Şrift:
Adolf Hitlerin bir nömrəli düşməni Stalinlə necə dost oldu? - tarixin Volf Messinq müəmması
22.06.2017 [11:10] - Xəbərlər, DAVAMın yazıları
Mehdi BƏYAZİD

İosif Stalin təslim olmağı ağlına da gətirmirdi. Onun neçə qitəyə hökm edən polad iradəsi sadəcə olaraq buna qabil deyildi. Əcəba, çeçələ barmağının yüngülcə işarəsi ilə uzaq Meksikada, elə öz evinin içində Trotskini öldürtdürən, Böyük Britaniyanın ən məxfi dövlət idarəsinin ən yüksək postunda etibarlı supercasus saxlayan, ABŞ-ın prezident Trumeninə atom bombasının ilk sınaq sədalarıyla “alovlu kommunist salamı” göndərən, Afrikada xudmani inqilablar yapıb, Asiyaya qulaqburması verən cənabi-əqdəs, bütün dövr və zəmanələrin ən qüdrətli hökmdarlarından biri kabinetin küncündə büzüşüb oturmuş bu sınqın, bu dərbədər kişiyə təslim olmalıdır? Amma yox; vaxtilə Adolf Hitlerin 1№-li düşməni olmuş bu kişidə elə bil, nəsə, bir cazibə qüvvəsi var. Bəlkə mif deyil, bəlkə bir daha sınaqdan çıxaraq? Stalin dedi: “Belə danışaq, yoldaş Messinq. Deyin görüm, mən sizə buraxılış vərəqəsi verməsəm, siz burdan, Kremldən çıxa bilərsinizmi?” – “Buraxılış vərəqəsi? Lütfən, yadigar kimi onu özünüzdə saxlaya bilərsiniz”. – “Bəs əgər mən, əlavə olaraq, mühafizə dəstəsinə xəbərdarlıq etsəm - onda necə?” – “Buyurun, etiraz etmirəm”. Stalin öz katibini çağırıb əmr verdi ki, on addım arxada getməklə Messinqə nəzarət etsin. “Hə, bir də bir məsələ var, - deyə Stalin pəncərənin qarşısına tərəf gedib əlavə etdi, - əgər buraxılış vərəqəsi olmadan burdan çıxa bilsəniz, onda bax o ağacın yanında durarsınız”.

Bir neçə dəqiqə sonra Volf Messinq nişan verilmiş ağacın böyrünü kəsdirib durmuşdu. Stalin əlinin işarəsi ilə onu təzədən yanına çağırıb, təəccüblə soruşdu: “Buraxılış vərəqəsi olmadan siz necə keçib gedə bildiniz?” – “Çox sadəcə. Mühafizə dəstəsinə təlqin etdim ki, “General gəlir, onu hərbi qaydada salamlayıb, yola salın keçib getsin”. Kabinetində var-gəl edə-edə xəyala dalmış Stalin, nəhayət, daha bir eksperiment təklif etdi: adi əmanət kassalarından birinə yollanıb, heç bir sənəd-filan təqdim etmədən ordan 100 min manat almaq! Messinq bu tapşırığın da öhdəsindən asanlıqla gəldi: iki nəfər orqan işçisinin şahidliyilə kassir TAMAMİLƏ AĞ VƏRƏQ ƏSASINDA ona sayıb 100 min manat pul verdi. On beş dəqiqə sonra hipnozdan ayılanda isə tutduğu işdən dəhşətə gələrək yerindəcə infarkt keçirdi. Bundan sonra Stalin onu Moskvada mənzillə təmin elədi; müntəzəm surətdə Messinqin həyat və fəaliyyəti barədə təfərrüatlı məruzələr hazırlamaq tapşırığını verdi. Hər dəfə onları oxuyub başa çatanda isə dodaqaltı öz-özünə donquldanırdı: “İblisin şəyirdi, yoxsa iblisin özü?”. Özü!.. Özü!.. Lənətə gəlmiş özü!.. BƏSİRƏTİN İLAHİ ECAZƏ Volf Messinq ömrünün axırınadək vaxtilə adam öldürdüyünü sonsuz iztirabla xatırlayırdı. Bu qətl hadisəsi onun uşaqlıq çağının yadigarı idi. Messinq 1899-cu il sentyabrın 10-da Varşava yaxınlığında yəhudi ailəsində dünyaya göz açmışdı. Atası və qardaşları sonradan faşist ölüm düşərgəsi Maydanekdə həlak oldular, anası isə xeyli qabaq dünyasını dəyişmişdi. Balaca Volf “Ay xəstəliyi”nə, yuxulu-yuxulu durub gəzmək mərəzinə tutulmuşdu; atasına məsləhət gördülər ki, onun çarpayısının yanına qabda soyuq su qoysunlar. Beləliklə də Volf yuxulu-yuxulu durub addım atanda ayağı soyuq suya batırdı, özünə gələrək təzədən yerinə uzanıb yatırdı, - bu minvalla da Volf həmin xəstəlikdən qurtuldu. Biçarə vaqon bələdçisinin ölümü də elə həmin vaxta təsadüf etmişdi. Volf beş-altı yaşlarında idi. Onu yaxınlıqdakı şəhərə, nənəsinin yanına yollamışdılar. Volf həddən ziyadə dəcəl, ipə-sapa yatmayan uşaq idi. Atası bərk-bərk xəbərdarlıq etmişdi ki, əgər şıltaqlıq edib həddini aşsa, vaqon bələdçisi gəlib onu kisəyə salıb, ağzını bağlayacaq. Volfun tapşırıldığı qarıların ağzı söhbətə qızışmışdı, o da öz işindəydi. Bu zaman vaqon bələdçisi gəlib çıxanda Volf qorxaraq vaqonun tamburuna qaçdı, orda bir küncdə gizləndi. Bir azdan bələdçi geri qayıtdı, nəsə hiss eləyib, fənərlə künc-bucağı işıqlandırdı: “Bay, sən burda neynirsən, dovşan? Dur get vaqona, durma burda” - özü isə dönərək, qapının ağzında dayandı. Volf bərk sevindi ki, onu kisəyə salıb ağzını bağlamadılar, elə sevincək halda da düşündü: “Nə əntiqə əmidi bu. Nə kef olar açarla qapını açıb, vaqondan çölə tullansa!”

Bələdçi səssiz komanda eşidibmiş kimi qapını açıb çölə tullandı və həlak oldu. Volf bax beləcə, hələ erkən yaşlarından parapsixologiya aləmində sirli təlqinetmə qüdrətinə malik olduğunu dərk etdi. Qeyd etmək lazımdır ki, o, gələcəkdə də təkcə təlqinetmə qüdrətinə yox, həm də hər hansı bir detala görə bütöv bir mənzərəni təsvir etmək iqtidarına malik olacaqdı. İllər keçəcək, günlərin bir günü ona ölmüş bir qızın əlini göstərərək, bədənin yerdə qalan əzalarının yerini soruşacaqdılar. Messinq bir qədər fikrə gedib soruşacaqdı: “Bu əli siz hardan tapmısınız?” – “Yauza çayının üzərindəki körpünün yanında”. – “Siz çayın o biri sahilində ikinci əli də tapacaqsınız. Digər əzaların harda olduğunu isə hələlik deyə bilmirəm. Bunun üçün mən bütün ruhi qüvvəmi səfərbər etməliyəm. Mənə möhlət verin. Cinayətkar əlimizdən qaçıb qurtula bilməyəcək”. AYDINDI, QOCA İBLİS, AYDINDI!.. Həddi-büluğa çatanda Volf artıq Berlində idi. Burda günlərlə aclıq çəkirdi, harda gəldi yatırdı, ona-buna müvəqqəti kömək eləyib pul-para qazanırdı. Alman dilini pis bilmədiyinə görə yanından keçdiyi adamların düşüncələrini dinləməyə çalışırdı. Bir dəfə o özgənin fikirlərini düzgün oxuyub-oxumadığını yoxlamaq üçün susub duran satıcılardan birinə yaxınlaşıb dedi: “Narahat olmayın, sizin qızınız keçini sağa biləcək”. Qadın heyrətlə onun üzünə baxdı. Satıcı kişiyə isə dedi: “Özünüzü üzməyin, qonşunuz sizin borcunuzu qaytaracaq!”. Satıcı birdən onun dalınca qışqırdı: “Bir bura gəl görüm!”. Volf yaxınlaşdı. “Hardan bilirsən o borc məsələsini?”. Volf yalandan dedi ki, qonşuluqda yaşayır və dərhal da dönüb aradan çıxdı. Volf Berlində səyyar ansamblın tərkibinə daxil oldu, öz “psixoloji təcrübələr”ini göstərməyə başladı. Ona impressario təyin etdilər. Volf yavaş-yavaş populyarlıq qazanmağa başladı. Almaniya qastrolu zamanı şöhrətinin zirvəsində olan Eynşteyn onun barəsində eşidib Volfu öz mənzilinə dəvət etdi. Həmin vaxt məşhur avstriyalı doktor, psixoanalizin banisi Ziqmund Freyd Eynşteynin qonağı idi. Eynşteyn xəyalən gənc Volfa tapşırıq verdi, o, tapşırığı dərhal yerinə yetirdi. Freyd heyrətə gəldi, o da öz növbəsində fikrində tapşırıq verdi ki, Volf skripkanı götürüb Eynşteynə təqdim eləsin. Bu tapşırıq da yerinə yetirildi. Bu görüşdən sonra Eynşteyn və Freyd cavan oğlana maddi köməklik göstərməklə bərabər, onun heyrətamiz qabiliyyətini inkişaf etdirməyə başladılar.

O, Vilno Universitetinin psixologiya fakültəsində təhsil aldı, böyük turnelərdə - Yaponiya, Braziliya, Argentina və digər ölkələrdə səfərlərdə oldu. Ona müraciət edənlərin hamısına yardımçı olmağa çalışdı, nəcib xeyriyyəçi kimi də ad qazandı və ... hər şeyi Adolf Hitler korladı. Volf 1937-ci ildə kütlə qarşısında çıxış edərkən çəkinmədən bəyan etdi ki, bu qızğın silahlanmanın axırı növbəti dünya müharibəsi ilə başa çatacaq, son hədəf, təbii ki, “kommunizmin yuvası” SSRİ-dir, əgər Almaniya bəsirətdən məhrum olub, SSRİ-nin üzərinə hücum etsə, ilk qələbə eyforiyasına baxmayaraq, axırda görünməmiş miskinliklə məğlub olacaq! Bu bəyanat ölkədə bomba kimi partladı, onu bütün qəzetlər çap elədi. Hitler cin atına minərək “qara bayquş”un həbs edilməsi üçün külli miqdarda mükafat təyin elədi - onu reyxin və şəxsən özünün 1 №-li düşməni adlandırıb, Messinqi öz əlilə kütlə qarşısında dilindən asacağına söz verdi. Bütün küçələrə, yollar ayrıcına Messinqin böyüdülmüş şəkli vuruldu. Amansız təqib başlandı. Messinq ilk vaxtlar məharətlə iz azdırır, ustalıqla gizlənə bilirdi, amma günlərin bir günü, axır ki, ələ keçdi. Alman zabiti onu tanıdı, lakin hər ehtimala qarşı ondan soruşdu: - Sən kimsən - düzünü de! - Mən rəssamam. - Yalan deyirsən, alçaq. Sən - Messinqsən! Messinq etiraz etmək üçün fikrini toplamağa çalışırdı ki, sifətinə çırpılan dəhşətli yumruq altı dişini qıraraq üz-gözünü qana boyadı. O elə beləcə, yarıhuşsuz halda həbsxanaya aparıldı. Özünə gələndə isə beynində yalnız bircə kəlmə söz köz kimi alışıb yanırdı: “Qaçmaq!”. Və parapsixologiya tarixində ən unikal hadisə: Messinq qüdrət və bəsirətində olan bütün ruhi qüvvəsini, hipnoz, təlqinetmə qabiliyyətini səfərbər etdi, mühafizəçiləri növbə ilə kameraya çağıraraq, axırda özü çölə çıxıb, kameranın ağzını bağladı və heç nə olmamış kimi çıxıb getdi. Xəbər Hitlerə çatanda onun 1-2 dəqiqəliyə sanki dili tutuldu, sonra yerindən dik qalxaraq: “Bütün Almaniyaya od vurmalı olsanız da, Messinqin ya dirisi, ya da ölüsü tapılmalıdır!” - deyə bütün məxfi və qeyri-məxfi agentləri quzğun kimi ölkənin hər tərəfinə şığıtdı. Messinq isə tapılmırdı ki, tapılmırdı. Ən qəribəsi: öz taleyi ilə siçan-pişik oynayırmış kimi, Messinq çox zaman elə ağlasığmaz tryüklər çıxarırdı ki, bunu sağlam məntiqlə izah etmək mümkün deyil.

Gizləndiyi hər yerdən Hitlerə salam göndərir, böyür-başındakı adamları hipnoz edərək aradan çıxırdı. Son nəticədə Almaniya öz fəlakəti ilə dəcəl oyun oynayan bu qəribə insanı tuta bilmədi. Hitlerin acığına onun necə öləcəyini də bütün təfərrüatı, bütün detalınacan dünyaya bəyan etdi. Mistikaya qəlbən bağlı olan Adolf Hitlerə bundan sarsıdıcı zərbə vurmaq mümkün deyildi. Düz müharibənin axırınacan həmin öncəgörmələr Hitleri məşum qarabasma kimi təqib etməyə başladı. Nəticə isə məlumdur - Hitler öz intiharı ilə Messinqin öncəgörümünü bütünlüklə təsdiq etdi... Bunu da demək lazımdır ki, Volf Messinq bütün fantastik qabiliyyətinə baxmayaraq, özünü sirr haləsinə bürüyüb, müəmma təcəssümü olmaqdan xeyli uzaq, açıq təbiətli adam idi. O istər mütəxəssislər, istər kütlə qarşısında fenomenal qabiliyyətinin sirlərini böyük həvəslə şərh edir, qabiliyyəti olan digər insanlarda da bir işıq ucu görəndə öz köməyini, məsləhətlərini, insanpərvərliyini əsirgəmirdi. Ruhi qabiliyyəti ilə qeyb aləmindən çıxaraq, pərdə-pərdə şəhadət aləminə yaxınlaşan insanları Messinq xurafat tozundan silkindirməyə çalışır və ən başlıcası: bu qüdrəti insanın rifahı naminə sərf etmək üçün özünün bütün əfsanəvi nüfuz və şöhrətindən istifadə edirdi. Böyük ekstrasens nə vaxt öləcəyini də əvvəlcədən bilirdi. O təkcə bunu yox, uzaq məsafədən Moskva mehmanxanasının ixtiyari nömrəsindəki adam barəsində də sərrast və səlis məlumat vermək iqtidarına malik idi. Deyilənə görə, Stalin ömrünün axır vaxtlarında öz gələcək aqibəti barədə danışmaq üçün Messinqi şəhər ətrafındakı bağ evinə dəvət etmişdi. Bundan uzaq məsafədə xəbər tutan Messinq ona zəng vuraraq demişdi: “İosif Vissarionoviç, sizin taleyiniz və aqibətiniz yoxdur, çünki siz nəhəng bir ölkəni xışla qəbul edib, atom bombası ilə təhvil verən bir əfsanəsiniz - məgər bu azdır?”. Stalin gülümsünərək cavab vermişdi: - Aydındır, qoca iblis, aydındır... Volf Messinqin şəkilaltı sözü: “Mənim heç bir qabiliyyətim, səciyyəvi xüsusiyyətim mənə başqa insanlar qarşısında üstünlük vermir. Bunu dərk etmədən əsl ekstrasens olmaq mümkün deyil, çünki bu, fəzirət məsələsidir. Əgər belə qabiliyyəti olan şəxslər öz fitrətini cinayət, şantaj və digər rəzalətli işlərə sərf etsələr, onların öz təbiətindəki əks proses əvvəl-axır onları fəlakət girdabına yuvarlayacaqdır. Ona görə ki, nə deyirlər-desinlər, dünyada hər şeyin haqqını ödəmək lazım gəlir”. İosif Stalinin şəkilaltı sözü: “Dünyada mövcud olmuş və olan mediumlar fövqəladə qüdrət sahiblərinin insan ruhundakı mənəvi mexanizmləri kəşf edərək, bir çox möcüzəli xüsusiyyətləri nümayiş etdirə bilirlər. Yoldaş Messinqin onların içindəki məxsusi yeri bir də ona görə şərəflidir ki, o, birmənalı şəkildə Mefistofelin qul balası olmaqdan imtina etmişdir. Bəli, biz ateistik, lakin bəşəriyyətin minillik təcrübəsini də ümumiləşdirmək qabiliyyətinə malikik. Əbləhcəsinə astrologiya ilə məşğul olmaq isə Hitler kimi şizofreniklərin işidir”. Adolf Hitlerin şəkilaltı sözü: “Alman xalqı öz fürerinə layiq olsaydı, üfunətli bir yəhudinin, o zındıq Volf Messinqin öncəgörümləri özünü doğrultmaz, “kommunist kabusu”nun barbar qoşunları indi Reyn çayına yaxınlaşıb, yaratmaq istədiyimiz möhtəşəm Almaniyanı belə cinayətkarcasına təhdid etməzdi. Güman edirəm, gələcək nəsillər alman şərəfinin belə asanlıqla güdaza verilməsində beynəlxalq sionizmin və kommunizmin işbirliyi ilə yanaşı, öz dəyanət və milli qürurunu da dərindən saf-çürük etmək qabiliyyətinə malik olacaqlar, əks halda gələcəkdə heç bir Almaniya olmayacaqdır”.
Bu xəbər oxucular tərəfindən 1119 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed