Şrift:
Professor Nərgiz Paşayeva Macarıstanın yüksək dövlət ordeni ilə təltif edilib
01.05.2012 [12:15] - Mədəniyyət
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayevaya Macarıstanın “Xidmətlərə görə” komandor xaç ordeni təqdim edilib. Mərasim Nərgiz Paşayevanın rəhbəri olduğu “ÜNS” yaradıcılıq səhnəsində baş tutub. Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutoro Macarıstan prezidentinin professor Nərgiz Paşayevanın bu ölkənin ən yüksək dövlət mükafatlarından biri – “Komandor xaçı ordeni” ilə təltif edilməsi barədə sərəncamını oxudu. Səfir Nərgiz Paşayevanın Macarıstan mədəniyyətinin Azərbaycanda təbliğində böyük xidmətləri olduğunu, onun iki ölkə arasında əlaqələrin inkişafına böyük töhfələr verdiyini qeyd etdi.

Bu mükafatı almaqdan qürur duyduğunu deyən professor Nərgiz Paşayeva hələ sovet dövründə xarici ölkələr arasında ilk səfərini Macarıstana etdiyini, burada çox böyük mədəniyyətin şahidi olduğunu bildirdi. Bu mükafatı yalnız özünün, rəhbəri olduğu teatrın deyil, bütün Azərbaycan xalıqı adından aldığını deyən Nərgiz Paşayeva Azərbaycan və Macarıstan xalqları arasında çox oxşar cəhətlər olduğunu dedi: “Macarıstanın “Xidmətlərə görə” komandor xaç ordeni ilə təltif edilməyim mənə qürur hissi bəxş etdi. Macarıstan Prezidentinin bu qərarı təkcə mənim üçün deyil, xalqlarımız arasında dostluq əlaqələrinin, xüsusilə də mədəniyyət sahəsində əməkdaşlığın daha da inkişafı baxımından önəmli bir hadisədir. Mən özümü çox xoşbəxt hiss edirəm ki, bu mükafata doğma Vətənim olan Azərbaycanın nümayəndəsi kimi layiq görülmüşəm”.

Mərasimdə macarıstandan dəvət olunan “Duna” kvartetinin çıxışları tamaşaçılara unudulmaz anlar yaşatdı. Xüsusilə kvartetin Üzeyir Hacıbəyovun əsərlərindən səsləndirdiyi parçalar coşğuyla qarşılandı. Mərasimdə Azərbaycanın tanınmış mədəniyyət və elm xadimləri, ziyalılar, ictimai xadimlər iştirak edib.
Bu xəbər oxucular tərəfindən 1296 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed