Şrift:
Putin Bakıya Surət Hüseynov, Ayaz Mütəllibov və Milli Şura vasitəsilə təzyiq edəcək - şok iddialar
07.08.2017 [10:25] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Hazırda Qərb ölkələrində olan bəzi “mühacirlər” də Rusiyadan idarə olunurlar”; Elçin Mirzəbəyli: “Surət Hüseynovla Əli Kərimli arasında heç bir fərq yoxdur”
Uzun müddətdir yoxa çıxan, heç bir media orqanına danışmayan keçmiş baş nazir Surət Hüseynovun qəfildən sosial şəbəkələrdə peyda olması, yerli mediaya müsahibə verməsi ciddi rezonans doğurub.

Həmçinin Surət Hüseynovun ardından Rusiyanın adamı kimi tanınan digər bir şəxsin - eks-prezident Ayaz Mütəllibovun da onu dəstəkləyən açıqlamalar verməsi şübhələri daha da artırıb və müəyyən qədər aydın təsəvvürlər yaratmağa başlayıb. Söhbət ondan gedir ki, regiondakı indiki mürəkkəb şəraitdə və xüsusilə 2018-ci ilin prezident seçkilərinə təxminən 1 il qalmış Rusiyanın əlaltıları kimi xarakterizə olunan şəxslərin fəallaşması müəyyən mətləblərdən xəbər verir. Maraqlıdır, Rusiya bu dəfə “5-ci kolon”unu bu tip adamlar üzərindən körükləyir?

Bir faktı da qeyd edək ki, 2013-cü ilin prezident seçkiləri ərəfəsində Rusiyanın projesi olan Milli Şura ərsəyə gəlmişdi. Diqqətçəkən məqamlardan biri də odur ki, Surət Hüseynovun açıqlamalarına Milli Şura reaksiya vermir. Cəhdlərimizə baxmayaraq, MŞ üzvlərini bu məsələ ilə bağlı biz də heç cür danışdıra bilmədik...
Sabiq baş nazirin sükutu pozaraq, verdiyi son müsahibədə AXC-Müsavat hökumətini hədəfə almasına, ən ağır təhqir formasında ittihamlar səsləndirməsinə ölkə daxilindəki müxalif qurumlardan yalnız Milli Şura susdu. Halbuki qurumun rəhbərliyində AXC-Müsavat hökuməti dövründə yüksək vəzifələrdə çalışmış kifayət qədər insanlar var. Təkcə Əbülfəz Elçibəy hakimiyyətində dövlət katibi postunu tutmuş, AXCP sədri Əli Kərimlinin adını qeyd etmək kifayət edir. Hər gün özünün facebook səhifəsində statuslar paylaşan sabiq dövlət katibi sanki təmsilçisi olduğu hökumətin ünvanına səslənən ittiham, təhqirlərdən xəbərsizdir. Milli Şuranın Surət Hüseynovla münasibətləri korlamamaq istəyi göz önündədir. Belə iddialar var ki, 2013-cü ilin prezident seçkilərində yaratdığı “Milyarderlər İttifaqı”nın iflasını görən rəsmi Moskva gələnilki seçkilərdə Surət Hüseynov, Ayaz Mütəllimov və Milli Şura vasitəsilə ölkədəki prosesləri qarışdırmağa, iqtidara təzyiq etməyə çalışa bilər. Hər halda, hazırda gedən proseslər bunu təxmin etməyə əsas verir.

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli bildirdi ki, Surət Hüseynov, Ayaz Mütəllibov və bu kimi iliyinədək ifşa olunmuş siyasi ölüləri yenidən diriltmək istəyən qüvvə əslində növbəti dəfə acizliyini, Azərbaycanda ciddi dayaqlara malik olmadığını nümayiş etdirir: “Azərbaycan müstəqil dövlət kimi formalaşıb və Azərbaycan xalqı istiqlalın nə demək olduğunu yaxşı başa düşür. Amma bu o demək deyil ki, ”beşinci kolon"un “gizli qvardiyası” yoxdur. Var, təbii ki... Amma indi nəbz yoxlaması baş verir. Ölülər, vurulmuş, ifşa olunmuşlar danışdırılır, cəmiyyətin reaksiyası öyrənilir. Ona görə də hətta siyasi meyit saydığlarımızın da canlanmalarına ciddi diqqət ayırmalı və bir millət olaraq müstəqillik və bu müstəqilliyə ən böyük təhdid olan Rusiya məsələsində dəyişməz və sərt bir mövqeyə sahib olduğumuzu nümayiş etdirməliyik. Ayaz Mütəllibovun Surət Hüseynovu dəstəkləməsində qeyri-adi heç nə yoxdur. İkisinin də beyni eyni mərkəzdə yuyulub və proqramlaşdırılıb. Ayaz Mütəllibovun dilə gəlməsinin səbəblərindən biri də kimlərəsə mesaj vermək niyyəti ilə bağlı ola bilər. Yəni “mən də varam”.
Əslində bu proses uzun müddətdir ki, davam edir. Rus dili, Azərbaycan xalqının etnogenizi, Azərbaycan dilinin mənşəyi ilə bağlı məsələlərin gündəmə gəlməsi təsadüfi deyil. Hücum bütün istiqamətlərdə davam edir. Məqsəd isə millətimizin dövlətə olan etimadını, Azərbaycanın müstəqilliyinə olan inamını və özgüvənini sarsıtmaqdan ibarətdir. Bütün bunlar mənəvi və siyasi “haker” hücumlarıdır. İmmun sistemimizi, müqavimətimizi param-parça etmək, sonra isə öz planlarını gerçəkləşdirmək istəyirlər. Məqsəd bizi bir millət kimi yox etməkdən, əzməkdən, aşağılayaraq ən müti, rəzil statusla barışmağa vadar etməkdən ibarətdir. Buna görə də belə məsələlərdə güzəşt olmamalıdır. İndi xırda dedi-qoduların, qurşaqdan aşağı söhbətlərin yeri deyil. Dövlətimizə qarşı uzanan əlləri elə kəsməliyik ki, bir daha yerində yeni xəyanətlər “cücərməsin”.
Milli Şura adlanan xəyanət yuvasından əgər hər hansı bir etiraz çıxsaydı, o zaman təəccüblü olardı. Bu xəyanət yuvasının uzantıları Fransada, Gürcüstanda və digər ölkələrdə ermənilərlə birgə hərəkət edir, erməni diasporunun maliyyə imkanlarından qidalanırlar. Əslində bu gün Milli Şurada təmsil olunan və Kremlin bu layihəsinə dəstək verənlərin artıq Milli Azadlıq Hərəkatına, Xalq Cəbhəsinə heç bir aidiyyəti yoxdur. Bu adamlar Rusiyanın layihəsində iştirak etməklə keçdikləri yola, ideallarına xəyanət ediblər. İndi Surət Hüseynovla Əli Kərimli arasında heç bir fərq yoxdur. Surət Hüseynov da Azərbaycan dövlətçiliyinə qarşı savaş açmışdı, Əli Kərimli də bu savaşın içində və düşmən cinahındadır. Şübhəsiz ki, bu proseslər eyni mərkəzdən və eyni məqsədlə idarə olunur. Gözə görünməyənlər - Rusiyada, Türkiyədə, ABŞ-da, Avropa İttifaqının ayrı-ayrı ölkələrində olanlar da zamanla hərəkətə gələcəklər. Hazırda Qərb ölkələrində olan bəzi “mühacirlər” də Rusiyadan idarə olunurlar. Onların qarşısına Azərbaycanın beynəlxalq nüfuzunu zədələmək, Qərbin dəstəyindən məhrum etmək təlimatı qoyulub. Rusiyanın Azərbaycan üçün hazırladığı “beşinci kolon”un təmsilçilərini təkcə ölkənin sərhədləri çərçivəsində axtarmaq sadəlövhlük olardı. Onların bir qismi xaricdədirlər, həm də müxtəlif statuslarla. Mən əminəm ki, Kremlin oyunları yenə də iflasa uğrayacaq, amma arxayınlaşmaq olmaz. Müqavimətimizi artırmalı, istiqlalımızı göz bəbəyimiz kimi qorumalıyıq".

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev Rusiyanın Azərbaycanda özlərinə bağlı hakimiyyətin olmasında daim maraqlı olduğunu qeyd etdi: “1993-cü ildəki dövlət çevrilişi hadisəsi də birbaşa Rusiyanın oyunu idi. Gəncədəki rus diviziyasının rəhbəri Şerbakın dəstəyi ilə o hadisələr baş verdi. Milli Şura ilə bağlı da məsələ tam çılpaqlığı ilə ortadadır. Rusiya Dumasının sədri Volodin bu məsələni nəzarətinə götürmüşdü. İndiki proseslərdən əvvəl də ”Milyarderlər İttifaqı" yaradılmış, hətta Dağıstanın prezidentini belə ora daxil etmişdilər. Moskvadakı Cərrahiyyə İnstitutundakı iclasların görüntüləri belə bizlərdə var idi. Orada nələrin müzakirə olunduğu açıq şəkildə görünürdü. Zaman-zaman özlərinə bağlı şəxslərdən Rusiya istifadə edib. Amma hesab edirəm ki, adını çəkdiyiniz şəxslər və qurumun Azərbaycanda nəyəsə təsir etmək imkanları yoxdur. Keçid dönəmində vəziyyətdən istifadə etdilər, ordu quruculuğu o zaman başa çatmamışdı, müharibənin ən fəal mərhələsi gedirdi. Həmin vaxt çevrilişə cəhd olundu. Amma seçkilər zamanı Azərbaycanda Rusiya daim öz oyunçularını ortaya atıb. Son prezident seçkilərində də Milli Şura məhz bu məqsədlə yaradılmışdı. O vaxt ən çox inandıqları adamları bu məsələyə yönəltdilər. Amma məqsədlərinə nail ola bilmədilər.
Vətənpərvər insanlar, Azərbaycanın ictimai rəyi bu niyyəti darmadağın etdi. İndi də belə vəziyyətlər mövcuddur və bundan sonra olacağı təbiidir. Nə qədər ki, Qarabağ problemi həll olunmayıb, ölkəmizdəki riyakar maraqlar sönməyib, bunlar baş verəcək. Rusiya çalışacaq ki, Azərbaycanla bağlı məqsədini həyata keçirmək üçün burada özünə tabe olan qüvvələri hakimiyyətə gətirsin. Bununla da ölkəmizi daim təzyiq, təsir altında saxlasın. Hesab edirəm ki, artıq bu məsələlər tükənmək üzrədir. Bu cür şəxslərdən, sadəcə, istifadə etmək imkanları var. Onlar heç bir nüfuzları olmayan, Azərbaycan siyasətinin zibilxanasına getmiş insanlardır. Belə şəxslərlə heç bir məqsədlərinə nail ola bilməyəcəklər. Surətin ən güclü vaxtlarında 9 fevral bəyanatı ilə onun haqqında sözümü demişəm. Zaman da göstərdi ki, biz haqlı idik. İndi onun ən zəif vaxtlarıdır və bu vaxt ona cavab verməyi lüzum bilmirəm. Jurnalistlər, bəzi dostlar sosial şəbəkələrdə ona cavablar veriblər. Məncə, Ayaz Mütəllibovun da, onun da fikirlərinə əhəmiyyət verməmək lazımdır. Hər şey ortadadır və “görünən dağa bələdçi lazım deyil”.
Milli Şuranın iddialarla bağlı mövqeyini öyrənmək mümkün olmadı.


Cavanşir ABBASLI
Bu xəbər oxucular tərəfindən 659 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed