Şrift:
ALXANLI HADİSƏLƏRİNDƏN SONRA MÜHARİBƏ RİSKİ ARTIB
19.07.2017 [09:57] - Xəbərlər, Siyasət, Hərb, Özəl xəbər, Fərəc Quliyev
Ermənistan isə status-kvonun saxlanması üçün çalışır
“Danışıqların yalnız bir predmeti ola bilər ki, ermənilər Azərbaycan torpaqlarını hansı formada tərk etsinlər”

"Qarabağda münaqişə yenidən alovlana bilər”. Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov deyib. N.Məmmədov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi artıq 25 ildir davam edir, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizi isə işğal altındadır:

"Lakin nədənsə, problemi "dondurulmuş münaqişə” kimi görmək cəhdləri zəifləmir. Əminliklə demək olar ki, bu münaqişə geosiyasi oyunların nəticəsidir”. Onun sözlərinə görə, nə qədər ki, bu oyunlar davam edəcək, nəticə dəyişməyəcək: "Gürcüstan, Moldova və Ukrayna bunun əyani sübutudur”. Xarici işlər naziri Elmar Məmmədyarov da regionun ciddi təhlükə ilə üz-üzə qaldığını bəyan edib. Ermənistanın təxribatlarına diqqət çəkən nazir "görüş xatirinə görüş keçirilməsinin” lazımsız olduğunu vurğulayıb: "Münaqişənin dinc yolla həllinə imkan verməmək üçün Ermənistan tərəfi müxtəlif təxribat və bəhanələrə əl atır. Danışıqlar prosesini davam etdirmək üçün şərtlər irəli sürür. Hadisələrin xronologiyası göstərir ki, Ermənistan bilərəkdən vəziyyəti gərginləşdirir. Düşmən ölkə hər vasitə ilə status-kvonun saxlanmasına və işğalı davam etdirməyə çalışır”.

Ümumiyyətlə, iyulun 4-də Alxanlı kəndində baş verən təxribatdan sonra Qarabağda müharibə riski artıb. Ermənistanın işğalçı və vəhşi mahiyyətini bir daha ortaya qoyan bu hadisə rəsmi Bakının diplomatik cəbhədə ermənilərə ağır zərbələr vurması ilə nəticələndi. Qanlı hadisə Azərbaycanın öz torpaqlarını müharibə yolu ilə azad etmək üçün hər cür əsasının olduğunu sübut etdi. Ekspertlərə görə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin ikinci bəyanatı, xüsusən Ermənistanın görüşlə bağlı iddialar səsləndirməsi Azərbaycan cəmiyyətində "müharibədən başqa yol yoxdur” çağırışlarını qismən də olsa neytrallaşdırmağa hesablanıb. Son günlər ölkə rəsmilərinin məsələyə yanaşmasından da görünür ki, təxribatçı və işğalçı Ermənistanın hiyləgər həmlələrinə hərbi əməliyyatlarla cavab verməkdən başqa çarə yoxdur. Çünki nə təcavüzkar Ermənistan, nə də ona havadarlıq edən güclər problemin sülhlə həllinə yanaşmırlar.

Münaqişə ətrafında cərəyan edən proseslərlə bağlı "Şərq”ə danışan millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib ki, Xarici İşlər Nazirliyi dəfələrlə bəyan edib ki, ermənilər görüşlərdən boyun qaçırır və zaman qazanmağa çalışırlar:

"Ermənilər vaxt udmaq üçün guya payız ayında prezidentlərin görüşünün ola biləcəyini ortaya atırlar. Özlərini naza qoymaları da göstərir ki, düşmən status-kvonu qoruyub saxlamağa çalışır. Onlar prosesi istənilən formada uzatmaqda maraqlıdırlar. Azərbaycan tərəfindən atılması mümkün bütün addımlar atılıb. Həm də dünya birliyinə göstərmişik ki, istənilən vaxt problemi hərbi yolla həll edə bilərik. Keçən ilin aprel qələbəsinin bir addımlığında beynəlxalq güclər məsələyə müdaxilə etdilər. Dedilər ki, münaqişə danışıqlar yolu ilə həll olunmalıdır. Biz də ermənilərə vaxt verdik, təəssüflər olsun ki, heç nə həll olunmadı. Hesab edirəm ki, artıq düşmənə verilən vaxt kvotası bitib”.

Millət vəkilinin sözlərinə görə, danışıqların yalnız bir predmeti ola bilər ki, ermənilər Azərbaycan torpaqlarını hansı formada tərk etsinlər:

"Əgər Ermənistan tərəfi bu düsturla masaya oturursa, o zaman danışığa getmək olar. Müzakirə ediləsi başqa heç nə qalmayıb. Bütün mənalarda hər məsələyə toxunulub və ermənilər Rusiyanın diktəsi ilə pozucu mövqelərini nümayiş etdiriblər. Ona görə də düşünürəm ki, ermənilərə torpaqlarımızı tərk etmələri üçün konkret vaxt vermək lazımdır. Məsələn, deməliyik ki, "iki ay ərzində ərazilərimizi boşaldın”. Onların torpaqlarımızı boşaltması ilə bağlı mexanizmi də açmalıyıq. Düşmənlə sadəcə bu mexanizmi müzakirə etmək üçün masaya oturmaq lazımdır. Əks halda, dərhal hərbi əməliyyatlara başlamalıyıq”.

İsmayıl
Bu xəbər oxucular tərəfindən 691 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed