Şrift:
Milyonların sonuna çıxan sənədlər haradadır?
06.09.2017 [11:58] - Xəbərlər, DAVAMın yazıları
İlham Tumas

Sovet almanşünası və jurnalisti Ginzburq özünün “O dünyada görüşlər” kitabında yazırdı: “Vermaxtın sənədləri və müxtəlif instansiyalı hərbçilərin əmrləri ilə tanış olduqda bir şey nəzərimdən qaçmadı. Bu sənədlərdə demək olar ki, heç yerdə “güllələnsin”, “asılsın”, “öldürülsün” sözləri yazılmayıb. Bunların yerində “həll olunsun”, “birdəfəlik həll edin”, “yoluna qoyulsun” kimi kəlmələr işlədilirdi. Onlar elə bil bununla öz cinayətlərini ört-basdır etmək fikrindəymişlər”. Bu, müəllifin qocaman nasist canisinin vəkili ilə alman dilində “mord” və “todşlaq”ın fərqləri barədə mübahisəsi qədər mənasız və gülünc bir söhbət mövzusudur.

Ona görə də sözsüz ki, sovet tədqiqatçısı bu yerdə bir qədər sentimentallığa varır. Bütün bu sənədlər rəsmi əmrlərdən, direktivlərdən, sərəncamlardan ibarət olduğu üçün belə dərinliyə getmək də artıq bir şeydir. Bu sənədlər içərisində əsas yeri Hitlerin hakimiyyəti dövründə verdiyi direktivlər tutur. Birinci direktiv 1933-cü ilin yazında verilmişdi. “Sanksiya vəziyyətində Silahlı Qüvvələr haqqında direktiv” adlanan bu sənəd Blomberqin imzası ilə təsdiqlənmişdi. Sonradan 1936-cı il 26 iyun tarixli “Mümkün müharibə vəziyyətində vahid hazırlığa dair” və 1937-ci il 24 iyun tarixli “Silahlı Qüvvələrin müharibəyə vahid hazırlığı direktivi” imzalanmışdı. Bu sənədlər sülh dövrü üçün nəzərdə tutulduğundan Polşaya hücum vaxtı müharibə dövrü üçün nəzərdə tutulan “Müharibənin aparılmasına dair 1 saylı direktiv” imzalanır. Bütün müharibə dövründə isə 52 belə direktiv hazırlanır və həyata keçirilir. Yalnız Norveçə və Danimarkaya hücumu nəzərdə tutan “Weserubunq” direktivi nömrəsiz olur. Bu sənədlərdən bəziləri isə nömrələri ilə deyil, daha çox adları ilə yadda qalıblar: 19 saylı direktiv – “Feliks”, “20 saylı direktiv – “Marita”, “21 saylı direktiv “Barbarossa”.

1940-cı ildən etibarən bu sənədlər Hitlerin göstərişi və polkovnik Şerfin başçılığı ilə yaradılmış “Vermaxtın tarixi” adlı xüsusi şöbədə toplanmağa başlanır. Ancaq 1941-ci ilin sonunda cəbhədəki qələbələrdən ruhlanan fürer belə hesab edir ki, “Reyxin tarixi tək rəsmi əmrlərdən ibarət deyil. Gələcək nəsillər alman millətinin fürerinin gündəlik yaşamı ilə də tanış olmalıdırlar”. Ona görə də 1942-ci ildən başlayaraq Hitlerin qərargahında fəaliyyət göstərən “Stenoqramçılar bürosu” onun toplantılarda etdiyi bütün çıxışları qələmə alırlar. Bütün bu yazıların birinci nüsxəsi imperiya dəftərxanasına, ikinci nüsxəsi isə polkovnik Şerfin idarəsinə göndərilirdi. Hitlerin göstərişi ilə belə bir salnamə Silahlı Qüvvələrin bütün qoşun növlərində, özü də “bölükdən tutmuş daha iri birləşmələrə qədər” hamısında tərtib olunurdu. 1945-ci ildə artıq bu sənədlər 200 min səhifə həcmində idi.

Üçüncü Reyxin müxtəlif səpkili sənədləri müttəfiq qoşunların alman torpağına girməsi ilə daha etibarlı yerlərə daşınmağa başlanır. Artıq 1945-ci il aprel ayının ilk günlərindən etibarən Hitlerin əmri ilə geri çəkilən ordu birləşmələri özlərində olan bütün sənədləri məhv edirdilər.

Ancaq bununla belə Üçüncü Reyxin əsas sənədləri - Ali Baş Komandanlığın və Silahlı Qüvvələrin bütün növ qoşun qərargahlarının verdiyi direktivlər, əmrlər, sərəncamlar və digər aktlar, Hitlerin qərargahında düzənlənən toplantıların protokolları, müxtəlif hərbi və siyasi xadimlərin gündəliklərinin ayrı-ayrı hissələri müttəfiqlər tərəfindən ələ keçirilə bildi.

Üçüncü Reyxin sənədləri içərisində ayrı-ayrı faşist rəhbərlərinin gündəlikləri daha çox maraq kəsb edir. Bunlar həmin sənədlər idi ki, illər uzunu Hitlerin bir nazirinin digərinə ehtiyat və qısqanclıqla yanaşmasına səbəb olmuşdu. Müller Himlerin öz idarəsinin gündəlik fəaliyyəti haqqında fürerə hazırladığı hesabatlarla tanış olmaq üçün bütün kanallarını işə salmışdı, partiya funksioneri Borman təbliğat naziri Göbbelsin gündəliyində nələrdən yazdığını bilmək üçün hər şeyə hazır idi. Ancaq bütün bu sənədlərlə tanışlıq faşist rəhbərlərindən heç birinə qismət olmadı. Göbbelsin gündəlikləri ilk dəfə ingilis qoşunları tərəfindən ələ keçirilir və müharibədən qısa müddət sonra Londonda kiçik tirajla çap olunur. Naşirin dediyinə görə, o, kitabın ictimaiyyətdə belə bir reaksiya verəcəyini heç gözləmirmiş. Bu gündəliklər oxuculara “vərəmin əziyyət verdiyi yazıq və vətənpərvər birisinin yaşantıları” kimi təsir edir.

1945-ci il aprel ayının 21-də “fürerin nüsxələri” ilə dolu qutular təyyarəyə yüklənir və Hitlerin Berxteshadendə yerləşən rezidensiyasına göndərilir. May ayında isə artıq ABŞ qoşunlarının yaxınlaşdığını görən Berxteshaden komendantı yerləşdikləri yerdən kənarda, meşədə o qədər də dərin olmayan bir çala qazdırır və bütün qutuları bura qoyaraq od vurur. Ancaq komendant gecikmişdi və çalada hələ tam yanmamış qutuların bir hissəsi mayın 5-də ABŞ əsgərlərinin əlinə keçir. Bu hadisələrdən ikicə gün sonra Hitlerin şəxsi stenoqramçıları ələ keçirlər və amerikalılar bu qadınlardan yanmaqdan xilas edilmiş sənədlərin səhmana salınması üçün istifadə edirlər. Məlum olur ki, onlar cəmi 50 toplantının protokollarını ələ keçirə biliblər. Stenoqramçılar bu protokolları tarixi ardıcıllıq ilə düzərək, 6 nüsxədə yenidən çap edirlər. Bu nüsxələrdən 3-ü hərbi cinayətləri tədqiq edən komissiyaya verilir, 2-si bu sənədləri tapan 101-ci diviziyanın qərargahında qalır, birini isə Amerika ordusunun Con Alles adlı bir çavuşu götürür. Con Alles sonradan bu sənədləri Pensilvaniya Universitetinin kitabxanasına verir.
Bu xəbər oxucular tərəfindən 691 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed