Şrift:
40 milyon türkün yaşadığı İranda türk nazir problemi: Fars-molla rejimi azğınlaşır
10.08.2017 [10:20] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
İranda ikinci müddətə prezident seçilən Həsən Ruhani hökumətində ölkə əhalisinin əksəriyyətini təşkil edən Azərbaycan türklərinə bir nazir portfeli də verilməyib.

Yenicag.Az xəbər verir ki, İran prezidenti Həsən Ruhaninin andiçmə mərasimindən sonra formalaşdırılan yeni hökumətin tərkibi fars şovinizminin maraqlarına uyğun qaydada seçilib.

İslam İnqilabından sonra süni “İranlı” xalqı adı ilə pərdələnən fars şovinizminin dövlət ideologiyasına çevrildiyi şəraitdə Azərbaycan türklərinə qarşı diskriminasiya siyasətinin aparıldığı təəccüb doğurmur.

Bununla belə, əvvəlki hökumətlərin tərkibində etnik-siyasi balans formal da olsa, müəyyən qədər nəzərə alınırdı. Ancaq Ruhaninin ikinci hakimiyyət dönəmində bu məsələyə heç bir əhəmiyyət verilməyib. Yəni fars-molla rejimi İrandakı hegemonluğunun mütləqliyini nümayişkar formada göstərməkdən çəkinməyib.

Məsələni Yenicag.Az-a şərh edən Milli Məclisin deputatı Fərəc Quliyev bildirib ki, İranda formalaşdırılan yeni hökumətdə türk əsilli nazirlərə yer verilməməsi Tehran rejiminin fars şovinizmi, imperiya və assimiliyasiya siyasətini davam etdirdiyini bir daha təsdiqləyir:


“İran adlanan ölkənin əksər ərazisi Azərbaycandan ibarətdir. Burada yaşayan insanların da əksəriyyəti məhz Azərbaycan türkləridir. Amma orada insanların hüquqları pozulur. Adicə İran Konstitusiyasının dil və mədəniyyətlə bağlı 15-ci maddəsinə əməl olunmur.

Vəzifədə olan Azərbaycan türkləri isə həddən artıq manqurtlaşıblar və farslara xidmət edirlər, fars şovinizminin məqsədlərini həyata keçirməklə məşğuldurlar. Ruhani hökumətində bir nəfər də olsun türk əsilli nazirin yer almaması və yaxud Azərbaycan adlanan ərazilərə ögey münasibət bəslənilməsi, Urmiya gölü ilə bağlı heç bir tədbirin görülməməsi, Azərbaycan ostanlarına bilərəkdən heç bir investisiya yatırılmaması onu göstərir ki, fars şovinistləri imperiya və assimiliyasiya siyasəti yeritməkdə qərarlıdırlar.

Onlara İranda heç zaman tamhüquqlu vətəndaşlar kimi baxmayacaqlar. Ona görə də problemdən çıxış yolu istiqlal və Güney Azərbaycanın müstəqilliyə qovuşması, gələcəkdə isə bütöv Azərbaycanın yaranmasından keçir.

Nə qədər ki torpaqlarımız tarixi-coğrafi baxımından bütövləşməyib, bu millət ruhən bölünmüş halda qalacaq, bizi hədəflərimizdən yayındıracaq, millətimizi yarımçıq, adi vəziyyətdə saxlayacaqlar. Belə bir mübarizə yolu keçilməyəcəksə, həmin Ruhani hökumətində türklərə bir-iki nazir yeri verilsə belə, bunun heç bir əhəmiyyəti yoxdur”.

ELÇİN
Bu xəbər oxucular tərəfindən 670 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed