Şrift:
Əhməd bəy Ağaoğlunun Nəriman Nərimanova kədər dolu məktubu – Mən Bakıya tələsirəm, orada bir saat yaşayım və ölüm!
12.05.2017 [10:33] - Gündəm, DAVAMın yazıları
1921-ci ilin mayında Əhməd bəy Ağaoğlunun İtaliyanın Torrento şəhərindən Nərimanova yazdığı və 1921-ci ilin “Kommunist” qəzetinin 19 iyun tarixli nömrəsində (N109) dərc olunmuş məktubu olduqca maraqlı və təsiredicidir. Məktubda Əhməd bəyin də Narimanova, onun dünyagörüşü, ədalətli, istismar və zülmdən azad bir cəmiyyət quruluşu idealına inamı öz əksini tapır. Lakin incə bir mətləbə də işarə var. Vətəndən uzaq düşmüş, el-oba həsrətilə qovrulan Əhməd bəy Nərimanova və ətrafına xoş gəlmək üçün Sovet Rusiyası rəhbərlərinə və onların ideologiyasına rəğbət izhar etməsi də bir növ taktiki gediş kimi da başa düşülə bilər...

Enter.News hörmətli ziyalımız, professor Şirməmməd Hüseynovun araşdırmalarından əldə etdiyimiz həmin məktubu təqdim edir. Ş.Hüseyovun qeyd etdiyinə görə, məktub rus dilində yazılıb.

“Möhtərəm Nəriman!

26 aylıq əsarətdən sonra nəhayət mən buraxıldım və başqa arkadaşlarımız ilə bərabər gətirilib bizim xilaskarımız olan Ankara hökumətinin Romada nümayəndəsinə tapşırıldıq.

Doğrusunu söyləmək lazım gəlsə mən indi də bilmirəm ki, məni nə üçün həbs etmişlərdi və indi də nə səbəbə azad edirlər? Bu uzun müddətdə, qoca vaxtımda nə qədər cismani, maddi və mənəvi əziyyətlər çəkdiyimi, təhqirlər və istehzalar gördüyümü təsəvvür edəməzsiniz. Mənim ailəm İstanbulda qalıb məndən az əziyyət çəkməyirdi. Mən iki dəfə sizə müraciət etmişəm və ailəm də həmçinin müraciət etmişdir. Ola bilər ki, bizim istidadlarımız (xahişlərimiz) ya sizə gəlib çatmamışdır və yəqin ki, siz bizə müavinət (yardım) etmək imkanı əldə edə bilməmişsiniz.

Bakıda bulunan ingilis əsirləri hadisələrindən və bizi xilas etməyə çalışdığınızdan bizi unutmadığınız məlumumuz idi. Görünür ki, siyasi vəziyyətdən dolayı bunu icra etmək sizə mümkün olmamışdır. Bununla bərabər istər mən, istərsə mənim arkadaşlarım təşəbbüslərinizə qarşı sizə minnətdardırlar.

“Şərsiz xeyir olmaz”, - demişlər. Əsirlik müddətində mən çox oxudum, fikirləşdim, düşündüm, qabaqcadan mənə bu qədər tanış olan ingilis dilini əsaslı surətdə öyrəndikdən sonra onun sayəsində və fransız dilinin köməyi ilə mən Qərb kulturasının əsasları haqqında çox oxudum. Sizə də məlum olduğu kimi müsəlman millətlərinin dillərini də bildiyimdən mən çox­dan lazımınca Şərqi bilirdim.

Bütün bu mütaliələr, düşüncələr və bu müddətdə görmüş olduğum təcrübələr məni dərin və qəti bir imana gətirdi ki, istər Şərqdə, istərsə Qərbdə bütün ictimai üsul və bütun ictimai quruluş yalan, qaba arizu (sıfet), güclülərin gücsüzləri əzmələri üzərində durmaqdadır O şeyə ki, mədəniyyət, hürriyyət, müsa­vat (bərabərlik) deyirlər zəhərli bir yalan, alçaq bir riyakarlıqdır ki, onların sayəsində ancaq qaba zülm və haqsızlıq səltənəti qurula bilər.

Bu üsuli-idarə öz yalan və riyakarlığı ilə davam etdikcə bəşə­riyyətə qurtuluş yoxdur və o bəşəriyyət əziyyətə məhkumdur. Ondan ötrü yeganə qurtuluş hal-hazırda Rusiyada hökmfərma olan ideal sayəsində mümkündür. Mən bu hərəkat rəhbərlərinə, bəşəriyyətin xilaskarlarına istirahət, məhəbbət və səadət üçün imanı ilə doğru yol göstərən peyğəmbərlərə baxan kimi ba­xıram.

Bu, Şərq üçün də xüsusən yeganə bir qurtuluş yoludur. Bu məzlum, təşkilatca zəif, mədəniyyətcə avam, daimi surətdə əsarətə, qul olmağa məhkum olan Şərqin halı Qərbin üzərinə də fəna bir surətdə əksəndaz (əksetmə) olur. Zira zəif Şərqi təhti-istismara alan Qərb imperialistləri Qərb zəhmətkeş­lərini də təhti-istismara alıb boğmağa imkan qazanırlar və bu da ümumbəşəriyyət ailəsi arasında yaxın bir müvafiqət (uyğunluq) vücuda gətirir. Rusiya qəhrəmanlarının böyüklüyü də bu dərin həqiqəti dərk etməkdə, bir millətin başqa millət tərəfindən təhti-istismara alınmasını inkar etməkdə, onu təyini-müqəd­dəratı miləl, millətlətin fedarasyonu və daxili işdə millətlərin ixtiyaratı prinsipləri ilə əvəz etməkdədir.

İştə Şərqi əsarətdən xilas edəcək və onunla bərabər Qərbi də qurtara biləcək budur:

Biz Şərq millətləri bütün mövcudiyyətimiz ilə bu ideala iltihaq edəcək (qoşacaq) və Şərq naminə onun vücuda gəlməsinə xidmət etməliyiz. Ələlxüsus İslam Şərqi onu qəbul edəcəkdir və bütün Asiyanı, Afrikanı öz arxasınca dartaraq bütün Qərbi də onun qarşısında səcdə elməyə məcbur edəcək, zəhmətkeş sinfi əsarətə alan yeganə vəsaiti-imperialistlərdən onu xilas edəcəkdir.

Bu barədə Bakı fövqəladə tarixi bir rol oynaya bilər: İslam Asiyasının yol mərkəzində bulunan Bakı öz coğrafi və iqtisadı vəziyyəti sayəsində bütün Asiya təbliğatı uçün asanlıqla bir mərkəz halını ala bilər. Bu təbliğatı təşkil etmək bir vəzifədir.

Müsəlmanlıq ilə tanış olduğum Sizə məlum olmaya bilməz. Yeddi ildən bəri İstanbul darülfünunda (universitetində) “İslam mədəniyyət tarixi” tədris etdiyimdən məlumatım daha da təkmil edilmişdir.

Mən üç əsas müsəlman dillərində - türkcə, farsca və ərəbcəni bildiyim kimi bir o qədər də Qərb dillərindən ruscanı, fran­sızcanı və ingiliscəni bilirəm. Bu millətlərin həyatı ilə, mənəvi fikri hərəkatları ilə tanışam.

Bu surətlə zənn edirəm, bəşəriyyətin xilası üçün qalibiyyə­tini yeganə vasitə ədd etdiyim (saydığım) işdə mənfəətli bir amil ola bilərəm.

Möhtərəm doktor! Əgər mənim nəzəriyyə və imanımın səmimiliyinə qabilincə əhəmiyyət verə bildiyinizdən indi la­yiqli mövqeni işğal etdiyiniz işin qələbəsindən əgər bir yararlıq göstərəcəyimə inanarsınız isə yalnız əcələ etmək (tələsmək) üçün bir sözünüzü bəkləyirəm.

Açıq söyləyəlim məni bu işə vadar edən xüsusi bir səbəb də var. Mənim 51 yaşım vardır. Qocalığım yaxınlaşır. Bir neçə illik qüvvət qalmışdır. Mən istərdim ki, bu son illərimi doğma vətə­nimə ithaf edim, son çağlarımı orada keçirim və nə gizlədim vətənimin torpağında dəfn olum.

Məni Ankaraya cəlb edirlər və orada mənə geniş fəaliyyət imkanları verirlər, hərgah vətənim imtina edərsə, mən oraya gedəcəyəm. Fəqət mən Bakıya tələsirəm, orada bir saat yaşayım və ölüm! Mən orada 5 çocuq yetişdirmişəm və arzu edərdim ki, onlar da vətənimə xidmət etsinlər. Əgər mənim təklifimi qəbul etməyi lazım bilərsiniz mən zikr olunmuş təbliğat ilə işğal edib (məşğul olub) və xalq maarifini yeni əsaslar üzrə qurmaqda çalışaram.

Sizə ehtiram bəsləyən: Əhməd Ağayev.”

Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 970 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed