Şrift:
3 OMON-çu niyə azad edilmir?
01.06.2017 [10:05] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Yaxınları və özləri prezidentə müraciət etsələr...”

Mirvari Qəhrəmanlı: “Bu insanlar hakimiyyət və cəmiyyət tərəfindən unudulub”

OMON-un əfsanəvi komandiri, Qarabağ əlili Elçin Əmiraslanov iyunun 1-də Qobustan həbsxanasında aclıq aksiyasına başlayır. Ömürlük məhbus ölüm aclığına başlamasına səbəb kimi, ağır xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq, müalicəsinə icazə verilməməsini göstərir.
E.Əmiraslanovun aclıq aksiyası anonsuna aidiyyatı qurumlar tərəfindən heç bir reaksiyanın şahidi olmuruq.
Biganə münasibət onunla bərabər ömürlük həbs cəzasına məhkum edilən digər OMON-çular Səfa Poladov və Arif Kazımovu bir daha gündəm edib. 21 ildir həbsxana həyatı yaşayan, bu üç məhbus istisna olmaqla, məlum OMON hadisələrində həbs edilən şəxslərin hamısının azadlığa buraxılması suallar yaradır.
Onların özünün və ailələrinin dəfələrlə əfv üçün müraciət etmələrinə baxmayaraq, bəhrəsi olmayıb. Hər üç məhbusun cəzalarının illə əvəz olunması ilə bağlı müraciətlər də nəticəsiz qalıb. Artıq həbsxana divarları arasında ömürlərini başa vuracaqları ilə barışan üç OMON-çu azadlıqdan əllərini üzüblər. Cəmiyyət də sanki vaxtı ilə Qarabağ müharibəsində igidlikləri ilə ad çıxarmış bu şəxsləri unudublar. Mətbuat orqanların da onlar barədə xəbərləri nadir hallarda dərc etdiklərini görürük.


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bir daha həmin şəxsləri və onların ailələrini əfv üçün ölkə başçısına müraciət etməyə çağırdı: “Əfv sərəncamı müstəsna olaraq, prezidentin hüququdur. Ölkə başçısına bir daha müraciət etsələr daha doğru olardı. Allah həbsdə olanların qapısını açsın. Heç kəsi günahsız həbsxanaya salmırlar. Günahı olur, həbs edilir, sonra cəza yüngülləşdirilir. Prezident kifayət qədər humanist insandır. Məncə yaxınları və özləri prezidentə müraciət etsələr, mütləq nəzərə alar. Ömürlük həbs cəzası alan xeyli sayda məhbuslar var. Düşünmürəm ki, Avropa Məhkəməsi və digər qurumlara müraciətlə nəyisə dəyişmək mümkündür. Azərbaycana bir ev kimi baxıram. Belə məsələlərin ailə içərisində həll olunmasının tərəfdarıyam. İctimaiyyətin tanınmış nümayəndələri, onların özləri və ailə üzvləri ölkə başçısına müraciət etsələr daha effektli olar. Onların ailələrinin durumlarını bilmirəm. Mən də həbsxana həyatı yaşamışam. Elə hallar olub ki, bəzi məhbuslarla bağlı cəzaçəkmə müəssisənin rəhbəri məlumat hazırlayır, davranışları və digər bu kimi məsələlərlə bağlı. Nəticədə cəza illərindən ya götürülür, ya da həmin məhbus azad edilir. Bunlar əsasən yüngül cəzalarda olur. Amma ömürlük cəzalarda bunların ciddi şəkildə nəzərə alınacağını düşünmürəm. Birmənalı şəkildə prezidentin müstəsna səlahiyyətləri burada əsas rol oynaya bilər”.


Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı üç OMON-çunun unudulmasından təəssüfləndiyini dedi: “Bilirsiniz ki, 19 il əvvəl ölkəmizdə ölüm hökmü ləğv olundu və bu dünyada müsbət qarşılanmışdı. Zaman olub ki, səhv istintaq, məhkəmə qərarları nəticəsində çoxsaylı insanlar həbsxanaya düşüblər. Ölümlərindən sonra nə qədər insanın günahsız olduqlarının üzə çıxdığı da olub. Ölüm hökmünün ləğvi bir sıra şəxsləri ölümdən xilas etdi. Etinasızlıq tək üç nəfərlə bağlı deyil. Cəmiyyətdə bir fikir formalaşıb ki, ömürlük məhbuslar orada ölməlidir. Təəssüflər olsun ki, əvvəllər biz belə cəmiyyət deyildik, mentalitetimiz də dəyişib. Humanizm daha çox idi. Bu etinasızlığa bilmirəm sosial şəbəkələr yaxud başqa amillər səbəbdir, amma onu deyə bilərəm ki, insanlar üçün ölüm, həbs və digər bu kimi məsələlər adiləşib. İnanın ki, birinə güllələnmə verilsə belə, bir iki gün gündəm olub unudulacaq. İctimai rəyin hər zaman böyük rolu var. Hətta bu rəy qərarları belə dəyişdirir. Təəssüflər olsun ki, üç OMON-çu ilə bağlı bir xatırlama belə yoxdur. Bu şəxslərin olan bilər böyük səhvləri olsun. Onlara əvvəl ölüm cəzası veriblər, sonra dəyişdiriblər. Bir dəfə onların cəza illərinin artırılması təşəbbüsü ilə çıxış etdim, amma dəstək gəlmədi. İllər olsa, azından çıxacağın zaman məlum olur. Sadəcə olaraq bu insanlar hakimiyyət və cəmiyyət tərəfindən unudulub. Gənclərin əksəriyyəti onları heç tanımırlar da. Bunun üçün müxtəlif kampaniyalar təşkil olunmalıdır. Ədliyyə Nazirliyinin yanında İctimai Komitə var, həmin komitə ilə görüşmək lazımdır. Nazirliklər yanında olan komitələr içərisində elə normalı budur. Onları nə üçün yalnız “Yeni Müsavat” qəzeti xatırlamalıdır? Başqa mətbu orqanlar yoxdur? Bu məhbus başqalarını maraqlandırmır? İctimai rəyi formalaşdıran birinci mətbuatdır. Mətbuata məlumatlar ötürən qrup da hazırlanmaldır. Bunun üçün də pul lazımdır? Yaxınları sosial şəbəkədə bir səhifə açsınlar. Bəlkə bunlar edilsə, nəticəsi olacaq, kim bilir ki. Hər yoldan istifadə etmək lazımdır”.


Cavanşir ABBASLI

Bu xəbər oxucular tərəfindən 739 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed