Şrift:
Əli Həsənov: “Erməni separatçıları Şuşa və Laçını Rusiyanın keçmiş müdafiə naziri Pavel Qraçovun dəstəyi ilə işğal ediblər”
18.05.2012 [13:17] - Siyasət
“Erməni separatçıları Şuşa və Laçını Rusiyanın keçmiş müdafiə naziri Pavel Qraçovun dəstəyi ilə işğal ediblər. Şuşanın işğalında ilk yerdə erməni separatçıları durur, ancaq Pavel Qraçov Rusiyaya məxsus olan 366-cı alayının zabit heyətini 100 faiz erməniləşdirib”.

Bu fikirləri baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib. Onun sözlərinə görə, P. Qraçovun anasının erməni olduğu da heç kimə sirr deyil: “Mayın 8-də Şuşanın işğalı vaxtı Qraçov Rusiyanın müdafiə naziri vəzifəsini icra edib, həmin il mayın 17-də Boris Yeltsin Pavel Qraçovu Rusiyanın müdafiə naziri təyin edib. 1992-ci il mayın 18-də Qraçovun dəstəyi ilə Laçın erməni separatçıları tərəfindən işğal olunub. Qraçov həmin vaxt dövlətə xəyanət edən azərbaycanlılardan, xüsusən Rəhim Qazıyevdən istifadə edib”.

Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində böyük rol oynadığını deyən Ə. Həsənov bildirib ki, Rusiyanın yeni seçilmiş prezidenti Vladimir Putinin bu məsələdə obyektivlik göstərəcəyinə ümid edir: “Rusiya üçün Ermənistanın bu gün heç bir əhəmiyyəti yoxdur. Azərbaycan Rusiya üçün daha strateji əhəmiyyətə malikdir”.
Bu xəbər oxucular tərəfindən 1814 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed