Şrift:
Atatürklə Məhəmməd Əmin Rəsulzadənin söhbətlərinin canlı şahidi: “Atatürk deyirdi ki, ruslar əleyhinə, bolşevizmi kəskin tənqid atəşinə tutan çıxışlar eləmə”
11.08.2017 [10:08] - Xəbərlər, DAVAMın yazıları
Əli Rza Turan: “Məhəmməd Əmin Rəsulzadəyə borcluyam”

İkinci dünya müharibəsinin odlu-alovlu, qanlı-qadalı illərinin amansız səmum yelləri Əşrəf Muxtar oğlu Rzayevi (O, əczaçı Əli Rza Turan kimi tanınırdı) Türkiyə hüdudlarına çəkib gətirmişdi. Xoşbəxt təsadüf bizi – iki qonşunu bir tale günündə görüşdürdü. Və onunla qəlb söhbətlərimi oxucularımıza təqdim etmək qərarına gəldim. Enter.News “Odlar yurdu” qəzetinin 20 noyabr 1992-ci il (say. 32-33) tarixində dərc olunmuş həmin tarixi müsahibəni təqdim edir:

- Əli bəy, mən Sizin Ordubaddakı Osmanlı məhəlləsində Behbud bəyin mülküynən divarbir qonşu olan həyətinizin və ananız Zivər dayıcanın ən mərhəm qonşu uşağıydım.

- Pək eyi. Eviniz, odanız polis şöbəsi ilə hənüz üzbəüz. Babanın adı Məşədi Hümmət, eyləmi əfəndim? Əski yıllarda, sənədlərdə Ordubadda din mərasimləri keçirərdilər. Sənin baban Məşədi Hümmət İmam Hüseyni dəşti məqamında çox yanıqlı oxuyardı, hamını kövrəldərdi, hətta ağladardı. Onun bacısı Şükufə mənimlə bir sinifdə oxuyardı. Mən bütün qonşularımı gözüyaşlı xatırlayıram, sənin ananı, atanı, ən ümdəsi də Məşədi Hümmət babanı. O, dindar idi. Hamamı var idi, əlindən aldılar. 1937-ci ilin göz yaşlarını Sovetlər Birliyində kim unuda bilər? Sundukyan, İsaslyan, Barsekyan, Konstandyan ordubadlıları tutub həbs edir, ya güllətdirir, ya da Sibirə göndərirdilər. Ordubadın iftixarı olan, torpağına bağlı, yurd sevən bəylərin gözüyaşlı uşaqlarını daim yad edirəm. O cocuqların heç biri təqsiri yox idi! O zamankı mühit adamları sındırır, hətta güclü şəxsiyyətləri çilik-çilik edirdi.

- Türkiyəyə yolun haradan başladı? Kimlər səni qəribçilik dərdindən xilas etdi, əlindən tutdu?

- Nalçik şəhərindən. Tale yollarıma nur səpən, ömrüm boyu yaxşılıqlardan çıxa bilməyəcəyim, Tanrı qədər uca tutduğum və pir, ocaq kimi tapındığım bir adam var dünyada – Məhəmməd Əmin Rəsulzadə. Ona Türkiyədə Emin bəy Rəsulzadə də deyirlər. Dövrün azmanlarından heç birinə baş əyməyən Emin bəy Rəsulzadə bənzərsiz şəxsiyyət meyarımdır, nə Hitlerə, nə Stalinə, nə də dünyalar qədər xətrini isətdiyim Atatürkə sınmadı, baş əymədi. Atatürklə onun mübahisələrinin canlı şahidi olmuşam. Atatürk deyirdi: “Ruslar əleyhinə, bolşevizmi kəskin tənqid atəşinə tutan çıxışlar eləmə”.

Emin bəy Rəsulzadə yazırdı da, çıxışlar edirdi də. Mustafa Kamal Atatürkün əlindən Polşaya, Rumıniyaya mühacirət etdi. O, sonralar yenidən Türkiyəyə qayıtdı və orada vəfat etdi. Onu tarixi şəxsiyyətlərin basdırıldığı Asri məzarlığında torpağa tapşırdılar...

- Əli bəy, bəs dil çətinlikləri işinizdə əngəl törədirdimi?

- Əsla yox! Düzdür, o vaxtlar yeni Türk dili yaratmağa qüvvətli meyllər vardı: osmanlı ədəbiyyatının yaratdığı, daha dəqiqi dili ağırlaşdıran, artıq və zərərli sözlər, təsriflər, tərkiblər əleyhinə “müalicə xarakterli” çıxışlar olurdu. Amma bu o demək deyil ki, folklorla, məsələ, “Dədə Qorqud dastanı” kitabına da əl gəzidirirdilər. Yox, əsla yox! Bu kitab sənin, mənim dilimdir. Bu kitabla Orxan kitabəsinin çoxlu deyimləri oxşardır. Düzdür, əlifbada “ə” hərfi yoxdur, amma yazıdan fərqli bir cəhət var ki, deyilişdə bu səsdən bol-bol istifadə edilir.

- Əli bəy, 42 ildir ki, Türkiyədə yaşayırsınız, orada da milli-irqi ayrı seçkilik təzahürləri varmıdır? Məsələn, Azərbaycan türklərini Anadolu türklərinə qarşı qoyurlarmı? 70 il beynəlmiləlçilikdən, ədalətdən dəm vura-vura, kiminsə payını, sərvətini oğurlayıb kiməsə verməyi gözümüzlə görmüşük. Türkiyə Respublikasının bizi tanımağı ilə rusların danlağına məruz qalması buna parlaq misal ola bilər.

- Yox, əzizim, yox! Türkiyədə 60 milyondan çox əhali Oğuz türklərinə qaynayıb-qarışıbdır. Orada milliyyət, irqiyyət, din fərqləri yoxdur. Xüsusilə Türkü Türkdən ayırmırlar. Bu iyrənc hal yalnız Azərbaycandadır desəm, məncə yanılmaram. Türkiyə Cümhuriyyətinin dövlət idarələrində Azərbaycan türklərinə böyük üstünlüklər və səlahiyyətlər verilir. Əskidən əski sənələrdə bu hal tarixən belə olmuşdur.

- Bəs sosialist və ya kommunist partiyalarının nüfuzu qalıbmı? Yoxsa orada da bizim Sov.İKP kimi buraxılmışdır?

- Mustafa Kamal Atatürkün kommunist (sosialist də onun bir qırağı) partiyasına Şeyx Şamilin ruslara bəslədiyi kimi münasibət vardı: “Qardaş, inanıram ki, Siz yaxşı adamlarsınız, amma Rusiyada! Sizinki sizdə, bizimki bizdə qalmaq şərtilə” – demişdi Şeyx Şamil. Mustafa Kamal Atatürk nə kommunist idi, nə də sosialist. Türkiyə respublikası və əhalisi burada Atatürkə sadiq qalmışdır. Düzdür, bir arada, səhv etmirəmsə, 1961-ci ildə Milli Məclisə 15 kommunist də (sosialist partiyası adı altında) seçilmişdi. Mən də həmin vaxtlar Milli Məclisə millət vəkili seçilmişdim. 1965-ci ildə həmin partiyanın üzvü Çətin Altan (Türkiyə İşçi Partiyası adı altında məclisə millət vəkili seçilmişdi) Milli Məsclidə çıxışında belə bir ifadə işlətdi ki, “sosialist, kommunist yalan söyləməz”. O anda milliyyətcə çərkəz olan Türkiyənin tanınmış siyasətçisi Əkrəm Alican söz istəyib kürsüyə qalxdı və belə söylədi: “Öncə kommunistdə vicdan olmaz, çünki Sizin mayanız da, vicdanınız da Sovetlər birliyinin özü və kommunistləri kimi başdan-başa yalandır, saxtadır”. O vaxtlar Türkiyə Konstitusiya qəbul edirdi. Bütün salon ayağa qalxıb Əkrəm Alicana əl çaldı. Bu epizodla Türkiyədə kommunistlərə münasibət və kommunist nüfuzu sualına cavab vermiş oluram, zənnimcə.

- Əli bəy, Şeyx Şamilin dilindən dediyiniz yuxarıdakı kəlamı hansı mənbədən əxz etmisiniz? Mənim üçün çox maraqlı faktdır, bu gün keçmiş SSRİ xalqlarının ürəyincə olan dahiyanə fikir.

- Mənbə mənim xanımım, oğlumun anasıdır.

- O hara, Şeyx Şamil hara?

- Onun əsli Şəkidəndir. İstanbula köçən atası Mirzə Əhməd bəy uzun zaman Şeyx Şamilin vəziri, baş müşaviri olduğundan evimizdə Şeyx Şamilin ifadələrindən bol-bol istifadə edirik.

- Respublikamızın bu günü və gələcəyi haqqında nə deyə bilərsiniz?

- Bu günü çox parlaq! Erməni müzaliməsi bir duman, çən kimi tez-gec ötüb getməlidir. Erməni əhalisi ilə Türkiyədə olan söhbətlərimdən bu əqidədəyəm ki, onlar bu haldan beziblər, lakin qorxub susmaq yolunu seçiblər. Gəlmə yaraqlılar nə Qarabağda, nə də Ermənistanda çox duruş gətirə bilməyəcəklər. Gərək Azərbaycan yalnız özünə, bir də onun yolunda ölümə hazır olan Türk dünyasına bel bağlaya. Azadlığı və haqqı vermirlər, qardaş! Onu alırlar! Ağılla, zəka ilə! Raketlə, partlayışla, qırğınla yox! Yetkinləşin, mehriban olun!

Bu yaxında Turqut Özal “Türkiyə” qəzetində yazmışdı: “Türkiyəni heç bir qüvə parçalaya bilməz!” Mən bunu Azərbaycana şamil etmək istəyirəm. Çünki “mehribançılıq olan yerdə xeyir-bərəkət olar” deyib müdriklərimiz...

Söhbəti yazdı: Nəriman Həsənli

P.S. Sözün düzü, müsahibədə bir məqam mənim üçün qaranlıq qaldı. Müsahibəni götürən şəxs yazının giriş hissəsində Əli Rza Turan bəyin ikinci dünya müharibəsi zaman Türkiyəyə getdiyi və başqa bir yerdə isə Əli Rza Turan bəyin özü “Atatürklə Rəsulzadənin söhbətlarinin canlı şahidi olmuşam” deyir. Burada nəsə bir az uyğunsuzluq var. Hər halda, yəqin tarixlər qarışdırılıb.

Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 891 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed