Şrift:
Xamneyidən sonra İranın ali dini rəhbəri kim olacaq?
04.05.2012 [13:32] - Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları
Son illər istər İranın daxilində, istərsə də bu ölkənin siyasi həyatı ilə maraqlanan xarici ekspertlər arasında müzakirə olunan məsələlərdən biri də budur. Bu da səbəbsiz deyil və ilk növbədə islam inqilabının 73 yaşlı rəhbərinin səhhətindəki problemlərlə bağlıdır.

Həmin problemlərin kökü təqribən 30 il əvvələ gedib çıxır: 1981-ci ilin iyun ayında “Mücahidini-xəlq” təşkilatının həyata keçirdiyi sui-qəsd nəticəsində Əli Xamneyi ağır yaralanmışdı. O vaxtdan bəri müxtəlif ağrılardan əziyyət çəkən Xamneyinin sağ əli işləmir. Üstəlik, son dövrdə onun prostat xərçəngindən müalicə olunduğu barədə məlumatlar yayılıb. Və bu da “vəliyi-fəqih”in varisi haqqında müzakirələrin intensivləşməsinə səbəb olub.

Əlbəttə, mümkün varisə maraq sadəcə qeyri-məhdud səlahiyyətlərə malik postda kimin əyləşəcəyi ilə şərtlənmir. Söhbət əslində beynəlxalq siyasətin önəmli subyektlərindən birinin sabahından, Qərblə münasibətlərindəki gərginlik yüksək həddə çatmış İranın bu qarşıdurmadan necə çıxacağından gedir. Bu, həm də əsasında Xamneyinin 23 ildir tutduğu vəzifənin mövcudluğunu doğuran “vilayəti-fəqih” prinsipinin durduğu islam respublikası quruluşunun taleyi ilə bağlı məsələ kimi diqqət mərkəzində dayanır. İran İslam Respublikasının banisi ayətullah Xomeyninin vəfatından sonra ölkədə cəmi bir rəhbər əvəzlənməsi olub, onda da inqilabın xarizmatik liderinin cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənən iradəsinə rəğmən hər şey “yağ kimi” getməyib.

Yaranmış fikir ixtilafları üzündən ayətullah Müntəzirini varislikdən kənarlaşdıran ayətullah Xomeyninin secimi o zaman ölkə prezidenti olan Xamneyinin üzərinə düşmüşdü. Amma o, dini rəhbər üçün konstitusiyada təsbit olunmuş tələblərə tam şəkildə cavab vermirdi (dini rəhbər ayətullah rütbəsinə, islam fiqhi sahəsində mükəmməl biliklərə, siyasi səriştəyə və idarəçilik təcrübəsinə malik olmalı idi). Odur ki, ayətullah Xomeyni 1989-cu ilin aprelində əsas qanuna dəyişiklik edərək rəhbərin ayətullah olması şərtinin müvafiq maddədən çıxarılmasına nail oldu və üç ay sonra 86 müctəhiddən ibarət Ekspertlər Şurası (Məclisi-Xobreqan) o zaman orta səviyyəli “hüccətül-islam” tituluna malik Xamneyini ölkənin ali dini rəhbəri seçdi.

Qanunvericiliyin bu şəkildə konkret şəxsə uyğunlaşdırılması presedenti onun Xamneyidən sonra təkrarlanmayacağına zəmanət vermir. Həm də nəzərə almaq lazımdır ki, İran da 1980-ci illərin sonundakı İran deyil. Əvvəla, o dövrdə, hətta 1990-cı illərdə belə Haşimi Rəfsəncani, Məhəmməd Xatəmi kimi siyasətçilərlə müqayisədə kölgədə qalan Xamneyi indi ölkənin ən güclü və təsirli dövlət adamıdır və onun fiziki yoxluğundan doğan hakimiyyət boşluğunu doldurmaq heç də asan olmayacaq.

İkincisi, İran cəmiyyəti, siyasi elitası və ruhaniləri Xomeyninin vəfat etdiyi dövrlə müqayisədə kifayət qədər parçalanmış vəziyyətdədir və bu parçalanma xüsusən 2009-cu ilin qalmaqallı prezident seçkisindən sonra daha da dərinləşib, odur ki, post-Xamneyi mərhələsində çeşidli siyasi, hərbi, dini qruplaşmalar arasında tarazlığın yaradılması son dərəcə çətin bir vəzifə kimi qarşıya çıxacaqdır. Belə mürəkkəb situasiyada Xameneinin siyasi səhnəni tərk edəcəyi təqdirdə ali dini rəhbər postu ilə bağlı üç mümkün variantı nəzərdən keçirmək olar:

A. “Vəliyi-fəqih” vəzifəsini ya Xamneyinin canişin təyin etməsi, yaxud vəsiyyəti, ya da Ekspertlər Şurasının seçimi əsasında konkret şəxs tutur və teokratik hakimiyyət strukturunda hər şey olduğu kimi saxlanır.

Bu halda ali dini rəhbər postunu kimin tutacağı məsələsi meydana çıxır. Mümkün namizədlər sırasında aşağıdakı dini-siyasi şəxsiyyətləri qeyd etmək olar:

1. Ayətullah Mahmud Haşimi Şahrudi. Ən nüfuzlu ruhanilərdən sayılır. 1948-ci ildə Nəcəfdə anadan olub. 1999-2009-cu illərdə İran ali məhkəməsinin sədri olub. Hazırda Nəzarət Şurasının (Şurayi-Negəhban) və Quruluşun Məsləhətini Müəyyənləşdirən Məclisin (Məcməi-Təşxisi-Məsləhəti-Nezam) üzvüdür. Vaxtilə İraq İslam İnqilabı Şurasının rəhbəri olub. Mühafizəkar dairələrdə kifayət qədər təsirə malik olsa da, əhali arasında o qədər də populyar deyil.

2. Sadiq Laricani.1960-cı ildə Nəcəfdə doğulub. İran ictimaiyyətinin yaxşı tanıdığı beş qardaşdan biridir. 2009-cu ildən İran Ali Məhkəməsinin rəhbəridir. Qardaşı Əli Laricani İran parlamentinin sədridir.

3. Ayətullah Misbah Yəzdi. 78 yaşlı bu ruhani prezident Əhmədinejadın mürşidi olub, lakin prezidentlə Xamneyi arasında yaranan ixtilafdan sonra birincini dəstəkləməkdən əl çəkib. Radikal baxışları ilə seçilən bu mühafizəkar dini xadim 2007-ci ildə Ekspertlər Şurasının sədri vəzifəsinə seçkilərdə Rəfsəncaniyə uduzub, lakin son parlament seçkilərinə öz bloku ilə qoşulmaqla iddia və imkanlarının tükənmədiyini nümayiş etdirib. Prezident komandasını tənqid etsə də, onunla gizli əlaqədə olduğu da bildirilir.

4. Əkbər Haşimi-Rəfsəncani. Xamneyinin “əbədi rəqibi”, islam respublikası tarixinin ən ciddi siyasi fiqurlarından biridir. Rəhbərdən beş yaş böyük olsa da, fiziki durumu və fəallığı onu nəzərdən qaçırmamağa əsas verir. İran parlamentinin sədri, ölkə prezidenti kimi önəmli postları tutmuş Rəfsəncani 2009-cu il prezident seçkisindən sonra rəhbərin iradəsinə qarşı çıxdığı üçün ötən il Ekspertlər Şurasının sədri vəzifəsindən kənarlaşdırılıb, lakin bir müddət əvvəl ayətullah Xamneyi, görünür, siyasi qüvvələr balansını qorumaq məqsədilə onun Quruluşun Məsləhətini Müəyyənləşdirən Məclisin rəhbəri vəzifəsində qalmasına sərəncam verib. Mühafizəkarların müəyyən kəsimi arasında nüfuz sahibi olan Rəfsəncani ekstremal siyasi şəraitdə Xatəmi və Kərrubi kimi islahatçılarla işbirliyi qurmaq potensialına da malikdir.

5. Məhəmmədrza Mehdəvi-Kəni. 81 yaşlı bu ayətullah son illər siyasi səhnədə xüsusi fəallığı ilə diqqəti çəkib. O, 2009-cu ildən dini rəhbəri seçən Ekspertlər Şurasının sədri, Mübariz Ruhanilər Cəmiyyətinin baş katibidir. Bu il martın 2-də keçirilmiş parlament seçkisində Mühafizəkarların Birləşmiş Cəbhəsinə rəhbərlik edib.

6. Həsən Xomeyni. Ayətullah Xomeyninin 40 yaşlı nəvəsidir. Əhmədinejad hökuməti ilə kəskin ziddiyyətdədir. “Yaşıl hərəkat” nümayəndələri tərəfindən dəstəklənir, xüsusən Mir Hüseyn Musəvi onu “ayıq şəxsiyyət, layiqli müctəhid, xalqın ümidini doğrulda biləcək ruhani” kimi səciyyələndirib.

7. Müctəba Xamneyi. Ayətullah Xamneyinin ikinci oğlu, parlamentin sabiq sədri Həddad Adilin (onun yenidən parlamentin rəhbəri seçilməsi ehtimalı böyükdür) kürəkəni, 43 yaşlı Müctəbanın adı son vaxtlar rəhbərliyə potensial namizədlər arasında tez-tez çəkilir və indiki rəhbərin də bu yöndə fəaliyyətlərdə bulunduğu qeyd olunur. Bildirildiyinə görə, atası onun dini məqamını təsdiq etmək xahişi ilə üləmalara müraciət edib, bunun əleyhinə çıxan ayətullah Sistanidən fərqli olaraq Məkarim Şirazi, Fazil Lənkərani, Safi Qolpayeqani kimi “mərcəi-təqlid”lər Müctəbaya fətva icazəsi veriblər. İslahatçılara qarşı sərt mövqeyi ilə seçilən Müctəba Xamneyi “Sepah”da ciddi dayaqlara malikdir.

Qeyd etmək zəruridir ki, bu variantda son yeddi-səkkiz ildə ölkənin siyasi-hərbi həyatında aparıcı mövqeyə çıxmış, İran iqtisadiyyatının üçdə birinə, rejimin nüvə proqramına və s. nəzarət edən İslam İnqilabı Keşikçiləri Korpusunun – “Sepah”ın sözü həlledici əhəmiyyət kəsb edəcək.

B. Dini rəhbər vəzifəsinə konkret şəxs seçilmir, onun funksiyaları bir neçə nəfərdən ibarət şuraya həvalə edilir.

Qeyd edək ki, yuxarıda xatırlatdığımız 1989-cu ilin rəhbər seçkisində belə bir cəhd olub. Həmin vaxt təklif edilmişdi ki, ayətullah Xomeynini əvəz edə biləcək dini-siyasi lider olmadığından üç nəfərdən – Ekspertlər Şurasının o zamankı sədri ayətullah Əli Meşkini, ayətullah Musəvi Ərdəbili və Xamneyidən ibarət rəhbərlik şurası yaradılsın. Lakin bu təklif kifayət qədər səs qazanmamış və Xamneyi ayətullah Qolpayeqani ilə yarışda səslərin üçdə ikisindən çoxunu toplayaraq rəhbər seçilmişdi.

İran Konstitusiyasının 117-ci maddəsinə görə, dini rəhbər vəfat etdiyi, yaxud vəzifəsindən kənarlaşdırıldığı təqdirdə Ekspertlər Şurası yeni rəhbər seçənə qədər üç nəfərdən ibarət şura rəhbər vəzifələrini həyata keçirir. Bu şuraya prezident, Ali Məhkəmənin sədri və Quruluşun Məsləhətini Müəyyənləşdirən Məclisin təklifi ilə Nəzarət Şurası üzvlərindən bir fəqih daxildir; əgər müvəqqəti şuranın üzvlərindən hər hansı biri vəzifəsini icra edə bilmirsə, onun yerini tutacaq şəxsi də, şurada fəqihlərin çoxluq təşkil etməsi şərtilə Quruluşun Məsləhətini Müəyyənləşdirən Məclis seçir.

Konstitusiyada bu müvəqqəti şuranın fəaliyyət müddətinə hər hansı məhdudiyyət qoyulmur, odur ki, Ekspertlər Şurası yeni rəhbər barədə yekdil rəyə gələ bilmədiyi halda, bu şuranın fəaliyyəti istənilən qədər uzana bilər.

Göründüyü kimi, bu variantın reallaşması üçün həm hüquqi baza, həm də presedent yaratmaq cəhdi mövcuddur, bununla belə hazırkı şəraitdə onun reallaşma ehtimalı çox da yüksək deyil.

C. Dini rəhbər vəzifəsi ya simvolik status qazanır, ya da tamamilə ləğv edilir.

Bu variantı şərtləndirən səbəb odur ki, hakimiyyət bölgüsünün həyata keçirildiyi İran şəraitində hakimiyyət qollarının fövqündə dayanan bir qurumun lazımsızlığı və müəyyən məqamlarda işə mane olması getdikcə daha artıq hiss edilir. Bu xüsusən Mahmud Əhmədinejadın ikinci prezidentliyi dövründə zaman-zaman özünü göstərməkdədir. Hakimiyyətdaxili ziddiyyətlər ona gətirib çıxarıb ki, ötən ilin yayında ayətullah Xamneyi hakimiyyət qollarının mübahisələrini həll etmək üçün konstitusiyada nəzərdə tutulmayan (!) ayrıca bir qurum yaratmaq təşəbbüsündə bulunmuşdu, baxmayaraq ki, bu mübahisələr çox vaxt dini rəhbərin icraedici, yaxud qanunverici hakimiyyətin işinə müdaxiləsindən qaynaqlanır. Bu şəraitdə İranın çeşidli siyasi qüvvələri tərəfindən sözügedən variantın gerçəkləşməsinə yönəlik çağırış və fikirlərin səslənməsi təbii sayıla bilər.

Belə ki, hələ 2005-ci ildə Haşimi Rəfsəncaninin oğlu Mehdi Rəfsəncani “USA Today” qəzetinə verdiyi müsahibədə atasının prezident seçiləcəyi təqdirdə konstitusiya dəyişikliyi yolu ilə dini rəhbərin səlahiyyətlərini azaldacağını və bu postu ingilis kralı kimi fəxri bir vəzifəyə çevirəcəyini bildirmişdi. Nəzərə alsaq ki, ata Rəfsəncani hazırda Quruluşun Məsləhətini Müəyyənləşdirən Məclisin sədridir, onda növbəti rəhbər seçkilərində onun bu məsələdə tutacağı mövqeni və təsir imkanlarını təsəvvür etmək çətin deyildir.

İran hakimiyyətinin digər güclü qanadında – prezident Əhmədinejad komandasında isə, görünür, dini rəhbər postunun ümumiyyətlə ləğv olunması fikri üstünlük təşkil edir. Komandanın ideoloqu (və prezidentin qudası) Rəhim Məşayinin irəli sürdüyü “İran məktəbi” təlimində “vliayəti-fəqih” prinsipinə yer yoxdur. Təsadüfi deyil ki, ənənəvi dini dairələrlə kəskin münasibətlərin hökm sürdüyü bütün 2011-ci il ərzində onlar tərəfindən “sapdırıcı cərəyan” (cərəyani-inhirafi) adlandırılan prezident komandası ilk növbədə “vilayəti-fəqih” prinsipinə xəyanət etməkdə suçlanırdı.

Beləliklə, ilk baxışda nə qədər inanılmaz görünsə də, bu variantın gerçəkləşmə imkanı kifayət qədər realdır. Bütün hallarda Xamneyidən sonra İranın indiki İran olmayacağı şübhəsizdir.


Məsiağa MƏHƏMMƏDİ,
Bu xəbər oxucular tərəfindən 2288 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed