Şrift:
Babəkin etnik milli kimliyi barədə - Bunu danmaq mümkün deyil! - I YAZI
17.05.2017 [10:25] - Xəbərlər, DAVAMın yazıları
“Babəkilər Babəkin tərəfdarları idi. Babəkin özü isə azərbaycanlı idi” İmam Fəxri Razi

Digər yzılarımızda qeyd etdiyimiz kimi, bu gün Azərbaycan cəmiyyətində tariximizin “Babək və Hürrəmilər” adlı şərəfli səhifəsini təhrif edərək öz əqidələrinə, məzhəblərinə və dini inanclarına uy­ğunlaşdırmaq istəyənlərin sayı həddən artıq çoxdur. Bəlkə də bu, Babək şəxsiyyətinin yüksək məqamından, Hürrəmi­lər hərəkatının bəşər tarixində oynadığı rolun böyüklüyündəndir ki, bu tarixi şəxsiyyətimizin barəsində danışan hər insan onu məhz öz təsəvvüründə canlandırdığı tərzdə təqdim etmək istəyir. Lakin məsələnin ciddi narahatlıq doğuran tərəfi ondadır ki, bu cür yanlış düşünən və yaxud da bilərəkdən gerçəkləri təhrif etmə yolunu tutanlar arasında separatist düşüncəlilər və anti-türk mövqelilər də vardır. Bu adamlar tarixi həqiqətlərin özündə “ləkə” aramaqdan və tapmayanda da onu özlərindən əlavə etməkdən zövq aldıq­ları kimi, eyni zamanda, tərəfli tarix yazılmasına, hansısa tarixi şəxsiyyətləri bir növ “özəlləşdirməyə”, yaxud da özü­nün mənsub olduğu etnik qrupa və ya xalqa yeni bir saxta tarix yaratmaq üçün böyük tarixi şəxsiyyətlərin adlarından bəhrələnməyə cəhd göstərirlər. Bu düşüncədə olan bir sıra tədqiqatçılar da müxtəlif səbəblərdən Babəkin Azərbaycan türkü olması faktını danan fərziyyələrlə çıxış edirlər. Bu tədqiqatçılardan bəziləri Babəki əslən fars, bəziləri talış və ya kürd olaraq göstərməyə cəhd göstərirlər. Və dərindən təhlil etdikdə əksər hallarda həmin düşüncə sahiblərinin ar­xasında kənar və yad qüvvələrin kölgələri sezilir.

Əlbəttə, bu fikirləri ümumiyyətlə elmi cəhətdən “diletant” yaxud “məqsədyönlü” adlandıraraq əhəmiyyət verməmək də olar. Onsuz da tarix elmindən xəbərdar olan hər bir kəs inkaredilməz faktı tərəfkeş düşüncədən, tarixi həqi­qəti isə quraşdırılmış nağıldan seçib-ayıra bilir. Lakin nəzərə alsaq ki, əsrimiz informasiya əsridir və informasiya ilə paralel şəkildə bir də dezinformasiya sərhəd bilmədən ayaq tutub yeriyir, yalanlar həqiqət donunda təqdim olu­nur, necə deyərlər, “qulaqlar ardıcıl olaraq söylənən eyni məzmunlu yalanlara alışdırılır”, kütlələr bu minvalla ad­dım-addım təsir altına salınaraq cəmiyyətlərdə fəsadlar törədilir və bunların da hamısı kənar qüvvələrin apardıqla­rı eksperimentlərdir, o zaman susmağın bir çox məqamlar­da zərərli olmasını da etiraf etməli oluruq. Məsələ bir də millətin dəyərləri və bu dəyərlərin qoruyucusu olmuş möh­təşəm tarixi şəxsiyyətlər olunca daha da ciddi xarakter alır. Bu durum istər-istəməz qarşı tərəfin - həmin yad qüv­vələrin başlatdıqları informasiya savaşına bir toplum olaraq hazırlıqlı olmağın vacibliyini ortaya qoyur. Bu gün həm quzeydən, həm güneydən, həm də kənardan Azərbaycanın müstəqilliyi düşüncəsini sindirə bilməyən bir sıra dövlətlər Azərbaycan ictimai rəyində dezinformasiya mühiti yaratmaq və bizimlə birlikdə yaşayan müxtəlif qardaş xalq­ları ölkənin əsas etnosuna qarşı qoymaq məqsədilə cəmiy­yətin müxtəlif sahələrində, o cümlədən də, tarix sahəsində məkrli planlar cizir, bəzi separatçı düşüncəli və dayaz təfək­kürlüləri öz torlarına salırlar. Odur ki, tariximizlə bağlı hər hansı bir məsələdə qərəzli informasiyaların ayaq tutub yeriməsinə imkan verməmək və gerçəkləri faktlarla, tək­zibedilməz dəlillərlə önə çıxarmaq məcburiyyətindəyik. Nə etmək olar, bəzən bu saxta düşüncələri olduğu kimi göstər­mək üçün öz tarixi qəhrəmanlarımızın və unikal şəxsiy­yətlərimizin türk əsilli olub-olmadığını da müzakirə obyek­tinə çevirməli oluruq.

Sözügedən məsələ ilə bağlı fikir bildirərkən ilk öncə onu qeyd etmək lazım gəlir ki, məsələnin qoyuluşu və mövcud yanaşmalar özü, yumşaq desək, elmilikdən uzaqdır. Belə ki, 1200 il bundan öncə - IX əsrin əvvəllərində hansısa tarixi şəxsiyyətin milli mənsubiyyətini araşdırmağın özü yanlışdır. O dövrdə millət faktorundan yox, qövmi duyğular­dan, yaxud ən yaxşı halda bir insanın əslən hansı etnik kökə, hansı qövmə, hansı tayfaya, hansı boya mənsub olduğundan danışmaq olar. Əks təqdirdə elmi cəhətdən olduqca gülünc nəticələr ortaya çıxar. Bu gün Qafqaz, ön Asiya və İran böl­gəsinin etnik palitrası, əlbəttə ki, 1200 il öncəki ilə eyni ola bilməz. Və hər hansı bir dövrlə bağlı etnik-milli məsələyə toxunarkən də mütləq həmin dövrün gözü ilə yanaşma nü­mayiş etdirmək lazımdır.

Babəkin etnik kimliyi ilə bağlı fikir yürüdərkən təkcə onun valideynlərinin kimliyi ilə bağlı mənbələrin natamam və səthi məlumatları ilə kifayətlənmək doğru olmaz, çünki bununla bağlı məlumatlar onun qövmi kimliyini müəyyən etmək üçün yetərli deyil. Bu haqda araşdırma apararaq həqiqətə uyğun hipotezlər irəli sürmək üçün Babəkin doğu­lub boya-başa çatdığı bölgənin etnik xüsusiyyətlərini də, onun danışdığı dillə, yaxud ləhcəylə bağlı mövcud məlumat­ları da, onun mübarizəsinin mahiyyətini və xarakterini də, mübarizə yoldaşlarının və ətrafındakı ən yaxın adamlarının kimliyini də, onun əleyhinə çıxış etdiyi qüvvələrin etnik kimliyini də, digər diqqətdən kənarda qalan faktorları da nəzərə almaq lazım gəlir. İrəlidə sadalanan arqumentlərdə bu faktorların sözügedən məsələ ilə bağlı heç də az rol oy­namadığı görüləcək.

Babəkin etnik kimliyi barəqə onu da xüsusi vurğulamağa gərək var ki, Hürrəmilər hərəkatının yaranma səbəb­lərində diqqəti milli məsələ yox, daha çox məhz ruhi savaş faktoru cəlb edir. Bəzi insanların Babəki və Hürrəmilər hərəkatını sırf türkçü-millətçi ideyaya malik bir hərəkat kimi görməsi milli-vətənpərvərlik duyğuları və millət sevgi­sindən irəli gəlsə də, qeyd etməliyik ki, bu müddəa elmi cəhətdən əsaslı deyil. Bundan irəli gələn düşüncə ilə də bəziləri daha ifrata vararaq Babək və Xürrəmiləri şamanistlər kimi təqdim etməyə səy göstərir. IX əsrin əvvəlində Azərbaycanda baş vermiş hadisələr ilk növbədə Abbasi zül­münə qarşı xalq-azadlıq hərəkatı hesab edilməlidir. Lakin eyni zamanda, bu hərəkatın ideoloji tezisləri özündə həm dini, həm də ruhi prinsipləri ehtiva etmişdir ki, bunları bir kənara qoyub əhəmiyyət verməmək olmaz. Təəssüf ki, məhz bu fikirlərə paralel olaraq Babəkin guya qeyri-türk olması barədə əks-fikirlər bəzi qüvvələr tərəfindən ortaya atılır və ictimai rəydə Babək şəxsiyyəti barəsində səhv fikir­lər formalaşdırılır. Bu səbəbdən həmin səhv fikirlərlə bağlı gerçəkləri söyləməyə ehtiyac vardır ki, “yalanlar ayaq tutub yeriməsin” və Azərbaycan tarixinin ən böyük şəxsiyyət­lərindən birinin kimliyi barədə həqiqətlərdən ictimaiyyət xəbərdar olsun.

BABƏKİN ƏSLƏN PERS (FARS) OLMASI İLƏ BAĞLI FİKİRLƏR BARƏDƏ

Babəkin guya pers (fars) olması və Sasaniləri bərpa etməyə cəhd göstərməsi ilə bağlı irəli sürülən müddəaların əsassızlığı barədə müəllifi olduğum “Babək və hürrəmilik” kitabında müəyyən qədər danışılmış, bu ehtimalı sıfıra en­dirən arqument və dəlillərdən bəziləri qeyd olunmuşdur. Mövzuya birbaşa aidiyyatı olduğuna görə bir daha həmin fikirləri səsləndirmək, həmçinin, digər faktlarla da məsə­ləyə aydınlıq gətirmək yaxşı olardı. Əvvəla, Babəkin mənşə­cə fars olma ehtimalı o səbəbdən mümkün deyil ki, heç bir mənbədə onun fars olması barədə məlumat yoxdur, əksinə, onun Ərdəbil yaxınlığındakı Bilalabad kəndində doğulması mənbələrdə açıq şəkildə qeyd olunmuşdur. Ərdəbil nahi­yəsi ən qədim dövrlərdən bəri Azərbaycan türklərinin kompakt yaşadığı arealdır, bu ərazidə tarixin demək olar ki, bütün dövrlərində türk çoxluğu mütləq əksəriyyət təşkil edib və burda şübhə üçün ən kiçik bir istisnaya da rast gəlinmir. Digər yandan, Babək əslən fars olsaydı, əvvəla, Nizamülmülk, Xondəmir, Mirxond başda olmaqla fars tarixçiləri onu öz kitablarında söyüşlərə, təhqirlərə qərq etməzdilər, əksinə, fars kimliyi və fars milli dövlətçilik düşüncəsi baxımından onun fəaliyyətinə ən azından müəy­yən qədər loyal yanaşardılar (buna əyani sübut kimi elə pers tarix yazarlarının əsərlərində Abbasilərin perslərə meylli xəlifəsi, anası pers qızı olan Məmunun bir qayda olaraq müsbət fonda təqdim edilməsini göstərmək olar). Babəkə münasibətdə isə biz bu mövqenin əksini görürük. Hətta Babəkdən neçə əsr sonra yaşamış Xosrov ibn Ruzbehxan belə Şah İsmayılın atası Şeyx Heydəri pisləyər­kən onu Babəklə eyniləşdirir və eyni təhqirləri Babəkə də şamil edir. Eynilə bu cür, Babəkin guya Sasani imperiyasını bərpa etmək istəməsi ba­rədə söz-söhbətin də zərrə qədər belə olsa, əsası yoxdur. Bunu təsdiqləyə biləcək hər hansı bilgiyə tarixi məxəzlərin məlumatlarında rast gəlinmir.

Babəkin guya pers (fars) əsilli olduğu barədə fikir yürüdən anti-türk mövqeli bir tarixçidən bunu isbatlaya biləcək hər hansı ciddi bir dəlil göstərməsini xahiş etdiyim zaman onun göstərə bildiyi yalnız bu oldu ki, Babəkin atası Abdulla Mədain şəhərində (Mədain (Ktesifon) – pers Sasanilər imperiyasının başkəndi. Dəclə çayının sahilində yerləşirdi – C.B.) tuluqda yağ satan biri olmuş­dur. Mədain şəhərinin də Sasanilərin başkəndi olması səbə­bindən bu fikri bölüşənlər məsələni bu səmtə yönəldirlər ki, Babəkin atası Mədaindən imiş və belə olduğu zaman da onun pers (fars) olma ehtimalı böyükdür. Halbuki əvvəla, bir şəxsin bir şəhərdə “tuluqda yağ satması” onun etnik mənşəyi barədə fikir yürütmək üçün ümumiyyətlə əsas sayıla bilməz. İkincisi də, hətta Babəkin atasının Mədain şəhərində yaşayan birisi olduğunu qəbul etsək belə, əhalinin etnik tərkibi baxımından bir imperiya paytaxtının monoetnik şəhər olduğunu düşünmək ağlasığmazdır, istər qədim dövrlərdə, istərsə də indiki dövrdə hər hansı bölgənin əhali sıxlığı çox olan böyük şəhərlərində müxtəlif etnik köklərə malik insanlar yaşaya bilər, biz hələ ticarət məqsədilə dörd bir tərəfdən həmin şəhərlərə gələn və gedənləri demirik. Dəclə çayının sahilində yerləşdiyi tarixdən məlum olan Mədain (digər adıyla Ktesifon) şəhəri etnik tərkibi yekcins olan hər hansı bir kənd deyildi ki, orada olan bir insanın soykökü barədə dəqiq fikir yürütmək mümkün olsun.

Babəkin atasının əslən Mədaindən olmasını İbn-ən-Nədim “Kitab əl-Fehrist” adlı əsərində Vaqid ibn Əmr Təmimi adlı birisinə istinad edərək yazır. Bu adamın Babək barədə məlumatlar toplaması və “Babə­kin tarixi” adlı əsər yazması qeyd olunsa da, həmin əsər bu günümüzə gəlib çatmamışdır. Əsərlə bağlı müxtəlif mənbə yazarlarının qeydlərində isə Babək, onun valideynləri, arva­dı, ailə üzvləri, tərəfdarları barədə çoxlu sayda ağlasığmaz iftira və böhtanlara rast gəlinir və bu səbəbdən həm sözü­gedən yazarın, həm də onun kimi qərəzli mövqe tutan İbn- ən-Nədimin fikirlərinə bu məsələdə etibar etmək, yumşaq desək, sadəlövhlük olardı. Üstəlik, mənbələrdə Babəkin atası Abdullahın əslən müxtəlif yerlərdən olduğu göstərilir, onun həm Bilalabaddan, həm Bəzzdən, həm Xudafərindən, həm Meymənd (Miməd) (Meymənd (Miməd) güney Azərbaycanda Ərdəbil yaxınlığında mahal – C.B.) nahiyəsinin başqa bir yerindən olduğunu söyləyən yazarlar vardır. Bu məlumatların hər hansı birinə xüsusi önəm vermək çətindir. Lakin diqqət yetirilsə, görmək olar ki, Mədain (Ktesifon) şəhərini çıxmaqla, qalan bütün adı çəkilən bölgələr tarixi Azərbaycanın güneyinə aid yerlərdir. Bir qədər irəlidə Babəkin atasının peşəsi ilə bağlı daha həqiqətə uyğun bildiyimiz fərziyyələri təqdim edəcəyik. Babəkin atası Abdullahın Mədaindən ol­ması versiyası o səbəbdən əsassızdır ki, Abdullah təxminən VIII əsrin ikinci yarısı - IX əsrin ilk onilliyində yaşamış bir insan olub. Mənbələrdən məlumdur ki, Sasanilərin başkəndi olan Mədain şəhəri hələ xəlifə Ömərin zamanında - 637- 642-ci illərdə Sasanilər imperiyası ilə birlikdə özünün sürətli çöküşünü yaşayırdı və Sasanilər dövlətinin məhv ol­ması ilə birlikdə Mədain şəhəri də xarabalığa çevrildi. Bağ­dad şəhəri VIII əsrin II yarısında Abbasilər tərəfindən salınarkən və xilafətin başkəndinə çevrilərkən, ondan təx­minən 30 km güney-doğuda yerləşən, artıq çoxdan hər kəsin tərk etdiyi Mədain şəhərinin yerində xarabalıqlar qalmışdı. Belə olan halda, Babəkin atası Abdullahın VIII əs­rin 60-70-ci illərində orada nə cür doğulması, böyüməsi, ya­xud bu xarabalıqla nə cür bağlı olması sözün həqiqi məna­sında sual altındadır.

Davamı var...
Bu xəbər oxucular tərəfindən 968 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed