Şrift:
Nəqliyyat Nazirliyinin qaranlıq taleyi
25.08.2017 [10:25] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fazil Mustafa: “İctimaiyyətə məlumat verilməlidir”;

Fərəc Quliyev: “İşlək struktur dəyişiklikləri hazırlanıb”


Bu ilin fevralında ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilən Nəqliyyat Nazirliyi ətrafında yeni müəmmalar yaranıb. Belə ki, 6 aydan çoxdur nazirlik ayrıca bir struktur kimi ləğv edilsə də, qurum fəaliyyətini hələ də davam etdirir, işçilər isə iş başındadırlar. Görünən odur ki, yalnız nazir Ziya Məmmədov postundan uzaqlaşdırılıb.
Prezidentin sərəncamına diqqət yetirdikdə görürük ki, sərəncamda Nəqliyyat Nazirliyinin ləğvi prosedurları üçün nəzərdə tutulan müddət artıq çoxdan keçib. Həmin sərəncama əsasən, Nazirlər Kabinetinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.


Həmçinin Nazirlər Kabinetinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar prezidentin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılmasını üç ay müddətində təmin etmək və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat vermək həvalə olunub.


Göründüyü kimi, hər iş üzrə qoyulan bütün müddətlər geridə qalıb. Ola bilər ki, ölkə başçısı tərəfindən verilən tapşırıqlar icra olunub, lakin nazirliyin tam olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə nə zaman birləşdiriləcəyi suallar doğurur. Hüquqşünaslar bunu ciddi qanun pozuntusu kimi qələmə verirlər. Ekspertlər bir nazirliyin digərinə birləşdirilməsi prosesinin ağır olduğunu qeyd edərək, məhz bu səbəbdən zamanın uzandığını bildirirlər. Amma istənilən halda bu barədə ictimaiyyəti məlumatlandırmağın vacibliyi vurğulanır.


Böyük Quruluş Partiyasının sədri, deputat, hüquqşünas Fazil Mustafa məsələ ilə bağlı bunları dedi: “Bu məsələ öz həllini tapmalıdır. Sərəncamda göstərilən müddət keçibsə, bu çox ciddi qanun pozuntusudur. Əgər hər bir sərəncama belə yanaşılsa, müəyyən məsələlərin həlli mümkünsüz olar. Hər halda, bu məsələ ilə bağlı ictimaiyyətə məlumat verilməlidir. Bütövlükdə nazirlik ləğv olunursa, paralel strukturlar ortadan qaldırılıb başqa quruma birləşdirilirsə, onun hansı formada fəaliyyət göstərməsi burada öz əksini tapmalıdır. İndiyə qədər öz əksini tapmayıbsa, bu, əslində prezidentin sərəncamında nəzərdə tutulan müddətin nəzərə alınmaması kimi qiymətləndirilə bilər. Əgər bu müddət keçibsə, struktur dəyişikliyi üçün böyük bir iş tələb olunursa, hər halda, bunu əvvəlcədən nəzərdə tutmaq daha doğru olardı. Çox güman ki, bu məsələ gündəmə gələndən sonra onun həllinə çalışılacaq. Çünki sərəncamda konkret müddət göstərilib. Nəqliyyat Nazirliyi elə də böyük qurum sayılmırdı, köklü nazirlik də deyildi. Son vaxtlar isə xeyli səlahiyyətləri də əllərindən alınmışdı. Bu baxımdan, iki ay uzun zamandır, bu müddət ərzində məsələni həll etmək mümkün idi. Burada ola bilsin ki, müəyyən səhlənkar yanaşmalar mövcuddur. Çünki prezidentin sərəncamına göstərilən müddətdə əməl olunmalıdır. Qanunvericilikdə bunlar nəzərdə tutulub. Əgər əməl olunmursa, müəyyən vəzifəli şəxslər buna görə məsuliyyət daşıyırlar. Bu məsələ bütövlükdə Nazirlər Kabinetinə aid məsələdir. Burada təbii ki, nazirliyin birləşdirildiyi qurum da məsuliyyət daşıyır. Sərəncama uyğun olaraq müvafiq sənəd hazırlanıb aidiyyəti quruma təqdim olunmalıdır. Burada struktur dəyişikliyi ilə bağlı əmək haqqı və digər məsələlər öz əksini tapmalıdır. Məmurların yerləşməsi, işlə təmin olunmaları, mütəxəssislərin imkanlarından istifadə edilməsi burada nəzərə alınmalıdır. Əgər bunlar nəzərə alınmırsa, vaxt gecikirsə, bu xoş hal deyil. Burada insan taleyindən söhbət gedir, bunu belə ləngitmək, arxa planda saxlamaq olmaz”.



Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev dəyişikliklərin həyata keçirilməsinin asan məsələ olmadığını qeyd etdi: “Ölkədə digər elə nazirliklər də var ki, başqalarına birləşdirilməsinə böyük ehtiyac var. Şişirdilmiş aparatdan imtina edib, daha mobil idarəetmə sisteminə keçmək çox vacibdir. İslahatlar prosesində bunlar nəzərdə tutulub. Nəqliyyat Nazirliyinin digər nazirliyə birləşdirilməsi də çox doğru addım idi. Tez bir zamanda nazirliyin tərkibinin dəyişdirilməsi, kadrların əvəzlənməsi, yerdəyişmələr asan məsələ deyil. Üstəlik də burada vahid mərkəzdən idarəetmə var. Yeni nazir Ramin müəllim çox mütərəqqi fikirli gəncdir, onu olduqca yüksək potensialı olan çox yaxşı kadrlardan biri sayıram. Məndə olan məlumata görə, işlək struktur dəyişiklikləri hazırlanıb. Orada yeni bir sistemə keçid haqqında düşüncələr var idi. Onun üzərində işləyiblər. Ola bilər ki, yay aylarında bu o qədər də nəzərə çarpmasın. Dünyanın hər yerində yay aylarına siyasətin yatdığı ay deyirlər. Hesab edirəm ki, bu iş çox bacarıqlı şəxsə həvalə olunub. Prinsipcə çox normal bir struktur olacaq. Gecikmə isə düşünürəm ki, bu işlərin görülməsinin elə də asan məsələ olmamasından irəli gəlir. Bu məsələyə ümidlə baxıram. Qısa zamanda bizi qane edən nəticələrin olacağına inanıram”.


Cavanşir ABBASLI
Bu xəbər oxucular tərəfindən 617 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed