Şrift:
Milyonçu Murtuza Muxtarovun həyat hekayəti - Onu dünyada məşhur edən hansı ixtirası oldu?
02.06.2017 [10:46] - Xəbərlər, DAVAMın yazıları
Murtuza Muxtarov da neft hesabına varlananlardan biri idi. Ancaq Muxtarovun adı daha çox Bakıda neft çıxarılma texnologiyasının inkişafı ilə bağlıdır. Ali texniki təhsili olmasa da neft maqnatları içərisində neft yataqlarının sirrini və qazma işlərini onun kimi dərindən bilən ikinci bir sahibkar çətin ki, tapılardı.

O, əvvəlcə kontor açıb, mədən sahibləri üçün sifarişlə quyu qazırdı. Yüzə qədər dəzgahı, çoxlu avadanlığı və mühərrikləri, maşınları, yüzdən çox yük atı, arabaları, furqonları vardı. Mədən sahibi olmaq üçün Ağcaqabulda torpaq alıb quyu qazır, neft axtarırdı. Birinci dünya müharibəsi onun arzusunu ürəyində qoydu. Özü ixtiraçı idi, düzəltdiyi “Muxtarov” adlı qazma dəzgahı bütün dünyada məşhur idi; bu dəzgah çox ölkələrə ixrac edilirdi.

Manaf Süleymanov yazır ki, Muxtarov cavanlıqda arabaçı olub mədənlərdən çəlləkdə şəhərə qara neft daşıyıb satırmış. Deyilənə görə, aldığı ağ atın ayağı ona “düşür” və get-gedə varlanıb dövlət sahibi olur. O ağ atı da sərtövlədə saxlayıb, kişmişlə, ləbləbilə bəsləyirmiş, arabaya qoşmazmış.

O, Əmircan kəndində doğulub, nəsilliklə rəncbər və arabaçı imişlər. Dəmir yolu olmayanda, payızda, qışda araba karvanı ilə Bakıdan Tiflisə kirayə ilə yük daşıyarmışlar. Özü 1870-ci ildə arabanı satıb Balaxanı-Zabrat kəndləri ətrafında salınan mədənlərdən birində fəhləliyə başlayır; sonralar dolla dayaz quyulardan neft çıxardır. Güclü və dözümlü, sərt və qorxmaz adam imiş.

Maraqlı orasıdır ki, Bakıda olduğu kimi, ABŞ-da (Rokfeller və s.) ilk neft milyonçularının çoxusu əvvəlcə buruqlarda fəhləlik, sonra usta köməkçisi, usta və nəhayət milyonçu olmuşdular.

Quyuları mexaniki üsulla qazmağa başlayanda Muxtarov buruqda adi fəhlə işləyir. Səhər alaqaranlıqda kiçik qardaşı Bala Əhmədlə bərabər Əmircandan Zabrata piyada gedib axşam, çıraqlar yananda dala qayıdardılar. O zamanlar mədənlərdə pul qazanmaq insanın dözümü, iradəsiylə bağlı idi.
Martov adlı bir sahibkar Muxtarovdakı dözümü, iradəni nəzərə alıb ona mexaniki alət və cihazların sirrini öyrədir, onu tezliklə usta təyin edir, mədən emalatxanasını da ona tapşırır. O vaxtlar neft mədənlərində quyuları ağac və taxtadan quraşdırılmış Kanada dəzgahları ilə qazırdılar. Dərinə getdikcə bu dəzgahlar tez-tez xarab olurdu. Murtuza yarım mexanikləşdirilmiş “Molot” dəzgahında bir neçə dəyişiklik eləyir. Sahibkar qocaldığından Zabratdakı qazma avadanlığı emalatxanasını ona satır. Murtuz artıq qazma zamanı quyularda tutulan alət və cihazları xilasetmə ustası kimi ad çıxartmışdı.

Məşhur Azərbaycan neftçisi, usta Piri (Quliyev) deyirdi ki, Ağa Murtuza bir dəfə faytonda bağa gedəndə qəflətən atları saxlatdırıb, yaxınlıqda qazılan buruğun ustasını yanına çağırtdırır və deyir ki, qazmanı saxla, qəza baş verə bilər, borular boş-boşuna fırlanır. Usta soruşur: “Nədən bilirsən?” Murtuza deyir ki, alətlərin səsindən. Qazmanı dayandırıb yoxlayanda görürlər ki, doğrudan da borular Murtuza deyən kimi hədər yerə fırlanırmış.

Maşınların səsindən, balta və boruların ahəngindən, avadanlığın gurultusundan, quyunun dərin qatlarında vəziyyəti müəyyənləşdirmək insandan peşəkarlıq, fərasət və vərdiş tələb edir.

O, mühəndislərə maaş verib öz savadını və texniki biliyini əsrin tələbinə uyğun artırır. Çertyoj çəkməyi, sxem qurmağı öyrənir. Mürəkkəb cihaz, dəzgah, avadanlıq və maşınları mühəndislərdən heç də pis bilmirdi. Sahibkar olandan sonra dövləti daha da artır. Şəxsi qazma kontorunu hələ 1890-cı ildə açmış və get-gedə böyütmüşdü.

Murtuza Muxtarov podrat götürüb, 1.100 metr dərinlikdə quyu qazır. O zamanlar kövrək, yağlı və sairə suxurlarda quyu qazmağı möcüzə hesab edirdilər. 1895-ci ildə dünyada ilk dəfə metal ştanqlarla zərbə qazma dəzgahını quraşdırır və bunun üçün dövlət patenti alır. O bu ixtirasına “Bakı qazma sistemi” adı verir. Həmin dəzgahın əvvəlkilərdən üstünlüyü çox idi. Onun bir sıra digər ixtirası da vardı. Muxtarov on doqquzuncu əsrin axırlarında Bibiheybətdə qazma avadanlığı zavodunu işə salır. Bu, Rusiyada ilk neft avadanlığı müəssisəsi idi. Zavodun yaxınlığında fəhlə və qulluqçular üçün üçmərtəbəli yaşayış binaları tikdirir; bununla da həm işçi qüvvəsini ətrafına toplayır, həm də əlavə gəlir əldə edirdi.

Muxtarov zavodun buraxdığı dəzgah və avadanlığı Rusiyaya və xarici ölkələrə satırdı. Özü də xaricdən, xüsusilə Amerikadan çoxlu maşın, cihaz, alət və avadanlıq alırdı. Hətta inqilabdan sonra da onun adına avadanlıq göndərirdilər.

Təkcə Bakıda yox, Maykop və Qroznı neft mədən sahiblərilə də müqavilə bağlayıb quyu qazırdı; zavod və mədənlərlə, konstruktor büroları ilə texniki və işgüzar əlaqələri vardı; tez-tez Şimali Qafqaza gedirdi.
Bir dəfə dəmir yolu stansiyasında görür ki, perronda çərkəzi libasda iki leytenant yerə xalça sərdi, canamaz açdılar. Pirani bir general, o da çərkəzi libasda başladı namaz qılmağa. Murtuza Muxtarov onun kim olduğu ilə maraqlanır və öyrənir ki, vladiqafqazlı tanınmış general Tuqanovdur. Tanış olur, dəvətini qəbul edib Vladiqafqaza, evlərinə qonaq gedir. Nəhayət, generalın ortancıl qızı Liza xanımla evlənib, qohum olurlar. Bakıya qayıdanbaş həmin stansiyanın restoran sahibinə deyir ki, bu gün burada nahar edənlərin hamısının xərcini mən verəcəm. Mən onları qonaq edirəm. Vladiqafqazda qoşa minarəli, qoşa eyvanlı, əzəmətli bir məscid tikdirir. Əmircanın qocaları bir dəfə ona rast gələndə deyirlər ki, “Ağa Murtuza, çox sağ ol, uşaqlara məktəb tikdirdin, biz yaşlılar üçün də aduva layiq bir məscid tikdir, Allaha xoş gedər, cavab olar. Ata-ananın ərvahına dua oxuyarıq, həm də səndən bu kəndə yadigar qalar”. “Baş üstə!” deyib Ağa Murtuza əlini aparır gözlərinin üstünə.

Vladiqafqazda tikdirdiyi məscid kimi Əmircanda da qoşa minarəli, hər minarəsi qoşa balkonlu bir məscid tikdirir. Sənədləri imzalayanda nadir hallarda, familiyasını bütöv şəkildə yazardı, adətən üç hərfdən ibarət “Mux...” cızardı. Adamlar deyərdi ki, yüz min manatlar onun üçün milçək kimi bir şeydir.

Liza xanımla Avropa səyahətinə gedirlər. Venetsiyadakı binaların arxitekturası neftxudanı valeh edir. Və onlara oxşar bir sarayı Bakıda bir il ərzində (1911-1912) tikdirir. Sarayın hər sütunu, tağları, buta və gülləri, pəncərə və qapıları, bəzəklərinin hamısı təkrarolunmaz sənət əsəri, memarlıq incisidir. Neftxuda pul əsirgəmədiyi kimi memar da ilham, ustalar də səy və əməklərini əsirgəməyiblər. Sarayı arxitektor Ploşko fransız kotik üslubunda layihələşdirib. Murtuz Muxtarovun bu mülkünü ev podratçısı Hacı Qasımov icarəyə götürüb başa çatdırır.

Bir dəfə yenə də Beslanda, restoranda oturub nahar edir və qatarı gözləyirmiş. Birdən qaçhaqaç düşür: “Zəlim xan gəlir...”, “Zəlim xanın süvari dəstəsi stansiyaya basqın edir...” sözləri ağızdan-ağıza keçir.

Neftxudanın yanındakı adam deyir ki, “ağa, at da var, kareta da, hazırdır, dur qaçaq!”

“Heç yerə gedən deyiləm!” deyə o cavab verir. “Sən də otur”.
Çox çəkmir, salon boşalır, atlılar stansiyanı araya alırlar. Salonda oturmuş iki adamın geyimi və görkəmi Zəlim xanın diqqətini cəlb edir; adam göndərib onu yanına çağırtdırır. Neftxuda təklifi rədd edir. Süvarilər onu öldürməyə Zəlim xandan icazə istəyirlər. O razılaşmır, özü neftxudaya yaxınlaşır. Muxtarov stulu çəkib ona yer təklif edir: “Əyləş, qonağım ol!” deyir. Qonaq sözü Zəlim xanın xoşuna gəlir, oturur. Dostlaşırlar. Sonralar bir-birinə hədiyyələr göndərirlər. Zəlim xan mərdlik əlaməti kimi ona bir gümüş xəncər və zər qotazlı bir başlıq da yollayır.

Çar hökuməti Zəlim xanı öldürəndən sonra, neftxuda adam göndərib onun oğlunu və qızını Bakıya gətizdirir, xeyli qonaq saxlayır; hər ikisini Peterburqa, öz xərcinə oxumağa göndərir. Oğlan aqronom, qız isə həkim olur.

Həyətlərdə gəzib mahnı oxuyan Fatma adlı bir qız Muxtarovun diqqətini cəlb edir, onu qızlığa götürür, ona öz familiyasını verir, musiqi təhsili almağına kömək göstərir. Sonralar Fatma Muxtarova respublikanın adlı-sanlı sənətkarı olur.

Üç nəfər cavan oğlan kasıb tələbələr üçün pul toplayanda Murtuza da müraciət edirlər. Neftxuda deyir ki, bilirsiniz nə var, mən ömrümdə heç kəsə boş yerə pul verməmişəm. Sizə bir şey öyrədim. Mənə veksel verin, borc alın, şəhərdə bir bəzzaz dükanı açın, başlayın alış-verişə; dükanı da özünüz idarə edin. Belə bir tələbələr dükanı mən Peterburqda görmüşəm. Yaxşı mənfəət götürürlər. Peterburq və Moskva manufakturaçılarının üstünə məktub yazaram, güzəştlə, ucuz qiymətlə kreditə, möhlətə sizə mal buraxarlar. Elə ki, mayalandınız, pulumu qaytararsız.

Tələbələr razılaşmır, əliboş çıxıb gedirlər...

Murtuza Muxtarovun ölümü də həyatı kimi faciəli və qəhrəmanlıqla sona yetmişdir. 1920-ci ildə XI Qızıl Ordunun silahlıları M. Muxtarovun yaşadığı evinin (indiki Səadət sarayı) qapısını sındırıb zala daxil olurlar, onu təslim olmasını tələb edirlər. O, bolşeviklərin atla evinə daxil olmasını özünə təhqir hesab edir. Buna dözməyib tüfəngi götürüb birinci gülləni Anasov adlı bir bolşevikə vurub öldürür, 2- ci gülləni isə özünə vurur. Onu Əmircanda tikdirdiyi məscidin həyətində dəfn edirlər. Liza xanımı isə qulluqçular padvalda gizlədirlər. Sonralar Liza xanım Türkiyəyə-İstanbula, ordanda isə Berlinə köçür və ömrünün axırına kimi 1971-ci ilə qədər orada yaşayır.
Bu xəbər oxucular tərəfindən 1245 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed