. Çünki İrana birləşmiş qüvvələrin hücumu olarsa, Tehranın müqaviməti uzun sürməyəcək. Ona görə də düşünmürəm ki, İran Ermənistandan istifadə edə biləcək. Sadəcə, Ermənistan həm də Rusiyanın müttəfiqidir. İran isə öz növbəsində Rusiyanın müttəfiqidir. Ona görə də bu cür məsələlər ortaya çıxır. Rusiya Ermənistanı müstəqil dövlət kimi qələmə verməklə, müəyyən siyasi planlarından istifadə edir. Amma hamı bilir ki, Ermənistan Rusiyanın forpostudur”.
Bu xəbər oxucular tərəfindən 1433 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed