Şrift:
Avropa Parlamentinin Əfqan Muxtarlı ilə bağlı çağırışı Azərbaycanın hüquq müstəvisinə müdaxilədir və qərəzlidir
17.06.2017 [12:17] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Mən müxalifət partiyasının lideriyəm və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası Azərbaycanda ən aktiv fəaliyyət göstərən təşkilatlardan biridir. Partiya kimi fəaliyyətimiz dönəmində biz hakimiyyət tərəfindən hər hansı bir siyasi təzyiqə məruz qalmamışıq və dövlətin güc strukturları tərəfindən bizə qarşı sifarişli davranışlar müşahidə etməmişik”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnaməyə münasibət bildirərkən deyib.

Fərəc Quliyev bildirib: “Aktiv bir müxalifət partiyasına qarşı göstərilən siyasi dözümlülük onun göstəricisidir ki, hakimiyyət siyasi fəaliyyətinə görə insanlara güc strukturları vasitəsilə təzyiq etmək niyyətində deyil. Əgər belə bir davranış olsaydı, ilk olaraq bu münasibət bizim kimi təşkilatlara qarşı hiss olunmalı idi. Bu baxımdan, bəzi hallarda beynəlxalq təşkilatların ölkəmizdəki bir qrup şəxsin subyektiv maraqlarını əsas tutaraq mövqe sərgiləməsi ədalətli deyil və çox təəssüf ki, biz tez-tez bu cür halların şahidi oluruq.

O cümlədən barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmiş Əfqan Muxtarlının azad edilməsinə və ona qarşı irəli sürülmüş ittihamların ləğvi ilə bağlı Avropa Parlamentinin Azərbaycana etdiyi çağırışını ədalətli qərar hesab etmək olmaz. Bu, Azərbaycanın hüquq müstəvisinə müdaxilədir və qərəzli xarakter daşıyır. Əfqan Muxtarlı ilə bağlı iş Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və ortada sübutlar var ki, bunlarla bağlı da məhkəmə öz sözünü deyəcək.

Hesab edirəm ki, fərdin siyasi, media və ya hər hansi ictimai fəaliyyəti onu qanun qarşısında imtiyazlı etməməlidir. Avropa Parlamentinin məsələyə yanaşması sanki bu prinsipin pozulmasının tələbi kimi bir şeydir. Bu isə öz növbəsində beynəlxalq hüquq normalarına sığmır”.
Bu xəbər oxucular tərəfindən 726 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed