Şrift:
İşğalçı Ermənistan Ordusu apreldə atəşkəsi 147 dəfə pozub, Azərbaycan Ordusunun 1 hərbçisi şəhid olub, 4-ü yaralanıb. Düşmənin itkisi isə daha çoxdur
01.05.2012 [17:40] - Xəbərlər, Hərb
Cari ilin aprel ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi 147 dəfə pozulub. APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun 4 hərbçisi yaralanıb, 1 hərbçisi isə şəhid olub.

Ötən ay Ermənistan Silahlı Qüvvələrinin daha çox Ermənistan-Azərbaycan dövlət sərhədində aktivləşməsi müşahidə olunub. Atəşkəsin pozulmasına dair ən çox fakt da məhz cəbhənin şimal-qərbində – Qazax və Tovuz rayonları istiqamətində qeydə alınıb. Aprel ayında cəbhənin Qazax rayonu istiqamətində atəşkəs rejimi 36, Tovuz rayonu istiqamətində isə 26 dəfə pozulub. Ermənistan Ordusunun bölmələri tərəfindən bu dövrdə atəşkəsin pozulması ilə yanaşı, Azərbaycan mövqelərinə qarşı diversiya xarakterli 20-dək cəhdin qarşısı alınıb.

Ermənistan tərəfdən Qazax-Tovuz istiqamətində aktivləşmə aprelin 20-dən sonra daha da artıb. Bu dövrdə qarşı tərəfin cəbhənin bəzi sahələrində qazıntı işləri aparması, mövqelərin yerini dəyişdirməsi kimi hadisələr müşahidə olunub.

Aprel ayında dövlət sərhədinin Gədəbəy və Daşkəsən rayonları istiqamətində də atəşkəsin pozulması faktları qeydə alınıb. Gədəbəy rayonu istiqamətində qarşı tərəfdən atəşkəs rejimi 3, Daşkəsən rayonu istiqamətində isə 1 dəfə pozulub.

Qarabağ cəbhəsində isə Ermənistan Ordusunun əsas aktivliyi Füzuli rayonu istiqamətində qeydə alınıb. Aprel ayında Ermənistan Ordusunun bölmələri tərəfindən Füzuli rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri və cəbhə xəttinə yaxın yaşayış məntəqələri 26 dəfə atəşə məruz qalıb. Ağdam rayonu istiqamətində atəşkəs rejimi 20, Xocavənd rayonu istiqamətində 14, Goranboy istiqamətində 7, Tərtər rayonu istiqamətində 6, Cəbrayıl rayonu istiqamətində 6, Göygöl rayonu istiqamətində isə 2 dəfə pozulub.

Aprel ayı ərzində Azərbaycan Silahlı qüvvələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində Ermənistan Ordusunun təxribat qruplarının cəhdlərinin qarşısı alınmaqla yanaşı, düşmənin 6 hərbçisi öldürülüb, 5 hərbçisi isə yaralanıb. 2 hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb. Bundan başqa, Kəlbəcər rayonu istiqamətində Ermənistan Ordusunun 2 hərbçisi qar uçqununa düşərək ölüb.

Ümumilikdə, 2012-ci ilin ilk 4 ayında (yanvar-aprel ayları) cəbhə xəttində atəşkəs rejimi Ermənistan Silahlı Qüvvələri tərəfindən 422 dəfə pozulub. Cari il ərzində Azərbaycan Ordusunun cəbhə xəttində bir hərbçisi ermənilər tərəfindən əsir götürülüb, 5 hərbçi və bir mülki sakin atəşkəsin pozulması nəticəsində yaralanıb, 1 hərbçi isə şəhid olub.
Bu xəbər oxucular tərəfindən 1465 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed