Şrift:
Məhəmməd Əsəd Bəylə bağlı alman hökumətinə şikayət məktubu - ÖZÜMÜZÜNKÜLƏR ETMİŞDİ
21.08.2017 [11:29] - Xəbərlər, DAVAMın yazıları
Məhəmməd Əsəd Bəylə bağlı N.Atəşiyə istinadən bir neçə arxiv materialını işıqlandırmışıq. Bu dəfə təqdim edəcəyimiz məktub isə Məhəmmd Əsəd Bəyin məşhur “Şərqdə neft və qan” əsəri haqqında azərbaycanlıların Berlindəki nümayəndələri tərəfindən Almaniya Xarici İşlər İdrəsinə ünvanladıqları şikayət məktubudu. Enter.News həmin məktubu təqdim edir:

“Almaniya Xarici İşlər İdarəsinə;

Şərq şöbəsinə;

Şəxsən şöbə müdiri cənab Dr. Ziemkey Berlin 21.03.30.

Ötən ilin sonunda “Doyçe Ferlagsanstalt”ın Ştutqart, Berlin, Leypsiq şəhərlərindəki nəşriyyatlarında “Əsəd Bəy”in yazdığı “Şərqdə neft və qan” əsəri çap olunmuşdur.

Bu kitabın məzmunu Şərq haqqında qeyri-həqiqətlərdən ibarətdir, saysız Şərq xalqlarının duyğularını köklü yaralamağa meyllidir və imza atan təşkilat və qurumları yardım üçün xahişlə Xarici İşlər İdarəsinə müraciət etməyə vadar edir. Kitabın müəllifi özünü əsl köklü müsəlman və azərbaycanlı kimi qələmə verir, gerçək olmayan faktların əsasına daxil edərək öz yazısını xüsusi diqqət mərkəzində saxlamağa çalışır.

Bizim müəyyənləşdirdiyimizə görə, “Əsəd Bəy” adının arxasında 20 oktyabr 1905-ci ildə Kiyevdə doğulmuş, 1921-ci ildə Berlinə gəlmiş və indiyə qədər burada yaşayan dissident Leo Nissimbaum gizlənir.

Kitabın oyatdığı protestləri məktuba əlavə etməyi özümüzə rəva bilib rica edirik ki, aidiyyatı olan Şərq xalqlarının şərəfinin təhrif və iftiralarla necə yaralandığını verilmiş materialdan özünüz görəsiniz.

Müəllif şərqli yapıncısı altında gizlənərək alman hərbi dəstələrini gümanlarla aşağılamaq faktı ilə xalqlar xüsusi həssaslıqla təhqir olunur ki, bunların da qeyri-həqiqət olması Xarici İşlər İdarəsinə məlumdur. Şərq xalqlarının təhqiri və alman hərbi dəstələrinin Şərqin adından aşağılanması Almaniyanın və Şərqin nüfuzunu aşağı salmağa, Almaniyaya qarşı dost münasibətlərə mane olmağa və gələcəkdə tərcümələri nəzərdə tutulan, xaricdə yalanlara söykənən yeni qısnamalar törətməyə meylli olduğuna görə məktuba imza atanlar bu əbədi mistifikasiyaya, kitabın sonrakı yayılmasına son qoymağı və müəllifə qarşı təcili tədbirlər görməyi xahiş edirlər.

Nə qədər ki, Almaniya rəsmi orqanları bu kitaba qarşı təsirli tədbirlər görməyib, elə təəssürat yaranacaq ki, müəllifin fərziyyələri doğrudur və Almaniyanın nə onun özü tərəfindən törədilmiş rüsvayçılığa, nə də Şərqə yönəlmiş böhtanlara qarşı deməyə sözü var. Biz göstərməyə ehtiyac duymuruq ki, hər hansı bir əcnəbi Almaniyada həqiqətə zidd olan və təhqiramiz tərzdə Şərq haqqında maneəsiz yaza bilirsə, bu, Şərqdə hansı duyğuları oyadacaqdır.

Artq hal-hazırda xarici mətbuat müəllifin iddialarını qəbul etməyə başladığı üçün təcili müdaxilənizi bəlkə sizdən rica edə bilək. Hər halda elə indi Xarici İşlər İdarəsinə təhqir olunmuş millətlərin müdafiəsi üçün atılan bütün addımlara görə minnətdarlığımızı bildirir və məsələnin sonrakı gedişi barədə imkanca bizə məlumat verməniz arzusu ilə məktubu bitiririk.

Xahiş edirik, bunula bağlı bütün yazıları cənab Hilal Münşiyə, Berlin, Charlottenburq, Kantstrasse 160 ünvanına göndərəsiniz.

Dərin ehtiramla Azərbaycanlıların Berlindəki nümayəndələri:

Hilal Münşi, Kantstrasse 160,

Cavad bəy Vəzirov, Zahid Əfəndi.

Fars koloniyasının nümayəndələri:

Mirzə Həsən, Abdul Şapur, Şeyx Seyf Əsəd.

Gürcü koloniyasının nümayəndələri:

Dr.Axmeteli, Gürcüstan Respublikasının sabiq səfiri.

Türküstan koloniyasının nümayəndələri: T.Şakirzadə, A.N.Hakim.

Berlin, 18 may, 1930-cu il”

P.S. Məktubda azərbaycanlıların Berlindəki nümayəndəsi kimi adıkeçən Hilal Münşi (Nəzərəlibəyov Mirzəməhəmməd oğlu) 1902-ci ilin aprelində Şuşada anadan olub. İlk təhsilini Şuşa real məktəbində alıb. 1919-cu ildə yüzə yaxın azərbaycanlı tələbə Azərbaycandan Avropaya təhsil almağa göndərilmişdi. Hilal Münşi də bu tələbələrin arasında idi. M.Ə.Rəsulzadə “Azərbaycan İstiqlal Komitəsi” yaradanda Hilal Münşi bu komitənin sədri vəzifəsinə təyin edilmişdi. 1934-cü ildə Berlində nəşrə başlayan “Qurtuluş” jurnalının redaktoru vəzifəsində çalışan Hilal Münşi yazıçılıqla da məşğul idi.

Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 693 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed