Şrift:
Ermənistan növbəti dəfə Azərbaycanın qarşısında geri çəkildi
12.06.2017 [10:36] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Aydın olur ki, bu fonda Azərbaycan tərəfinin tutduğu mövqe doğrudur”

Elman Məmmədov: “Ümid edirəm ki, Xocalı aeroportundan uçuşları Azərbaycan özü həyata keçirəcək”

Qondarma “Dağlıq Qarabağ Respublikası” adlanan oyuncaq xunta yanında mülki aviasiya idarəsinin rəisi Dmitri Adbaşyan Ermənistanda çıxan “Aykakan jamanak” qəzetinə müsahibəsində Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf edib və bununla da “miatsum” barədə mifin əsassızlığını sübut edib. O deyib: “Aeroport (Xocalı aeroportu) istənilən vaxtda uçuşlar keçirə bilər, lakin bunun üçün Azərbaycanın icazəsi zəruridir”. Bu açıqlama fonunda demək olarmı ki, ermənilər işğalçı olduqlarını etiraf edirlər? Həm də indiyə qədər Xocalı aeroportunu işə salacaqları barədə dediklərinin sadəcə yalan olduğunu etiraf etmiş olurlar?

Milli Məclisin deputatı Elman Məmmədovun fikrincə, Adbaşyan sözügedən fikrilə ermənilərin işğalçı olduğunu etiraf edir və ermənilər arasında belə etiraf edənlərin sayı durmadan artır: “Ermənistan və Dağlıq Qarabağdakı ermənilərin heç də hamısı hərbi canilər Serj Sarkisyan, Köçəryan, Zori Balayan və başqaları kimi düşünmür. Erməni xalqını içində də düzgün fikrə malik olanlar, ədalətli, ağıllı fikirləşməyi bacaranlar var.
Onlar dərk edir və bilirlər ki, Dağlıq Qarabağ və bu gün Ermənistan dövlətinin mövcud olduğu ərazilər tarixən Azərbaycan torpaqlarıdır. Bunu Sarkisyan və onun kimi digər cinayətkarlar da bilirlər. Ancaq etiraf etmir, dilə gətirmirlər. Lakin bununla belə Dağlıq Qarabağın Azərbaycan torpağı olduğu barədə düşünən ermənilər də az deyil. Onlar bilir ki, əvvəl-axır, haqq-ədalət yerini tapacaq, torpağın əsl sahibləri işğalı aradan qaldırmaqla öz ərazilərinə sahib çıxacaqlar.
Dünyada xalqlar arasında daimi düşmənçiliyin olması kimi hadisələr yoxdur. Bu gün mehriban, sülh şəraitində yaşayan Avropa bir neçə əsr bundan öncə qan içində üzüb. Avropaya xaricdən təcavüz də olmayıb, özləri bir-birilə savaşıblar. Məsələn, Fransa ilə İngiltərə arasında yüz illik adlanan müharibə olub. Bundan başqa, Fransa ilə Almaniya uzun müddət bir-birilə kəskin düşmən münasibətlərində olublar. Ancaq sonda bu dövlətlər sülhə və əməkdaşlığa üstünlük veriblər. Nəhayət ki, erməni cəmiyyətində ədalətli mövqe sərgiləyənlər meydana çıxırlar. Dmitri Adbaşyan tək deyil, belə ədalətli düşünənlər çoxdur. Məsələ ondadır ki, artıq bu insanlar heç kimdən və heç nədən çəkinmədən fikirlərini, düşündüklərini dilə gətirib deyə bilirlər. Bu da çox vacib şərtdir. Ümid edirəm ki, Xocalı aeroportundan uçuşları Azərbaycan özü həyata keçirəcək. İstənilən uçuşlara icazəni də Azərbaycan verəcək”.

Milli Məclisin deputatı Fərəc Quliyev də bildirdi ki, Dağlıq Qarabağda yaşayan getdikcə daha çox erməninin həmin ərazilərin Azərbaycan torpağı olmasını etiraf etməsi ciddi bir məsələdir: “Əlbəttə ki, oyuncaq, qondarma rejimin mülki aviasiya idarəsinin rəisi Xocalı aeroportundan uçuşların həyata keçirilməsi üçün Bakının icazəsinin zəruri olduğunu deməklə Dağlıq Qarabağın Azərbaycanın ərazisi olmasını etiraf etməsi çox ciddi bir məsələdir.
Həmişə demişik ki, Dağlıq Qarabağda yaşayan erməniəsilli azərbaycanlılar özləri də girov vəziyyətindədirlər. İşğalçı Ermənistanın əsarəti altındadırlar və sərbəst davrana bilmirlər. İlk məqamda da onlar Azərbaycan vətəndaşı olduqlarını, Azərbaycanda yaşadıqlarını etiraf edirlər. Göründüyü qədər artıq Ermənistanın işğalçılıq siyasətindən də beziblər. İndiyə qədər Ermənistan tərəfi ciddi-cəhdlə Xocalıda aeroportu açacağını bəyan edirdi. Azərbaycan tərəfi də çox soyuqqanlıqla ona qarşı tədbirlər görəcəyini bildirmişdi. Aydın olur ki, bu fonda Azərbaycan tərəfinin tutduğu mövqe doğrudur. Bundan sonra da Ermənistan tərəfinin hər hansı bir cəhdinin qarşısında geri çəkilməyə heç bir lüzum yoxdur. Artıq beynəlxalq aləmdə də nəinki Azərbaycanın özünün bu istiqamətdə verdiyi bəyanatların, həm də erməninin verdiyi bəyanatın ciddi şəkildə məsələyə baxış zamanı təsiri olacaq. Bu, bir etirafdır.
Həmişə deyirdik ki, Azərbaycanın nəzarətindən çıxmış bir ərazidə uçuşlar keçirilə bilməz. İşğalçı ordu bu ərazilərdən çıxarılmalıdır. Artıq bu məqamın özü də həmin amillər üzərində ciddi şəkildə dayanmağımıza təsir edəcək”.


Rüfət NADİROĞLU
Bu xəbər oxucular tərəfindən 707 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed