Şrift:
Türkiyədə Şuşanın işğalının 20-ci ildönümü münasibətilə konfrans keçirilib
08.05.2012 [11:10] - Xəbərlər
Azərbaycanın Türkiyədəki səfirliyi bazar ertəsi günü Anadolu Agentliyinin mərkəzi binasının konfrans salonunda Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 20-ci ildönümü münasibətilə konfrans təşkil edib. Bunu Trend-ə Azərbaycanın Türkiyədəkı səfirliyin mətbuat katibi Elsevər Salmanov bildirib.
Tədbirdə səfirliyimizin əməkdaşları, Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 20-ci ildönümü münasibətilə səfirliyimiz tərəfindən təşkil olunmuş tədbirlərdə iştirak etmək məqsədilə Ankarada səfərdə olan millət vəkili Qənirə Paşayeva, Türkiyənin müxtəlif informasiya qurumlarının nümayəndələri, çox sayda ictimaiyyət nümayəndələri, Ankarada təhsil alan tələbələr və Anadolu Agentliyinin əməkdaşları iştirak ediblər.
Tədbir Şuşa haqqında hazırlanmış müfəssəl sənədli filmin nümayişi ilə başlayıb.
Daha sonra çıxış etməsi üçün səfir Faiq Bağırov kürsüyə dəvət olunub. O, öz çıxışında Şuşamızın tarixi bir Azərbaycan şəhəri olmasından, ermənilərin tarixin müxtəlif zamanlarında müxtəlif dövlətlər tərəfindən regionumuza köçürülməsindən, hazırki Ermənistan dövlətinin tarixi Azərbaycan torpaqları üzərində qurulmasından, güclənən Azərbaycanın, Dağlıq Qarabağ probleminin həlli istiqamətində bu gün davam etdirdiyi diplomatiya yolunun ölkəmiz üçün yeganə seçim olmadığından və möhtərəm Prezidentimiz İlham Əliyevin "Biz bir qarış da öz torpaqlarımızdan güzəştə getməyəcəyik" sözlərinin gənclər üçün önəmli bir şüar olduğundan söz açıb.
Ardından söz millət vəkili Qənirə Paşayevaya verilib. Qənirə xanım Paşayeva öz çıxışında işğal olunmuş Azərbaycan torpaqlarında, xüsusilə də Şuşada ermənilərin törətdikləri vəhşiliklərin və mədəni-tarixi-dini abidələrə qarşı erməni vandalizminin təkcə Azərbaycana qarşı yox, bütün dünya mədəniyyətinə qarşı həyata keçirildiyini qeyd edərək, dünya ictimaiyyətinin, xüsusilə də BMT kimi mötəbər beynəlxalq qurumların səssizliyindən bəhs etmişdir. O, həmçinin Türkiyə KİV-inin Azərbaycana qarşı yönəldilmiş ədalətsizliklər barəsində duyarsızlığından da söz açaraq bəsit və mənasız mövzular yerinə, mühüm həyati məsələlərin KİV-də daim aktual saxlanılmasının vacibliyini vurğulayıb.
Tədbirin sonunda iştirakçılara, Şuşa ilə bağlı sənədli filmin CD-si, Şuşadakı tarixi abidələr haqqında jurnal və Qənirə xanım Paşayevanın müəllifi olduğu "Bağanis Ayrım" kitabı təqdim olunub.
Qeyd etmək istərdik ki, səfirliyimiz Türkiyə KİV-ində Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 20-ci ildönümü münasibətilə (8 may tarixində yayımlanacaqlar) müxtəlif məqalələr və televiziya proqramlarının yayımını da təşkil edib.
Bu xəbər oxucular tərəfindən 967 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed