Şrift:
Azərbaycan və Anadolu şəriət davaları ilə bölünə, Türk İrfan İdrakı ilə bütünləşə bilərlər - Dimes Hak Alerli
22.07.2017 [12:15] - Xəbərlər, Müsahibə
Şah İsmayıl Xətainin qurduğu dövlət haqqında, Qızılbaşlıq barəsində mətbuat və televiziyalarda zaman-zaman müzakirələr aparılır. Bəzi hallarda isə bu müzakirələr mübahisə predmetinə çevrilir və nəticədə də heç bir sonuca varılmır. Bütün bu məsələlərə aydınlıq gətirmək üçün Türkiyədə yaşayan həmyerlimiz Dimes Hak Alerli görüşüb mövzu ətrafında söhbət etdik.

- Şah Xətai ilə bağlı müəyyən araşdırmalarınız var. İstərdim bu yöndə söhbət edək.

- İstanbuldan Azərbaycanı izləyərkən son üç-dörd ildə istər televiziyalarda, istərsə də mətbuat səhifələrində, özəlliklə də məlum şəxsin Şah Xətai ilə bağlı iftiralarını dilə gətirdiyi kitabı ilə bağlı bir çox mükaliməni gördüm. Sözün həqiqi mənasında bir fırtına vardı. Çaldıran savaşının 500 iliyi ilə bağlı bu məsələni sürəkli olaraq gündəmə gətirdilər. Nədənsə Şah Xətaidən söhbət düşəndə həmişə Çaldıran savaşını önə çıxarırlar. Halbuki Şah Xətai 1501-ci ildən Şah Xətaidir və onun 1501-ci ildən 1514-cü ilə - Çaldıran savaşına qədər qazandığı xeyli qələbələri var və üstəlik də 1501-ci ildən 1512-ci ilə qədər ünsiyyətdə olduğu Osmanlı padişahı II Bəyazidlə ata-oğul münasibətlərində olublar. Onların münasibətləri o qədər səmimi olub ki, 1508-ci ildə Şah Xətai Zülqədər oğullarına qarşı döyüşə gedərkən II Bəyaziddən öz qoşunu ilə Osmanlı ərazisindən keçmək icazəsi almışdır. Yəni, bir dövlət digər dövlətə qoşununu öz ərazisindən keçməyə izin verə biləcək qədər güvənib.

- Bəs, birdən birə necə oldu ki, məsələ belə böyüdü?

- Bu bir başqa söhbətin mövzusudur. Amma deyim ki, Şah Xətai ilə bağlı danışanda iblisin ən böyük silahlarından biri olan yöntəm işə düşür. O da budur: Şah Xətaini Xətai edən məqamları, xüsusları deyil, daha çox zahirdə baş vermiş olayları – Çaldıran savaşı kimi təfriqə törədə, Anadolu və Azərbaycan arasındakı münasibətləri gərginləşdirə biləcək xüsusları önə çəkirlər. Zahiri əlamətləri - “Şah Xətai böyük sərkərdə olub”, “iki milyon səkkizyüz kvadrat kilometr ərazidə dövlət qurub”, “Səfəvilər dövlətini qurub” və s. qabardırlar. Bu baxış bizi əsas məsələdən yayındırdığı üçün yanlışdır. Biz Şahı sadəcə sərkərdə olduğuna və o qədər ərazidə dövlət qurduğuna görə ön plana çıxarsaq, o zaman qeyri-səmimi oluruq. Çünki ərazinin böyüklüyündən çox Şahın məna aləmindəki, inanc mühitindəki böyüklüyündən danışmaq lazımdır. Tarixən bütün dövlətlər inanc formalaşdırıb, amma Şah Xətainin qurduğu dövləti MƏHZ İNANC yaradıb. Arada çox böyük fərq var.

- Yeri gəlmişkən, bir qism insanlar deyir Şah Xətai Səfəvilər dövlətini qurub, digərləri də Xətainin Səfəvilər yox, Qızılbaşlar dövlətini qurduqlarını deyirlər. Həqiqətən də, Şah Xətainin qurduğu dövlətin adı nə idi?

- Şah Xətainin babası Şeyx Cüneydin 1460-cı ildə əmisi Cəfərlə münasibətləri gərginləşir və Cəfər Qaraqoyunlu dövlətinin dəstəyini alaraq şeyxlik iddiasında olur. Amma Şeyx Cüneyd Qızılbaş idrakını orataya çıxaran ilk insandır. Onun Anadoluya gələrək Şeyx Bədrəddindən qalan militan - döyüşçü dərvişləri, qaziləri ətrafında toplamağa cəhd göstərməsi, bu işdə bacarıqlı olması və güclü bir qüvvəyə çevrilmə reallığı Osmanlıyı da, Ağqoyunluları və digər bəylikləri də narahat edirdi. Yaranan durum onu məcbur edir ki, Dağıstana doğru səfərə çıxsın. Oraya doğru cihad elan edir və elə orada da öldürülür. Şeyx Cüneyd 1460-cı ildən Səfəvi təriqətinin dönüb Qızılbaş inancı ilə var olma mexanizmini ortaya qoyan şəxsdir. Yeri gəlmişkən deyim ki, Səfəvilik Qızılbaşlığı ehtiva etməyən qavramdır. Çünki Səfəvilik bir şəxsin - Şeyx Səfinin buyruqlarını və onun şəxsiyyətini əldə əsas götürən bir təriqətdir. Ümumiyyətlə, təriqətlər bir Pirin örnəyi ilə var olan dini-mənəvi icmalardır, o şəxsin örnəyi üzərindən yola çıxmaqdır. Qızılbaşlıq isə təriqət məqamı deyil, mərifət məqamıdır. Orada bir nəfərə inanılmır. Orada şəxsləri KAMİL şəxsiyyət olaraq var edən MƏNA- Əli”nin Kəbədə doğulması sirrinin idrakına dayanan inanc ön plandadır. Yəni, Qızılbaşlıq bir inancdır, o şəxsiyyətlər də inanc ətrafında birləşirlər. İndi bəziləri fəxrlə deyirlər ki, bizim tayfa Şahsevənlərdir. Şahsevənlik Şah Abbasın dövründə ortaya çıxarılmış bir qavramdır. Orada artıq inancı yox, Şahı sevmək, ona bağlılıq əsasdır. Hətta Şahsevən hərbi qruplaşmasını Şah Abbas Qızılbaşlara qarşı istifadə edib. Qızılbaşlıqda isə önəmli olan A, B, C şəxsiyyəti deyil, o şəxsiyyətləri var edən inancdır. Şeyx Səfidə onun yardımı ilə qurtulmağa çalışanlar var, Qızılbaşlıqda isə hamı ən azı Şeyx Səfi olmaq iddiasında və bunu gerçəkləşdirəcək potensialdadır. Və ona görə Qızılbaşlar daha dinamik, daha savaşçı, daha güclü şəxsiyyətlər kimi, daha dərin idrakla, xidmətlə, savaşla var olublar. Bu zamana qədər Səfəvi təriqətinin 200 ildən çox müddətdə ortaya qoya bilmədiyi gücü, mənəvi boyutu ilə bu qədər əraziyə hökm edə bilmə gerçəyini Qızılbaşlar qoydular. Bu inancın təsir gücü daha çoxdur. Qızılbaşlığın içərisində Səfəvilik də, Cəfərilik də var. Amma Səfəviliyin içərisində Qızılbaşlıq yoxdur. Şah Xətai hamıdan yaxşı bilirdi ki, onun ulu babası Şeyx Səfidir, bu təriqətin adı Səfəvi olub. Şah Xətai Qızılbaş olma israrını öz şeirlərində ifadə edib.

Ürəyi dağ olmayınca, bağrı qanlı lalə tək

Heç kimin ki, həddi yoxdur kim Qızılbaş olmaya

- Dediklərinizdən o qənaətə gəlinir ki, Şah Xətainin qurduğu dövlətin adı Səfəvilər yox, Qızılbaşlar dövləti olub.

Azərbaycan və Anadolu şəriət davaları ilə bölünə, Türk İrfan İdrakı ilə bütünləşə bilərlər - Dimes Hak Alerli

- Zatən o dövrün sənədlərində də dövləti aliyi Qızılbaşlar kimi yazılırdı. Nihat Çətinkayanın “Qızılbaş Türklər” kitabını incələsiniz bunu görəcəksiniz. Onlar özlərinə və dövlətlərinə Qızılbaşlar deyiblər.

- Bəs o zaman Qızılbaşlar adlanan dövləti niyə Səfəvi dövləti kimi qələmə verirlər?

- 1500-cü ildən etibarən Şah zühur elədi... Şah əvvəl mürid olub, sonra Pir, sonra da Şah olub. Onun 1500-cü ildə səfərə çıxamsı, özəlliklə də Bakıda olması, Azərbaycanın şimalı ilə cənubunu birləşdirməsi, Anadoludan gələn Qızılbaş tayfaları ilə bütünləşib, nəinki Azərbaycan, Anadolunun da bir qismini özündə birləşdirən bir dövlət yaratması prosesi var idi. Bu prosesdə bir çox Qızılbaşlar döyüşlərdə həlak oldular, həmin Qızılbaşlar Şah Xətaini uşaqlığından qoruyub, şahlığa gedən prosesdə ən böyük yardımçısı olan insanlardır. Xüsusən də 1514-cü ildə Çaldıran savaşında çox böyük simaların həlak olduğunu görürük – Ustaclı, Əbdi Bəy, Xəlifətül xüləfa Xadim bəy və s. Xəlifətül xüləfa Şahın sirlərinin sahibidir, ən böyük xəlifəsi idi. Bunlar çox böyük itkilərdir. Sonrakı dövrlərdə də Şah sadəcə qılınc gücünə bu böyük dövləti Qızılbaş hürriyyəti, məntiqi, məzmunu ilə qurmaq çətinliyini hiss elədi. Çünki Qızılbaşların bir qismi savaşlarda, bir qismi də öz əcəli ilə ölürdülər. Şah 1514-cü ildən sonra Şahlıqdan çox Pirliyə dönür və Qızılbaş elminin əsaslarının daha geniş kütləyə necə çatdıra bilərik məsələsi yönündə iş aparmaq istədi. Amma çox təəssüf ki, 1514-cü ildən 1524-cü ilə qədər də məcbur qalıb kənardan ölkəyə olan hücumların qarşısını alıb. Onu da deyim ki, Şah heç bir zaman birinci hücum etməyib. Onun dərdi Azərbaycanı bütövləşdirmək, Türkmanın əzilmiş haqlarını, hüquqularını bərpa etmək idi.

- Belə bir iddia da var ki, Şah Xətai sünnü dünyasını bölüb...

- O zaman sual edirəm, Sultan Mehmet Fateh də, Uzun Həsən də sünnü idi. Amma Otluq belində üç gün döyüş etdilər. 1402-ci ildə Ankarada Teymurlənglə İldırım Bəyazid arasında faciəli bir savaş oldu. Bunların da hər ikisi sünnü idi. Məgər böyük dedikləri Topal Teymur Azərbaycan və Anadolunu xaraba qoymadımı? İki yüz ilə yaxın bir müddətə baxanda Azərbaycanın başı üzərindən qara buludlar əskik olmayıb. Azərbaycan həmişə fərqli işğalçıların xaraba qoyduqları bir yer olub. Və Qızılbaşların zühuru ilə bu bölünmüş, parçalanmış bir ərazi bütünlüyünü Azərbaycan şəxsiyyətinə dönüşdürəbiləcək bir nüvəni ortaya qoya bildi. Azərbaycan sadəcə Şah Xətai dövründə şimalı-cənubu ilə bir olub. Araşdırın, başqa zamanlarda belə bir bütövlük görmüsünüzmü. Yoxdur. Mütləq kənarda qalan hissələr, bölünmələr olub. Yəni, Qızılbaş inancının şiddət gücü Səfəvilərdən qat-qat üstündür. İkincisi də Səfəvilik təriqət məqamıdırsa, Qızılbaşlıq isə mərifət məqamıdır. Şah Xətainin Qızılbaş elmini ortaya qoyub Qızılbaş Pirlərini, Qızılbaş inancını, idrakını daha geniş kütləyə yaymaq, Qızılbaş Pirləri yetişdirmək arzusu yarımçıq qaldı. Çünki Şah 1524-cü ildə 37 yaşında dünyasını dəyişdi. Bunu da yazırlar ki, Şah Xətai anidən öldü.

- Yazılanlar doğru deyil?

- Bizdə əminlik var ki, Şah öldürülmüşdür. Çünki 37 yaşında gücü özündə olan bir adam getdi Şəkidə öldü. Şəkidə olarkən ona ov etmək istədiyi yerə getməməsini deyiblər, guya orada lənət var, ov edərdisə öləcək. Və Şah da onlara qulaq asmayıb o yerdə ov etdi və öldü. Bu dedi-qodudan, xürafatdan başqa bir şey deyil. Çox qəribədir ki, hər zaman xürafatın əleyhinə olduğunu söyləyən alimlər də bu faktı araşdırmaq yerinə kitablarında xalq arasında düşər-düşməz kimi xarakterizə edilən bir yerdə ova getdiyi üçün xəstələndiyini və anidən öldüyünü yazırlar. Bu necə bir xəstəlikdir ki, anidən ölür. Əgər çox ağır bir xəstəlik idisə bu adamı yerindən niyə tərpədirdilər. Şah yolda olarkən ölüb. Şahın yaşamında buna bənzər ağır xəstələnməsi ilə bağlı hər hansı bir fakt yoxdur. Bəs o zaman necə oldu ki, durduğu yerdə öldü. Çox qaranlıq məqamlar var.

- Belə çıxır ki, Şaha qəsd ediblər?

- O dövrün geopolitukasına baxmaq lazımdır ki, kimlər bunu edə bilərdir, kimlərin əli ilə edərdilər, bunu etmək kimlərə sərf edirdi. Amma içimdə belə bir yəqinlik var ki, Şahı çox ağır şəkildə zəhərlədilər. Ola bilsin ki, bu zəhər zaman içərisində öz təsirini göstərən zəhərdir. Bilirsiniz ki, orta əsrlərdə tədricən öz gücünü göstərən zəhərlər olub. Sultan Səlim Yavuz atası II Bəyazidi bu şəkildə öldürdüyünü söyləyirlər. II Bəyazid taxtdan fəraqat edib, bir növ sürgünə göndəriləndə yolda dəstəmaz alarkən əlini saqqalına çəkəndə ovucunda xeyli tük qaldığını görür. Başa düşür ki, zəhərlənib və o zaman oğlu haqqında deyib ki, qılıcın kəskin, ömrün qısa olsun. Yəni bu cür zəhərlər olub.

Mən məsələni tamamən bu olay üzərinə gətirmək istəmirəm, Şahın inancı etibarilə daha öndə olduğu söyləmək istəyirəm. Amma bu mövzunun da araşdırılmasına ehtiyac var. Alimlərimiz bu mövzunu çox ciddi şəkildə tədqiq etməlidirlər.

Azərbaycan və Anadolu şəriət davaları ilə bölünə, Türk İrfan İdrakı ilə bütünləşə bilərlər - Dimes Hak Alerli

- Sizcə bunu niyə edərdilər ki?

- Məncə Qızılbaş inancının qüvvətləndirilməsi yönündə ata biləcəyi addımlardan daha çox qorxdular. Şahın ölümü ilə Qızılbaş inancının zəifləyəciyini təxmin etdilər. Təəssüf ki, elə bir şeylər gerçəkləşdi. Çünki ondan sonra o mənəvi gücü yansıta biləcək başqa bir lider olmadı. Dediyim kimi, Qızılbaş Pirləri döyüşlərdə həlak olmuşdular, sıraları seyrəlmişdi. Bir də o sıralarda amansız Osmanlı hücumları var idi. Onların bu hücumları öndə gələn, qaymaq deyə biləcəyimiz Qızılbaşların öldürülməsinə səbəb oldu. Yəni, döyüşlərdə ön planda bunlar idi. Zaman-zaman, get-gedə seyrəldilər. Sonralar isə bir tərəfdən də şiə zehniyyətinin yavaş-yavaş Şah Abbasın şəxsində daha qabarıq şəkildə ortaya çıxması bu prosesin önünü aldı. Kitabda da vurğuladığım kimi sarayda türk-qızılbaş əyanlarının yerinə erməni və gürcü əsilli əyanların da peyda olması, Osmanlıda sünnü devşirmə siyasətinin şiə devşirmə siyasəti şəklində Şah Abbasın sarayında da özünü biruzə verməsi türkün əleyhinə olan bir prosesdir. İrəliləyən müddətdə Osmanlıda da, Səfəvilərdə də - birində sünnilik axını üzərindən ərəbçilik, digərində də şiə axını üzərindən farsçılıq ekoluna dönüşmüş oldu. Və bir tərəfdə Türkün başına ərəb zehniyyəti, o biri tərəfdə də fars zehniyyəti oturdulmuş oldu.

- Şiəliyin Şah Xətai ilə əlaqəsi yoxdur?

- Yoxdur. Məhz ona görə də kitabda vurğulayıram ki, Şahı Xətainin heç bir əsərində, heç bir şeirində şiə kəliməsi yoxdur, amma Cəfərilik var. Cəfərilik bir elmi idrakdır, şiəlik isə siyasi tərəfkeşlikdir. Yəni Əlinin birinci xəlifə olub olmaması məsələsi öz əhəmiyyətini itirmiş bir məsələdir. Ki, bu həmişə mübahisə mövzusu olub və məzhəb bölünmələrinə gətirib çıxarıb. Çünki Əli ibni Əbutalibin özü həzrəti Fatimənin vəfatından sonra birinci xəlifə Əbubəkirə biət edib. Əgər biz Əlidən çox Əliçi olacağıqsa, bu məsələdə onu haqsız görürüksə o zaman qeyri səmimiyik. Məgər Əli birinci, ikinci və üçüncü xəlifələrə məsləhət verməyib? İslam ümmətinin birliyi xatirinə heç bir zaman bölünməyə getməyib. O zaman biz niyə bölünürük? Birisinin Hənbəli, Hənəfi, Maliki, Şafii, Cəfəri olması məqbuldur, şəriət müstəvisində bunu bir hüquq məktəbi kimi xarakterizə edə bilərik. Götürsək ki, şəriət Quran ayələrinin cüzi bir hissəsidir – orada ailə, cinayət hüququ, əmlak bölgüsü var. Və bu imamlar da fiqh məktəblərində məsələlərin həllinə olanı fərqli baxışlar şəklində ortaya qoyublar. Necə ki, fərqli alimlər, onların da fərqli görüşləri, Roma hüququ, İsveçrə var və heç bir zaman da onlar bir-birinə düşmən olmayıblar. Çox təəssüf ki, İslam dünyasını, özəlliklə də Azərbaycanı sünni-şiə deyə bölənlər daha çox siyasal islamdır. Öz iddialarını imamların və ya əhli sünnənin haqları kimi pərdələyərək topluma yeridib onları qarşı-qarşıya gətirirlər. Azərbaycan da bundan ən çox əziyyət çəkən ölkələrdən biridir.

Bununla bağlı fikirlər kitabda var. 2006-cı ildə yazıb diqqətə çatdırdığım bir xüsusu 2014-2015-ci ildə yazı halına saldım: “Azərbaycan məzhəbçilik virusu və ruhani antivirus proqramı”.

- Deyəsən bu yazılarınız “Ustad” dərgisində nəşr olunmuşdu.

- Yeri gəlmişkən, “Hədəf” nəşrlər evinin rəhbəri Şəmil Sadiqə minnətdarlığımı bildirirəm ki, bu yazıların öncə “Ustad” dərgisində yayınlanmasına vəsilə oldu. Həmin dərgidə çap olunan yazıları bir araya gətirərək “Şah Xətai, Şiə, Səfəvi yoxsa Qızılbaş” deyə bir kitab üzə çıxdı və biz də onu Azərbaycan oxucusuna təqdim etdik.

- Kitabın əsas mövzusu nədən ibarətdir?

Azərbaycan və Anadolu şəriət davaları ilə bölünə, Türk İrfan İdrakı ilə bütünləşə bilərlər - Dimes Hak Alerli

- Kitabda əsas mövzu Türk İrfan İdrakını işığında baxmaqdır məsələyə. Türkiyədə bəzi alimlər var ki, bizim alimlər də onlardan bol-bol sitatlar gətirirlər. Məsələn, Gölpınarlı, Əhməd Yaşar Ocaq, İrem Melikoff və s-lər. Necə ki, təqlidlərə, hansısa imama kor-koranə inamla onların dediklərini, yanlışları bir-birinə ötürürlər, bizim alimlər də o yanlışları istinad edərək digərilərinə ötürməklə məşğuldurlar. Kitabda istər Əhməd Yaşar Ocağın, istər Gölpınarlının, istər İrem Melikoffun subyektiv baxışları ilə yanaşdıqları məsələlərin, onları yanlış, qərəzli interpretasiya verib insanlara təqdim etmələrini faktlarla tənqid etmişik. Bu kitab bir çox kitabların incələnməsindən sonra ortaya çıxıb. Kitabda alimlərin yanlışlarından söz etməklə bərabər - biz buna Türk İrfan İdrakı deyirik – çünki irfani baxış Türkün Əli sevgisinin təməlidir – məzhəblərinə dayalı olmayan bir sevgi olduğunu, eşq olduğunu sübut etmişik. Miskin Abdalın Həzrəti Əlinin Cəbrayıla ustad olması barədə şeiri var. Eyni şeyi pir Ümmü Sinan həzrətlərinin divanında görürük. Ümmü Sinan həzrətləri Xəlvəti təriqəti içərisində çox mühüm bir şəxsiyyətdir, böyük bir Pirdir. Onun şeirində deyilir:

O ki, qüdrət qəndilində vahidən nur ikən

Cəbrayıla mürşid oldun tapdı rahət Mürtəza.

Eyni fikir Şah Xətaidə də, Miskin Abdalda da, Seyid Nəsimidə də və bir də Ümmü Sinan həzrətlərində də var. Yəni Türk İrfan İdrakı deməklə Anadolu və Azərbaycanda XV-XVI əsrdə bir olan baxışın, idrakın sonradan siyasallaşmış islamın, siyasallaşmış şəriətin sünnilik və şiəlik mürtəceliyinin böldüyü bir irfanın ağırısını, acısını ifadə etmişik. Biz öncə ruhən də, idrakən də bir idik. Bu ruhani, inanc, idrak bütünlüyünü, sonradan ki, 300-400 ildir ortadan qaldırıblar, biz onun ağrı-acısını yaşayırıq. Azərbaycan özündəki mənəvi gücü idrak etmiş olsa şəriətin gətirdiyi bəlalardan qurtular, həm də ciddi bir ruhani diaspor yaratmış olar.

- Türkiyəli alimlərin hamısımı siz dediyiniz kimi yanaşır məsələyə?

- Xeyr. Türkiyədəki alimləri tənqid edərkən müsbət anlamda dəyərləndirə biləcək alim qardaşlarımız da var. Məsələn, Fateh Usluər. O, Əhli Həqq Hürufiləri araşdırıb. Onu da qeyd edim ki, hər zaman da obyektiv olub. Məsələni olduğu kimi təqdim edərək, qərar verməyi oxucuların ixtiyarına buraxıb. Onun ortaya çıxardığı ən maraqlı əlyazmalardan biri də Seyid Nəsiminin nəsrlə yazılmış “Müqəddimətül həkayik” əsəridir. Bəzən mübahisə də olur ki, bu Seyid Nəsiminidir, ya yox.

- Həqiqətənmi Seyid Nəsiminin əsəridir?

- Bəli, Seyid Nəsiminidir. Sadəcə Anadoluda Əhli həqq Hürufiliyin daha rahat anlaşılması üçün şeirlərdən ziyadə nəsrlə şeirləri anlatmağa çalışıb.

- Bu kitabdan başqa yeni kitablar yazmağı düşünürsünüzmü?

- Əslində bu kitabın səhifə sayı səksənə yaxındır. Burada təməl parametrlər ələ alınmışdır. Elə XV-XVI yüzillikdəki irfani idrak bütünlüyü ayrıca bir araşdırma mövzusudur. Türkiyədə Xəlvətiliyin təməlini atan şəxsiyyətlərədən Somunçu baba var, onun özü Səfəvi təriqətinin müridi olub. Görürsünüzmü, Anadolu ilə Azərbaycan arasında ortada nə kimi dərin bağlar var. Bunu araşdırmaq lazımdır. Yəni Şəriət, Təriqət, Mərifət, Həqiqət müstəvisində Anadolu və Azərbaycan ortaq nöqtələri nədir? Biz bunları tapa bilsək o zaman ərəb, fars beyin işğalı üsuluna dönmüş şəriət axınlarının əl çatmayacaq yüksəkliyə - Mərifət məqamına varmış oluruq ki, o məqama da Qızılbaşlığın, Əhli Həqq Hürufi elminin çağdaş idrakı Azərbaycanı bir çox mənəvi bəladan qurtarmış olur. İnsanlarımız siyasallaşmış şəriətlə bölünə bilər, necəki bölünüb. Emissarlar gələndə adətən inancı zəif olanları öz təsir dairələrinə salırlar. Təəssüf ki, bu emissarlara qarşı dura biləcək güclü şəriət alimləri yoxdur. Olanlar da ölkədən kənardadır. Sözümün yekunu olaraq qeyd edim ki, Azərbaycanın və Anadolunun mənəvi bütünlüyünü Türk İrfan İdrakı təməlində araşdırıb tapmaq və bu istiqamətdə addımlar ataraq insanlara həm mənəvi bütünləşmə, həm də mənəvi ucalıq idrak şansı verməkdir. Unutmayaq ki, Azərbaycan və Anadolu şəriət davaları ilə bölünə, Türk İrfan İdrakı ilə bütünləşə bilərlər.

Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 1407 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed