Şrift:
Azərbaycan QHT-ləri Şuşa ilə bağlı bəyanat veriblər – SƏNƏDİN MƏTNİ
03.05.2012 [15:35] - Sosial
Azərbaycan qeyri-hökumət təşkilatları Şuşa şəhərinin Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilməsinin 20 illiyi ilə əlaqədar bəyanat veriblər. Davam.az həmin bəyatanın mətnini təqdim edir:

- 20 ildir ki, Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biri olan Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 8 may 1992-ci ildə yerli könüllü özünümüdafiə dəstələrinin qəhrəmancasına döyüşməsinə və layiqli müqavimətinə baxmayaraq, sayca qat-qat üstün olan, ən müasir silahlarla təchiz edilmiş Ermənistan hərbi birləşmələri Şuşanı işğal etdi. Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər əsir düşdü və girov götürüldü.
Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan elədilər. Bu gün erməni işğalçıları Şuşanın tarixini saxtalaşdırmaq və orada erməni izləri aşkar etmək məqsədilə Azərbaycan mədəniyyət abidələrini vəhşicəsinə dağıdır, ermənicə yazdıqları daşları yerin altına, üstünə, qədim divarlara yerləşdirirlər.
Bünövrəsi Qarabağ hakimi Pənahəli xan tərəfindən XVIII əsrdə qoyulmuş bu şəhər əsrlər boyu xalqımızın alınmaz qürur qalası olmuşdur. Azərbaycan mədəniyyətinə və elmi-ictimai fikrinə Qasım bəy Zakir, Xurşudbanu Natəvan, Mir Möhsün Nəvvab, Üzeyir Hacıbəyov, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Əhməd bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətləri bəxş etmiş Şuşa ecazkar Azərbaycan musiqisinin beşiyi sayılır.
1977-ci ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyətimizin və incəsənətimizin böyük simalarından Üzeyir Hacıbəylinin, Xurşudbanu Natəvanın və Bülbülün ev-muzeyləri təşkil olunmuş, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi ucaldılmışdır.
Bu gün erməni vandalları Şuşanı “rekonstruksiya” adı ilə tamam dağıdır, orada Azərbaycan mədəniyyətinin bütün izlərini məhv edirlər. Bu faciəli aqibət Şuşadakı milli memarlıq abidələrinin, muzey və məqbərələrin heç birindən, hətta görkəmli şair, musiqişünas və xəttat Mir Möhsün Nəvvabın YUNESKO-nun qərarı ilə inşa edilmiş qəbirüstü abidəsindən də yan keçməmişdir.
Biz BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinə uyğun olaraq, Ermənistan silahlı birləşmələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edir, beynəlxalq təşkilatları, dünya ictimaiyyətini və dünyanın bütün sülhpərvər qüvvələrini erməni təcavüzkarlığının dayandırılması naminə xalqımızın haqq səsinə səs verməyə çağırırıq.
Biz Azərbaycan ictimaiyyətini, Azərbaycanın dünyadakı dostlarını, sülh, əməkdaşlıq və əmin-amanlıq tərəfdarı olan bütün insanları ölkə QHT-lərinin irəli sürdüyü aşağıdakı təşəbbüslərə tərəfdar çıxmağa və onları dəstəkləməyə çağırırıq: “Şuşaya azadlıq!” beynəlxalq kampaniyasına start verilsin, bu məqsədlə Azərbaycanda və dünyada geniş təbliğat tədbirlərinin həyata keçirilməsinə başlansın.
Şuşada YUNESKO-nun qərarı ilə Mir Möhsün Nəvvabın qəbri üstündə ucaldılmış abidənin erməni vandalları tərəfindən dağıdılması haqqında bu təşkilata rəsmi məlumat verilsin və müvafiq tədbirlərin görülməsi tələb olunsun. Şuşanın işğalının 20 ilinin tamam olması ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edilsin və işğal altındakı Azərbaycan torpaqlarının erməni qəsbkarlarından azad olunması tələb edilsin.
Qeyri-hökumət təşkilatlarının bu təşəbbüsləri Azərbaycan kütləvi informasiya vasitələrinə çatdırılsın və informasiya dəstəyinin verilməsi onlardan xahiş edilsin.
Bu xəbər oxucular tərəfindən 1305 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed