Şrift:
Nəriman Nərimanovun Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsi - IV HİSSƏ
07.08.2017 [10:17] - Xəbərlər, DAVAMın yazıları
Tarixən Avrasiyada mövcud olan “vahid türk xətti”nin dünya xəritəsində bir neçə sahədə sınması, türk xalqlarının bir-birindən təcrid olunması dünya və xüsusən erməni və rus siyasətçilərinin ümdə maraqları idi. Sibir türklərini məcburi assimilyasiyaya uğradaraq Yaqut və Altay türklərini təcrid etmək, Orenburq vilayətini Qazaxıstandan ayırmaqla və Həştərxan türklərini məcburi assimilyasiyaya uğratmaqla bir tərəfdən Başqırdıstanı, Tatarıstanı və çuvaşları, o biri tərəfdən isə Orta Asiya türklərini türk dünyasından təcrid etmək, tatarları Krımdan, türkdilli qaraçayları və balkarları Qafqazdan sürgün edərək, Krımı və Qafqazı türksüzləşdirmək və Azərbaycanı şimal türklərindən, Zəngəzuru ayırmaqla Azərbaycanı Türkiyə dövlətindən təcrid etmək məqsədindən irəli gəlirdi. Bunlar möhtəşəm Avrasiya “vahid türk xətti”nin zəncirvari sınmasının təzahürləridir.

Belə bir sual yaranır: Əgər N.Nərimanov bu şəraitdə vəzifəsindən istefa versəydi, yaxud ümumiyyətlə, bu vəzifədə N.Nərimanov deyil, o dövrün başqa bir azərbaycanlı siyasətçisi olsaydı, Azərbaycan dövləti Naxçıvanı və Qarabağı Azərbaycan torpağı kimi saxlaya bilərdimi? N.Nərimanov kimi milli təmayüllü kommunistlər bir növ bolşevik siyasətinin qəddarlığına qarşı xalqlarının maraqlarını qorumaqda zərbələri özlərinə olan sipər kimi dururdular. Axı, Gürcüstanda Mdivani, Okucava kimi milli təmayüllü kommunistlər vəzifələrindən kənarlaşdırıldıqdan sonra yerinə Lavrenti Beriya gəldi. Azərbaycanda isə N.Nərimanov hakimiyyətdən uzaqlaşdırılmaqla Levon Mirzoyanın hakimiyyətə gəlməsi üçün zəmin yaradıldı. Qazaxıstanda milli təmayüllü kommunist Saken Seyfullin Xalq Komissarları Sovetinin sədri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra, Qazaxıstana başçı vaxtilə II Nikolayın qətlində fəal iştirak edən Qoloşşekin kimi qəddar şovinist bolşevik keçdi. O dövrdə vəzifə, onu tutanlar üçün repressiyalardan qorunmaq məqsədi ilə deyil, bir çox hallarda xalqını repressiyalardan qurtarmaq, milli dəyərlərini mühafizə etmək üçün istifadə olunurdu. Vəzifəli adamlar daha çox təqiblərə və repressiyalara məruz qalırdılar. Özbəkistanda milli təmayüllü kommunist A.İkramovu respublika partiya rəhbəri vəzifəsindən azad etməzdən əvvəl onu Moskvaya çağırdılar. Həmin dövrdə Özbəkistanda rəhbər vəzifədə olan adamların çoxunu həbs etdilər. Onu Daşkəndə qaytarıb vəzifədən azad edərkən Mərkəzi Komitənin üzvləri arasında heç kvorum da olmamışdır. Həmin vaxt onun köməkçilərindən birini yüksək vəzifəyə çəkdiklərini bilərək A.İkramov ona xəbər çatdırır ki, bu addım “sadəcə səni həbs etmək üçün edilir”. Həqiqətən də A.İkramovun həbsindən sonra Özbəkistanda görünməmiş repressiyalar baş vermişdir.

Qeyd etmək lazımdır ki, Zəngəzur bolşevik Rusiyasının təkidi ilə sovet Ermənistanına verilmiş olsa da, əslində 1921-ci ilin yayına qədər orada sovet Ermənistanının orqanları, qurumları deyil, daşnak qüvvələri hökm sürürdü. 1921-ci il martın 21-də Q.T.Minosyan adlı bir nəfərin Azərbaycan hökumətinə Gorusdan vurduğu teleqram bu cəhətdən səciyyəvidir. Teleqramda deyilirdi: “Beş aydır ki, Zəngəzur bolşeviklərdən azad olunmuşdur və 1920-ci il dekabrın 25-də Tatev qurultayında Zəngəzur azad elan edilmişdir. Qurultayda belə nəticəyə gəlmişik ki, qonşumuz və qardaşımız olan tatarlarla (yəni azərbaycanlılarla - H.H.) əlaqələrimiz dostluq əsasında qurulmalıdır. Sizə bir neçə nüsxə “Müsəlman qardaşlarımıza müraciət” göndərirəm və xahiş edirəm ki, onu yayasınız”.

Teleqramda bir daha qeyd olunurdu: “Biz istərdik ki, qardaşlıq əlaqələrimizi bərpa edək”. Bu teleqram bir neçə cəhətdən əhəmiyyətlidir. Sənəddən aydın olur ki, 1920-ci ilin noyabrında Zəngəzur bolşeviklərin deyil, onların əleyhinə olan qüvvələrin idarəsində idi. Zəngəzurdakı mövcud hakimiyyət sovet Azərbaycanı ilə əlaqə saxlamağa ehtiyac duyurdu.

N.Nərimanov Zəngəzurla bağlı 1920-ci il dekabr bəyanatını verərkən meydanda təklənmiş vəziyyətdə olmuşdur. O, təkbaşına Zəngəzurun Azərbaycandan ayrılmasının qarşısını almaq üçün heç bir şey edə bilməmişdir. N.Nərimanov özü də bunu etiraf edirdi: “Əgər müsəlman kommunistlərinin əksəriyyəti... milli təmayül əhval-ruhiyyəsində olsaydı, inanın ki, Ermənistan Zəngəzuru ala bilməzdi”.

N.Nərimanovun Dağlıq Qarabağ probleminə münasibəti birmənalı olmuşdur. 1920-ci ildə Dağlıq Qarabağda ermənilərin keçirdiyi “qurultayın” qərarının nəticəsiz qalmasını N.Nərimanovun Ermənistana verdiyi notanın nəticəsi kimi qiymətləndirmək olar. 1920-ci il iyulun 10-da N.Nərimanov Moskvaya RK(b)P MK-ya “Dağlıq Qarabağda vəziyyət” haqqında teleqram vurmuşdur. Teleqram bu sözlərlə bitirdi: “Müsəlman əhalisi Moskvanın qəflətən köhnə mövqeyə qayıtmasını və ermənipərəst siyasət yürütməyini sovet hökumətinin Azərbaycanın sərhədlərini qorumaq iqtidarında olmaması və xainlik kimi qiymətləndirəcəkdir”. 1921-ci ildə bir-birinin ardınca qəbul olunan üç qərardan irəli gələn nəticələri də N.Nərimanovun siyasətinin uğuru kimi qiymətləndirmək olar. 1921-ci il iyunun 19-da Ermənistan tərəfindən “Dağlıq Qarabağın Ermənistana yenidən birləşdirilməsi haqqında” dekret həyata keçirilmədi, iyunun 26-da Azərbaycan XKS-nin qərarı ilə Ermənistanın Dağlıq Qarabağda olan nümayəndəsi Mravyanın fəaliyyəti qadağan olunaraq xətm edildi. N.Nərimanov bu qərarı haqqında rəsmi olaraq Orconikidzeyə və Ermənistan İnqilab Komitəsinin sədri Myasnikova bildirmişdir. 1921-ci il iyulun 4-də RK(b)P MK Qafqaz Bürosunun Dağlıq Qarabağı Ermənistanın tərkibinə daxil etmək haqqında qərarı da nəticəsiz qaldı. Nəhayət, 1921-ci il iyulun 5-də RK(b)P MK Qafqaz Bürosunun qərarı ilə Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması gerçəkləşdi. Qeyd etmək lazımdır ki, bu qərarla ona “geniş vilayət muxtariyyəti verildi”. Bu tövsiyənin həyata keçirilməsi N.Nərimanovun Azərbaycanda hakimiyyəti dövründə baş tutmamışdır: “Mirzoyanın güclü təsiri altında Dağlıq Qarabağ Muxtar Vilayət elan edilmişdir. Mənim vaxtımda bu, mümkün olmamışdır”. Bu qərardan az sonra N.Nərimanov Orconikidzeyə, Ermənistan İnqilab Komitəsinin sədri Myasnikova və Qarabağın Ermənistanda səlahiyyətli nümayəndəsi Mravyana teleqram vuraraq bildirmişdir ki, Mravyanın missiyası əsassızdır və o, geri çağırılır.

N.Nərimanovun 1922-ci il 13 iyul tarixli “Biz və onlar” qeydlərindən aydın olur ki, onun məşhur 1920-ci il noyabr bəyanatının arxasında hadisələr və sövdələşmələr olmuşdur. Bu qeydlərində o deyirdi: “Azərbaycan Zəngəzuru Ermənistanın ayrılmaz hissəsi elan edir”. Buna cavab olaraq Ermənistan Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi elan etdi. Qarabağ probleminin həllində N.Nərimanovun mövqeyi, ardıcıl fəaliyyəti və nəticəsi müsbət olmuşdur. O, RK(b)P MK Qafqaz Bürosunun Dağlıq Qarabağı Ermənistana vermək qərarını bir gecənin içində dəyişdirtmişdir.

Azərbaycan Respublikasını müstəqil dövlət olaraq tanımaq istəməyən bolşeviklər sovet hakimiyyəti qurulandan bir neçə gün sonra, 1920-ci il mayın 7-də menşeviklərin idarə etdikləri müstəqil Gürcüstanı bir dövlət kimi tanıyaraq onunla saziş bağladı. Sazişdən aydın olur ki, Gürcüstan Zaqatala qəzasına olan iddialarını hələ də qüvvədə saxlayırdı. Sazişdə nəzərdə tutulurdu ki, bu ərazinin statusuna yenidən baxılacaqdır. Azərbaycan tərəfi də bu qeydlə razılaşmışdı. Bu razılıq N.Nərimanovdan alınmamışdı, çünki o, Bakıya ancaq mayın 16-da gəlmişdi. Sovetləşmə baş verəndən sonra N.Nərimanovun səyi nəticəsində Gürcüstan Zaqatalanı və “Poylu körpüsündən şimal-şərqə tərəf olan ərazidən imtina edərək, bu əraziləri Azərbaycanın ərazisi elan etdi”.

Milli respublikaların ərazilərində muxtar qurumların yaranması da ərazi bütövlüyünə xələl gətirirdi. Gürcüstanda yaranmaqda olan muxtariyyətlərə qarşı çıxış edirdilər. Azərbaycandan fərqli olaraq orada bu istiqamətdə fəaliyyət göstərənlərin sayı məhdud deyil, geniş idi. Gürcüstanda muxtariyyətlərin yaranması Gürcüstan KP MK-da və İnqilab Şurasında müzakirə ediləndə Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin və İnqilab komitəsinin rəhbərləri B.Mdivani, S.Kavtaradze, M.Okucava, K.Tsintsadze və başqalarının səyi ilə səs çoxluğu ilə qərar qəbul olunmadı. Muxtariyyətlərin paytaxtını müəyyənləşdirəndə də rəhbərlik Sxinvalinin Cənubi Osetiyanın, Batumun isə Acarıstanın paytaxtı olmasına etiraz etdilər. Amma bütün bu səylərə baxmayaraq, muxtariyyətlər də, nəzərdə tutulan paytaxtlar da Moskvanın təkidi ilə həyata vəsiqə aldı.

Zaqafqaziya federasiyasının və SSRİ-nin yarandığı zaman N.Nərimanov və gürcü milli təmayülçüləri bir çox məsələlərdə vahid cəbhədən çıxış edirdilər. Bu fikir ümumiliyi Cənubi Qafqaz respublikalarının dəmiryollarının və xarici banklarının birləşməsi, müttəfiq respublikalar arasında mövcud olan gömrük sisteminin ləğvinə qarşı çıxmaqda özünü daha aydın büruzə verirdi. Bu məsələlərə münasibətdə N.Nərimanov etiraz səsini ucaldaraq və xüsusi mövqeyini bildirərək açıq-aydın elan edirdi ki, istənilən vəziyyətdə respublika öz müstəqilliyini siyasi sahədə tam şəkildə qoruyub saxlamalıdır. Hərbi komissarlıqların fəaliyyətində və xarici ticari əlaqələrdə də müstəqillik qalmalıdır. Lenin Cənubi Qafqaz federasiyasının yaradılmasını tələsik addım saydığı halda, Stalin bu federasiyanın qurulmasını reallaşdırdı. Qeyd etmək lazımdır ki, 1922-ci ilin fevral ayında Şimali Qafqaz hərbi dairəsinin xüsusi şöbəsi Azərbaycan MİK-dən Berlində oxuyan azərbaycanlı tələbə Məmmədova göndərilən məktubu kəşfiyyat yolu ilə əldə etmişdi. Məktubda deyilirdi ki, “N.Nərimanov federasiyanın yaranmasına etiraz etdi, amma buna baxmayaraq federasiya yarandı. N.Nərimanovu fəaliyyətinə görə elə “millətçi” deyərək qaralayırlar. Bizdə dövlət naminə çalışan müsəlmanlar yox dərəcəsindədir”. N.Nərimanov sonralar Zaqfederasiya hökumətinin başçısı seçilərək, milli respublikaların hüquqlarına hörmətlə yanaşırdı.

SSRİ yaradılarkən Ukrayna yaranan qurumun sadəcə ittifaq adlandırılmasını, Stalin isə yeni qurumun dövlət adlandırılmasını təkid etdi. Ukrayna yeni qurumun mərkəzi orqanlarının formal xarakterli olması, Stalin isə onların canlı orqanizm olması təkliflərini irəli sürdü. O zamanlar hətta quberniyaların bərpası haqqında da fikirlər var idi. Azərbaycan, Gürcüstan və Ukrayna rəhbərlərinin birgə səyi nəticəsində Lenin yeni dövlətin yaradılma şərtlərinə bir neçə əlavə etdi. Onlardan biri bu dövlətin əslində Rusiya federasiyası mahiyyətində deyil, “eyni hüquqlu respublikaların ittifaqı” və hər ittifaqa daxil olan dövlətin “suveren respublika” olduğu və istədiyi zaman ittifaqdan çıxmaq hüququnun olması idi. Birgə səylərin nəticəsi bununla kifayətləndi.

Beləliklə, Cənubi Qafqazda sərhəd məsələlərinin ətrafında ziddiyyətlər Rusiya imperiyasının Cənubi Qafqazda demoqrafik xəritəni dəyişdirmək siyasəti ilə yaranmış, 1917-ci il Fevral inqilabından sonra bir çox hallarda erməni siyasətçilərinin təşəbbüsü ilə gündəliyə çıxmış, Oktyabr çevrilişindən sonra inkişaf etmiş, Cənubi Qafqazda müstəqil dövlətlər yaradılarkən şiddətlənərək qanlı qarşıdurma şəklini almış, dünyanın aparıcı dövlətləri bu işdə çox vaxt obyektiv mövqe tutmamış, qeyri ardıcıl siyasət aparmış, Cənubi Qafqazda sovet hakimiyyəti qurulandan sonra bu mübarizə sovet Rusiyasının iştirakı ilə davam etmiş və onların maraqları nəzərə alınaraq, nəhayət, beynəlxalq sazişlərlə rəsmiləşmişdir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə və onun nəticələri ayrı-ayrı dövrlər və hökumətlərin məsuliyyəti ilə yanaşı, Rusiya istilası dövrü və 1917-ci ilin fevralından 1923-cü ilin iyuluna qədərki dövrü tam şəkildə əhatə edərək hərtərəfli qiymətləndirilməlidir.

Azərbaycanda sovet hakimiyyətinin qurulması ərəfəsində Naxçıvan, Qarabağ, Zəngəzur və Zaqatalanın sovet Rusiyası tərəfindən Azərbaycan ərazisi olduğu dəfələrlə etiraf edilsə də Gürcüstanın sovetləşmə növbəsi çatanda Rusiya artıq Zaqatalanın gürcülərin xeyrinə mübahisəli olduğu haqda saziş imzaladı. Ermənistanda sovet hakimiyyəti qurulmaq ərəfəsində onlara verilən vəd, qurulduğu gün - dekabrın 1-də yerinə yetirildi. Ermənistan Naxçıvanı, Zəngəzuru, Qarabağı onlara vermək haqqında Azərbaycanın bəyanatına nail oldular. 1920-ci il dekabrın 2-də Rusiya ilə artıq sovetləşmiş Ermənistan arasında imzalanan sazişdə Zəngəzur Ermənistan ərazisi kimi göstərilmişdirsə də, Naxçıvan və Qarabağ haqqında heç bir qeyd olmamışdır. Azərbaycanda sovet hakimiyyəti qurularkən Azərbaycan tərəfindən artıq İrəvan xanlığının əraziləri rəsmi olaraq ermənilərə verilmiş, Borçalı və Dərbənd problemi gündəlikdən çıxmış, Zaqatala Rusiya-Gürcüstan müqaviləsi ilə mübahisəli ərazi kimi müəyyənləşdirilmiş, Qarabağda separatçı silahlı üsyan qalxmış, Naxçıvanda vəziyyət çox ağır olaraq qalmışdı. Zəngəzurun böyük hissəsinə erməni silahlı dəstələri tərəfindən nəzarət olunurdu.

“V.İ.Leninə məktub”unda N.Nərimanov ərazi problemləri haqqında erməni və rus siyasəti ilə barışmaz mövqeyini açıq-aydın ortaya qoymuşdur. Məktubundakı fikirlər bunu təsdiq edir: “Dəhşətli vəziyyət yaranmışdır. Mərkəz Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana verir. Ərazilərimizi Ermənistana, daşnaklara vermək, düzəldilməsi mümkün olmayan pis nəticələr verə biləcək səhvdir”. Bu ikiüzlü siyasəti ifşa edən N.Nərimanov yazırdı: “Həmişə Denikini müdafiə etmiş Ermənistan müstəqillik qazanmış və üstəlik də Azərbaycanın ərazilərini almışdır”. Bu məktubda N.Nərimanov Azərbaycanın mahiyyətcə milli bir dövlət olduğunu V.İ.Leninin nəzərinə bir daha çatdırmağa çalışmışdır: “Çoxmillətli əhalinin hüquq və hissləri ilə belə zarafat etmək olmaz. Siz inanmayın ki, Azərbaycan yalnız çoxsaylı şüurlu rus fəhlələri yaşayan Bakı deməkdir. Bu, kobud səhvdir. İndi Bakıda şüurlu müsəlman fəhlələrinin sayı iki dəfə çoxdur. Bəs bütün Azərbaycanın kəndliləri?”. N.Nərimanov Leninə sadəcə şikayət etmirdi, o özünün barışmaz mövqeyini və bu mövqedən irəli gələn qəti addımlar atacağını V.İ.Leninə çatdırırdı: “Mən qəti surətdə bildirirəm, əgər Siz də bizim dəlillərə diqqət yetirməsəniz, məcbur olacağıq ki, bizim geri çağırılmağımız barədə Mərkəz qarşısında məsələ qaldıraq!”. Aydındır ki, söhbət Azərbaycanın Rusiya ilə ittifaqdan çıxmasından gedirdi.

Ermənilər Zəngəzur, Dağlıq Qarabağ və Naxçıvan məsələləri həll olunandan sonra da sakit durmamışdır. RK(b)P MK Siyasi Bürosunun sənədində deyilir ki, Rusiya Kommunist Partiyasının Qafqaz Bürosunun toplantılarının birinə Ermənistan nümayəndəsi Bekzadyan Azərbaycan və Ermənistan arasında sərhəd xəttini bildirən bir xəritə təqdim etmişdır. Bu xəritə də daşnaksütun partiyasının görkəmli xadimi olan Xatisyanın 1917-ci ildə təqdim etdiyi xəritənin eynisi idi. İddia əsassız sayılaraq müzakirəyə belə qoyulmadı.

Ermənilərin xarici və daxili dəstəklərinə baxmayaraq, onların ərazi iddiaları istədikləri kimi ödənilmədi. 1921-ci ildə Z.Kartaşyanın Avropada nəşr olunan kitabında deyilirdi ki, Amerika Ermənistana torpaqlarını əldə etməkdə lazımi kömək göstərmədiyindən Ermənistan iddia etdiyi torpaqların 60%-ni əldə edə bilmədi. Axalkələk (Cavaxetiya), Borçalı, Naxçıvan, Qarabağ əraziləri onların rəsmi sərhədlərindən kənarda qaldı. Kopes adlı şəxsə yazılan raportda xüsusi qeyd olunurdu ki, “Ermənistanın Türkiyə ilə sərhəddinin Arpaçay və Araz çaylarında bitməsi böyük qurban deməkdir. Erməni kommunistləri bu sazişi yeni Brest adlandırırlar”. Erməni siyasətinin mahiyyətini AXC parlamentinin keçmiş üzvü, N.Nərimanovun təşəbbüsü ilə Azərbaycanın Türkiyədə diplomatik nümayəndəsi təyin edilən və orada çox uğurla çalışıb Atatürklə mehriban əlaqələr yaradan İ.Əbilovun məktubundan da görürük.

Daşnak hökumətində baş nazir vəzifəsində çalışan Xatisyan hakimiyyətdən gedəndən sonra Türkiyəyə gəlib, “elə bir müqavilə bağlayıb ki, Ermənistan faktiki olaraq Türkiyənin muxtar vilayəti statusunu almışdır”.

N.Nərimanovun sərhədlərdən nigarançılığı azalmırdı. 1921-ci il aprelin 11-də Azərbaycan İnqilab Komitəsinin qərarı ilə “Azərbaycan diviziyası” yaradıldı. Diviziyada 30 min əsgər nəzərdə tutulmuşdu ki, onun da 20 mini Ermənistanla sərhəddə yerləşmişdi.

Beləliklə, N.Nərimanovun Azərbaycanın ərazi bütövlüyü uğrunda fəaliyyəti əksər hallarda uğurlu olmuşdur. Naxçıvan, Qarabağ, Zaqatala Azərbaycanın tərkibində saxlanılmış, Bakı Azərbaycanın paytaxtı kimi tanınmışdır. N.Nərimanov Naxçıvanın Azərbaycandan qoparılmaması üçün Meğridən yol verilməsi uğrunda ardıcıl mübarizəsini davam etdirmişdir. İrəvan və Dərbənd xanlıqlarının, Zəngəzur mahalı ərazilərinin taleyi bağışlanmaz itkidir. O dövrdə baş verən ərazi bölgüsünü bəzi erməni siyasətçiləri özlərinin məğlubiyyəti kimi qiymətləndirirdilər.

P.S. Yazı Həsən Həsənovun “Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti” əsərindən götürülüb.

SON
Bu xəbər oxucular tərəfindən 831 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed