Şrift:
Ordumuzdan düşmənə sarsıdıcı zərbə
23.06.2017 [11:47] - Xəbərlər, Hərb, Özəl xəbər, Fərəc Quliyev
Elman Məmmədov: “Çoxsaylı itkilərə rəğmən, düşmənin təxribatlara son qoymaması müharibəyə gətirib çıxaracaq”

Fərəc Quliyev: “Hər hansı vaxt limiti ərzində Ermənistan Azərbaycanla olan sərhədə doğru çəkilməsə, milli ordumuz düşmənə sonuncu ağır zərbəni vuracaq”

Ermənilərin cəbhədə hər bir təxribatı onlara getdikcə daha baha başa gəlir. Düşmənin itkiləri artır, amma təxriabatlar da ara vermir. Erməni təxribatlarının sayının durmadan artması ümumiyyətlə, son illər mütəmadi olaraq müşahidə edilir. Keçən ilin aprel döyüşlərində sarsıdıcı zərbələr alan işğalçı erməni qüvvələri təxribatlarını genişləndiriblər. Amma buna rəğmən, verdikləri itkilərin sayı da sürətlə artır.

Erməni anaları indi hər gün öz rəhbərlərinin çirkin əməlləri nəticəsində övladlarının cəbhə xəttində ölmələrinin şahidi olurlar. Bu hal bir tərəfdən, onu göstərir ki, Ermənistan nə qədər təxribat əməllərinə yol vers də, nəticəsi bütün hallarda onlar üçün uğursuz olacaq. Çünki, Azərbayan Ordusu erməni təxribatlarının qarşısını yerindəcə almağa və bu zaman düşmənə ciddi itkilər verməyə qadirdir. Düşmən itkilərinin artması, lakin təxribatlara da son verməmələri fonunda yaranmış vəziyyət cəbhə zonasında nəyə gətirib çıxara bilər?

Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, erməni işğalçılarının təxribatlardan əl çəkməməsi sonda cəbhə zonasında müharibəyə və onların tamamilə məhv edilməsinə gətirib çıxaracaq: “Verdikləri çoxsaylı itkilərə rəğmən, düşmənin təxribatlara son verməməsi sonda müharibəyə gətirib çıxaracaq. Bu qaçılmazdır. Çünki ermənilər bu kimi təxribatlara elə-belə getmirlər. Onlar bilərəkdən, düşünülmüş formada, qəsdən bu təxribatları törədirlər. Məqsədləri də təkcə danışıqların pozulmasına nail olmaqdan ibarət deyil.
Eyni zamanda, özlərinin üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMK) ölkələrinin diqqətini bura cəlb etməyə çalışırlar. Fikir vermisinizsə, təxribatlar təmas xəttində də baş verir. Amma əsasən də Ermənistan-Azərbaycan sərhədində olur. Yəni, ermənilər əsasən çalışırlar ki, təxribatları sərhəd zonasında törətsinlər. KTMT-nin nizamnaməsində belə bir bənd var, ora üzv ölkələrdən hər hansı birinə qarşı təhlükə yaranarsa, digərləri ona kömək əlini uzatmalıdırlar. Bu fonda sərhəd zonasında təxribatları genişləndirməkdə Ermənistanın məqsədi aydındır ki, münaqişəyə Moskvanı cəlb etməkdir. Ancaq ermənilər buna nail ola bilməyəcəklər. Azərbaycan sərhəd bölgəsində ermənilərin ancaq təxribatlarına cavab verir. Təmas xəttində isə təxribatlara da cavab verir, üstəlik işğalçı Ermənistan qoşunu əsgərlərinin meyitlərini də erməni analarına göndəririk. Bu günlərdə ABŞ Dövlət Departamenti bundan narahat olduğunu bildirmişdi. Onlar, yaxud da, BMT, ATƏT kimi qurumlar, kim narahat olur, qoy olsun. Narahat olurlarsa, üzərimizə göndərdikləri işğalçıların ipini çəksinlər. Başa salsınlar ki, Azərbaycan torpaqlarından çıxış getməlidirlər. Nə qədər ki, torpaqlarımız işğal altındadır, erməni təxribatlarına da sonuncu düşmən əsgəri ərazilərimizi tərk edənə qədər daha öldürücü zərbələrlə cavab verəcəyik. Ermənistana hər gün erməni gənclərinin meyitləri gedəcək”.

Milli Məclisin deputatı Fərəc Quliyev də qeyd etdi ki, ermənilərin törətdikləri təxribatlar sonda elə öz başlarında çatlayacaq: “Ermənistanın geriyə yolu yoxdur. Hətta Ermənistan dövlətinin öz iradəsindən asılı olsaydı, çoxdan Dağlıq Qarabağ və ətraf rayonları geri qaytarardılar. Çünki artıq ermənilər müharibənin ağır-acısını bütün mənalarda dadırlar. Bu ağrılar özünü iqtisadiyyatlarının ağır durumu, demoqrafiq vəziyyətlərinin pisliyə doğru dəyişməsində göstərir. Şərtlər də hər gün onların əleyhinə dəyişir. Ermənistan dünyadan da təcrid olunub. Amma onun ağası Rusiya təxribatlara son qoyaraq danışıqlar masası arxasında oturmağa Ermənistana imkan vermir.
Moskva prosesdə sülhün əldə olunmaması üçün Ermənistan vasitəsilə bu təxribatları törədir. Ermənistanın da bu fonda başqa yolu yoxdur. Savaşa girmək imkanlarını da tamamilə itiriblər. Diplomatik sahədə də uğursuzluqlara düçar olmaqdadırlar. Bu fonda belə təxribatlara getməklə dünyanın diqqətini ona yönəltmək istəyirlər ki, atəşkəs adı altında kimlərsə onları himayə etsin. Amma atəşkəs o zaman ola bilər ki, işğalçı ordu Ermənistan Azərbaycan sərhədinə çəkilsin. İndiki halda isə hansı atəşkəsdən söhbət gedə bilər ki? Təxribatlara getməklə İrəvan həm də çalışır ki, özləri törətdiyi hadisələri Azərbaycanın üzərinə yıxsın və baş verənləri guya məhz Bakının törətdiyi kimi göstərsinlər. Daxili auditoriyaya isə guya güclərinin olduğunu və keçən ilin aprel savaşındakı məğlubiyyətlərinin təsadüf olduğunu göstərmək istəyirlər. Bütün bunların heç bir mənası yoxdur.
Hesab edirəm ki, Azərbaycan tərəfi mütəmadi olaraq düşmənə tutarlı cavablar verəcək. Hər hansı vaxt limiti ərzində Ermənistan Azərbaycanla olan sərhədə doğru çəkilməsə, milli ordumuz düşmənə sonuncu ağır zərbəsini vuracaq. Ondan sonra da bilinməyəcək, Ermənistan adlı dövlət olacaq, ya olmayacaq”.


Rüfət NADİROĞLU
Bu xəbər oxucular tərəfindən 859 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed