Şrift:
Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi mövzusunda debatlar keçirilib
01.05.2012 [21:29] - Diaspor
ABŞ paytaxtında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi mövzusunda debatlar keçirilmişdir.

Davam.az Azərbaycan-Amerika İctimai Gənclər Birliyinin (AAİGB) mətbuat xidmətinə istinadla xəbər verir ki, debatlar Amerika “İrs” (Heritage) Fondu ilə birlikdə təşkil edilmişdir.

AAİGB-nin sədri Vüqar Əhmədov “Dağlıq Qarabağ münaqişəsinin həllinə gənclərin baxışı” adlı yeni layihəni təqdim etmişdir. O, münaqişə nəticəsində regionda yaranmış vəziyyət, Azərbaycan gənclərinin bu problem barədə fikirləri və baxışları haqda söhbət açmışdır.

V.Əhmədov demişdir ki, 20 ildən artıq davam edən bu münaqişənin tənzimlənməsinə cəlb edilmiş beynəlxalq təşkilatlar və dünyanın aparıcı dövlətləri münaqişənin həlli üçün ciddi səy göstərmirlər.

O xüsusi qeyd etmişdir ki, Azərbaycan transatlantik dəyərlərə sadiqdir və avroatlantik strukturlara inteqrasiya yolunu özünün əsas prioriteti seçmişdir, ABŞ regionda sülhün bərqərar olmasında və antiterror əməliyyatlarda fəal iştirak edir. V.Əhmədovun sözlərinə görə, Azərbaycan ictimaiyyəti ABŞ-ın bu münaqişənin həllinə daha böyük töhfə verəcəyini gözləyir.

ABŞ-da yaşayan erməni lobbisinin bu münaqişənin həllinə mənfi təsir göstərməsi, habelə ABŞ Konqresi tərəfindən Dağlıq Qarabağın separatçı rejiminə ayrılan maliyyə yardımının tənzimləmə prosesini ləngitməsi vurğulanmışdır.

Tədbirdə Milli Məclisin deputatları Asim Mollazadə və Ceyhun Osmanlı çıxış etmişlər. Onlar qeyd etmişlər ki, bu münaqişənin tənzimlənməməsi regionda sülh və sabitliyə nail olmaq yolunda ciddi maneədir.

Debatlarda ABŞ-ın strateji “beyin mərkəzləri”nin nümayəndələri, münaqişə üzrə ekspertlər və başqaları iştirak etmişlər.
Bu xəbər oxucular tərəfindən 1175 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed