Şrift:
Azərbaycanlılar Ermənistanın Almaniyadakı səfirliyi qarşısında etiraz aksiyası təşkil edib
10.07.2017 [10:29] - Gündəm, Diaspor
İyulun 9-da azərbaycanlılar Ermənistanın Almaniyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.

Dünya Azərbaycanlılar Assambleyası və Alman-Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə reallaşan aksiyada iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin və mülki obyektlərinin atəşə tutulması nəticəsində Sahibə Allahverdiyeva və nəvəsi 2 yaşlı Zəhranın həlak olması insanlığa qarşı cinayət kimi qiymətləndirilib. Soydaşlarımız bu hadisəni Ermənistan dövlətinin təcavüzkar və terrorçu mahiyyətini əks etdiridiyini vurğulayıblar.

Aksiyada Ermənistanın işğalçılıq və soyqırımı siyasətinə etiraz ifadə edən şüarlar səsləndirilib, 4 iyul təxribatı zamanı həlak olmuş 2 yaşlı Zəhra Quliyevanın fotoşəkillərindən ibarət plakatlar nümayiş etdirilib.

Çıxış edənlər xarici ölkələrdə, o cümlədən Almaniyada yaşayan azərbaycanlıların baş vermiş hadisədən sarsıldığını, dünya birliyindən bu faciəyə ədalətli qiymət verilməsini gözlədiklərini bildiriblər. Qeyd olunub ki, dinc sakinlərin həlak olması faktlarının təkrarlanması bir daha göstərir ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə mövcudluğu regionda sülhün təmin olunmasına, münaqişənin danışıqlar masası arxasında həll edilməsinə maneə yaradan başlıca amildir.

Soydaşlarımız Azərbaycan dövlətinin ölkənin ərazi bütövlüyünün bərpası yönündə bütün addımlarını dəstəklədiklərini ifadə ediblər. Bildirilib ki, bu hüznlü hadisə bütün dünya azərbaycanlılarının kədər və hiddətinə səbəb olmuşdur.

Daha sonra işğalçı ordunun bugünə qədər dəfələrlə uşaq ölümlərinə səbəbkar olması və yüzlərcə uşağı qətl etməsinə etiraz olaraq səfirliyin giriş qapısına gəlincik buraxılmışdır. Bu addımın simvolik mənası həm də ondan ibarətdir ki, bu gün Ermənistan cinayətkar hakimiyyəti oyuncaqları ilə oynamalı olan körpələri qətl edir.

Piketin sonunda iştirakçılar adından səfirliyin poçt qutusuna Ermənistan hakimiyyətinə etiraz bəyanatı atılıb.
Bu xəbər oxucular tərəfindən 791 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed