04.05.2012 [16:03] - Sosial
Milli Qəhrəman Ramiz Qəmbərovun ölümündən 20 il ötdü
Onun kim olduğunu yetişməkdə olan gənc nəsil bilmir. Yeniyetmələrdən, uşaqlardan isə heç danışmıram. Kitablarda haqqında kiçik mətnlər var, telekanallar çox nadir hallarda onu yada salır... Hər gün, istisnasız olaraq, hər gün xatırlayan isə ailəsi, döyüş dostları, uğurunda canını qurban verdiyi torpağın sakinləridir. “Ramiz Qəmbərovdan yazı yazmaq istəyirəm” deyən kimi suala belə ehtiyac olmadan, ürəklərdən süzülən saysız-hesabsız sözlərin səbəbi də bu idi. Hərənin beynində, ürəyində yığın-yığın xatirələr vardı. Biri necə insan olmasından, bir başqası döyüşçülüyündən dəqiqələrlə danışdı. Bilməyənlər bilsin, bilənlərin yadına bir daha düşsün deyə...
Ölümündən 20 il keçib
Öncə qısa məlumat. Ramiz Qəmbərov 2 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olub. 1979-cu ildə Şuşa şəhər orta məktəbi bitirib və Kolxozlararası Tikinti İdarəsində əmək fəaliyyətinə başlayıb. 1980-ci ildə hərbi xidmətə çağırılıb, hərbi xidməti başa vuraraq, Şuşaya qayıdıb. 1986-cı ildə İnşaat Mühəndisləri İnstitutuna daxil olub və işləyə-işləyə təhsilini davam etdirib.
1988-ci ildən xalq hərəkatına qoşulub və erməni təcavüzünə qarşı mübarizə aparıb. 1992-ci ildə könüllülərdən ibarət batalyon yaradıb və həmin batalyona başçılıq edib.
Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Quşçular və digər kəndlərin müdafiəsində mərdliklə vuruşub. 1992-ci il 29 apreldə Kosalar və Kərkicahan kəndləri yaxınlığında gedən qızğın döyüşdə ağır yaralanıb. Bir gün sonra xəstəxanada dünyasını dəyişib. Şuşada dəfn edilib. Azərbaycan prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Subay idi. Bakıdakı Şəhidlər Xiyabanında simvolik məzarı var.
Bu arada onu da xatırladaq ki, sözügedən zaman kəsimində ərazidəki Ramiz Qəmbərovun könüllü özünümüdafiə batalyonunda ümumilikdə 500-ə yaxın könüllü vuruşurdu. Burada kərkicahanlı Islam və Fəxrəddin Səfərovun dəstəsi də xüsusi cəsurluqlar göstərirdi. Əsas müdafiə mövqelərindən birində Müdafiə Nazirliyinin bir briqadası və 777-ci əlahiddə tabor (komandir Elçin Məmmədov) dayanmışdı.
Rey Kərimoğlu: “Düşünürdük ki, Ramiz ordadırsa, Şuşaya heç nə olmaz”
Keçmiş döyüşçü Rey Kərimoğlu R.Qəmbərovla bağlı xatirələrini danışmağa çox maraqlı bir məlumatla başlayır. Deyir ki, Ramiz Qəmbərov, Asif Məhərrəmov (“Fred Asif”) və Şirin Mirzəyev, yəni Azərbaycanın bu üç Milli Qəhrəmanı əmiuşağıdır. Onun sözlərinə görə, bir nəsildən üç qəhrəmanın çıxması həmin nəsil üçün, ümumilikdə isə Azərbaycan xalqı üçün başucalığıdır: “Ermənilərlə dava başlayanda Azərbaycan buna hazır deyildi. Ölkəmiz 1991-ci ildə müstəqilliyini elan etmişdi. Həmin vaxt ordumuz yox idi. Yaradılan dəstələr də könüllülük prinsipi ilə yaranırdı. Şirin Mirzəyev Bakıdan gəlmişdi, istefada olan podpolkovnik idi. Onun ardınca Ramiz Qəmbərov, sonra da Ramiz Qəmbərov belə dəstə yaratdı. O vaxt bu cür dəstələr ancaq milli qüvvələrin təşəbbüsü ilə yaranırdı. 1991-ci ildə Şirin Mirzəyev Ağdama dəvət olundu və ordu quruculuğu başlandı. Onun ardınca digər özünümüdafiə dəstələri də yarandı”.
R.Kərimoğlu dedi ki, R.Qəmbərov Şuşada xalq hərəkatı rəhbərlərindən biri olub. Onun sözlərinə görə, Ramiz öncə yerli döyüşkən uşaqları başına yığıb və nizami ordu yaradıb. Müsahibimiz sözügedən yeni dəstələrin yaranması prosesinin Qarabağın digər bölgələrində də aparıldığını dedi: “O vaxtkı situasiyanın ən pis cəhəti o idi ki, mərkəzi hakimiyyət də zəifləmiş, yerli dəstələrlə koordinasiya yox səviyyəsindəydi. Doğrudur, uşaqlar döyüşürdülər, amma vahid komanda yox idi”.
Keçmiş döyüşçü deyir ki, R.Qəmbərov ordunun yaradılması, formalaşdırılması, ruslara, ermənilərə qarşı milli müqavimətin təşkili, insanların qorunması istiqamətində xeyli işlər görüb. Müsahibimiz mərhum döyüşçünü şəxsən tanımadığını xatırladıb, buna görə təəssüfləndi: “Onun ölümü də Azərbaycanın 5-6 istiqamətində qızğın döyüşlər getdiyi bir vaxta təsadüf etdi. Bakıda onun rəmzi məzarı var. Əsgərlərin xatirəsi lazımi səviyyədə qorunmalıdır. Bunu təkcə onun haqqında yox, müharibədə qəhrəmanlıq göstərmiş döyüşçülərin hamısı haqqında deyirəm. Sovet ordusunda qulluq edənlər bilmirdilər ki, müharibədə ordu, əsgər necə olmalıdır. Ramiz Qəmbərov və Şirin Mirzəyev bu sahədə bizə örnək oldular. Onlar əsgərlərlə bir döyüşür, bir yeyir, bir kazarmada yatırdılar. Əsgərlərdən fərqlənmirdilər. Hamısına öz qardaşları kimi can yandırırdılar. Azərbaycanda Ramiz kimi bir neçə komandir olub ki, heç kimə bənzəməyiblər”.
Müsahibimiz bu məqamda çox maraqlı bir bənzətmə apardı. Dedi ki, Napoleon öz əsgərlərinə necə yanaşırdısa, R.Qəmbərovda da əsgərlərinə qarşı elə münasibət vardı. R.Kərimoğlunun sözlərinə görə, bütün əsgərlər, eləcə də Azərbaycan xalqının məlumatlı, düşünən beyinləri hər zaman Şuşadan arxayın olublar: “Nəsə olanda düşünürdük ki, Ramiz ordadır, Şuşaya heç nə olmaz. Müharibə zamanı onun əsgərləri arasında da böyük əksəriyyət yaralandı, şəhid oldu. Özü də son nəfəsinədək kişi kimi döyüşdü. Napoleona sual veriblər ki, sənin üçün ən rahat yer haradır? Deyib ki, ölkəmin sərhədində dayanan əsgərin çəkməsinin üstünə başımı qoymaq. Mənim fikrimcə, Ramiz Qəmbərov da əsgər çəkmələrinin üstünü özünə ən rahat yer bilib. Bu, onun əsgərlərlə davranışından, həyat tərzindən görünürdü. Onun kimi mərd, yüksək keyfiyyətlərə malik cəmi 3-4 komandir olub, onlar da şəhid olublar. Əsgərlər ona, onlar da əsgərə inanırdırlar. Orduda bundan böyük qiymət ola bilməz”.
Hikmət Sabiroğlu: “Ramizin həlak olması Şuşanın müqavimət imkanlarını xeyli zəiflətdi”
Əslən Şuşadan olan jurnalist, “Qarabağ söhbətləri” kitabının müəllifi Hikmət Sabiroğlunun da R.Qəmbərov haqda deyəcəkləri var. Jurnalist danışır ki, 1992-ci ilin mayında onun ölüm xəbərini alanda “Azadlıq” qəzetinə bir yazı yazıb: “Onda hələ Şuşa işğal olunmamışdı. Mən həmin yazıya ”Dönmədin, Ramiz, vətən sevgisi adlı günahından" başlığı qoymuşdum. Ramizin bu həyatda cəmi bir "günahı" vardı - o da vətən sevgisi idi. Əlbəttə, günah sözünü dırnaq işarəsinə almaq lazımdır, vətən sevgisi günah olmaz ki!
Ramiz millətimiz, ölkəmiz, o cümlədən Şuşa və şuşalılar üçün böyük itki oldu o zaman. Mən indi də düşünürəm ki, düşmən Şuşanın üstünə gələn gün - 1992-ci il mayın 8-də Ramiz sağ olsaydı, döyüşün taleyi başqa cür olardı. Məncə, Ramizin həlak olması Şuşanın müqavimət imkanlarını xeyli zəiflətmişdi".
Ramiz bir insan kimi çox ilıq, mehriban, həlim idi, ilk baxışda deməzdin ki, onun böyük komandirlik keyfiyyətləri var. Ancaq çəlimsiz vücudunda nə qədər böyük güc gəzdirirdi. Bu gerçək onun yoxluğunda daha çox hiss olundu...
Ədalət Məhərrəmov: “Ramiz gedəndən sonra Şuşa da getdi”
Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (“Fred Asif”) adına İnkişaf Fondunun rəhbəri Ədalət Məhərrəmov R.Qəmbərov haqqında danışarkən çox da fərqli sözlərdən istifadə etmədi. Öncə R.Kərimoğlunun dedikləri öz təsdiqini tapdı. Məlum oldu ki, R.Qəmbərov “Fred Asif”in ata nənəsinin qohumudur: “Anamın nəsli Şuşadandır. Biz də onlarla qohumuq. Anası Səkinə xala bizim üçün əzizdir. Ramiz sağlığında Asifin yanına, Ağdama gəlirdi. Özü də 1990-cı ilin 20 yanvar tarixindən etibarən. Asif məndən 10 yaş böyük idi. Ramizgillə də çox gediş-gəlişimiz vardı. Şirin Mirzəyev də bizimlə qohumdur. O da Asifgillə təmasda olurdu. Asif kimi Ramiz də ürəkli, ciyərli oğlan idi. Həddən artıq qorxmazlığı, aristokratlığı, böyüklüyü vardı. Ramiz gedəndən sonra Şuşa da getdi. Hər dövrün özünün yetişdirdiyi kişilər var. O dövrün kişilərindən biri o idi. Onu vurandan sonra Şuşanı da ”vurdular""
Ə.Məhərrəmov düşünür ki, Şuşanın işğalına bəzi döyüşçülərin aradan götürülməsi səbəb olub: “Ramiz Qəmbərovla ölümündən 7-8 ay qabaq görüşdük. 1991-ci ilin noyabrında. Rəhmətlik qardaşımla oturub-dururdular. Silah-sursatdan danışırdı. Tez-tez deyirdilər ki, özünüzü gözləyin. Ramizin dostları Daşaltı əməliyyatında həlak oldu. O vaxt sarsılmışdı Ramiz. Həmin vaxt Şuşanın qaymaqlarını apardılar. Onunla da Şuşanın getməsinin əsasını qoydular”.
Müsahibimiz xatırladır ki, subay olub mərhum döyüşçü. İndi qardaşının oğluna onun adını qoyublar: “Deyirlər, guya hamı ölənin haqqında ancaq gözəl sözlər danışır. Amma Ramiz həqiqətən böyük insan idi. Aktiv və iş görən idi. Nəsli də öz arxasınca aparırdı”.
Keçmiş döyüşçülər son anı necə anladır?
R.Qəmbərov haqqında xatirələrini mənimlə bölüşən bu insanlarla yanaşı, arxivlərdə, qəzetlərdə də xeyli xatirələr vardı. Onlardan bir neçəsini seçib nəzərinizə çatdırırıq.
Nazim Hüseynov: “Səkinə anaya (Ramiz Qəmbərovun anası) minnətdaram ki, o cür vətənpərvər, cəsarətli oğul yetişdirib. Kərkicahanın və Kosaların müdafiəsində bir yerdə olmuşuq. Quşçular zonasında mən olmasam da, amma eşidirdim ki, o, tez - tez gedir, vəziyyətlə tanış olmaq üçün döyüş yoldaşı Dadaşla bir yerdə, yol olmasa da, meşəliklə gedib-gəlirdilər. Ramiz demək olar ki, Kərkicahanın müdafiəsində çox işlər gördü. İnanmaq olmurdu ki, Şuşa, Kərkicahan alınacaq. Çünki onun Ramiz kimi və digər qəhrəman oğulları vardı. Ramiz Cavad xan kimi cəsur və qorxmaz bir insan idi. Ramiz şəhid olmasaydı, Şuşanı müdafiə etmək olardı. Amma təəssüflər ki, bu belə olmadı”.
Növrəstə Yusifova: "Məni Şuşadan birinci dəfə ezamiyyətə göndərəndə Ramiz Qəmbərov ora gəlmişdi, komandirimizə dedi ki, bu xanımın potensialından döyüşçü kimi yaxşı yararlana bilmirsiniz, onu mənə verin. Bir nüansı da deyim. Ramiz Qəmbərovu vurmuşdular. Xəstəxanada gördüm. Ramiz Qəmbərovla həkim məşğul olmağa başlayanda baxdım ki, palatada başqa bir o yaralının ağzına elə bil siçovul girib. Yaxınlaşanda gördüm ki, çənəsindən vurublar, üzünün bir tərəfindən güllə çıxıb. Burnunda qan laxtalanıb, nəfəs ala bilmir, dili də şişib. Ağzı ilə güclə nəfəs alırdı. Onun burnunu sildim, nəfəs yolu açıldı, nəfəs almağa başladı. Bir az da gec gəlsəydim, boğulub öləcəkdi. Ramiz Qəmbərovu isə xilas etmək mümkün olmadı, heyf“.
Ramiz Qəmbərovdan sonra Şuşa yalnız bir həftə müqavimət göstərə bildi. Nə dərəcədə həqiqət olduğunu kimsə dəqiq bilmir. Amma deyilənə görə, Ramiz “Mən öləcəyəm, 7 gün sonra isə Şuşanı alacaqlar” söyləyibmiş. Ramiz Şuşada 20 ildir ki, “yol gözləyir”. Yəqin ki, bir gün Şuşada Ramizin məzarı başında onun qəhrəmanlığından danışılacaq. Ümid edək ki, o gün uzaqda deyil.
Sevinc TELMANQIZI

Bu xəbər oxucular tərəfindən 1604 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |