Şrift:
Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşması regiona təhdiddirmi?
19.07.2017 [14:21] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Ekspertlərin fikrincə, Azərbaycan-Türkiyə-Gürcüstan hərbi alyansının yaradılmasının vaxtı gəlib çatıb

Məlum olduğu kimi, Rusiya Dövlət Duması Ermənistanla ötən il noyabrın 30-da Moskvada imzalanmış birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında sazişi ratifikasiya edib. Sazişdə qeyd olunur ki, Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılmasının əsas məqsədi Qafqaz kollektiv təhlükəsizlik bölgəsində hərbi təhlükəsizliyin təmin edilməsidir. Müqaviləyə əsasən, birləşmiş qoşun qruplaşmasının əsas vəzifələri Rusiya və Ermənistana qarşı birbaşa hücum hazırlığını müəyyənləşdirmək və dəf etmək; hər iki ölkənin dövlət sərhədini qorumaq; hərbi-kosmik məkanda Rusiya və Ermənistanın dövlət sərhədlərinin mühafizəsini həyata keçirmək; hər iki ölkənin qoşunlarının və bölgədəki strateji obyektlərinin havadan müdafiəsində iştirak etməkdir. Saziş Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının idarə olunması üçün birləşmiş komandanlığın yaradılmasını nəzərdə tutur.

Bu birləşmiş qoşun qruplaşmasının yaradılmasını digər Cənubi Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana qarşı təhdid hesab etmək olarmı? Həmçinin Ermənistanın Türkiyə ilə həmsərhəd olduğunu nəzərə alsaq, bu bilavasitə Türkiyəyə və onun timsalında NATO-ya meydan oxumaq anlamına gəlirmi?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevbildirdi ki, Ermənistan Rusiyanın forpostudur, əyalətidir: "Ermənistanın xarici siyasətində, hətta daxili siyasətində Rusiya böyük rol oynayır. Rusiya Minsk qrupunun həmsədri olmasına baxmayaraq, mütəmadi olaraq birtərəfli qaydada Ermənistanın yanında olub və bitərəf mövqedən çıxış etmək əvəzinə, rəsmi İrəvana dəstək olub, silah verib. Hətta danışıqlar masasında Ermənistanın tərəfini tutub və bəzi məqamlarda danışıqların baş tutmaması üçün mövqe sərgiləyib. Qarabağ müharibəsini Rusiya başladıb, indi isə bütün imkanları ilə Ermənistanı himayə edir. Bitərəf mövqeyini, vasitəçilik missiyasını qorumayıb, həmişə forpostu olan ölkəyə dəstək olub. Bu yaxınlarda da işğal olunmuş ərazilərdə Ermənistanın sərhəd qoşunları ilə birlikdə təlimlər keçiriblər. Bütün bunlar Rusiya tərəfindən pozucu hərəkətlərdir. Hesab edirəm ki, Azərbaycan öz müttəfiqləri siyasətinə yenidən baxmalıdır, NATO-ya inteqrasiyanı sürətləndirməlidir. Hətta bu alyansa üzv olmaq üçün müraciət etməlidir”.

F.Quliyev əlavə etdi ki, Azərbaycanın Rusiyaya qarşı xoşməramlı münasibətinin olmasına baxmayaraq, ölkəmiz bunun əksini görür: "Amma Rusiyanın hərəkətlərində də bir dəyişiklik olmalıdır. Azərbaycan Rusiya ilə birlikdə layihələr həyata keçirir, dövlətlərarası münasibətlərə xüsusi yer verir, uşaq bağçaları, məktəblər tikirik. Lakin bunun müqabilində Azərbaycan bu ölkənin fərqli münasibətini görür. Ona görə də müttəfiqlərlə bağlı siyasətimizə yenidən baxmalıyıq. Eləcə də türk cümhuriyyətləri ilə münasibətlərimizi nəzərdən keçirməliyik. Bir sözlə, Rusiyanın atdığı addımlara qarşı adekvat münasibət sərgiləməliyik”.

Politoloq Fikrət Sadıxov bildirdi ki, Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılması regional təhlükəsizliyə mənfi təsir göstərən amildir: "Bu məsələni araşdırsaq, ilk növbədə bunun məqsədləri aydınlaşdırılmalıdır. Əgər onlar Ermənistanın ərazisini müdafiə etmək istəyirlərsə, etsinlər. Bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur. Əksinə, ermənilər Azərbaycan torpaqlarını işğal edib. Amma əgər bu qoşun birləşməsinin yaradılmasını Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlayırlarsa, düşünürəm ki, bu yanlış bir addımdır. Eyni zamanda hesab edirəm ki, bu məsələnin Dağlıq Qarabağla bağlılığı yoxdur. Sadəcə olaraq, iki dövlət arasında imzalanmış sənəddir. Bir incə məqam da ondan ibarətdir ki, bu qoşun qruplaşmasının komandanlığı Rusiya tərəfində olmalıdır və olacaq da. Ən pis halda buna erməni rəhbərlik edəcəksə, yenə də arxasında Rusiya dayanacaq. Çünki biz bilirik ki, Ermənistan Rusiyanın bir subyekti kimi fəaliyyət göstərir və onun maraqlarını müdafiə edir”.

F.Sadıxovun xatırlatdı ki, Azərbaycan-Türkiyə-Gürcüstan birgə hərbi təlimləri keçirilir: "Bundan irəli gələrək, artıq üç ölkə arasında bir hərbi alyansın yaradılmasının vaxtı gəlib çatıb. Çünki Azərbaycan Türkiyə ilə bir sıra sahələrdə, o cümlədən hərbi-texniki əməkdaşlıq sahəsində müqavilələr imzalayıb. Türkiyə hər zaman Azərbaycanın yanındadır və həmişə bəyan edir ki, bizim ölkənin maraqlarını dəstəkləyəcək. Eyni ilə Azərbaycan Gürcüstanla strateji tərəfdaşdır. Bu kontekstdə hesab edirəm ki, üç ölkənin birgə hərbi alyansı, ittifaqı və ya qruplaşması yaradıla bilər. Fikrimcə, bu heç kimdə sual yarada bilməz. Çünki hər üç ölkənin bir sıra istiqamətlərdə maraqları eynidir. Bizim həm iqtisadi, siyasi, həm də regionun təhlükəsizliyi məsələsində mövqelərimiz üst-üstə düşür. Hesab edirəm ki, belə bir məqam yetişib və indi üç ölkə arasında hərbi alyansın yaranması ilə bağlı müzakirələri apara bilərik. Adından asılı olmayaraq, üç ölkə arasında hərbi-texniki əməkdaşlığın əsası qoyulmalıdır. Eyni zamanda digər məsələlər, misal üçün, regional təhlükəsizlik, siyasi əməkdaşlıq, enerji layihələrinin müdafiəsi və sair sahələrdə də əməkdaşlıq bura daxil edilməldir. Onsuz da üç dövlət eyni mövqedən çıxış edir və hərbi alyansın yaranması ümumi maraqlara cavab verə bilər”.

Bəxtiyar MƏMMƏDLİ
Bu xəbər oxucular tərəfindən 791 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed