Şrift:
Düşmən dəyirmanına su tökən yazıçılarımızın düşmən axtarışı - Repressiyaya hazırlıq iclasları...
20.05.2017 [11:24] - Xəbərlər, DAVAMın yazıları
Hər dəfə köhnə qəzetləri vərəqlədikcə yeni bir faktın şahidi oluruq. İllər öncə, yad bir millətin qurduğu bir dövlətin əsarətində yaşayıb fəaliyyət göstərə-göstərə millət olaraq ayaqda durmağa çalışmışıq. Milləti də ayaqda o millətin ziyalıları, elm adamları, ədibləri tutar. Ancaq əsarətdə ola-ola millətin dərdinə qalmaq olduqca müşkil iş idi. Şükürlər olsun, bu gün müstəqil dövlətimiz var və bizi əsarətinə alan imperiya tarixin zibilliyinə atılıb. İndi biz də müstəqil dövlətimizdə oturub əsarətdə yaşayıb fəaliyyət göstərənlərə daş atmaq fikrimiz yoxdur və bu barədə də qətiyyən düşünmürük. Bu və bunun kimi materialları tozlu qəzet səhifələrindən çıxarıb dərc etməkdə məqsədimiz, bugünkü insanları keçmişdə baş verənlərlə yaxından tanış etməkdir. Çünki o dövrdə baş verən hər bir olay bu gün üçün tarixdir və biz də tariximizi oxuyub, ondan örnək almalıyıq.

Beləliklə, 1937-ci il 16 iyun tarixli “Ədəbiyyat qəzeti”ndə ( №326 (111) Azərbaycan Sovet yazıçılarının ümumi iclasının bir materialı dərc olunub. İclasda danışılanlar və çıxışlar bu gün üçün əhəmiyyətlidir deyə, Enter.News həmin materialı yayımlayıb:




"Azərbaycan Sovet Yazıçılarının ümumi iclası, iyunun 10, 11, 12-dədə davam etmişdir. İclas, Yazıçılar İttifaqındakı dözülməz biabırçı vəziyyəti və ittifaqa hər cür boyalı-masqalı düşmən elementlərinin soxulması haqqında M.C.Bağırov yoldaşın XXII Bakı partiya konfransı və AK (b) P XIII qurultayındakı gösətrişlərini, “Kommunist” (azərbaycanca), “Bakinski raboçi”, “Kommunist” (ermənicə) və partiyanın Mərkəzi orqanı “Pravda”nın səhifələrində çap olunan məqalələri müzakirə etmişdir.

Bu haqda ittifaq rəhbərliyinin məlumatı dinlənildikdən sonra geniş mübahisə başlanmışdır.

Çıxışda bulunan Səməd Vurğun və Ələkbərli öz rəhbərliklərində buraxdıqları kobud səhvləri etiraf etməyə çalışmışlarsa da, lakin onların çıxışları qənaətbəxş olmamışdır. Onlar obyektiv səbəb pərdəsi altında özlərinin buraxdıqları səhvləri ört-basdır etməyə çalışmışdılar.

İttifaqın sabiq rəhbərlərindən olan H.Nəzərli öz çıxışında rəhbərlikdə olduğu zaman buraxdığı səhvlərinə - qəbul zamanı İttifaqın zibillənməsinə imkan verdiyini, siyasi tərbiyə işləri məşğul olmadığını etiraf etmişdir. Lakin onun da çıxışında özünütənqid tələb edilən dərəcədə olmamışdır.

Öz səhvlərini sona qədər ifşa etməkdən boyun qaçıran ittifaq rəhbərlərinin (H.Nəzərli, Ələkbərli, Şamilov, Səməd Vurğun) bu çıxışları, yazıçılar kütləsi tərəfindən şiddətli surətdə tənqid edilmişdir. İclas, onların çıxışlarından tam səmimiyyət və geniş özünütənqid olmadığını bütün kəskinliyi ilə bildirmişdir.

Çıxışda bulunan A.Faruq, ittifaq rəhbərliyinin zəifliyi və sayıqlığın kütləşməsi üzündən Sovet yazıçıları sırasına, yaradıcılıq işi ilə heç bir əlaqəsi olmayan, ədəbiyyat möhtəkiri Səlman Mumtazın ədəbiyyata öz düşmən ideyalarını gətirən Yusif Vəzirin, M.Müşfiqin daxil edilməsindən danışmışdır.

Osman Sarıvəlli, rəhbərlikdəki çürük liberalizmi tənqid etmiş və göstərmişdir ki, biz III plenumda öz sıramızda Ə.Cavad kimi müsavatçı – kontrrevolysioneri atdığımız zaman, onun həmfikirlərini öz sıramızda saxladıq. Bununla da burjua millətçilərinə qarşı mübarizəni zəiflətmiş olduq. Rəhbərlik düşmən elementlərin ikiüzlü çıxışlarına hər cür boyağı sözlərinə aldanaraq, onları bayıra atmaqdan çəkindilər. Partiyalı və komsomolçu yazıçılar ittifaq işindən kənarda qalmış, düşmənlər ədəbi işlə məşğul olmayanlar ittifaqda “hörmətli” yer tutmuşlardır.

H.Mehdi çıxışda bulunaraq, trotskizm agenturası averbaxçılıq səhvlərindən danışmış və özünütənqid etmək istəmişsə də, lakin onun çıxışı qeyri-səmimi olmuş və iclası qane etməmişdir. Bu onu göstərdi ki H.Mehdi hələ də öz səhvlərini anlamamışdır...

M.Rahim öz çıxışında ittifaq daxilində olan qruppaçılığın düşmənlər üçün əlverişli şərait yaratmasından danışmışdır. İfşa edilmiş xalq düşməni Ruhulla Axundov, Əhməd Trinç, M.Hüseynov hər zaman Müşfiq kimi müsavatçı – kontrrevolysionerlərdən istifadə edib, onun vasitəsi ilə yazıçılar arasında millətçilik duyğuları yaymağa çalışırdılar. Biz isə buna göz yumur, onu ifşa etməkdən çəkinirik. R.Axundovun, M.Hüseynovun quyruğu olan yaltaq, möhtəkir millətçi Səlman Mumtazın bu vaxtadək sıramızda qalmasına səbəb, bizim, xüsusilə ittifaq rəhbərliyinin sayıqlığı itirməsi nəticəsidir.

Çıxışda bulunan Darbni, bu vaxtadək müdafiə ədəbiyyatının yaradılmamasından, ittifaq rəhbərliyinin gənclərlə və xüsusən Azərbaycan rayonlarında heç bir iş aparmadığından danışmışdır.

Sonra o, M.Müşfiq kimi ifşa edilmiş xalq düşməninin, erməni yazıçılarını tərcümə etmək pərdəsi altında öz kontrrevolysionerliyini gizlətdiyini qeyd etmişdir.

Sabit Rəhman siyasi korluq, sayıqlığın kütləşməsi, yazıçılar arasında qrubbazlıq və ailəçilik səbəbindən, ittifaq sıralarının H.Cavid, M.Müşfiq, H.K.Sanılı kimi düşmən ünsürlərlə zibillənməsindən danışmışdır. Sonra o demişdir: İdarə heyəti seçilməmiş adamlarla dolmuşdu. Ə.Hidayət hələ ittifaq üzvü olmadığı halda, idarə heyətinin üzvlüyünə keçmişdi. Ədəbiyyatda trotskizm agenturası olan averbaxşılıq tör-töküntüləri, bizdə yalnız dram seqsiyada “axtarıldı”, nəticədə isə H.Mehdi və digərləri kimi vaxtı ilə averbaxçılığı tərənnüm edənlər ifşa edilməmiş qaldı.

Sonra Sabit Rəhman, “Ədəbiyyat qəzeti”nin bu məsələlərdə “bitərəf” bir vəziyyət aldığından və onun səbəblərindən danışmışdır.

Süleyman Rüstəm öz çıxşında mətbuatın yazdığını tamamilə doğru hesab etmiş və özünün səhvlərindən danışmışdır. O, etiraf etmişdir ki, qrupbazlıqla məşğul olaraq düşmənlərə öz işlərini davam etdirmək üçün imkan yaradılmışdır. Süleyman Rüstəm öz çıxışında Əsəd Axundovun yazıçılarla apardığı “iş metodlarından” və ona yaltaqlıq edən yazıçılardan bəhs etmişdir...

Əli Vəliyev öz çıxışında ittifaq rəhbərliyinin, partiyanın fevral Plenumundan lazımi nəticələr çıxara bilmədiyindən, sayıqlığın kütləşməsindən, tənqidin və özünütənqidin boğulmasından, düşmənə qarşı başlanan mübarizənin sona qədər aparılmamasından danışmışdır. O qeyd etmişdir ki, Yusif Vəzir öz əsərlərində faşizmi, əxlaqsızlığı propaqanda etmiş, Müşfiq məharətlə öz düşmən ideyasını şeirlərində yürütmüş, Səlman Mumtaz qrupbazlıq atmosferası yaratmış, Müsavatçı Qurban Musayev sovet quruluşuna, öz əsərləri ilə gülmüş, M.Rəfili öz yaradıcılığında düşmən ideyalarını tərənnüm etmiş, Seyid Hüseyn ancaq düşmən ideyasını tətbiq etmiş, Qantamir isə öz yaradıcılığını şəxsi – qərəzliyə çevirmişdir. Bütün bunlara səbəb idarə heyətinin və ilk növbədə rəhbərliyin zəifliyi, işin öhdəsindən gələ bilməməsidir.

M.Qamski partiya və hökumətin yazıçılara bəslədiyi qayğı və diqqətdən danışmış və qeyd etmişdir ki, biz hələ bu vaxtadək partiya və hökumətimizin bu etimad və diqqətini doğrulda bilməmişik. Biz siyasi korluq xəstəliyinə tutulmuş, sayıqlığımızı itirmiş və sinfi düşmənin hər cür hiylə ilə sıramıza soxularaq öz ideyalarını yaymalarına qarşı amansız bolşevik zərbəsi endirməkdən aciz olmuşuq.

Bütün çıxışlar ittifaqın sıralarının zibillənməsində, yazıçılar arasında prinsipsiz qruppaçılıq yaranmasında, trotskizm agenturası, averbaxçılıq tör-töküntülərinin sona qədər ifşa edilməsində, gənc yazıçılara imkan verilməməsində, ailəçilik, yaltaqlıq, tənqidin boğulması və sairədə ittifaq rəhbərliyinin, şəxsən M.K.Ələkbərli, Ş.Şamilov və S.Vurğun çürük iş metodlarını göstərmişdir.

İclas idarə heyətinin buraxılmasını, rəhbərliyin yenidən seçilməsini tələb edərək geniş qərar qəbul etmişdir.

Üç gün davam edən iclas və çıxışlar göstərdi ki, Azərbaycan Sovet Yazıçıları İttifaqı xalq düşmənləri, konttevolysion-müsvatçı, ədəbiyyat möhtəkirləri və hər cür yabançı – zərərli elementlərlə zibillənmiş və buna qarşı heç bir sağlam tədbir görülməmiş, partiyalı, komsomolçu və sadiq partiyasız yazıçıların əsas kütləsi ittifaqın təşkilat işlərindən kənarda qalmış, tənqid və özünütənqid boğulmuş, prinsipsiz qruppaçılığa imkan verilmiş və yaradıcılıq işləri ilə çox az məşğul olunmuşdur.

İttifaqın yeni rəhbərliyi bütün bu hallarda lazımi nəticələr çıxararaq ittifaqın sağlamlaşması ittifaq sıralarını hər dürlü düşmənlər – töküntülərdən təmizləyərək, onu yeni kadrolar hesabına artırmaq, ittifaqın işini ulu Stalin epoxası və partiyanın tələbi səviyyəsinə qaldırmaq üçün, bir an gecikmədən işə başlamalıdır."

Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 828 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed