Şrift:
Azərbaycan Milli Məclisi Şuşanın işğalının 20 illiyi ilə bağlı beynəlxalq qurumlara müraciət edib
01.05.2012 [17:53] - Xəbərlər, Hərb
Azərbaycan Milli Məclisi Avropa Parlamentinə, Avropa Şurası Parlament Assambleyasına və digər beynəlxalq qurumlara Şuşanın işğalının 20 illiyi ilə bağlı müraciət edib.
Müraciəti Parlamentin vitse-spikeri Bahar Muradova oxuyaraq qeyd edib ki, Şuşanın Azərbaycan mədəniyyət tarixində xüsusi yeri var.
"İşğalçılıq müharibəsinin gedişində erməni millətçiləri Azərbaycan xalqına qarşı bir sıra soyqırımlar həyata keçiriblər, o cümlədən Xocalı faciəsini törədiblər", - o deyib.
Müraciətdə bildirilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində ATƏT-in Minsk qrupu yaradılıb, BMT, həmçinin digər beynəlxalq qurumlar tərəfindən Azərbaycanın ərazi bütövlüyü birmənalı dəstəklənib və Azərbaycan torpaqlarının işğalına son qoyulması tələb edilir. Lakin bu günədək Ermənistan dövləti barəsində lazımi qətiyyət göstərilməyib.
Azərbaycan Milli Məclisi Avropa Parlametini, AŞPA-nı, dünya ölkələrinin parlamentlərini və münaqişənin həll olunmasında əməyi olan digər qurumları öz səylərini birləşdirməyə çağırır. "Biz gözləyirik ki, Cənubi Qafqaz bölgəsində, bütün Avropada sülh və sabitlik üçün təhlükə törədən bu münaqişənin aradan qaldırılması, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməyə sövq edilməsi üçün beynəlxalq birlik qəti mövqeyini nümayiş etdirəcək", - müraciətdə deyilir.
Bu xəbər oxucular tərəfindən 1242 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed