Şrift:
Nəriman Nərimanovun Azərbaycanın ərazi bütövlüyü - Naxçıvan uğrunda mübarizəsi - III HİSSƏ
01.08.2017 [10:34] - Xəbərlər, DAVAMın yazıları
(Yazının əvvəlini bu
keçiddən oxuyun)

1920-ci il noyabrın 3-də Rusiyanın vasitəçiliyi ilə türk qoşunları Ermənistana sülh təklifini irəli sürdü, lakin erməni tərəfi bundan imtina etdi. 1920-ci il noyabrın 11-də sovet Rusiyasının ikinci cəhdi də bir nəticə vermədi. Belə vəziyyətdə Kazım Qarabəkir Paşa qoşunlarını Ennənistanın üzərinə yeridərək onun tam təslim olmasına qədər hücumlarını davam etdirdi. Türklərin Ermənistan üzərində qələbəsi əslində bu ərazinin sovetləşməsində bolşevik Rusiyasına kömək etdi. Ermənilərin bu döyüşü “Böyük Ermənistan” uğrunda o dövrün son və məğlub döyüşü oldu. Həmişə olduğu kimi, Rusiyanın ənənəvi erməni siyasəti bu vəziyyətdə də özünü büruzə verdi. Bu da ondan ibarət idi ki, bir tərəfdən, sovet Rusiyası Ermənistanda sovet hakimiyyətini qurmaq istəyir, o biri tərəfdən isə yıxılmağa məhkum olan daşnak hökumətinə müəyyən rəğbət bəsləyirdi. Çünki Rusiyanın Ermənistanda mövcud olan hakimiyyətdən asılı olmayan daimi marağı və bundan irəli gələn siyasəti var idi. O zamanın bəzi mətbuat orqanlarında gedən yazılardan belə nəticəyə gəlmək olar ki, sovet Rusiyası türk qoşunlarının hücumunun qarşısını almaq məqsədi ilə Ermənistanı sovetləşdirməyə məcbur olmuşdur. Bu yazılanlar, sözsüz ki, bir yazarın düşüncəsi olsa da, burada bir həqiqət vardır. Hətta Lenin yazırdı ki, “türk hücumu bizə qarşı yönəlmişdir. Antanta bizə quyu qazırdı, amma özü ona düşdü, çünki biz sovet Ermənistanını aldıq” . 1920-ci il dekabrın 2-də sovet Rusiyası sovet Ermənistanı ilə müqavilə bağlayaraq onun müstəqilliyini tanıdı. Bu münasibətlə Lenin təbrik teleqramında xüsusi vurğulayırdı ki, Ermənistan var gücü ilə Azərbaycanla və Türkiyə ilə “qardaşlıq həmrəyliyi siyasətini həyata keçirəcəkdir”. Deməli, Azərbaycan və Ermənistan arasında ola biləcək hər hansı mübahisəli məsələnin həllində Türkiyənin iştirakı və bir çox hallarda həlledici söz Lenin tərəfindən qəbul edilirdi.

Leninlə yanaşı, bunu hakimiyyətdən endirilmiş daşnak Ermənistanının başçısı Xatisyan da hiss etdi. O, elə həmin gün, dekabrın 2-də Aleksandropolda (Gümrü) Türkiyə ilə sülh müqaviləsi bağladı. Bu müqavilə bir neçə cəhətdən səciyyəvi idi. Müqaviləyə görə tərəflər aralarında mövcud olan müharibəni bitmiş hesab edir və daimi sülh üçün danışıqlara başlayırdılar; Türkiyə-Ermənistan sərhəddi dəqiqləşdirilirdi; Şahtaxtı və Şərur rayonlarında plebissit keçirilənə qədər Naxçıvanda Türkiyənin himayəsi altında idarəetmə formasını və sərhədlərini müəyyənləşdirən yerli özünüidarəetmə yaradılırdı və Ermənistan ona qarışa bilməzdi; müqavilə imzalandığı andan əhaliyə istədiyi yerə köçüb getmək imkanı yaradılırdı; imperialist dövlətlərinin ictimai sakitliyi pozmaq üçün törətdikləri qızışdırıcı hərəkətlərin qarşısını almaq üçün Yerevan Respublikasına daxili qayda-qanunu qorumaq üçün yüngül silahlanmış polis, dövlət sərhəddini qorumaq üçün 20 pulemyot, 8 dağ və ya səhra silahı ilə silahlanmış 1500 nəfərlik muzdlu hərbi qüvvə saxlamağa icazə verilirdi; Ermənistan heç bir ordu saxlamayacağı öhdəliyini öz üzərinə götürürdü və hərbi mükəlləfiyyət keçirə bilməzdi; yuxarıda göstərilənlərə nəzarət etmək üçün Türkiyənin siyasi nümayəndəsi İrəvanda yaşamalı idi; bunun müqabilində daxili və xarici təhlükəyə qarşı mübarizədə Ermənistan Respublikası tələb edirdisə, TBMM hökuməti öhdəlik kimi ona silahlı yardım göstərməyi öz üzərinə götürürdü; Ermənistan ərazisindən Türkiyə üçün təhlükə olardısa, Türkiyə Ermənistana qoşun yeridə bilərdi; Ermənistan hökuməti öz ərazisində yaşayan müsəlman əhalinin mədəni və dini inkişafı üçün şərait yaratmalı idi. TBMM hökumətinin, məcbur olub müharibəyə girdiyindən və iki illik müharibədə ordusunun saxlanmasına böyük xərc çəkdiyindən, Ermənistandan təzminat tələb etməyə haqqı olsa da, humanizm prinsiplərinə hörmət edərək bundan imtina edirdi və s. Bu müqavilə daşnakları hakimiyyətdən saldı. Bundan sonra Rusiya Ermənistanı bolşevikləşdirdi. Türkiyəyə münasibətdə loyal olan bolşeviklərin Ermənistanı nəzarət altına almaqları türkləri rahatlatdı.

Qeyd etmək lazımdır ki, 1920-ci ilin dekabrında türk qoşunları nəinki Naxçıvanda hələ də tam gücü ilə mövcud idi, hətta onlar Qırmızı ordudan say, silah və sursat baxımından daha üstün idilər. Belə bir tarixi şəraitdə N.Nərimanov tərəfindən Naxçıvan haqqında verilən bəyanatın ermənilər üçün nə dərəcədə real həyata keçirilə biləcək bir ideya olduğu göz qabağındadır. Bu hadisələrdə Qırmızı ordu ilə kamalçıların arasında olan əmin-amanlığın yaranmasında N.Nərimanovun əvəzsiz rolu olmuşdur. Onu da qeyd etmək lazımdır ki, Naxçıvanın taleyinin həllində ardıcıl, düşünülmüş strateji və taktiki addımlar silsiləsi görünməkdədir. Yalnız Azərbaycanın Türkiyə ilə gizli danışıqlarda razılaşdırılmış addımları belə uğurlu nəticə verə bilərdi. Bunların düşünülməsində və həyata keçirilməsində, sözsüz ki, Mustafa Kamal Paşanın və N.Nərimanovun qiyabi və həmrəy danışıqları, Mustafa Kamal Paşanın və Kazım Qarabəkir Paşanın sərkərdəlik istedadları, Naxçıvan əhalisinin qətiyyəti və N.Nərimanovun bu ağır vəziyyətdə həyata keçirdiyi milli maraqlara söykənmiş, düşünülmüş dövlət siyasəti həlledici rol oynadı. Türkiyədən Moskvaya gedən və Moskvadan Türkiyəyə qayıdan bütün nümayəndə heyətləri ilə N.Nərimanov şəxsən görüşmüşdür və bir çox hallarda təkbətək danışıqlar aparmışdır.

Fikrimizcə, şifahi bəyanatdan əlavə N.Nərimanovdan rəsmi sənəd, yəni Ermənistan-Azərbaycan sazişi tələb olunmuş, lakin N.Nərimanov bundan imtina etmişdir. N.Nərimanovun bəyanatında Naxçıvana aid bir xüsusiyyət diqqəti cəlb edir. Əgər N.Nərimanov bəyanatında Zəngəzurdan sovet Azərbaycanının qoşununu çıxarmağı vəd vermişdirsə, Naxçıvan və Qarabağ barəsində belə vəd verilməmişdir. Naxçıvan əhalisinin heç bir şərtlə Ermənistana tabe olmayacağı ermənilərə də, Azərbaycan rəhbərliyinə də yaxşı məlum olmuşdur. Ermənistan və Azərbaycan artıq Rusiya dövlətinin maraq və təsir dairəsində olduqlarından ermənilər anlayırdılar ki, onlar istədikləri üsulla, yəni hərb və etnik təmizləmə yolu ilə Naxçıvana hakim ola bilməyəcəklər. Fikrimizcə, ermənilərin bu addımı xüsusi tədqiqata möhtacdır. 1920-ci il dekabrın 2-də Rusiya ilə Ermənistan arasında imzalanan sazişdə Zəngəzur Ermənistan ərazisi kimi göstərilmişdir, Naxçıvan və Qarabağ haqqında isə heç bir qeyd yoxdur.

O zamanlar ərazilərin səsvermə yolu ilə dövlət mənsubluğunu müəyyənləşdirmək praktikası geniş yayılmışdır. Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmaq məsələsində də həmin üsuldan istifadə olunmuşdur. Bundan başqa, Zaqatala dairəsinin taleyinin həllini də Azərbaycan Milli Şurası yerli əhalinin öhdəsinə buraxmışdı. Sorğu nəticəsində bu ərazinin taleyi Azərbaycanın xeyrinə həll olunmuşdur. Qars vilayətinin də tabeliyinin əhalinin istəyi nəzərə alınmaqla həlli təklif olunmuşdur.

Beləliklə, Naxçıvanın Ermənistana verilməsi məsələsi Naxçıvan əhalisinin öhdəsinə buraxılmış, yəni onların rəyi həlledici rol oynamışdır. O ki, qaldı Naxçıvanın əhalisinin iradəsinə, o zamanlar Naxçıvan qəzasında və Şərur-Dərələyəzdə əhalinin əksəriyyəti azərbaycanlı idi. Təklif olunan əhalinin iradəsinin ifadəsi Naxçıvanda hələ AXC dövründə, Paris sülh konfransı ərəfəsində keçirilmişdi. Azərbaycanın Naxçıvanla bağlı addımını bu torpaqdan imtina kimi deyil, sadəcə siyasətə məlum və nəticəsi qabaqcadan bəlli olan taktiki addım kimi qiymətləndirmək lazımdır. Naxçıvanda rəy sorğusu keçirilərkən heç bir gözlənilməz hadisə baş vermədi. Əhalinin 90%-i Naxçıvanın Azərbaycanın tərkibində qalmasına səs verdi. N.Nərimanov bütün bunlarla kifayətlənməyərək Türkiyə ilə danışıqlara başlamışdır.

T.Köçərli “Qarabağ” əsərində belə bir nəticəyə gəlir ki, “əgər N.Nərimanov Dağlıq Qarabağla Zəngəzurun “dərhal və danışıqsız Azərbaycana birləşdirilməsi” naminə Naxçıvandan imtina etmək tələbinə “bəli” desəydi, şübhəsiz, Naxçıvanın Ermənistana verilməsi gerçəkləşərdi”. Müəllif Naxçıvan probleminin həllini N.Nərimanovun uğuru və S.Orconikidzenin uğursuzluğu kimi qiymətləndirir. Çünki Orconikidze və Kirov rus-türk danışıqları ərəfəsində, 1921-ci il yanvarın 2-də RK(b)P MK-nın bütün üzvlərinə tamamilə məxfi məktubda yazırdılar: “...türklər Naxçıvanda öz bufer zonalarını yarada bilərlər. Onlar burada xüsusi xanlıq yaratmaq istəyirlər. Onların əlində Təbriz dəmiryolu olacaq, bizi İrandan ayıracaq və Ermənistanı parçalayacaq”.

N.Nərimanov Naxçıvanın taleyi ilə bağlı öz diplomatik-siyasi mübarizəsini davam etdirmişdir. Şahtaxtinski Moskvadan xalq xarici işlər komissarı M.Hüseynova yazırdı ki, Türkiyə-Rusiya danışıqlarında məhz Azərbaycanın təkidi ilə Naxçıvan məsələsinin müzakirə edilməsinə və Türkiyənin təkidi ilə Azərbaycanın xeyrinə həllinə nail olmuşdur. Azərbaycan tərəfi 1921-cü il avqustun 14-də Naxçıvan rəhbərliyinə teleqram vuraraq tələb etdi ki, “Ermənistan XKS tərəfindən göndərilən bütün ermənilər təcili olaraq Naxçıvandan çıxarılsınlar”. Həmin teleqramın bir surəti də Ermənistan rəhbərliyinə göndərilmişdir.

N.Nərimanovun tapşırığı ilə Azərbaycanın Moskvadakı səlahiyyətli nümayəndəsi M.Hacinski Moskvada ezamiyyətdə olan Türkiyə nümayəndə heyətinin başçısı Bəkir Sami ilə görüşərək ermənilərin əsassız olaraq iddia etdikləri əraziləri, xüsusən də Naxçıvan problemini müzakirə etdilər. N.Nərimanovun nümayəndələri Türkiyə tərəfinin problemlərə siyasi müdaxiləsinə razılığını aldılar. Bir neçə gündən sonra Bəkir Saminin Leninlə görüşündə bu razılığın nəticəsi özünü büruzə verdi. Məhz bu danışıqlar nəticəsində Naxçıvanla bağlı Qars müqaviləsinin əsası qoyuldu. Qars müqaviləsinin bir çox vacib xüsusiyyəti var idi: Türkiyə əslində nəinki öz sərhədlərini, hətta iki sovet respublikası arasında da sərhədlərin müəyyənləşməsində öz kəsərli sözünü dedi. Türkiyənin Azərbaycanla Ermənistan arasında, sərhədlərin müəyyənləşməsində iştirakı, sözsüz ki, onun həm öz mənafeyi, həm də Azərbaycana qarşı xüsusi münasibətinin təzahürü idi. Beləliklə, 1921-ci il martın 16-da Moskva, oktyabrın 13-də isə Qars müqavilələri bağlandı. Bu müqavilələrin həm Azərbaycan, həm də Türkiyə üçün tarixi əhəmiyyəti var idi. Azərbaycan, nəhayət, Ermənistan ilə sərhədlərini beynəlxalq sənədlə, Türkiyə hamiliyi və Rusiyanın iştirakı ilə rəsmiləşdirdi. Türkiyə üçün bu sənədin tarixiliyi ondan ibarət idi ki, bir dövlət olaraq beynəlxalq həyatdan təcrid olunmadan çıxdı, qonşuları ilə sıx və qarşılıqlı iqtisadi və diplomatik əlaqələrini tənzimləyən sazişləri əldə etdi. M.Qasımov yazır ki, Türkiyə ona zorla qəbul etdirilən Sevr müqaviləsinə qarşı Rusiya ilə birlikdə Azərbaycan, Gürcüstan və Ermənistanın dəstəyini aldı; dünyaya, xüsusən Antanta ölkələrinə Sevr müqaviləsinin iflasa uğrayacağını göstərdi; üç Cənubi Qafqaz respublikası, xüsusən Ermənistanla münasibətlərini tənzimlədi; özünün Güney Qafqaz respublikaları ilə olan sərhədlərinin təhlükəsizliyini təmin etdi. Türkiyə hökuməti Azərbaycan və Ermənistanın Qars müqaviləsinə imza atmasına və bu istəyin reallaşmağında N.Nərimanova ümid bəsləyirdi. Türkiyə rəhbərliyi Ermənistan rəhbərliyinin Qars müqaviləsindən imtina edəcəyindən narahat idi. Nərimanov bu məsələnin həllində sərt mövqe nümayiş etdirmişdir. N.Nərimanov Ümumazərbaycan sovetlər qurultayında Naxçıvanla bağlı xüsusi vurğulamışdır ki, sovet Rusiyası ilə Türkiyə arasındakı müqaviləyə əsasən Naxçıvan Azərbaycanın protektoratlığı altında bir respublika kimi tanınacaq və Azərbaycan nümayəndə heyəti bu işdə var qüvvəsi ilə çalışacaqdır. Müqavilədən sonra Türkiyə Ukrayna ilə də saziş bağladı. Bu tərəfdən sərhədlərini qanuniləşdirən və möhkəmləndirən Türkiyə silahlı qüvvələrini başqa sərhədlərinə yönəldərək uğur qazandı. Türkiyə-Rusiya və başqa sovet respublikaları ilə dostluq və əməkdaşlıq sazişlərinin əldə olunmasında N.Nərimanovun rolu gözə çarpacaq dərəcədə olmuşdur. Bu müqavilələrin imzalanması və təsdiqindən sonra Rusiya Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirdi və üç respublikanı vahid ittifaq dövlətində birləşdirmək üçün addımlar atdı.

Bölgənin işinə müdaxilə edən ölkələrin və erməni siyasətçilərinin Zəngəzura xüsusi marağı gözə çarpır. 1919-cu il mayın 19-da Bakıda yerləşən müttəfiq qoşunlarının komandanı general Şatevord Azərbaycan hökumətini xəbərdar edirdi ki, “Zəngəzurda Azərbaycan idarəçiliyi təşkil olunmayacaq” və “Zəngəzurun işlərinə hər hansı müdaxilə yolverilməzdir”. Erməni tədqiqatçısı Qrant Avetisyan belə qeyd edir ki, 1919-cu ilin dekabrında erməni hökuməti Azərbaycanla danışıqlar aparmağın aşağıdakı şərtlərini irəli sürmüşdü: Şərur-Naxçıvan yolu açılsın, Azərbaycan Zəngəzura olan iddialarından imtina etsin, ermənilər Azərbaycan ərazisində azərbaycanlılarla eyni hüquqlara malik olsun. Həmin şərtlərin Ermənistanın baş naziri Aleksandr Xatisyan tərəfindən F.Xoyskiyə teleqram şəklində göndərildiyini də müəllif qeyd edir.

1920-ci ilin yanvarından aprelinə qədərki dövrdə daxil olan sənədlərdə səslənən əsas narahatlıq Zəngəzur və Qarabağ cəbhələrinin ermənilər tərəfindən birləşdirilməsi idi. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Azərbaycan ordusu Türkiyə ordusu ilə birlikdə Zəngəzurda hərbi əməliyyatlar aparmağa məcbur olmuşdu və bu yerləri nəzarəti altına almaqda idi. Lakin Azərbaycan-Türkiyə birliyi, bir sıra dövlətlər tərəfindən ərazi problemindən daha çox siyasi addım kimi qiymətləndirilirdi, çünki Qərb ölkələri Azərbaycanın Türkiyə ilə birbaşa əlaqəsindən narahat olaraq bunu yolverilməz sayırdılar. Ona görə ki, bu vəziyyət regionda türkçülüyün güclənməsinə gətirə bilərdi. Narahatlıq ingilis hərbi diplomatı polkovnik Rxeinin məlumatından da aydın olur. Rxei yazırdı ki, bu hərbi yürüşün, Azərbaycan-Türkiyə hərbi birliyinin əsas məqsədi “Azərbaycanı Türkiyə ilə birləşdirməkdir” və bu dəhlizlə Azərbaycana silah və sursat göndərməkdir. Əgər biz vaxtında müdaxilə etməsək, Türkiyə-Azərbaycan birləşmiş ordusu Zəngəzuru ala bilər və ermənilər məğlub ola bilər. Rxei N.Usubbəyovla Ermənistan baş naziri Xatisyanın görüşünə nail oldu. Həmin görüşdə Azərbaycandan tələb olunurdu ki, Zəngəzurda hərbi əməliyyat dayandırılsın, oradan ordu çıxarılsın və yollar açılsın. Buna cavab olaraq N.Usubbəyov yurd-yuvasından didərgin salınanların öz yuvalarına qayıtmasının təmin olunmasını tələb etdi. Xatisyan bu didərginlərin bir il, il yarım əvvəl Zəngəzuru tərk etdiklərini və onların geri dönüb yaşaması üçün şəraitin olmadığını bəhanə gətirsə də, N.Usubbəyov bununla razılaşmadı. Beləliklə, danışıqlar Azərbaycanın xeyrinə nəticələnmədi.

Amma Azərbaycan və Türkiyə ordularının birgə uğurlu hərəkatı dayandırıldı. 1920-ci il aprelin 27-də general Səlimov Şuşadan Bakıya belə bir məzmunlu teleqram göndərdi: “Bilmirəm, Zəngəzura hərəkəti davam etdirimmi”. Həmin gün Bakıda Parlamentin iclasında əsas məruzəçi olan M.H.Hacınski Zəngəzurun taleyinin daxili qüvvələr hesabına həlli qarşısında aciz olduqlarını bildirir. Bu məlumatlardan iki nəticəyə gəlmək olar. Birincisi, o zaman Zəngəzurun böyük hissəsi erməni silahlı dəstələrinin nəzarətində idi. İkincisi, Azərbaycan ordusunun Zəngəzuru azad etmək gücünə nə dərəcədə hazır olduğu sualı hökumət başçıları və ordu generalları qarşısında da dururdu. T.Köçərli bu məsələyə münasibət bildirərkən belə bir nəticəyə gəlir ki, “Zəngəzurda erməni silahlı bandalarını darmadağın etmək işi yarımçıq qalmışdı”. Rəsmi sənədlərdə də qeyd olunurdu ki, “Zəngəzur Ararat (erməni) qoşunları tərəfindən dağıdılmışdır”.

Türkiyənin “Cümhuriyyət arxivi”nin 930 №-li fondunda Zəngəzur mövzusuna aid 1918-ci ilin avqustundan 1920-ci ilin aprelinə qədərki dövrü əhatə edən 50-dən çox sənəd saxlanılır. Bu sənədlərlə tanış olaraq Zəngəzurun siyasi və hərbi durumu haqda nəticəyə gəlmək olar. İlkin sənəddən aydın olur ki, 1918-ci ilin avqustunda Andronikin dəstələri Zəngəzur əyalətinin bir qismini ələ keçirmişdir. 1919-cu ilin yanvarından başlayaraq ermənilər tərəfdən Zəngəzurun müsəlman kəndləri yerlə-yeksan edilir, kəndlərin əhalisinin bir qismi məhv edilir, qalan hissəsi isə qovulurdu. Məktublarda ermənilər tərəfindən vaxtaşırı dağılan kəndlərin sayı göstərilir: 30 kənd (yanvar 1919), 110 kənd (oktyabr 1919), 20 kənd (dekabr 1919), 26 kənd (dekabr 1919), 26 kənd (yanvar 1920), 40 kənd (yanvar 1920). 19 yanvar 1920-ci ildən başlayaraq və xüsusən 31 dekabr 1919-cu ildən 5 fevral 1920-ci ilə qədər bəzi məktublarda dağıdılan kəndlərin adları sadalanır: Oqupir, Davidan, Atkız, Şabadan, Apişu, Kuşuçilər, Kazıkurdalı, Koğçinək bölgəsi, Xanbulaq otlağı. 3 dekabr 1919-cu ildə Zəngəzurda məsciddə toplanan 900 kişinin, 400 qadın və uşağın ermənilər tərəfindən dinamitlə partladılması haqda xəbər verilir. Həmin dövrdə insan və kənd itkiləri o qədər idi ki, bəzən məhv edilən kəndlərin, mətnsiz, sadəcə siyahısı göstərilmişdir. Zəngəzur Azərbaycan torpağı olsa da, oranın böyük bir hissəsi 1919-cu ildə artıq ermənilər tərəfindən idarə olunurdu və azərbaycanlılar yaşayan bir çox kəndlər dağıdılmışdı. Zəngəzuru Azərbaycandan ayırmaq dünya siyasətinin gizli oyunun nəticəsi və dünya geosiyasətinin maraqlarının təcəssümü idi.

P.S. Yazı Həsən Həsənovun “Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti” əsərindən götürülüb.

Davamı var...
Bu xəbər oxucular tərəfindən 778 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed