Şrift:
Taxtını vulkan üzərində quran türk əsilli rus çarı Boris Qodunov - onun babası Qızıl Ordalı idi
19.05.2017 [12:06] - DAVAMın yazıları
Prof.dr. Minaxanım Təkləli-Nuriyeva

Rus çarı Boris Qodunov 1552-ci ildə Kazanın istila olunduğu ərəfədə anadan olmuşdu. Atası ortabab mülkədar idi. Ulu babalarının Rus çarına xidmətə gəldiyi vaxtdan artıq 200 il keçirdi. Rusun dostuna dost, düşməninə düşmən idilər. Ailə elə də məşhur ailə deyildi. Bəlkə elə gözə dəymədikləri üçün də İvan Qroznı varlı və şanlı boyarlara divan tutanda Kostromalı Qodunovlar onun diqqətini cəlb etməmiş, beləliklə qanlı repressiya onlardan yan keçmişdi.

Çox keçmir ki, Boris Qodunovun atası ölür, övladsız əmisi onu və bacısını himayəsinə alır. Tezliklə bu yetim uşaqları saraya götürürlər. Özündən kiçik bacısı gözəl İrina təhsilli-tərbiyəli və mətin bir qız kimi sarayda hamının hüsn-rəğbətini qazanır. Belə ki, çar İvan Qroznı oğlu şahzadə Fyodor cavanlıq həddinə dolan kimi onu gəlin gətirir. Boris Qodunov özü da çardan sonra dövlətin ikinci adamı sayılan Malyuta Skuratovun qızı ilə evlənir. Çox keçmir ki, Qodunovun qaynatası Skuratov Livoniyada (Livon müharibəsi gedirdi) bir qalanın mühasirəsi zamanı İsveç gülləsinə tuş gəlir. İvan Qroznının onu nə qədər istədiyi bir daha aydın olur. Qəzəbdən başını itirmiş çar böyük tonqal qalatdırır, əlindəki əsir isveçliləri diri-diri tonqala atdırır, yenə ürəyi soyumur.

İtki böyük idi.


Boris Qodunov ilk gəncliyindən çar qulluğu aparmış, çara yaxın adam olmuşdu. Belə ki, çarın yataq otağına qarovul dəstəsini təyin edən, ona göz olan Qodunov özü idi. Daim sarayda yaşayan Qodunov tarixçi Klyuçevskinin obyektiv rəyinə görə bir dəfə də olsun özünü ləkələyən və cəmiyyətin gozündən salan bir hərəkətə də yol verməmişdi. Amma onun həyatının bu zaman burulğanlar, fırtınalar içində keçdiyini də gərək qəbul edəsən.

1581-ci ildə öz otağında yarıçılpaq oturan “ədəbsiz” gəlinini hirslənib döyən İvan Qroznı bu yersiz hərəkətinin onun öz taleyində necə məşum rol oynayacağını yatsa da yuxusunda görməzdi. Oğlu vəliəhd İvan arvadının müdafiəsinə qalxır, çünki gəlin bu döyülmədə uşaq salmışdı. Çar qəzəb içində əlindəki dəmir ucluqlu ağır əsa ilə oğlunu vurub öldürür. Vəliəhdi öldürməklə artıq Rus taxt-tacının gələcək sahibi şahzadə Fyodor olur. Çar qaynı olacaq Qodunovun hörməti və nüfuzu birə beş artır. Ömrünün son illərində çar İvan Qroznı hamıdan çox Qodunova inanırdı. Oğlu, indi yeganə varisi Fyodoru ona əmanət edirdi. Qodunovlarla yola getməyən knyaz Tulupovları və Kolıçevləri (hər iki ailə türk əsilli idi) ucdantutma qırdırır. Lakin indi yeganə varisinin (sonuncu arvaddan doğulan oğlu hələ bələkdə idi) övladı olmadığını görüb arvadını boşatdırmağa onu razı sala bilmir. Çünki İrina Qodunova gözəl olmaqla bərabər zabitəli, hökmü-fərma qadın idi; şahzadə tamamilə ondan asılı idi. Füsunkar İrina Qodunova həm də Rus tarixində ilk qadındır ki, rəsmən ilk dəfə çıxış edib - Konstantinopol patriarxı qarşısında.

1584-cü ildə təkcə adı ilə ölkəni lərzəyə salan çar İvan Qroznı vəfat etdi. Öz əllərilə oğlunu öldürdükdən sonra onun həyatı da ruhu kimi pozulmuşdu. Bu vaxtdan Rusun fırtınalı dövrü başlayır.

Boyarların bir çoxu ağıldan zəif Fyodoru taxtdan salmaq niyyətində idi. Onu taxtda saxlayan qaynı Boris Qodunov idi. Əslində Rusu o idarə edirdi.

Qodunovun düşmənlərinin başında Rüriklər nəslindən olan Şuyski qardaşları dururdu. Onlar özlərini çarlığın qanuni varisi bilir, Qodunovun hakimiyyətini qanunsuz sayırdılar. Təsadüfi deyil ki, Yalançı Dmitridən sonra hakimiyyətə gələcək Vasili Şuyski yalançı çara qarşı sui-qəsd ərəfəsində həmfikirlərinə demişdi: Yalançı Dmitrini ona görə əsil şahzadə kimi qəbul etdim ki, məqsədim Qodunovu yıxmaq idi.

Qodunovun isə qayğıları bitib-tükənmirdi. Ölkədə baş verən bütün bəlaların səbəbini onun boynuna qoyurdular. İvan Qroznının son arvadından olan oğlu epilepsiya xəstəsi şahzadə Dmitri ehtiyatsızlıq üçündan ölür. Bu təsadüfi hadisə qətl kimi qələmə verilir. Qətli Boris Qodunovun üstünə yıxdılar. İndiyədək tarix bu hadisənin əsil səbəbini açmadan susur. İstintaq materiallarının özündəki saxtakarlıq bu gün belə sezilməkdədir. Belə olan halda işin əslini kim və necə biləcəkdir?!

Balaca şahzadə Dmitri ürəkkeçmə xəstəliyinə baxmayaraq atasının tam eyni idi. O anası və yaxınları ilə onlara udel verilmiş (müstəqil idarəyə) Uqliçdə yaşayırdı. Qar yağarkən bu qardan müxtəlif heykəllər düzəldir və hər birinə bir boyarın adını yazır, bundan sonra qılıncını çıxarıb bir zərbə ilə onların boyunlarını vururdu. Elə təkcə uşağın bu hərəkəti ətrafda bərk qorxu və həyəcan yaradırdı. Hamı İvan Qroznı dövrünü xatırlayıb yarpaq tək əsirdi.

Boris Qodunov yalnız ona məxsus olan ağıl və fərasətlə çar Fyodorun ana qohumlarını, dayısı və dayı uşaqları Romanovları çarın əhatəsindən uzaqlaşdırırdı. Rəsmi çar Fyodor olsa da Moskva çarlığının hakimi Qodunov idi.

1598-ci ilin yanvarın 6-da çar Fyodorun vəfat eməsi ilə Boris Qodunov rus taxt-tacına rəsmən də sahib oldu. Rus yüksək dairə zadəganları vərəsəsiz qalan bu yerə Rüriklər nəslinə mənsub olan Şuyskilərin (Şuyskilər Aleksandr Nevskinin nəslindən idilər) və ya Romanovların sahib olacağını güman edirdilər. Lakin çara saxlanan matəm bitən kimi moskvalılar yeni çarın seçilməsi işinə girişdilər. Boyar Duması bir səslə Qodunovu çar seçdi. Tacqoyma mərasimində Qodunov and içdi ki, ölkəni ədalət və mərhəmətlə idarə edəcək, onun hakimiyyəti dövründə heç kim edam edilməyəcək. Çar Boris rusu irəli aparmaq üçün lazım olan zəruri şəraiti də əldə etdi, Reç-Postolita ilə 20 illik sülhə nail oldu. Türkiyə və Kırım ilə münasibətləri qaydaya saldı. İlk dəfə o zadəgan uşaqlarını təhsil almaq üçün Avropa ölkələrinə göndərdi. Livoniya müharibəsi zamanı Moskvaya gətirilən almanlara səxavət göstərərək, onlara həm ölkə daxilində, həm də xaricdə tacirlik etmək üçün imkan yaradıb, imtiyazlar verdi.

Moskvanı görünməmiş vüsətlə abadlaşdırır. Ələ keçirib Moskva dövlətinə qatdığı Smolensk ətrafına müdafiə divarları çəkdirir.

Rusiya tarixinin ən dinc və bərəkətli 7 ili beləcə, keçməkdə idi.

Müasirlərinin, xüsusən xarici ölkə səfirlərinin müşahidə və qeydlərinə görə o simaca çox cəlbedici, ədaları şahanə, səsi isə anadangəlmə şirin və təsiredici idi. O özünün səsdən çox ecazkar musiqi tək təsirli səsi ilə, danışığı ilə bir an içində hər kəsi ofsunlaya bilirdi. Böyük iradə sahibi olan bu adam ətrafındakılarla münasibətdə ən mehriban, ən yumşaq adam idi.

Tarixçilər bu insanın hər şeyə qadir idisə, yalnız hərb sənətində piyada olduğunu desələr də çar Boris kazakların daim müharibə şəraitində yaşadığı Böyük Çölə (“Vəhşi çöl” də deyilir), yəni Qıpçaq çölünə olan istilasına qoşulub Moskva hökumət qoşununu səfərbər edərək dövləti vəhşi çölə - Qıpçaq çölünə doğru genişləndirdi.

20 ildən artıq idi o hökmran idi, lakin o bu taxtı vulkan üzərində qurmuşdu sanki.

Çar Qodunov nə qədər lütf və inayət vəd etmişdisə də boyarların intiriqaları bitib tükənmirdi. Rusiyada ardıcıl baş verən bəhrəsizlik onun doğurduğu görünməmiş aclıq çarı ölkə hüdudlarından kənarda peyda olan “əsil şahzadə” kabusu qədər də gözdən salmırdı. Birdən birə Uqliçdə ölən kiçik yaşlı şahzadə - İvan Qroznının 6-cı arvaddan doğulan uşağı hamının yadına düşür. Hadisələr bir anda qızışır.

Çar Borisin qəflətən xəstələnməsi ilə Romanovlar dirçəldilər və bu nağıla rəvac verdilər: həqiqətən yalan ayaq tutub yeridi...


1605-ci ilin aprelin 13-də çar beyninə qan sızmasından vəfat etdi. Qodunov Pyotra qədərki rus çarlarının dəfn olunduğu Kremldə Arxangelsk kilsəsində dəfn olunur. Sonra qəbirdən çıxarılır. Hazırda Moskva altında Troitsk Sergiyev monastrında çar özü, arvadı, oğlu, qızı ilə yanaşı dəfn olunmuşdur.

Sui-qəsdçi boyarlar hökumət qoşunu alaylarını Yalançı Dmitrinin tərəfinə çəkməyə müvəffəq oldu.

Onun ölümündən heç iki ay keçməmiş Moskva boyarları Yalançı Dmitrini Moskvaya gətirirlər.

Yalançı Dmitri Moskva altına kimi gəlmişdisə də paytaxta girmirdi. Düzdü çar Borisin qəfləti ölümü onun işini yüngülləşdirmişdi. Lakin o nə qədər ki, bu taxt boşalmayıb mən Moskvaya girməyəcəyəm, demişdi. O boyarlardan üstü örtülü də olsa çar ailəsinin öldürülməsini tələb edirdi.

Etibarsız əyanlar Vasili Qolitsinin rəhbərliyi ilə 16 yaşlı şahzadə Fyodr Borisoviçi və anasını boğub ölüdürürlər. Ana ilə balanı son sığınacaqları (həbs olunduqları) olan otaqda birlikdə boğurdular. Bədbəxt ana - əvvəli xanım olub, axırı məhbus, əsir olan qadın cəlladları görüb onların özlərini heyrətə salacaq bir tövrlə, əl-qolunu da tərpətmədən təslim olub. Ümidi ona idi ki, beləliklə dəhşətli sonluğu – oğlunun edamını görməsin, bu dünya ilə tez vidalaşsın, həm də bir ümid işartıları oynadı ürəyində bəlkə bu edamla ürəkləri soyuyar, yaxud oğlu qaçıb qurtara bilər. Oğlu isə cəlladlara əl vermirdi, onu tutub boğmaqdan ötrü bu cani dəstəsi çox əlləşib tər tökdü. Salnamələr yazır: O qəfəsdə şir kimi vurnuxurdu.

Qodunovların axırına çıxan Yalançı Dmitri özü də Allahın qəzəbinə tuş gəldi. Moskvalılar (boyarlar) sui-qəsd qurub onu öldürdülər. Meyidini yandırıb külünü barıtla qarışdırıb toplarda atdılar.

...Yalançı vəliəhdlər “ölümdən möcüzə ilə qurtarmış şahzadələr” bir-birini əvəz edirdi. Rusların Smuta “qarışıqlıq” dedikləri dövr başlamışdı.

Ağır soydan çıxmış əsilli-nəcabətli Vasili Şuyski əsil fırıldaqçı kimi tarix səhnəsində görünür, əvvəlcə Boris Qodunov vaxtı “şahzadə Dmitri ürəkkeçmə xəstəliyi tutması zamanı yıxılıb həlak oldu”, deyirsə, Yalançı Dmitri taxta çıxanda isə “şahzadə qatillərdən qurtarmış, qaçıb gizlənmişdir”, deyə elan edir. Nəhayət vaxtı çatanda bütün bunlardan sonra şahzadənin cənazəsini Uqliçdən gətirdib çar sərdabəsində dəfn edir. Qana bulanmış qozları üstünə səpdirir. Guya uşaq bıçaqla yox, qatillər gələndə qoz-qoz oynayırmış və onun günahsız qanı da bu oynadığı qozların üstünə tökülmüşdür. Həmçinin şahzadənin Boris Qodunovun əlilə öldürüldüyünü təntənəli şəkildə bəyan edir. Şuyski hakimiyyətə keçir.

Tarixdə avantüristlər və onların avantürası bəzən uğur da qazana bilirmiş.

“Qodunovlar ailəsinin Qızıl Ordalı babası Çata (Çet, Çetti) Murza İvan Kalita zamanı 1330-cu ildə Rusa köçmüş, çara yaxınlaşmışdı. Çata Murzanın İvan Qodun adlı nəvəsindən Qodunovlar soyu yaranır. Tarixə təmiz və vicdanlı baxış (əslində tərəfsiz) sahibi olan Veselovski isə Qodunovların XIV əsrdə yaşayan həmin babasının Esen (yəni sağlam və ya Hasan) Qodun adı daşıdığını göstərir. Bu faktın təsdiqinə N.Baskakovun da türk mənşəli rus familiyalarına həsr olunmuş əsərində rast gəlirik. Baskakov həm də bu familiyanın qodun-qudun (“gödən”) sözünün ikinci əlavə mənası olan “axmaq, ağılsız adam” mənasından yarandığını göstərir.

Qodunovlar böyük nəsildən çıxsalar da bu şöhrətli və nəhəng nəslin kiçik bir budağı idilər. Bu nəslin böyük bir budağı Saburovlar və Velyaminovlar Moskva boyarları arasında görkəmli yer tutmuşlar.

Boris Qodunov öz xarici görünüşü kimi ağlı ilə də bütün ətrafındakı insanlardan fərqlənirdi. Onun haqqında tarix səhifələrində qayğıkeş hökumət başçısı, ağıllı rəhbər kimi bəhs edilir (Ключевский В.О.Курс русской истории (лексии 41-43)). O Rusun qanunu seçilmiş bir çarı idi, lakin elə bir siyasi dedi-qodu qalmadı ki, ona qarşı çevrilməsin. Hətta yeznəsi anadangəlmə xəstə çar Fyodrun ölümü ilə bərabər onun 2 yaşında ölən qızını, öz bacısının ölümlərini qəzavü-qədərə, əcələ yox, bu ən savadlı, ədalətli çarın ayağına yazmışlar.

Boris Qodunova qarşı irəli sürülən ittihamlardan heç biri hələ sübut olunmayıb. Lakin bu təqsirnamələr nəsilbənəsil hər yeni nəslin gözündə onu ləkələməkdədir. Əslində həm ağıllı, həm də tədbirli və təbəə sevən bir padşah olan Qodunov ölkənin iqtisadi qüdrətini artırmaqdan ötrü əlindən gələni etmişdi. Onda bəs əsil həqiqətdə kim idi Borus Qodunov? Gəlin məlum faktları təkrarən nəzərdən keçirək, təzədən onlara qiymət verək.

Məqsədimiz əsli-kökü türk olan, bəlk də elə buna görə də rus tarixində türk köklü şəxsiyyət kimi qərəzlə qarşılanan, xeyir işi də bəd yozulan rus çarının mənəvi cəhətdən bərpa olunmasına çalışmaqdır.

“Борис не так-то робок!

Какая честь для нас, для всей Руси!

Вчерашний раб, татарин,

зять Малюты

Зять палача и сам в душе палач,

Возьмет венец и бармы Мономаха”.

Puşkinin “Boris Qodunov” faciəsinin qəhrəmanlarından biri boyar Vasili Şuyski zəhərli dili ilə həmin ittihamları “dünəki qul, tatar damğası ilə - təkrar edir. Şairin “Monomax tacının” ona qismət olması barədə təəssüflərinə biz də təəssüflə cavab veririk ki, tarix çoxdan o şapkanın tatar işi olduğunu söyləməkdədir. Şapka XIV əsrin başlanğıcında qüdrətli Qızıl Orda xanı Özbək xanı bacısına Moskva knyaginyası İvan Kalitanın böyük qardaşının (1317-ci ildə evlənmişlər) arvadına verdiyi cehiz hədiyyələrdən biridir.

Çar Boris hakimiyyətə rəsmən keçən kimi çar Fyodorun vaxtında əvvəl qəyyum kimi idarə etdiyi sayaq yenə də bu dövləti ağılla, ehtiyatla idarə etməyə başladı. Amma bir çox qazanlar örtülü qaynayırdı.

Adlı-sanlı boyarlar - Romanovlar, Şuyskilər, Mstislavskilər düşünürdülər ki, rus taxt-tacına onların daha çox haqları, səlahiyyətləri vardır. Odur ki, İvan Qroznının sonbeşiyi Dmitrinin ölümünü belə Boris Qodunovun boynuna qoymaqdan çəkinmədilər. Həmin uşağın Boris Qodunovun göndərdiyi qatillərin öldürdüyü barədə şaiyə buraxdılar. Həmin hakimiyyət hərisləri daha irəli təhlükəli addım atdılar. Qodunov üçün ağır günlərdə tifil şahzadənin guya ölümündən qurtularaq gizlədilməsi, bu gün üzə çıxıb öz qanuni hakimiyyətini tələb etməyə qalxdığını bəyan etdilər. Yalançı Dmitri haqqında ilk xəbər saraya çatan kimi Qodunov boyarlara “bu sizin işinizdir”, - demişdi. Dedi-qodu təhlükəli avantüraya keçib qorxulu şəkil aldı. Onlar belə bir fırıldaqçını yetişdirib meydana buraxanda bilmirdilər ki, Rusun başına nə müsibət açırlar. Onu əldə oyuncaq edənlər odla oynadıqlarını bilə bilməzdilər. Rusu 10 ildən artıq çəkən həyəcan bürüdü. Qan su yerinə axır, fırıldaq şahlıq edirdi.

Romanovlar rus taxt-tacına hələ bir qədər sonra, 1613-cü ildə sahib olacaqdılar. Lakin rus taxtına çıxmaq üçün hazırlıq çoxdan gedirdi. 1600-cü ildə Çar Qodunova qarşı sui-qəsd hazırlamışdılar. Amma ağıllı və tədbirli Qodunov cəld tərpənir sui-qəsdin üstü açılır. Romanovlar sürgün edilir. Gələcəkdə “çar Dmitri İvanoviç” adı ilə taxta çıxan Yalançı Dmitri (əsl adı Qriqori Otrepyev) Romanovların sadiq nökəri idi, sui-qəsd açılanda o rahibliyə qaçmaqla canını qurtarır. Sonralar onun mənşəyi ciddi-cəhdlə öyrənilib Qriqori Otrepyev olduğu və məqtul şahzadə ilə heç bir əlaqəsi olmadığı üzə çıxarılsa da onun bu “tarixi rolundan” əvvəl Romanovlara xidmət etdiyini, hətta sui-qəsddə əlbir olduqlarını söyləməyi vacib bilməmişlər. Amma bu çox lazımlı fakt idi. Ardınca da bu ssenarinin təşkilatçılarının 300 ildən artıq sürən hakimiyyəti gəlirdi. Susmaq qızıl demək idi...
Bu xəbər oxucular tərəfindən 1086 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed