Şrift:
Xankəndində “Talışstan marşı”ı çalındı
16.05.2012 [14:35] - Siyasət
Azərbaycanın işğal olunmuş Şuşa şəhərində Ermənistanın sabiq prezidenti Robert Köçəryanın nəzarətində olan “Çiçəklənən Ermənistan Partiyası”nda birləşmiş erməni işadamları tərəfindən təmir olunmuş və hal-hazırda “Shushi Grand Hotel” adı ilə fəaliyyət göstərən mehmanxanada 8 may 2012-ci il tarixdə “Qafqaz-Xəzər Regionunda Aborigen Xalqlar” mövzusunda üç gün davam edən beynəlxalq toplantı keçirilmişdir. Bu toplantıya Ermənistan, Rusiya, İran, Türkiyə, Şimali Amerika, Gürcüstan və bir sıra Avropa dövlətlərindən nümayəndələr də qatılmışlar. Toplantıda “Dağlıq Qarabağın dövlət müstəqilliyini elan etməsinin 20 illiyi” münasibətilə 5-7 oktyabr 2012-ci il tarixdə İrəvanda böyük bir eılmi konfransın keçirilməsi qərara alınmışdır. Bu konfransla bağlı təşkilat komitəsi də yaradılmışdır.

Toplantıya qatılanlar 9 may tarixində Xankəndində separatçı rejimə məxsus (əslində Ermənistanın) hərbi qüvvələrin paradını izləmişlər. Hərbi paradda Ermənistan müdafiə nazirliyinin hərbi orkestri “Talışstan Marşı”nı çalmşdır. Diqqət çəkən məqamlardan biri də odur ki, bu paradı heç kimin gözləmədiyi halda bölgəyə gələn Ermənistan prezidenti Serj Sarsqyan da izləmişdir.

“Armenia Todey” Analitkik Mərkəzinin açıqlamasına görə, Şuşada keçirilən toplantıda “Azərbaycanda talışların milli, öz dilində təhsil almaq, mədəni hüquqları, assilmiasiya olunmaları, tarixi abidələrinin qorunması, milli muxtariyyət hüquqlarının bərpası yolları” və digər mövzular gündəmə gətirilmişdir. Eyni zamanda oktyabr konfransına hazırlıqla bağlı “təşkilat komitəsi” tərəfindən talış separatizminin daha da alovlandırılması üçün nəşr ediləcək ədəbiyyatların siyahısı müəyyənləşdirilmişdir.

İrəvandakı konfransa İsmail Şabanov (Rusiya Talışları Təşkilatının prezidenti), Rusiya Şiə Müsəlmanları Ruhani İdarəsi, Mirbaba Hüseynov (tibb elmləri doktoru), Azər Məmmədov (fəlsəfə elmləri namizədi), Mürvət Qurbanov, Mübariz Ağayev, Sadətdin Məlikov, Hacı Musa Qurbanov (Rusiya Əhli Beyit Təşkilatının sədri), Adil Nəsirov (Talış Milli Mədəni Muxtariyyətinin prezidenti, Moskva), Səbarz Hüseynzadə (Talış Xalqının Müdafiəsi Təşkilatının sədri), o cümlədən “Talış Tarixi, Mədəniyyəti və Etnoqrafiyası Mərkəzi”, “EkoTal”, “Midiya”, “Atropat”, “TALISH. ORG”, “TALISH.İNFO”, “TALIŞ TSENTER” və digər ictimai qurumlar da İrəvan konfransına qatılacaqlar.

İrandakı “Talış Araşdırma Mərkəzi”nin sədri Yasir Kərəmzadə isə açıq şəkildə elan etmişdir ki: “Azərbaycan Respublikasının vətəndaşı olan talışlar əslində İran dövlətinin təbəələri hesab olunmalıdırlar. Çünki, Çarlıq Rusiyası ilə Qacarlar dövlətinin imzaladığı “Gülüstan” və “Türkmənçay” müqavilələrinin heç birində talış xalqının könüllü şəkildə Rusiyaya birləşməsi haqqında hüquqi sənəd yoxdur. Beləliklə qanunsuz şəkildə talış xalqına məxsus ərazilər indiki Azərbaycan dövlətinin tərkibinə birləşdirilmişdir. Bu yöndə İran talışları, xüsusilə Gilan və Mazəndaran vilayətlərində yaşayan, mənşəcə talış xalqı ilə eyni ortaq dil, mədəniyyət, tarix və ənənələri birləşdirən giləklər və mazəndaranlılar çox narahatdırlar. Çünki, Azərbaycan dövlətində talışların milli kimliyi dövlət siyasəti olaraq pantürkizm maraqları adı altında məhv edilməkdədir”.

Məhz Şuşanın işğalı günü burada talışlara məxsus toplantı keçirilməsi, bunun ardınca isə Xankəndində “Talışstan Marşı”nın çalınması əslində ermənilərin təkcə Azərbaycanla bağlı “öz müqəddaratını təyin etmə” maraqları ilə uzlaşmır. Bu yöndə digər milli azlıqları da səfərbər etmək üçün atılacaq addımlar daha dərin strateji hədəflərin uzantıları kimi başa düşülməlidir. Bu sırada Ermənistanla həmrəylik göstərən ölkələrdə fəaliyyət göstərən digər separatçı qurumların aktiv şəkildə hərəkətə gətirilmələri belə bir faktın təsdiqi deməkdir.

Ənvər Börüsoy
Bu xəbər oxucular tərəfindən 2288 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed