Şrift:
Xaricdəki müxalifətlə mübarizənin pərdəarxası
02.06.2017 [10:03] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Heç bir qüvvə Azərbaycana qarşı heç nə edə bilməz”

Elçin Mirzəbəyli: “Gürcüstan qeyri-səmimi davranır”

Azərbaycan hökumətinin xaricdə şəbəkələşməyə üstünlük verən ölkə müxalifətinin tərəfdarları ilə bağlı atdığı sərt addımlar ətrafında müzakirələr səngimək bilmir. Görünən odur ki, “bu xəmir hələ çox su aparacaq...”
Ölkə iqtidarının xaricdəki müxalifətçilərlə bağlı hərəkətliliyi bəzi iddialara yol açıb. Belə fikirlər var ki, ölkə kənarındakı müxalif şəbəkələrin getdikcə hakimiyyət üçün ciddi təhlükə mənbəyinə çevrilməsi iqtidarı bu addımları atmağa vadar edib. Bu prosesə qonşu Gürcüstandan başlanılmasına səbəb kimi bu ölkəyə müxalifətçilərin zaman və maliyyə baxımından daha tez getdikləri göstərilir və xüsusilə son iki ildə bu ölkədə müxalif şəbəkənin daha çox gücləndiyi qeyd olunur.

Bəzi siyasətçilər isə ilin sonuna qədər ölkə daxilində ciddi siyasi proseslərin baş verəcəyini bildirirlər. Belə siyasətçilərdən biri olan VİP sədri Əli Əliyev hətta ilin ikinci yarısında ölkədə prezident seçkilərinin keçiriləcəyini deyir.


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev səslənən iddiaları qəbul etmir: “Baş verən hadisələr barədə elə də məlumatlı deyiləm. Bunu ətraflı şəkildə müvafiq icra strukturlarından öyrənmək lazımdır. Amma hesab etmirəm ki, Azərbaycanda siyasi mövqeyinə görə təqiblər var, ölkə xaricində müxalif fəalları zərərsizləşdirmək üçün yollar axtarılsın. Azərbaycanda mətbuat da, siyasi fəaliyyət də azaddır. Son günlərdə həbs edilən şəxslərin əməllərində cinayət üzə çıxıbsa, bunu müvafiq strukturlardan öyrənmək lazımdır. Bəlkə çox ciddi səbəblər olduğundan bu addım atılıb. Əgər belədirsə, heç bir qüvvə Azərbaycana qarşı heç nə edə bilməz. Belə məsələlərdə Azərbaycanın müqaviməti hər zaman güclüdür”.


Politoloq Elçin Mirzəbəyli məsələni bir kontekstdən dəyərləndirməyin əleyhinədir: “Həbs edilən şəxslərin saxlanılması tamamən fərqli müstəvilərdə baş verib. Bir həbs əgər sərhədi keçərkən baş veribsə, digəri sərhədlə bağlı qanunu pozarkən baş verib. Burada hüququ müstəvilərin olduğu açıqlanıb. Heç kimə sirr deyil ki, bəzi QHT-lər, siyasi partiyalar xarici donorlardan aldıqları vəsaitləri vergidən yayındırmaq üçün Gürcüstan üzərindən prosesi həyata keçirirlər. Gürcüstanda hesab açılıb, bu hesaba müxtəlif təşkilatlardan vəsaitlər köçürülür. Bu da qanunvericiliyə zidd olan fəaliyyətdir. Məsələyə bu kontekstdən yanaşılmasının tərəfdarıyam. Siyasi kontekstdən yanaşanda həbs edilən iki şəxsin hakimiyyət üçün təhlükə yaradacaq fiqurlar olmadığını düşünürəm. Radikal müxalifət daxilində hakimiyyət üçün təhlükəli olacaq siyasi lider də yoxdur. Gürcüstanla bağlı məsələ uzun illərdir davam edirdi. Azərbaycan üzərinə düşəni hüququ müstəvidə həll edir. Açığı, düşünmürəm ki, son həbslərlə Azərbaycan-Gürcüstan arasında soyuqluq yaranacaq. Əslində Gürcüstan Azərbaycan QHT-lərinə və siyasi partiyalarına öz ərazisində xarici donorlardan vəsaitlər almaq üçün şərait yaradırsa, bunun özü qeyri-səmimi davranışdır. Bu davranış dövlətlərarası əlaqələrə də ziddir, nəinki Azərbaycanın atdığı addımlar. Gürcüstan bu gün Azərbaycanın iqtisadi potensialına görə ayaq üstə dayanıb. Gürcüstan sonunu gətirmək, əvvəlki həyata qayıtmaq istəyirsə, müəyyən addımlar ata bilər. Buna da gedəcəyi real deyil. Təsəvvür edin ki, Gürcüstanın bu gün atdığı addımları Azərbaycan eyni ilə bu dövlətə qarşı atır, gürcü hakimiyyətinə qarşı olan insanlara burada fəaliyyət göstərməyə imkan yaradır, onların xaricdən maliyyə almalarına da şərait yaradır. O zaman Gürcüstanın buna münasibəti necə olacaq? İndiki vaxtda Gürcüstan qeyri-səmimi davranır və bunun üçün Azərbaycanı ittiham etməyə heç bir haqqı yoxdur”.
Politoloq digər ölkələrdə azərbaycanlı mühacirlərlə bağlı da bu cür addımların atılıb-atılmayacağından söz açdı: “Azərbaycan hökumətinin bu istiqamətdə əlavə addımlar atacağını bilə bilmərəm. Bu barədə məlumatlı da deyiləm. Məsələyə siyasi mühacir kontekstindən yanaşılması da düzgün deyil. Ölkənin milli maraqları naminə fəaliyyət göstərənlərlə bağlı təbii ki, dövlət bu maraqları qorumaq üçün üzərinə düşən addımları atacaq. Təbii ki, həmin şəxslər Azərbaycan vətəndaşları olacaqları təqdirdə bu addımlar atılacaq. Amma başqa istiqamətdə indiyə qədər daim xarici ölkə vətəndaşlığını alanların ölkəmizə qarşı hansı fəaliyyət göstərdiklərini görmüşük. Hökumət də onların əməllərini ifşa edən sübutlar ortaya qoyub. Ölkə daxilində baş verə biləcək siyasi proseslərlə bağlı son hadisələrin baş verdiyi barədə fikirlərə gəlincə, belə fikirlər tamamilə absurddur. Çünki bu insanların heç biri nəinki yüz nəfərə, heç özlərinə liderlik etmək keyfiyyətinə malik deyillər. Bu informasiyalar məlum dairələr tərəfindən ortaya atılır. Proseslərin fərqli istiqamətə gedəcəyi ilə bağlı ictimai rəy formalaşdırmağa çalışırlar. Əslində bunlar Rusiya başda olmaqla, ayrı-ayrı dövlətlərin apardıqları təbliğatın tərkib hissələrindən biridir. Təbii ki, ölkədə müəyyən problemlər var və hakimiyyət də bunları aradan qaldırmaq üçün addımlarını atır. İqtidar bundan yaxşısını da edə bilər və etməlidir də. Yanlış informasiyaları həqiqət kimi sırımaq hər bir dövlətin milli maraqlarına ziddir. Bu məsələlərin hər birində xarici dairələrin məqsədyönlü fəaliyyəti var”.


Cavanşir ABBASLI
Bu xəbər oxucular tərəfindən 796 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed