Şrift:
Ölkədə hərbi çevriliş ediləcəyi barədə şaiyəni kim və nə məqsədlə yayırmış? - General Şıxlinskinin məxfi qrifli teleqramı
18.05.2017 [10:17] - Gündəm, DAVAMın yazıları
O qədər də böyük həcmi olmayan bu məktub-teleqram olduca maraqlıdır. Burada Şıxlinski və bir neçə yüksək çinli məmurların Demokratik Cümhuriyyətdə hərbi çevriliş etmələrindən danışılır. Şıxlinski də yayılan bu şaiyələri aydınlıq gətirmək üçün Qazax general-qubernatoruna məsələ ilə bağlı 1920-ci ilin 12 fevralında məktub yazaraq bu söz-söhbəti ona kimin dediyini soruşur...

Hərb tariximizin tədqiqatçısı Şəmistan Nəzirli isə qeyd edir ki, bu məktub-teleqram elə bir vaxtda yazılmışdı ki, yerli bolşeviklər və Rusiyadan gələn təxribatçılar həm Milli orduda, həm də yüksək rütbəli ziyalılar arasında şaiyə yayıb onlarda Azərbaycan hökumətinə qarşı inamsızlıq yaradırdılar. Daha doğrusu hökumət orqanlarını və şəxsiyyətləri bir-birinə vuruşdurmaq məqsədi güdürdülər. Məktubun surəti Dövlət Təhlükəsizlik Xidmətinin arxivində saxlanılır.

Enter.News Şəmistan Nəzirlinin araşdırmalarından əldə etdiyimiz həmin məktubu təqdim edir:

“Qazax general-qubernatoru hörmətli cənab Əmirxan!

Qəzetlərdə məzmunu təxminən aşğıdakı mövzuda olan yazılar peyda olub:

“Qazaxdan təxribat xarakterli xəbərlər gəlir ki, guya General Əliağa Şıxlinski, Daxili İşlər Naziri Məmmədhəsən Hacınski, doktor Qarabəy Qarabəyov və Qrabağ General-qubernatoru (Xosrov bəy Sultanov – Ş.N.) hakimiyyəti ələ almaq niyyətilə hərbi çevriliş eləməyə hazırlaşırlar”.

Aparılan sorğulardan məlum olur ki, siz bu barədə Ömər Faiq Əfəndiyə (Nemanzadə - Ş.N.) və parlamentin üvzü Mustafa bəy Vəkilova demisiniz.

Siz bilirsiniz ki, yüksək vəzifədə olan hərbçinin sui-qəsddə iştirak etməsi necə böyük bir cinayətdir.

Yalnız bircə dəfə mənə Sizi görmək nəsib olub. Mən inanıram ki, ciddi səbəb olmadan Siz məni günahlandırasınız: görünür siz, özünüz inandığınız adamdan bu barədə eşitmisiniz.

Xahiş edirəm, tezliklə mənə bu ağ yalanı Sizə çatdıran adamın kim olduğunu bildirəsiniz ki, bu bədxah şər kələfinin açaraq günhakarı məsuliyyətə cəlb edə bilim.

Sizə hörmət edən: Əliağa Şıxlinski

№ 179

12 fevral 1920-ci il

Bakə şəhəri”

P.S. Məktubun yazıldığı şəxsin – Əmirxan Cahangir xan oğlu Xoyski (1888-1954) 1919-cu il oktyabrın 13-dən 1920-ci il aprelin 27-dək Qazaxda Qubernator olub. Xarici İşlər Naziri Fətəli xan Xoyskinin qardaşı oğlu idi. Bolşevik-daşnak təzyiqindən iyun ayından bacısı Sarabəyimlə Türkiyəyə qaçdı. 1954-cü ildə İstanbul şəhərində vəfat edib.

Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 612 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed