Şrift:
Avropa Şurasında Ermənistanın narkotiklərin becərilməsi və tranzitindəki cinayətlərindən bəhs edildi
01.07.2017 [11:51] - Gündəm, Hüquq
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının iyunun 30-da keçirilən plenar iclasında həftənin əvvəlində başlanmış sərbəst müzakirələr davam edib.

Sərbəst müzakirələrdə deputatlar sessiyanın gündəliyində əksini tapmayan, amma aktuallıq kəsb edən məsələlərlə bağlı fikirlərini ifadə ediblər. Müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da çıxış edərək ciddi bir problemdən - beynəlxalq terrorizmdən, narkotiklərin geniş miqyasda becərilməsi və beynəlxalq nəzarətdən tam kənar şəkildə dövriyyəsindən söhbət açıb.

Bildirib ki, son 25 ildə hər yay fəslində Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağa bitişik 7 rayonundan bir neçəsində erməni silahlı qüvvələri yanğınlar törədirlər. Elə 2-3 həftə öncə işğal altındakı Ağdam rayonunda Ermənistan ordusunun törətdiyi belə yanğınlar barədə rəsmi məlumatlar yayılıb.

R.Hüseynov qeyd edib ki, Ermənistan işğal altında saxladığı həmin Azərbaycan torpaqlarını əsasən iki məqsəd üçün istifadə edir. Bu nəzarətdənkənar ərazilərdə 25 ildir terrorçuların təlim düşərgələri yerləşdirilir və bir zamanlar azərbaycanlıların taxıl və digər kənd təsərrüfatı məhsulları yetişdirdikləri torpaqlarda indi ermənilər narkotiklər əkib-becərirlər. Hər ilin yayında növbəti məhsul toplandıqdan sonra izi itirmək məqsədilə narkotik plantasiyaları yandırılır. Narkotiklərdən əldə edilən çirkli pullar isə Ermənistan dövləti tərəfindən terrorizmin dəstəklənməsinə və silahlanmaya yönəldilir. Əks təqdirdə, iqtisadiyyatı çox dərin böhran vəziyyətində olan, səfalət içərisində olan bu ölkə silahlanmaya yönəltdiyi milyonları qazana bilməz.

Deputat vurğulayıb ki, Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində narkotiklər yetişdirməsi ilə bağlı məlumatlar ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən aerokosmik müşahidə və çəkilişlər zamanı təsbit edilən, rəsmi hesabatlarda əksini tapan faktlardır. O, dünya birliyinin, eləcə də Avropa Şurasının bu dəhşətli problemlərlə əlaqədar təxirəsalınmaz tədbirlər görməsinin vacibliyini diqqətə çatdırıb.

“Dünyada hamı terrorizmi pisləyir, narkotiklərin əkilib-becərilməsi, ticarəti və transferi ilə bağlı narahatlığını ifadə edir, amma Ermənistanın törətdiyi bu boyda dəhşətlərin bütün dəlil-sübutu ortada ola-ola buna qarşı hansısa konkret tədbirlər görməyə, həyəcan təbili çalmağa biganəlik göstərilir. Bəlkə beynəlxalq birlik Ermənistanın ifasında terrorizmi də humanist bir aksiya kimi qavrayır və narkobiznesi də mədəni ticarətin məqbul şəkillərindən biri kimi qəbul edir?! Ermənistan ordusu işğal altındakı təzə məhsul toplanmış ərazilərdə yanğınları bu gün də törətməkdədir. Həmin alovların arxasında dayanan müdhiş həqiqətə qarşı qəti mübarizə hamının, o cümlədən Avropa Şurasının birbaşa vəzifəsidir. Məgər hərəkətə gəlmək üçün həmin alovda bilavasitə yanmağa qədər gözləmək lazımdır?” - deyə R.Hüseynov fikirlərini tamamlayıb.
Bu xəbər oxucular tərəfindən 636 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed