Şrift:
Yevda Abramovun müsahibəsi rezonans doğurub-deputatın dediklərinə reaksiyalar
23.08.2017 [12:49] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Elxan Şahinoğlu: “Rəsmi Bakı nəhayət ki, qərarını verməlidir”

Fərəc Quliyev: “Səfirlik İsraildə təcili şəkildə açılmalıdır”

Milli Məclisin yəhudi əsilli deputatı, Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Yevda Abramovun “Yeni Müsavat”ın ötən sayında gedən müsahibəsi böyük maraq doğurub. Deputat müsahibəsində son zamanlar ermənilərin əli ilə İsrail mətbuatında Azərbaycan əleyhinə gedən yazılar və bu ölkədə səfirliyimizin açılmaması barədə sensasion açıqlamalar verib.

Deputatın əsas diqqətçəkən fikirləri bunlardır: “Bu gün Azərbaycanda İsrailin səfiri var. Deməli, Azərbaycanda nə qədər İsrailin dostları varsa, o səfir onları özü ətrafında birləşdirib. Biz hər il İsrailin respublika günü olanda İsrail-Azərbaycan münasibətlərini alqışlayan insanları həmin bayram tədbirində görürük, üzlərindəki optimizmi, şadyanalığı müşahidə edirik. Biz də onlarla dostluq münasibətlərimizi qururuq, bilirik ki, o alim, o bəstəkar İsrailin apardığı düzgün siyasətin tərəfdarıdır. Bu gün Azərbaycanın İsraildə səfiri olsaydı, biz də bilərdik ki, Azərbaycanın keçmiş kontingentində Azərbaycana normal münasibət bəsləyən insanlar kimlərdir. Əgər orda bizim fövqəladə səfirimiz olsaydı, mən də həftədə iki dəfə danışardım, əlimdən gələn yardımı göstərərdim, oradakı insanlarla daha yaxşı təmaslar qurardım, həmçinin daha güclü diaspor təşkilatımızı yaradardıq”.

Deputat səfirliyin İsraildə açılacağı təqdirdə ölkələr arasında xırda, ürəkbulandıran hadisələrin baş verməyəcəyini söyləyib. O bildirib ki, Azərbaycanın İsraildə səfirliyi açılarsa, bu, iki ölkənin münasibətlərinin daha da genişlənməsinə və yaxşılaşmasına kömək edəcək: “İsrail özünün Azərbaycan mədəniyyətinə, incəsənətinə, Azərbaycan xalqına simpatiyasına görə dünya ölkələri arasında öndə gedən bir ölkədir. Adam İsraildə darıxmır, İsrail Azərbaycan deməkdir. Birinci ona görə ki, İsraildə ərəb məscidləri sərbəst fəaliyyət göstərir, azanından tutmuş, müəyyən bayramlarına qədər. Özü də bu bayramlarda ortaqlıq da var. Hər yerdə azan səsi eşidirsən, orda adam elə bilir ki, Bakıdadır. Bu, dostluq münasibətləri üçün çox yaxşıdır. Amma çox təəssüf ki, hələlik beynəlxalq münasibətlər, Azərbaycan ətrafında gedən bir sıra məsələlər bizə cəsarətli, riskli addım atmağa imkan vermir. Səfirlik olarsa, əlbəttə, belə xırda-para məsələlərə səfirimiz özü reaksiya verər, orda mətbuat, televiziya jurnalistləri içərisində dostlar tapar, iş görər. Indiki halda bir dostluq qrupu nə edə bilər ki?”.


Politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycanın İsraildə səfirliyinin olmaması artıq ölkəmizin milli və təhlükəsizlik maraqlarına ciddi zərər vurmağa başlayıb: “İsraildəki erməni lobbisi bundan öz məqsədləri üçün ciddi istifadə etməyə başlayıb. Bunun üzərinə ermənilərin dezinformasiya mexanizmini də əlavə etmək lazımdır. Son iki fakt da bundan xəbər verir. Birinci dəfə guya İsrailin məşhur ”Haarets" qəzetinin saytında Azərbaycan prezidenti İlham Əliyevin və onun ailə üzvlərinin əleyhinə təhqiredici yazı yayımlandı. Buna cavab olaraq prezidentin köməkçisi Novruz Məmmədov sərt açıqlama verdi. Halbuki, sonradan dəqiqləşdirildi ki, “Haarets” qəzetinin saytında İlham Əliyev və onun ailəsinin əleyhinə heç bir yazı yayımlanmayıb. Sadəcə, saxta sayt vasitəsilə saxta yazı yayımlanıb və Azərbaycanın siyasi dairələrini buna inandırıblar. Bu cür saxtakarlığı Azərbaycan-İsrail əməkdaşlığını pozmaq istəyən qüvvələr həyata keçirə bilərdilər. Belə qüvvə isə bəllidir: Ermənistan hakimiyyəti və dünyadakı erməni lobbisi. Bu təxribatı da məhz onlar həyata keçiriblər. İkinci dəfə “Haarets” qəzetində belə bir məqalə dərc olundu ki, guya Azərbaycana silah satan İsrail şirkətini həmin silahdan Dağlıq Qarabağda erməni separatçılarıan qarşı istifadəyə məcbur ediblər və guya İsrailin Müdafiə Nazirliyi bu məsələni araşdırır. Budəfəki yazı saxta olmasa da, məqalədəki faktlar şübhə doğurur. Mümkündür ki, İsraildəki erməni lobbisi və onlarla əlaqəli olan qüvvələri İsrail-Azərbaycan əməkdaşlığını pozmaq üçün növbəti təxribata əl atıblar. Bu gedişlə İsrail-Azərbaycan münasibətlərinə qarşı təxribatların sayı artacaq. Bunun qarşısının alınmasının yeganə yolu Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlamasıdır. Məsələn, İsraildə Azərbaycanın səfirliyi fəaliyyət göstərsəydi, həm birinci dəfə “Haarets” qəzetində yayımlanan məqalənin saxta olduğunu anında üzə çıxarardı, həm də guya İsrail şirkətinin Azərbaycanda nəyəsə məcbur edildiyi məsələsinə aydınlıq gətirərdi. Ermənistan hakimiyyəti və erməni lobbisi Azərbaycanın İsraildə səfirliyinin olmamasından istifadə edərək, iki ölkə arasındakı əməkdaşlığı pozmaq üçün təxribatlarını bundan sonra da davam etdirəcəklər".

Politoloq Azərbaycanın qərar vermə zamanının olduğunu da qeyd etdi: “Rəsmi Bakı nəhayət ki, qərarını verməlidir. İsraildə səfirliyin açılması məsələsində daima İran və ərəb ölkələri amilləri nəzərə alınarsa, onda Azərbaycanın gərək heç zaman İsraildə səfirliyi olmasın. Halbuki, Türkiyə və Qazaxıstan da müsəlman ölkələridir və İsraildə səfirlikləri var və nə İran, nə də ərəb ölkələri buna görə Ankaraya və ya Astanaya etirazlarını bildirmirlər. Azərbaycan strateji tərəfdaşları olan Türkiyə və Qazaxıstan nümunəsindən istifadə edərək, İsraildə səfirlik açılması prosesini sürətləndirməlidir. Buna qədər isə İsrailin siyasi dairələri Azərbaycanla əməkdaşlığı pozmaq istəyən qüvvələrə sərt üzünü göstərməlidir. Çünki İsrailin müsəlman ölkələri arasında tərəfdaşı onsuz da azdır. Azərbaycan tək-tük müsəlman ölkələrdəndir ki, İsraillə əməkdaşlığı strateji səviyyəyə qaldırıb. Ona görə də İsrail müsəlman aləmində dünyəvi Azərbaycanı itirməmək üçün münasibətləri pozmağa çalışan təxribatçılara qarşı özü də effektiv mübarizə aparmalıdır. Əks halda tərəfdaşlıqda həqiqətən çatlar əmələ gələcək, bu isə daha çox İsrail üçün ziyanlıdır. Biz yenə də silahı başqa ölkədən tapa bilərik, nefti də istədiyimiz ölkəyə sata bilərik. Bəs İsrail Azərbaycan kimi faydalı tərəfdaşını kiminlə əvəzləyəcək? Əgər düşünürlərsə ki, Ermənistanla dostlaşa bilər, bu ”dostluq" Azərbaycan itkisinin yerini doldurmayacaq".


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev həmkarının dediklərinə dəstək verdi: “Yəhudi xalqı Azərbaycan türkləri ilə çox yaxın münasibətdədir. Xüsusilə, Azərbaycandan köçüb gedən yəhudilər buradakı əhval-ruhiyyəni yaxşı bilirlər. Anlayırlar ki, onlara tolerant yanaşma var və Azərbaycan xalqı onları çox sevir. Məhz buna görə bizləri daim müdafiə edirlər. Təl Əviv-də AZİZ təşkilatının toplantısında bir dəfə iştirak etdim. Orada rusca toplantını aparmaq istədilər, amma yerdən hər kəs qışqırdı ki, Azərbaycan dilində aparılsın. Yəni bizə bu qədər sayğı ilə yanaşdılar. Azərbaycanın İsraillə münasibətləri çox dərindir. Bütün sahələrdə İsrail əlindən gələn köməyi bizə göstərib. İran, Ermənistan, eləcə də, Rusiya kimi dövlətlər əlbəttə istəmirlər ki, İsraillə yaxın münasibətlərimiz olsun. Bizim üzərimizə gəlsələr də, həmin dövlətlərin ağızlarından vurmağı bacarmalıyıq ki, bu bizim daxili işimizdir. Təsəvvür edin ki, Ermənistanın İsraildə səfirliyi var, amma bizə gələndə bunlar hay-küy salırlar. Əgər onlar düşmənləri olan İsrailin burada səfirliyinin olmasına, bizim də orada səfirlik açmaq planımıza qısqanclıqla yanaşırlarsa, o zaman sual verə bilərik ki, o zaman Ermənistana nə üçün bu şəkildə yanaşmırsız? Düşünürəm ki, kimin nə deməyindən asılı olmayaraq, İsraillə münasibətləri ən yüksək səviyyədə qurmaq lazımdır. Həmkarım Abramovu tamamilə müdafiə edirəm. Səfirlik İsraildə təcili şəkildə açılmalıdır. Əgər yəhudilərlə ciddi şəkildə işləməsək, qarşı tərəf bundan istifadə edəcək”.


Cavanşir ABBASLI
Musavat.com
Bu xəbər oxucular tərəfindən 731 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed