Şrift:
Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayevın xatirəsi anılıb
29.08.2017 [16:45] - Xəbərlər, Bildiriş
Müdafiə Nazirliyinin və Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağdam rayonu ərazisindəki N saylı hərbi hissədə “Həyatda qəhrəmanlığa həmişə yer var” devizi altında Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayevın anım mərasimi keçirilib.

Ağdam rayon ictimaiyyətinin nümayəndələrinin, Qarabağ müharibəsi veteranlarının, əlillərin və şəhid ailələrinin, bölgədə xidmət edən hərbi qulluqçuların iştirak etdikləri vətənpərvərlik tədbirində çıxış edən Müdafiə Nazirliyinin zabiti Abdulla Qurbani gənclərin vətənpərvərlik ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsində qəhrəmanlıq ənənələrinin təbliğinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə Milli Qəhrəmanın mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan bəhs edilib. Bildirilib ki, Şövqiyar Abdullayev 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. 1986-cı ildə orta məktəbi əla qiymətlərlə bitirərək, Azərbaycan Politexnik İnstitutuna daxil olub. Birinci kursu bitirdikdən sonra ordu sıralarına çağrılıb. 1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vuraraq Bakıya qayıdıb. 1992-ci ildə cəbhəyə yollanan Ş.Abdullayev Vətənimizin müdafiəsində iştirak edib. O, Ağdamda təşkil edilmiş tank briqadasına komandir təyin edilib. Onun tank briqadası Abdal-Gülablı, Şelli, Papravənd, Pircamal, Aranzəmin və digər kəndlərin müdafiəsində iştirak edib. Döyüşlərdə iki dəfə yaralanmasına baxmayaraq, müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıdıb. 1992-ci ilin avqustunda Ş.Abdullayevin tank briqadası Gülablı kəndi ətrafından çıxarılaraq Ağdərəyə, Drambon kəndinin müdafiəsinə kömək üçün göndərilib. 1992-ci il avqustun 27-də döyüşdə öz yoldaşlarını əsir düşməkdən xilas edən Ş.Abdullayev qəhrəmancasına şəhid olub. Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 5 fevral tarixli Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bu gün Bakının küçələrindən biri Şövqiyar Abdullayevin adını daşıyır.

Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Ağdam rayon şöbəsinin sədri Baxşeyiş Hətəmli və başqaları çıxış edərək, Azərbaycan əsgərlərinin döyüşlərdə göstərdikləri şücaətdən, müharibə veteranlarına və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayevin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda Milli Qəhrəman haqqında çəkilən film nümayiş etdirilib, hərbi-vətənpərvərlik mahnıları səsləndirilib.
Bu xəbər oxucular tərəfindən 611 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed