Şrift:
Türkiyə serilallarının yasaq edilməsində RUSİYA izi
18.05.2012 [11:34] - Sosial
Nizami Cəfərov bir türkcədən digər türkcəyə olan tərcüməyə qarşı çıxdı

Azərbaycanda Türkiyə türkcəsində seriallara qoyulan qadağa ətrafında mübahisələr davam edir. Bu serialların Orta Asiya ölkələrində də qadağan edilməsinə başlanılıb. Bəzi müşahidəçilər bütün bunların Rusiyanın təzyiqi ilə baş verdiyini iddia edirlər. Səbəb isə sovet dönəmində bu məkanda populyar olan rus dilinin türk dilini əvəzləməsindən doğan qısqanclıqla izah edilir.

Hüquqşunas Rəşid Hacılı bizdə yayımın Azərbaycan dilində olduğunu, lakin başqa dillərdən istifadənin də mümkünlüyünü deyib: “Azərbaycanda yerli xalqların danışdığı dillərdə hansısa verilişlərin hazırlanması mümkündür. Yəni Azərbaycanda işlənən dillər yayımda istifadə oluna bilər. Türk dili-Azərbaycan dili məsələsi bir qədər dilçilərin müzakirə edəcəyi məsələdir. Amma reallıq budur ki, Azərbaycanda tamaşaçılar Türkiyə seriallarını, proqramlarını çətinlik çəkmədən seyr edirlər. Bu, o deməkdir ki, dil problemi yoxdur, yəni Türkiyə türkcəsini azərbaycanlılar üçün baryer saymaq olmaz”.

Hüquqşunas qeyd edib ki, Türkiyə türkcəsində istehsal olunmuş filmlərin və ya verilişlərin televiziyalarda dublyaj olunub göstərilməsi ilə bağlı tələblər hər hansı ciddi ekspertizadan keçməmişdi və bunlar tələm–tələsik, uyğun olmayan qərarlar idi: “İndi də seriallarla bağlı məsələ ortalığa çıxıb. Birincisi o seriallar son vaxtlar türk dilində yayımlanmırdı, Azərbaycan dilində dublyaj olunub efirə verilirdi. Bundan əlavə, bu serialları qadağan edən qərarın çıxarılması tamamilə əsassızdır. Ancaq birinci növbədə qanunsuzdur. Televiziyalar o proqramları alıb, dublyaj ediblər, nə qədər vəsait ödəyiblər. Onlara bu şəkildə qadağan edilməsi olmaz. İkincisi, ümumiyyətlə, televiziyalara hansısa məhsulu qadağan etmək senzura deməkdir”.

R.Hacılı burada əsas söhbətin şəxsi maraqlardan getdiyini və bunun nəticəsində də türk seriallarının qadağan edildiyini düşünür: “Heç kim fikirləşmir ki, bu xalqlar türk dilində öyrənmək istəyirlər və s. Burada söhbət şəxsi maraqlardan gedir. Bəlkə ola bilər ki, geopolitik təsirlər də hiss olunur. Kimlərsə düşünürlər ki, bu, gələcəkdə hansısa siyasi problemlər doğura bilər. Amma daha çox burada şəxsi maraqlar önə çəkilir.

Mümkündür ki, dillər arasında yaxınlaşma kimlərisə narahat edir. Nə fərqi var ki, adamlar nə dilində danışırlar. Mən inanmıram ki, bu qərarı verənlər Azərbaycan dilinin xüsusi olaraq qayğısına qalır”.

Kinorejissor Tofiq İsmayılov qeyd edir ki, Türkiyə kanalarının hər birində türk dilində filmlər gedirsə, onları yenidən Azərbaycan dilinə niyə tərcümə edilməlidir ki? Kim istəyirsə, kanalı çevirib o dildə də verilişə, seriala, kinoya baxsın: “Məgər biz Amerikadan, Rusiyadan olan verlişlərin hamısını tərcümə edirik? Hansı dildə filmə baxmaq istəyirsə, çevirsin baxsın”.

Kinorejissor Rusiyanın təsiri məsələsini isə tamamilə fantaziya adlandırıb: “Hər ölkənin öz telesiyasəti var. Türkiyə televiziyalarından nəsə götürüb tərcümədə vermək bu, ilk növbədə Azərbaycan dilinə, öz dilimizə xəyanətdir. Nadir filmlərin, hansılar ki, həqiqətən də baxmağa dəyər, onları tərcümə edib vermək olar. Mən bu addımı bəyənirəm. Bundan əlavə, tərcümələr də pis edilirdi. Bununla həm dilimizə xəyanət edirik, həm də ona ziyan vururuq”.

Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov isə bildirir ki, Azərbaycan, Özbəkistan, Qazaxstan, Türkmənistan müstəqil dövlətlərdirlər və dil siyasətlərini özləri həll edirlər: “Heç bir dövlət, nə Rysiya, nə Amerika, nə Çin bu dövlətlərə o cür təsir etmək mexanizminə malik deyil. Sadəcə olaraq yeni yaranmış hər bir türk xalqı istəyir ki, onun dili qardaş bir dilin təsiri altına düşməsin. Xüsusilə bu yeni yaranan xalqlarda diqqət mərkəzində olur. Çünki bizim dillərimiz uzun zaman müxtəlif basqılara, xüsusilə Rusiyanın təsirinə məruz qalıb. Biz o təsirlərdən qurtulmuşuq və istəyirik ki, dilimiz möhkəmlənsin. Ona görə də bir sıra dilləri, xüsusilə güclü dilləri belə asanlıqla, maneəsiz içərimizə buraxmaq istəmirik. Bax bu işin məntiqidir”.

Türkiyə türkcəsində serialların, filmlərin yayımına müddət verildiyini xatırladan deputat qeyd edir ki, bundan da sui-istifadə edildi: “Şəxsən mən bizim televiziyaları açıb baxırdım ki, AzTV-dən başlamış o biri kanallara qədər eyni vaxtda türkcə seriallar verilir. Bu həddini keçdi. Bundan əlavə, türkcə serialların Azərbaycan dilinə tərcüməsinin əleyhinəyəm, eləcə də başqa türk dillərinə. Qazaxcaya, qırğızcaya, tatarcaya tərcümə oluna bilər, çünki burada anlaşılmazlıq olur. Amma digər dillərə tərcüməsinin əleyhinəyəm”.

Aytən ƏLIYEVA
Bu xəbər oxucular tərəfindən 1721 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed